Məhkəmə qərarları › İş №2-1(103)-3529/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3529/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3529/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı , Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7070/2025 nömrəli, 23 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının olmaması səbəbi ilə ona pensiyanın təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 19 gün (xx.xx.2011-xx.xx.2021-ci il və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildirilir ki, 1 yanvar 2006-cı il tarixindən buqünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2023-cü ilin yanvar, fevral, mart ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (3 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7070/2025 nömrəli, 23 may 2025-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, mərkəzi Filiala təqdimedilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 19 gün (xx.xx.2011-xx.xx.2021-ci il və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. 1 yanvar 2006-cı il tarixindən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2023-cü ilin yanvar, fevral, mart ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (3 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı Qazaxıstan Respublikasında işlədiyi xx.xx.1986-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilmədiyindən həmin dövrün onun güzəştli iş stajına daxil edilməsi mümkün deyildir. Bundan əlavə, məhkəmə, heç bir araşdırma aparmadan öz mülahizələrinə əsasən qərarda iddiaçının 25 ildən çox ümumi iş stajına malik olduğunu müəyyən etmişdir. N.X3 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 24 il 1 ay 13 gün (xx.xx.2006-cı il tarixinədək 11 il 2 ay 13 gün (xx.xx.1979-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il (hərbi xidmət dövrü), xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1992-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 12 il 11 ay) təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır:

1. 60 yaşının tamam olması;

2. azı 25 il sığorta stajına malik olması;

3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;

İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması işin mübahisələndirilməyən halıdır.

AA seriyalı 062303 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-ci il təvəllüdlü olmaqla, iddiaçının xx.xx.2023-ci il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır.

İşin mübahisəli halı tələb olunan ümumi və xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır.

İddiaçının əmək kitabçasındakı məlumatlardan görünür ki, onun 1979-2023-cü illər arasında qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajı mövcuddur. İddiaçıya məxsus əmək kitabçasının surətindən və X1, Arxivlər və Sənədləşdirmə İdarəsinin “X5 Arxivi” Dövlət Kommunal Müəssisəsinin “Aktau şəxsi Heyət Filialı” tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1982-ci il tarixlərdə Quba 103 saylı KTOPM-də təhsil almış; xx.xx.1982-xx.xx.1984-cü il tarixlərdə orduda xidmət etmiş; xx.xx.1985-xx.xx.1986-cı il tarixlərdə Quba konserv zavodunda mövsümlü işçi; xx.xx.1986-xx.xx.1986-cıı il tarixlərdə Quba konteyner zavodunda işçi; xx.xx.1986xx.xx.1994-cü il tarixlərdə Qazaxıstan Aktau şəhərində təmirçi, qaynaqçı; xx.xx.1995xx.xx.1995-ci il tarixlərdə elektrik və qaz qaynaqçısı; xx.xx.2005-xx.xx.2005-ci il tarixlərdə qazla kəsici; xx.xx.2011- xx.xx.2021-ci il tarixlərdə elektrik qaynaqçısı; xx.xx.2021xx.xx.2023-cü il tarixlərdə qaynaqçı işləmişdir. Cavabdeh iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixədək Qazaxıstan Aktau şəhərində işlədiyi dövrləri mübahisələndirir. Şikayətin dəlilləri ondan ibarətdir ki, həmin dövrlər üzrə iddiaçının əmək fəaliyyəti ölkə hüdudlarından kənarda baş vermiş, bununla bağlı mdss ödənişləri müəyyən edilmir, həmçinin arxiv sənədləri mövcud deyildir. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlillərini əsassız hesab edir. İlk öncə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Göstərilən normanın təhlilindən görünür ki, Qanunun sözügedən norması 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajının güzəştli staja daxil edilib-edilməməsinə hər hansı məhdudiyyət qoymamış, ümumi qaydada həmin dövrün sığorta stajına daxil edilməli olduğunu təsbit etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında 1996-cı il sentyabr ayının 16-da imzalanmış “Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən bundan sonra «Tərəflər» adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti, vətəndaşların pensiya təminatı sahəsində hüquqlarının müdafiəsi zəruriliyindən çıxış edərək, Tərəflər öz vətəndaşlarının pensiya təminatı üçün bilavasitə məsuliyyət daşıdıqlarını dərk edərək, tərəflər, birinin ərazisində pensiya təminatına hüquq qazanan və bu hüququ Tərəflərin ərazisində həyata keçirən əmək qabiliyyəti olmayan şəxslərə münasibətdə öhdəliyə malik olduqlarını qəbul edərək, pensiya təminatı məsələlərində beynəlxalq sazişlər üzrə öhdəliklərə dönmədən əməl olunmasının vacibliyini qəbul edərək, aşağıdakılar barədə razılığa gəldilər: -Tərəflərin vətəndaşlarının və onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində yaşadıqları dövlətin qanunvericiliyi əsasında həyata keçirilir. - Bu Saziş əsasında pensiya təminatının həyata keçirilməsi ilə əlaqədar bütün xərcləri təminatı verən Tərəf daşıyır. Qarşılıqlı hesablaşmalar aparılmır. - Bu Saziş vətəndaşların pensiya təminatının Tərəflərin qanunvericiliyi ilə müəyyən edilmiş və ya müəyyən ediləcək bütün növlərinə şamil edilir. - Pensiya təminatı üçün zəruri olan, Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının ərazisində müəyyən olunmuş qaydada verilmiş sənədlər Tərəflərin ərazisində leqallaşdırılmadan qəbul edilir. Yuxarıda göstərilmiş sazişin şərtlərindən müəyyən olunur ki, X1, Arxivlər və Sənədləşdirmə İdarəsinin “X5 Arxivi” Dövlət Kommunal Müəssisəsinin “Aktau şəxsi Heyət Filialı” tərəfindən verilmiş arayış məhkəmə tərəfindən leqallaşdırılmadan sübut qismində qəbul olunur . Məhkəmə kollegiyası güzəştli stajla bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Apellyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, cavabdeh iddiaçının 11 il 19 gün (xx.xx.2011-xx.xx.2021-ci il və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) güzəştli iş stajını mübahisələndirmir. Məhkəmə kollegiyası qeyd edilən hissədə də apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək diqqətə çatdırır ki, "xxxx" MMC tərəfindən verilmiş güzəştli arayışdan görünür ki, iddiaçı "xxxx" MMC şirkətində xx/xx/2021-ci il tarixindən (əmr №126) xx/xx/2023-cü il tarixinə kimi (əmr №50) Dəniz şəraitində Dəniz Neft mədən hidrotexniki qurğuların istismar təmir sexində və əl ilə qaynaq işlərində elektirik qaz qaynaqçısı vəzifəsində çalışmışdır. Azərbaycan respublikası “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarın 35 bəndinin “a” yarımbəndinə əsasən onun güzəşli iş stajı xx.xx.2023 cü il tarixinə kimi Neft qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsində zərərli işində işləyib. Cavabdeh 2023-cü ilin yanvar, fevral və mart ayları üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyini əsas gətirərək, iddiaçının "xxxx" MMC-də xx.xx.2021–xx.xx.2022 tarixləri arasında olan əmək fəaliyyətini nəzərə almış, lakin bu dövrün sonrakı üç ayını çıxmaqla güzəştli stajın tam olmadığını iddia etmişdir. Lakin məhkəmə kollegiyası bildirir ki, bu üç ayın nəzərə alınıb-alınmamasından asılı olmayaraq, iddiaçının qanunvericiliklə tələb olunan güzəştli stajı artıq tamamladığını istisna etmək olmaz. Belə ki, cavabdehin mübahisələndirdiyi digər dövrlər iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Qazaxıstan SSR-in Aktau şəhərində elektrik qaz qaynaqçısı vəzifəsində işlədiyi dövrlərdir. X1, Arxivlər və Sənədləşdirmə İdarəsinin “X5 Arxivi” Dövlət Kommunal Müəssisəsinin “Aktau şəxsi Heyət Filialı” tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixdən təmir zavodunun təmirçi cilingər, xx.xx.1988-ci il tarixdən elektrik qaz qaynaqçısı, xx.xx.1991-ci il tarixdən 5-ci dərəcəli elektrik qaz qaynaqçı, xx.xx.1994-cü il tarixdən 6-cı dərəcəli elektrik qaz qaynaqçısı işləmiş və xx.xx.1994-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1995- ci il tarixdən xx.xx.1995-ci il tarixədək elektrik qaz qaynaqçısı işləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “elektrik qaz qaynaqçısı” peşəsi, adından da göründüyü kimi, əmək funksiyası etibarilə elektrik qaynaqçısı fəaliyyətlərini əhatə edir. Bu isə birbaşa olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsi (Ümumi peşələr) ilə uyğunluq təşkil edir. Əlavə olaraq vurğulanmalıdır ki, istər “əl ilə qaynaq edən elektrik qaynaqçısı”, istərsə də “qaz qaynaqçısı” kimi interpretasiya edilsin, hər iki halda bu peşələr güzəştli pensiya hüququ verən iş yerləri sırasına daxildir. Beləliklə, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə tələb olunan 12 il 6 aydan artıq stajının, həmçinin 25 il ümumi iş stajının mövcudluği iş materialları və məhkəmə araşdırmasıyla sübuta yetirilir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7070/2025 nömrəli, 23 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar