Məhkəmə qərarları › İş №2-1(103)-3527/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3527/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3527/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndə və vəkilləri Vəkil1 və Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması və maliyyə sanksiyası üzrə borc məbləği kimi dövlət büdcəsinə alınmış pul vəsaitinin iddiaçının hesabına bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, e-2-1(112)-7143/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz sayılması və dövlət büdcəsinə alınmış 3596761,28 manat maliyyə sanksiyası məbləğinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının şəxsi hesabına bərpa olunması tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3239/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3936/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 466/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə qəbul etdiyi 2-1(103)-3239/2023 nömrəli 20 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, e-2-1(112)-7143/2024 saylı qərarı ilə (hakim A.Almazova) iddia tələbi təmin edilərək, iddiaçının şəxsi hesabından silinərək dövlət büdcəsinə alınmış 3596761,28 (üç milyon beş yüz doxsan altı min yeddi yüz altmış bir manat, iyirmi səkkiz qəpik) manat maliyyə sanksiyası məbləğinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının şəxsi hesabına bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı ilə razılığa gəldiyini nəzərə alaraq tərəflər arasında artıq mübahisə olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə və vəkilləri iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, işin hallarına əsasən kameral vergi yoxlaması zamanı iddiaçının 2020-ci ilin mənfəət vergisi bəyannaməsi və əlaqəli məlumatlar nəzərdən keçirilərkən, 13603,4 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Sonradan iddiaçı tərəfindən 2020-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, 12531,2 manat gəlir, 10442,6 manat xərc məbləğini qeyd edərək 2020-ci il üçün 417,71 manat mənfəət vergisi bəyan etmişdir. Cavabdeh tərəfindən vergi yoxlaması zamanı 2020-ci ildə təqdim edilmiş 12531,2 manat dəyərində elektron qaimə-fakturalar müvafiq dövr üçün gəlir kimi nəzərə alınaraq 2020-ci il üçün 208,8 manat əlavə mənfəət vergisi məbləği hesablanmışdır. İşdən müəyyən olunur ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz sayılması və dövlət büdcəsinə alınmış 3596761,28 manat maliyyə sanksiyası məbləğinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının şəxsi hesabına bərpa olunması tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, 3596761,28 manat maliyyə sanksiyası məbləği İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının şəxsi hesabına bərpa olunmuşdur. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən 3596761,28 manat maliyyə sanksiyası məbləğinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının şəxsi hesabına bərpa olunduğu, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz sayılması və dövlət büdcəsinə alınmış 3596761,28 manat maliyyə sanksiyası məbləğinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının şəxsi hesabına bərpa olunması tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar