Məhkəmə qərarları › İş №2-1(103)-353/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-353/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-353/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4675/2022 saylı, 01 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ƏDV üzrə “iyul 2021” dövrü üzrə 22 sentyabr 2021-ci il tarixli **********728500 və ƏDV üzrə “sentyabr 2021” dövrü üzrə 29 noyabr 2021-ci il tarixli **********489200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən ƏDV üzrə “iyul 2021” dövrü üzrə 22 sentyabr 2021-ci il tarixli **********728500 və ƏDV üzrə “sentyabr 2021” dövrü üzrə 29 noyabr 2021-ci il tarixli **********489200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsinə dair qərarlar qəbul edilmişdir. Qəbul edilmiş **********728500 nömrəli qərarı 2021-ci ilin iyul ayı üzrə görülmüş iş və göstərilmiş xidmətlər qarşılığında bank hesabına 113593.10 manat, depozit hesabına 28216.88 manat vəsait daxil olmuşdur. Aldıqları xidmətlər qarşılığında əvəzləşmə məbləği 49168.69 manat olmuşdur. Vergi Məcəlləsinin 166.7-ci maddəsinin tələblərinə uyğun olaraq (166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.) 1135xx.xx-49168.69=64424.41 manat 18%=11596.39 manat büdcəyə ödəniş edilmişdir. Amma depozit hesabına mədaxil olunan ədv məbləğini yəni 28216.88/0.18=156760.44 manat dövriyyəni müəyyən edərək əsassız olaraq kameral vergi yoxlaması əsasında hesablamalar aparılmışdır. ƏDV üzrə “sentyabr 2021“ dövrü üzrə 29 noyabr 2021-ci il tarixli **********489200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar haqqında bildirmək istəyirlər ki, vergi orqanı tərəfindən onlara ünvanlanmış uyğunsuzluq məktubuna cavab olaraq, bank çıxarışlarını və ətraflı şəkildə izahatı verilmiş cavab məktubu təqdim edilmişdir. “Azərtunelsutikinti“ MMC-nin xx.xx.2020 tarixdən xx.xx.2021 tarixədək fəaliyyəti olmadığı üçün bəyannamələri boş olaraq təqdim edilmişdir. 2021-ci ilin yanvar ayı üzrə görülmüş iş və göstərilmiş xidmətlər qarşılığında bank və depozit hesabına heç bir vəsait mədaxil olmamışdır, lakin aldığı xidmətlər qarşılığında 25.85 manat vəsait ödəniş etmiş və bu məbləği əvəzləşdirilmişdir. Yanvar ayı üçün təqdim etdiyi ədv bəyannaməsində büdcədən qaytarılan vəsait 4.65 manat olmuşdur. 2021-ci ilin fevral ayı üzrə görülmüş iş və göstərilmiş xidmətlər qarşılığında bank və depozit hesabına heç bir vəsait mədaxil olmamışdır, lakin aldığı xidmətlər qarşılığında 78.38 manat vəsait ödəniş etmiş və bu məbləği əvəzləşdirmişdir. Fevral ayı üçün təqdim etdiyi ədv bəyannaməsində büdcədən qaytarılan vəsait 14.10 manat olmuşdur. 2021-ci ilin mart ayı üzrə görülmüş iş və göstərilmiş xidmətlər qarşılığında bank hesabına 14520.61 manat, depozit hesabına 2603.59 manat vəsait daxil olmuşdur. Aldığı xidmətlər qarşılığında əvəzləşmə məbləği 1377.36 manat olmuşdur. 2021-ci ilin iyul ayı üzrə görülmüş iş və göstərilmiş xidmətlər qarşılığında bank hesabına 1 13593.10 manat, depozit hesabına 28216.88 manat vəsait daxil olmuşdur. Aldığı xidmətlər qarşılığında əvəzləşmə məbləği 49168.69 manat olmuşdur. Vergi Məcəlləsinin 166.7-ci maddəsinin tələblərinə uyğun olaraq (166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.) 113593.10- 49168.69=64424.41 manat 18%= 11596.39 manat büdcəyə ödəniş edilmişdir. Əlavə olaraq qeyd edirlər ki, 2021-ci ilin iyul ayının ədv bəyannaməsinə xx.xx.2021 tarixli **********728500 kameral hesablama barədə qərar təqdim edilərək tərəfinizdən əsassız olaraq kameral vergi hesablanmışdır. Vergi Məcəlləsinin 166.7-ci maddəsinə görə ödəmə dedikdə təqdim edilmiş malların, işlərin, xidmətlərin ədv-siz dəyəri nəzərdə tutulur. 2021-ci ilin iyul ayında mal, iş, xidmətlərə görə daxil olan vəsaitin ədvsiz dəyəri 113593.10 manat olmuşdur. Aldığı xidmətlər qarşılığında əvəzləşdirilən məbləğ 49168.69 manat büdcəyə ödənilməli məbləğ 11596.39 manat olmuşdur. Lakin tərəfinizdən 2021 -ci ilin iyul ayının mal, iş, xidmətlərin ədvsiz dəyəri depozit hesabına daxil olan ədvinin yəni 28216.88/0.18=156760.44 manat hesablayaraq, əsas məbləği ödənilməyən ədv- yə kameral hesablamısınız. 2021-ci ilin Avqust ayı üzrə görülmüş iş və göstərilmiş xidmətlər qarşılığında bank hesabına 108452.6 manat, depozit hesabına 19192.44 manat vəsait daxil olmuşdur. Aldığı xidmətlər qarşılığında əvəzləşmə məbləği 46338.6 manat olmuşdur. Göründüyü kimi təqdim edilmiş mal, iş, xidmətin ƏDV-siz dəyərinin ödənişi qeyd olunur bizdə bu məcəllənin tələblərinə uyğun olaraq ədv bəyannaməsini təqdim etmişlər. Qeyd edirlər ki, xx.xx.2020 tarixdən başlayaq Vergi Məcəlləsinin 166-cı maddəsinə müvafiq dəyişdiklər edilmişdir. Vergi tutulan dövriyyə təqdim edilmiş mal, iş və xidmətlər üzrə ödəmənin həyata keçdiyi vaxt sayılır. Ödəmə dedikdə Vergi Məcəlləsinin 166.7-ci maddəsi üzrə təqdim edilmiş, mal, iş və xidmətlərin ədv-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. xx.xx.2021 tarixli **********886200 nömrəli uyğunsuzluq məktubuna cavab olaraq xx.xx.2021 tarixdə **********486600 nömrəli cavab məktubu ilə bank çıxarışlarını və dövriyyələr barədə ətraflı məlumat vermişlər və aidiyyatı sənədi qoşmada təqdim etmişlər. Göründüyü kimi kameral hesablama aparan əməkdaş bank çıxarışlarına nəzər salmayıb. Vergi Məcəlləsinin 166.7 maddəsinə əsasən xx.xx.2020 tarixdən hesabat dövrü üzrə bank hesabına daxil olan vəsait aidiyyatı üzrə ədv bəyannaməsində qeyd edilib və vergi hesablanıb. Ədv depozit hesabına daxil olan ədv məbləği üzrə dövriyyənin müəyyən edilməsi və bu dövriyyədən vergi hesablanması vergi məcəlləsinin 166.7 maddəsinə ziddiyyət təşkil edir. Lakin vergi orqanı şikayətlərinə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmişlər. Lakin müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır. Göstərilənələrə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, Kameral vergi yoxlaması zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 47869,16 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 40557,72 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 7311,44 manat, həmçinin, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020 - dən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 95103,22 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisi tərəfindən cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 82999,7 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 12103,52 manat ƏDV- nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********741100 nömrəli və xx.xx.2021-ci il tarixli **********886200 nömrəli məktublar göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq əsaslı izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2021-ci ilin iyul ayı üçün 7311,44 manat, sentyabr ayı üçün 12103,52 hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********728500 nömrəli və xx.xx.2021-ci il tarixli **********489200 nömrəli qərarlar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə Cəmiyyətin bank hesabına daxil olmuş əsas məbləğlərə uyğun ƏDV məbləği ilə Cəmiyyətin ƏDV-nin sub-uçot hesabına daxil olmuş ƏDV məbləğlərinin müqayisəsi zamanı (xx.xx.2020-ci il tarixə aid debitor borc məbləği mövcud olmamış, ƏDV-nin sub-uçot hesabı vasitəsilə geri qaytarılmış məbləğlər nəzərə alınmaqla) 19667,30 manat kənarlaşma aşkar edilmiş, o cümlədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) üzrə 147,37,0 manat ƏDV məbləği, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1********.1), üzrə 448,56 manat ƏDV məbləği, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) üzrə 19071,42 manat ƏDV məbləğində artıq ödənilmiş vəsaitlər müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən bir neçə dəfə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmiş, müraciətlərlə əlaqədar Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021 -a il tarixli **********305700 nömrəli “Araşdırmada iştirak etmək haqqında” məktub göndərilmiş və məktuba cavab olaraq xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-c’ il tarixli **********313800 və **********713900 nömrəli) məktublarla müraciət edilərək inzibati araşdırmaya Cəmiyyətin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmiş, eyni zamanda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə İddiaçı ƏDV-nin sub-uçot hesabına ödənişlərin bank hesablarına daxil olan əsas məbləğlərlə müqayisədə ƏDV məbləğinin daha çox gəlməsinə səbəb kimi bəzi şirkətlərdən ƏDV məbləğlərinin ƏDV-nin sub-uçot hesabına ödənildiyi, lakin əsas məbləğlərin bank hesablarına ödənilmədiyi və bu səbəbdən də müvafiq dövrlər üzrə təqdim edilən bəyannamələrdə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədə bəyan edilmədiyini qeyd etmişdir. İnzibati araşdırma ilə təqdim edilmiş işlərin, xidmətlərin ƏDV-siz dəyərini ödəməyən şirkətin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN: **********) (105952,33 manat dəyərində) olduğu, həmin şirkətin rəhbərinin Cəmiyyətin rəhbəri ilə eyni şəxs olduğu, təsisçilərinin isə Cəmiyyətin təsisçisinin övladları olduğu və nəticədə qarşılıqlı asılı şəxslər olduğu, həmin müəssisə ilə 2021-ci ilin aprel ayından etibarən əməliyyatlar aparıldığı, xx.xx.2021-xx.xx.2021-ci il dövrü ərzində icarə xidmətinə görə 117202,33 manat dəyərində (ƏDV-si 21096,42 manat) elektron qaimə-fakturalar tərtib edildiyi, lakin əsas məbləğin ümumiyyətlə ödənilmədiyi müəyyən edilmişdir. Beləlikə, Vergi Məcəlləsində və Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında-uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvezləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarının 1.1-ci və 1.4-cü bəndlərində -malların dəyəri ödənilərkən yalnız ƏDV məbləğinin ödənilməsi, eyni zamanda malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ƏDV məbləğinin ayrı dövrlərdə ödənilməsi və ya malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) dəyərinin əsas məbləği ödənilmədən ƏDV məbləğinin ödənilməsi qaydalarda və Vergi Məcəlləsində nəzərdə tutulmadığını, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ƏDV sub-uçot hesabına 96051,86 manat ƏDV məbləği daxil olduğunu, daxil olmuş məbləğin 948,64 manat hissəsinin geri qaytarılmış ƏDV məbləğinə aid edildiyi və nəticədə qalan 95103,22 manat ƏDV məbləği ilə 2021-ci ilin sentyabr ayı daxil olmaqla təqdim edilmiş ƏDV bəyannamələrində ƏDV-yə cəlb edilən əməliyyatlar - üzrə göstərilən dövriyyədə həmin dövrə qədər təqdim edilmiş ƏDV bəyannamələri üzrə 19414,96 manat ƏDV məbləği qədər kənarlaşma aşkar edilmişdir.Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4675/2022 saylı, 01 iyun 2022-ci il tarixli qərarı ilə (hakim Elvin Əliyev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsində konkret olaraq vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxt hesab edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi isə İddiaçı MMC-nin 2021-ci il iyul və sentyabr ayları üçün ƏDV məbləğləri daxil olmuş mal, iş, xidmət üzrə əsas məbləğin daxil olmasına dair sübut təqdim etməmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin təqdim etdiyi sübutu nəzərə almamış, ümumiyyətlə, inzibati məhkəmə icraatı zamanı bu sübut məhkəmə tərəfindən araşdırılmamış, ona heç bir hüquqi qiymət verilməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə Cəmiyyətin bank hesabına daxil olmuş əsas məbləğlərə uyğun ƏDV məbləği ilə Cəmiyyətin ƏDV-nin sub-uçot hesabına daxil olmuş ƏDV məbləğlərinin müqayisəsi zamanı (xx.xx.2020-ci il tarixə aid debitor borc məbləği mövcud olmamış, ƏDV- nin sub-uçot hesabı vasitəsilə geri qaytarılmış məbləğlər nəzərə alınmaqla) 19667,30 manat kənarlaşma aşkar edilmiş, o cümlədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) üzrə 147,37,0 manat ƏDV məbləği, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) üzrə 448,56 manat ƏDV məbləği, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) üzrə 19071,42 manat ƏDV məbləğində artıq ödənilmiş vəsaitlər müəyyən edilmişdir. Məhkəmə həmçinin cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) (105952,33 manat dəyərində) rəhbərinin İddiaçı MMC-nin (VÖEN **********) rəhbəri ilə eyni şəxs olduğu, təsisçilərinin isə Cəmiyyətin təsisçisinin övladları olduğu və nəticədə qarşılıqlı asılı şəxslər olduğu, həmin müəssisə ilə 2021 -ci ilin aprel ayından etibarən əməliyyatlar aparıldığı, xx.xx.2021 xx.xx.2021-ci il dövrü ərzində icarə xidmətinə görə 117202,33 manat dəyərində (ƏDV-si 21096,42 manat) elektron qaimə-fakturalar tərtib edildiyi, lakin əsas məbləğin ümumiyyətlə ödənilmədiyi barədə dəlillərə münasibət bildirməmiş, bu fakt barədə heç bir araşdırma aparmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı MMCnin təqdim etdiyi ƏDV bəyannamələri üzrə aparılmış kameral vergi yoxlaması zamanı xx.xx.2020-ci tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə ƏDV məbləğinin 47869,16 manat olmasına baxmayaraq qeyd olunan dövrlər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 40557,72 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 7311,44 manat, həmçinin qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə ƏDV məbləğinin 95103,22 manat olmasına baxmayaraq hesablanmış ümumi ƏDV məbləğinin 82999,7 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 12103,52 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. xx.xx.2020-ci tarixdən xx.xx.2021-ci il tarixədək ƏDV sub-uçot hesabına 96051,86 manat ƏDV məbləği daxil olduğunu, daxil olmuş məbləğin 948,64 manat hissəsinin geri qaytarılmış ƏDV məbləğinə aid edildiyi və nəticədə qalan 95103,22 manat ƏDV məbləği ilə 2021-ci ilin sentyabr ayı daxil olmaqla təqdim edilmiş ƏDV bəyannamələrində ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə göstərilən dövriyyədə həmin dövrə qədər təqdim edilmiş ƏDV bəyannamələri üzrə 19414,96 manat ƏDV məbləği qədər kənarlaşma aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2020 tarixdən başlayaraq Vergi Məcəlləsinin 166-cı maddəsinə dəyişiklik edilmişdir. Vergi tutulan dövriyyə təqdim edilmiş mal, iş və xidmətlər üzrə ödəmənin həyata keçirdiyi vaxt sayılır. xx.xx.2021 tarixli uyğunsuzluq məktubuna cavab olaraq bank çıxarışları və dövriyyələr barədə ətraflı məlumat vermişik. Cavabdehin kameral hesablama aparan əməkdaşı bank çıxarışlarına nəzər salmayıb. Vergi Məcəlləsinin 166.7-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən hesabat dövrü üzrə iddiaçının bank hesabına daxil olan vəsait aidiyyatı üzrə ədv bəyannaməsində qeyd edilib və vergi hesablanıb. Ədv depozit hesabına daxil olan ədv məbləği üzrə dövriyyənin müəyyən edilməsi və bu dövriyyədən vergi hesablanması Vergi Məcəlləsinin 166.7-ci maddəsinə ziddiyyət təşkil edir. Belə ki, cavabdehin hərəkətləri qanunsuz olub və ƏDV üzrə 22 sentyabr 2021 və 29 noyabr 2021ci il tarixli qərarları qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilib. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı ilk öncə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********728500 nömrəli və xx.xx.2021-ci il tarixli **********489200 nömrəli qərarlarından inzibati qaydada şikayət vermiş, daha sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 90 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - 94.0.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Göründüyü kimi, iddiaçı tərəfindən vergi orqanının 2 inzibati aktı mübahisələndirilir: 1) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********728500 nömrəli qərarla 2021-ci il iyul ayı üçün 7311,44 manat; 2) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********489200 nömrəli qərarla sentyabr ayı üçün 12103,52 manat kameral hesablama aparılmışdır. İnzibati işdən aydın görünür ki, hesablamaya əsas xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ƏDV-nin sub-uçot hesabı vasitəsi ilə geri qaytarılmış məbləğlər nəzərə alınmaqla 19667,30 manat məbləğində ƏDV-nin daxil olması lakin, həmin ƏDV məbləğlərinin vergi bəyannaməsində əks etdirilməməsi olmuşdur. Araşdırma zamanı müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) üzrə 147.37,0 manat ƏDV məbləği, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) üzrə 448,56 manat ƏDV məbləği, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) üzrə 19071,42 manat ƏDV məbləğində ödənilmiş vəsaitlər olsa da əsas məbləğlər müəssisənin bank hesabına daxil olmamışdır. Bu hal Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İnzibati qaydada verilmiş şikayətin təmin edilməməsi haqqında 22 dekabr 2021-ci il tarixli **********762800 nömrəli Qərarda qeyd edilmişdi. Belə ki, həmin qərarda göstərilir ki, araşdırma zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə Cəmiyyətin bank hesabına daxil olmuş əsas məbləğlərə uyğun ƏDV məbləği ilə Cəmiyyətin ƏDV-nin sub-uçot hesabına daxil olmuş ƏDV məbləğlərinin müqayisəsi zamanı 19667,30 manat kənarlaşma aşkar edilmiş, o cümlədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) üzrə 147.37,0 manat ƏDV məbləği, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) üzrə 448,56 manat ƏDV məbləği, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) üzrə 19071,42 manat ƏDV məbləğində artıq ödənilmiş vəsaitlər müəyyən edilmişdir. Cavabdeh tərəfindən də mübahisələndirilməyən haldır ki, görülmüş iş, göstərilmiş xidmətlər qarşılığında ədv depozit hesabına ədv məbləği tam ödənişi həyata keçirilsə də, əsas məbləğin bir qismi həyata keçirilmiş və ona münasibətdə ədv hesablanaraq büdcəyə ödənilmişdir. Qalan məbləğ isə debitor borc olaraq bəyannamədə əks etdirilmişdir. Həmçinin, bu barədə inzibati orqana da məlumat verilmişdir. Cavabdeh isə ədv depozit hesabına daxil olan ədv məbləği üzrə dövriyyəni müəyyən edərək, bu dövriyyədən vergi hesablamışdır. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Aydın olduğu kimi, iddiaçıya sözügedən ödəmələr tam həyata keçirilməmişdir. Qanunvericilikdə isə əsas məbləğin ədv məbləği ilə eyni anda ödənilməli olması ilə bağlı imperativ göstəriş yoxdur. Belə olan halda ödənişlər edildikcə ƏDV hesablanaraq büdcəyə ödənilməsi ilə bağlı iddiaçının əsasları qanunidir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, digər bir halda vergi orqanının sözügedən ödənişlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə həyata keçirilmədiyi halda digər tədbirlər görmək hüququ vardır. Göründüyü kimi, Vergi Məcəlləsində konkret olaraq vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxt hesab edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi isə İddiaçı MMC-nin 2021-ci il iyul və sentyabr ayları üçün ƏDV məbləğləri daxil olmuş mal, iş, xidmət üzrə əsas məbləğin daxil olmasına, həmçinin həqiqətən də müvafiq əməliyyatlar üzrə ödənişin bank hesabına daxil olmasına dair sübutlar təqdim etməmişdir. Beləliklə, “İnzibati icraat haqqında” Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərarlar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə əsassız vergi məbləğləri (ədv) hesablandığı müəyyən edildiyindən, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş qərarla ƏDV hesablanmasının əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4675/2022 saylı, 01 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar