Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-353/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-311/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı olunun işdən azad olunma haqqında xx.xx.2022-ci il tarixli **********0095500 nömrəli və xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrlərinin İddiaçı aid hissədə ləğv edilməsi və əvvəl tutduğu vəzifə üzrə işə bərpa edilməsi, sərəncamda olduğu müddət ərzində 2021-ci ilin yanvar ayından etibarən məcburi iş buraxma dövrünə görə ona ödənilməli olan məvacibin (orta aylıq əmək haqqının) bütün əlavələri nəzərə alınmaqla hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...2000-ci ilin mart ayından etibarən 20 ildən artıq vergi orqanlarında müfəttiş vəzifəsində çalışmış, işlədiyi müddət ərzində heç bir nöqsana (intizam pozuntusu, iş xətası və s.) yol verməmişdir. Son iş yeri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində Dövlət Vergi Müfəttişi vəzifəsi olmuş, xx.xx.2021-ci il tarixində ona sərəncama çıxması barədə əmr təqdim olunmuş, həmin əmrin verilmə tarixi xx.xx.2021-ci il idi. Deməli, rəsmi olaraq sərəncamda olduğu müddət ərzində 10 gün artıq işləmişdir. Həmin sərəncamın ona təqdim olunduğu tarixdən üç ay keçdikdən sonra nə uzadılması, nə də ləğv edilməsi barədə hər hansı bir bildiriş gəlməmişdir. Odur ki, iş vəziyyəti ilə bağlı qeyri-müəyyən qalmış, bu halla bağlı bir dəfə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, iki dəfə isə cavabdeh nazirlik yanında Dövlət Vergi Xidmətinə rəsmi qaydada müraciət etməsinə baxmayaraq, ona rəsmi cavab verilməmişdir. Əlavə olaraq, sərəncamda olduğu müddətdə ona başqa vəzifəyə keçirilməsi ilə bağlı hər hansı bir təklif gəlməmiş, uzun müddət şəxsin hüququnu pozan bu vəziyyət davam etmiş, sərəncama çıxarıldıqdan sonra ilk üç aydan sonrakı aylarda 2022-ci il 2 iyun tarixinədək heç bir ödəniş edilməmiş, yalnız həmin tarixdə 3700 manat məbləğində son haqq-hesab adı ilə ödəniş olunmuşdur ki, bu ödənişin nə bir hüquqi əsası, nə də şəxsin almalı olduğu ödənişlə əlaqəsi vardır. Vəkili tərəfindən cavabdehə sorğu ilə müraciət edilərək işlədiyi müddət ərzində tutduğu vəzifəsi, sərəncama çıxıb-çıxmaması, çıxıbsa, çıxdığı tarix, işdən azad olunub-olunmaması barədə məlumat, işdən azad olunubsa, azad olunduğu barədə əmrin surəti, işdən azad olunubsa, son haqq-hesabın ödənilməsi barədə məlumatı və sənədləri təqdim olunması xahiş olunmuş, lakin, bütün bunlar barədə heç bir məlumat və ya hər hansı sənəd təqdim olunmadığından, həmin məlumatlarla bağlı əmrlərin və digər bu kimi sənədlərin (o cümlədən əmək kitabçasının) surətlərini iddia ərizəsinə qoşma olaraq əlavə edə bilmir. Həmçinin, iş üzrə ilkin mediasiya sessiyasına cavabdeh dəvət olunsa da, ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu faktı təsdiq edən 30 iyun 2022-ci il tarixli 11 saylı mediasiya təşkilatı tərəfindən təqdim edilən arayışdır. Odur ki, hazırda məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının X2 Xidmət haqqında Əsasnamənin 75-ci maddəsinədə göstərilən, cavabdehin təşəbbüsü ilə xidmətinə xitam verilməsi üçün əsaslardan heç biri yoxdur...” Cavabdeh iddia ərizəsinə etirazında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin Topdan ticarət sahələri üzrə bölməsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********025100 nömrəli “İşdən azad edilmə və sərəncama götürülmə barədə” əmri ilə “X2 xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Xidmətin xx.xx.2022- ci il tarixli **********095500 nömrəli əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır.” X2 xidmət haqqında Əsasnamənin 38-ci bəndinə əsasən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Həmin Əsasnamədə vəzifəli şəxsin sərəncamda saxlanılma müddətinin uzadılması barədə əmrin inzibati orqan tərəfindən ona təqdim edilməli olduğunu dair hər hansı norma nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçı gətirdiyi dəlili hüquqi cəhətdən əsaslandıra bilməmişdir. İddiaçı İqtisadiyyat Nazirliyinin deyil onun strukturuna daxil olan və hazırk; iş üzrə cavabdeh qismində göstərilən Dövlət Vergi Xidmətinin sabiq əməkdaşı olmuşdur. Dövlət Vergi Xidmətinə isə onun tərəfindən ünvanlanmış xx.xx.2021 tarixli **********437200 nömrəli və xx.xx.2021-ci il tarixli **********709700 nömrəli müraciətləri olmuş və həmin müraciətlər cavabdeh tərəfindən müvafiq olaraq xx.xx.2021- ci il tarixdə **********892400 və xx.xx.2021-ci il tarixdə **********563200 nömrəli məktublarla cavablandırılmışdır (müvafiq qaydada təsdiq olunmuş surətləri məhkəməyə əlbəəl təqdim edilmişdir).Digər tərəfdən isə iddiaçıya göndərilən cavab məktublarında onun işə bərpa edilməsinə dair müraciətlərinə cavab olaraq sərəncamda olduğu və sərəncamda saxlanılma müddətinin uzadılması barədə məlumat verilmişdir. Beləliklə iddiaçının saxlanılma müddətinin uzadılması barədə əmrlərin ona təqdim edilməsinə dair iddiaçının hər hansı müraciəti və ya cavabdeh orqanın qanunvericiliklə nəzərdə tutulan bu cür öhdəliyi olmadığından cavabdehin hərəkətlərinin iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməsi mümkün deyildir. Bundan əlavə, iddiaçı X2 xidmət haqqında Əsasnamənin 75-ci bəndinə əsaslanaraq sərəncamda olduğu müddətdə ona başqa vəzifəyə keçirilməsi ilə bağlı hər hansı bir təklifin gəlmədiyini bilmişdir. Digər halda olduğu kimi iddiaçının bu dəlili də həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2022 il tarixdə iddiaçı Dövlət Vergi Xidmətinin inzibati binasında İnsan resursları baş idarəsi tərəfindən keçirilmiş qəbul zamanı Xidmətin sərəncamında olan əməkdaşlarına, o cümlədən İddiaçı ərazi vergi orqanlarında ştat üzrə müvafiq vəzifə təklif olunmuş, lakin təklif olunan vəzifədə işləməyə razı olmadığını bildirmişdir. Qəbulun nəticələrinə dair xx.xx.2022-ci il tarixli Akt tərtib olunmuş və vergi orqanın vəzifəli şəxsləri tərəfindən imzalanmışdır. Əlavə olaraq iddiaçı xx.xx.2022-ci il tarixdə onun hesab kartına 3700 manat məbləğində son haqq-hesab ödənişi edildiyini, ancaq nə işdən çıxarılması barədə xəbərdarlığın, nə də ki, həmin əmrə dair bildirişin gəlmədiyini bildirmişdir. Bununla bağlı bir daha qeyd edilməlidir ki, Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********025100 nömrəli “İşdən azad edilmə və sərəncama götürülmə barədə” əmri ilə 'X2 xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. İddiaçı ilə xx.xx.2021-ci il tarixdə qeyd olunan əmrin icrası ilə əlaqədar olaraq təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə onun tərəfindən imzalanmışdır. Həmin təhviltəslim aktına əsəsən sabiq əməkdaş İddiaçı xidməti vəsiqə, tanınma nişanı təhvil alınmış və Dövlət Vergi Xidmətinin Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar “İşdən azad etmə və sərəncama götürülmə haqqında” xx.xx.2021 -ci il tarixli **********025100 nömrəli əmrlə tanış olunmuş və bir nüsxəsi ona təqdim edilmişdir. Xidmətin xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmri ilə İddiaçı xx.xx.2022-ci i tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. İddiaçı əmrin əldə olunması tarixi kimi vəkil sorğusuna cavab məktubunun əldə edildiyi tarixi, yəni xx.xx.2022-ci il tarixi göstərməyə çalışmışdır. İlk növbədə bildirilmişdir ki, iddiaçının gətirdiyi dəlildən inzibati orqanın hansı hərəkətlərinin onun hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasına gətirib çıxardığı anlaşılmır. Əksinə iddiaçının istinad etdiyi dəlillər inzibati orqan tərəfindən öz səlahiyyətləri daxilində iddiaçının hüquqlarının təmin edilməsi istiqamətində bütün hərəkətləri icra edildiyi aşkar şəkildə görünür. xx.xx.2021-ci il tarixinə ona “İşdən azad edilmə və sərəncama götürülmə barədə” əmrin bir nüsxəsi təqdim edilmiş, onunla təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə onun tərəfindən imzalanmışdır. Yəni iddiaçı artıq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirməsindən azad olmuş və sabiq vergi əməkdaşı kimi ən çoxu növbəti bir il ərzində sərəncamda saxlana biləcəyi barədə məlumatlı olmuşdur. Sərəncamda saxlanılma müddətinin bir ildən artıq davam etməsi ilə bağlı iddiaçının dəlili onun iddia tələbi ilə heç bir bağlılığa malik deyildir. Belə ki, sərəncamda saxlanılma müddətinin nə qədər davam etməsi onun işə bərpasına gətirib çıxara bilməz. Başqa sözlə, sərəncamda saxlanma müddətlərinin mübahisələndirilməsi heç bir halda bu müddətlərin geriyə dönüşünə gətirib çıxara bilməz. Hazırkı halda, iddia tələbi üzrə qəbul ediləcək heç bir qərar iddiaçının sərəncamda qalma müddətlərində dəyişiklik etmək, yəni artıq bitmiş bu müddəti qısaltmaq iqtidarında deyil. İddiaçının gətirdiyi bütün dəlillər, o cümlədən xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmrin ləğvi onun arzuladığı hüquqi nəticəyə, yəni tutduğu vəzifəyə bərpa edilməsinə gətirib çıxara bilməz. Belə ki, həmin əmrlə iddiaçı sərəncamdan çıxarılmış, onun qəbul edilməsindən öncə vergi orqanının sərəncamında olmuşdur və bu əmrin ləğvi yalnız iddiaçının sərəncama qayıtmasına gətirib çıxara bilər. Bu isə yolverilməzdir. Çünki, X2 xidmət haqqında əsasnamənin 38-ci bəndinin məzmununa əsasən sərəncamda saxlanılma müddəti bir ildən artıq davam edə bilməz. İşdən azad olunma barədə xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrlə bağlı isə iddia ərizəsinə dair təqdim etdiyimiz etirazda prosessual müddətlərin ötürülməsi barədə dəlillər cavabdeh tərəfindən daha öncə təqdim edilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-311/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır; “...xx.xx.2021 -ci il tarixində **********025100 nömrəli əmrlə sərnacama götürülmüşdür və xx.xx.2022-ci il **********0095500 nömrəli əmrə qədər sərəncamda qalmışdır. Bu müddət 1 il 3 ay 18 gün təşkil edir. Heç bir əsas olmadan cavabdeh daxili əsasnamənin maddələrini pozaraq iddiaçını 1 ildən çox sərancamda saxlamışdır. Qeyd edilən Əsasnamənin 38-ci bəndinə əsasən “Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər.” Qeyd etmək istəyirəm ki, birinci instansiyada iş araşdırma zamanı hansı müstesna hala görə iddiaçı 3 aydan artıq müddətdə sərancamda saxlanılmışdır və hansı səbəbə görə iddiaçının ümümi sərancamda saxlanılma müddəti 1 il 3 ay 18 gün təşkil etdiyini cavabdeh orqan əsaslandıra bilməmişdir. Qanunsuz olaraq sərəncamda 1 ildən artıq qalmasına baxmayaraq X2 Xidmət haqqında Əsasnaməsinin 75-ci maddəsinə əsasən cavabdeh orqan iddiaçıya yeni vəzifə təklif etməli idi. Lakin 1 il müddətində rəsmi qaydada belə bir təklif iddiaçıya göndərilməmişdir, baxmayaraq ki, işin materiallarında olan sənədlərə əsasən dəfələrlə xx.xx.2021-ci ildə və xx.xx.2021-ci ildə cavadeh orqana müraciət edərək ona yeni vəzifə verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli akta münasibət olaraq bildirmək istəyir ki, cavabdeh orqanın aktında hansı vəzifələr təqdim olunması, təklifin rəsmi təqdim edilib-edilməməsi və ən əsasıda faktiki olaraq sərancamın müddətindən 1 ildən çox keçəndən sonra təklif edilməsi əgər həmən təklif vardırsa məhkəmə tərəfindən nəzərə alınmalıdır. Qeyd olunan akt yuxarıda qeyd olunan faktları təsdiq etmir, yəni həmən aktın və təkliflərin həqiqətən olduğunu heç bir sənədlə təsdiqlənmir, eyni zamanda əgər qeyd olunan aktın olmasını nəzərə alsaq bu bir daha sübut edir ki, iddiaçı sərancamda 1 ildən çox saxlanılmışdır. Halbuki, Əsasnaməsinin 75-ci maddəsinə əsasən “təşkilati- ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə;” Əsasız şəkildə iddiaçı 1 ildən çox sərancamda saxlanılmışdır və həmin müddət ilk 3 ay istisna olaraq, ona əmək haqqı ödənilməmişdir və faktiki olaraq sərancamda saxlanılan müddət iddiaçı hər hansı başqa bir işə qəbul oluna bilməzdi. Beləliklə faktiki olaraq 1 il müddətində əsasız olaraq iddiaçını cavabdeh işsiz saxlamışdır.Sərancamda olan müddəti 3 aydan çox müddətə uzadılması yalnız müstesna hallarda mümkündür, sərancamda olma müddətin müstesna hallın göstərən uzadılmaı əmrləri və əsasları məhkəməyə təqdim edilməmişdir. xx.xx.2022-ci il **********0095500 nömrəli əmrlə iddiaçının sərancamda olma müddətinə son qoyulmuşdur və xidmətinə xitam verilməsi əsası olaraq X2 Xidmət haqqında Əsasnaməsinin müvafiq bəndinə uyğun olaraq “Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar” qeyd edilmişdir. Faktiki olaraq sadəcə şöbənin adı dəyişdirilmişdir. Burda sual yaranır əgər şöbənin adı dəyişdirilsə işçinin əmək müqaviləsinə xitam verilir ? Əgər ‘Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar” olan cümləni ixtisar olaraq nəzərdə tutsaq, onda artıq Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən 9 təqvim həftəsi qabaq xəbardarlıq edilməli idi cavabdeh iddiaçıya. Bununla bağlı tərəflər əmək müqaviləsinin 8.1-ci bəndində xüsusilə qeyd etmişdilər. İddiaçı qabaqcadan xabardar olmamışdır. Burda bir sual yaranır “Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar” necə başa düşülməlidir. Bu suala cavabdeh orqan birinci isntansiya məhkəməsində cavab verməmişdir. İşdən azad olunma əmri xx.xx.2022-ci il tarixində qəbul olunmağına baxmayaraq həmin əmrdən geriyə tarixlə vətandaşın işdən azad olunamsı qeyd olunmuşdur. Əmrin 2-ci bəndində qeyd edilmişdir ki, vətəndaşın İddiaçı xx.xx.1922-ci il tarixində əmək müqaviləsinə xitam verilsin və sərancamdan çıxarılmış hesab edilsin. Burda iki sual yaranır, niyə məhz xx.xx.2022-ci il tarixində əmək müqaviləsinə xitam verilməmişdir və niyə xx.xx.2022-ci il tarixində vətəndaşa sərancamda saxlayaraq yeni iş təklif edilmişdir, əgər xx.xx.2022-ci il tarixində artıq müqaviləsinə xitam verilmişdirsə, faktiki olaraq iddiaçının işdən azad olunma əmri xx.xx.2022-ci il tarixində qəbul edilmişdir, lakin işdən azad olunma tarixi xx.xx.2022-ci il tarixi qeyd edilmiş, lakin son haq-hesab iddiaçıya 2022ci ilin may ayında ödəniş olunmuşdur. Əgər iddiaçının müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmişdirsə, nəyə görə son haqq-hesabın ödənişi iddiaçıya 2022 ilin may ayında olunmuşdur. Yuxarıda qeyd olunan faktlar birinci instansiya hakimi tərəfindən ətraflı araşdırmamışdır və hesab edir ki, bununla bağlı qanunsuz qərar qəbul edilmişdir…” Cavabdeh apellyasiya şikayətinə etirazında və mülahizəsində iddia ərizəsinə etirazda göstərilənlərə uyğun şəkildə şikayətin dəlilləri ilə razılaşmamış, hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı əsalıdır, qüvvəsində saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və cavabdeh tərəfindən onun sərəncamda olma müddəti ərzində tutduğu vəzifəsinə uyğun ola bilən heç bir vəzifə ona təklif olunmadığını bildirərək, şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi isə iddia ərizəsinə və apellyasiya şikayətinə etirazlarında göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarına əsasən müəyyən olunan hallarından görünür ki, iddiaçı əvvəlcə cavabdehin xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmri ilə “X2 xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək 3 ay müddətinə sərəncama götürülmüş, həmin müddət bitdiyində xx.xx.2022-ci il tarixli əmri ilə sərəncamda qalma müddəti xx.xx.2021-ci il tarixdək uzadılmış, həmin müddət də bitdiyində xx.xx.2021-ci il tarixli əmri ilə sərəncamda qalma müddəti xx.xx.2021-ci il tarixədək də uzadılmış, daha sonra xx.xx.2022-ci il tarixli sonrakı bir əmrlə onun sərəncamda qalma müddəti bir daha xx.xx.2022-ci il tarixdək uzadılmışdır. Bundan sonra isə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən “X2 xidmət haqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmiş və o, sərəncamdan çıxarılmış hesab edilmişdir. İşdən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmri qəbul edilməsindən sonra, iddiaçı,xx.xx.2022-ci il tarixdə - həmin, eləcə də, sərəncama çıxarılma əmrinin lğv edilərək tutduğu vəzifəsinə bərpa olunması və iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mübahisəlndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (İPM.m.32.1). Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli əmrin iddiaçıya nə vaxt təqdim edilməsi barədə konkret sübut məhkəməyə təqdim edilməmişir. Hər bir halda, məhkəmə kolegyiası tərəfindən müəyyən olunur ki, iddiaçı tərəfindən qaldırılan mübahisələndirmə haqqında iddia İPM-in 35.1-ci maddəsi baxımından mümkün iddiadır. Çünki, işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmrin surətindən görünür ki, həmin əmrdə mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti göstərilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 59.1.5-ci maddəsinin tələbinə görə inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməldir. Həmin Qanunun 73.2-ci maddəsi isə imperativ qaydada nəzərdə tutur ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İşin mahiyyətinə gəldikdə, birinci instansiya məməhkəməsinin qərarından görünür ki, məhkəmə iddianı rədd edərkən hesab etmişdir ki, işin faktiki halları nəzərə alındıqda hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. İnzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi halları inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. İddiaçının işə bərpa barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilmədiyindən hüquqi müqəddaratı onunla bağlı olan məcburi iş buraxma dövrünə görə ona ödənilməli olan məvacibin bütün əlavələri nəzərə alınmaqla hesablanaraq ödənilməsi barədə tələbi də, müzakirə edilmədən rədd edilməlidir. Məhkəmə kollegiyası, aşağıdakılara görə məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmır. Çünki iş materialları ilə müəyən olunanlar onu göstərir ki, iddiaçının xx.xx.2021-ci il tarixli sərəncamla 12.01.21-ci il tarixdən sənəcama çıxarılması cavabdehin “təşkilati ştat tədbirlərinin həyata keçirilməsi çərçivəsində diskresion səlahiyyətlərinə aid edilsə belə, onun bundan sonrakı əmrləri və hərəktələri diskressionluqdan kənar, qanunvericiliyə ziddir. Belə ki, faktiki olaraq xx.xx.2022-ci ilədək 1 il 5 ay sərəncamda saxlanılmış və tutduğu vəzəifəsinə uyğun başqa bir konkret vəzifə təklif olunmadan və işlə təmin etmədən, həm də sərəncamda qalmanın birinci üç ayı üçün ona əmək haqqı ödənilsə də, xx.xx.2021-ci il tarixdən sonrakı dövr üçün onun əmək haqqı ödənilmədən, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən “X2 xidmət haqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək sərəncamdan çıxarılmış hesab edilmişdir. Qeyd olunmalıdır ki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Konkret halda isə Məcəllənin qeyd olunan tələbinə müvafiq olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci qərarın qəbulunu zəruri edən faktiki şərtlər mövcud olmamışdır. Belə ki, “X2 xidmət haqında” Əsasnamənin 38-ci maddəsinə əsasən Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə əməkhaqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müddət daxil edilmir. Həmin Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsi isə nəzərdə tutur ki, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə, vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər Maddənin qeyd olunan tələbindən göründüyü kimi, sərəncamda olma müddətinin konkret müddəti və təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam veriliməsinin konkret şərtləri qanunverci tərəfindən müəyyən olunmuşdur. O cümlədən,aşağıdakı şərtlərin yerinə yetirildiyi təqdirdə iddiaçı ilə əmək müqaviəlsinə xitam veilərək sərəncamdan çıxarıla bilərdi: 1) vergi orqanlarında digər vəzifəyə keçirilmə qeyri-mümkün olsun; 2) belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etsin. Konkret halda isə iddiaçıya münasibətdə adıçəkilən hər iki halın mövcudluğu cavabdeh tərəfindən mötəbər sübutlarla öz təsdiqini tapmır. Belə ki, işdən görünənlər ondan ibarətdir ki, birincisi, iddiaçıya onun sərəncama çıxarıldığı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək, yəni ötən 1 il 1 aydan çox olan müddət ərzində, hər hansı bir iş təklif olunmamış, belə sənəd-subut hazırkı mərəhələdə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İkincisi, işə əlavə olunmuş cavabdehin əməkdaşları DVX-nın – “İnsan resursları əməliyyatları şöbəsi”nin rəisi Kamran Məmişov, “Sənədlərələ iş və icra intizamına nəzarət (katiblik) baş idarəsinin vətəndaşların qəbulu və müraciətinə baxılması şöbəsi”nin baş dövlət vergi müəfəttişi Nailə Abbasova və “Büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi Azad Həsənovun iştirakı ilə xx.xx.2022-ci il tarixdə tərtib olunmuş həmin aktda gəöstərilir ki, o cümlədən, İddiaçı oğlu ilə nazirliyin inzibati binasında vətəndaş qəbulu üçün nəzərdə tutulmuş xüsusi otaqda görüşərərkən: - ona sərəncamda saxlama müddətinin bitdiyi və son dəfə DVX-nın ərazi vergi orqanlarında ondan ştat üzrə müvafiq vəzifələri təklif edərək münasibət bildirilməsi xahiş olunmuş; - əməkdaş (İddiaçı) təklif olunan vəzifə ilə razı olmadığını bildirmişdir (İ cild, i.v.57; 201). Lakin məhkəmə kollegiyası tərəfindən araşdırma nəticəsində akta qeyd olunan həmin halların mötəbərliyi aşağıdakılara görə təkzib olunur: - birincisi, sözügedən akt, o cümlədən həmin prosesin iştikçısı olan İddiaçı iştirakı olmadan tərtib olunmuş, ona surəti verilməmiş və aktda qeyd olunanlara münasibətini bildirməkdən, həmin aktda ona təklif olunan vəzifədən imtinası barədə hər hansı bir qeydşərtini yazmasından məhrum olmuş; -ikincisi, həmin aktda, hansı vəzifələrin konkret olaraq iddiaçıya təklif olunduğu qeyd olunmamış; -üçüncüsü, cavabdeh tərəfindən istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsində icraat zamanı həmin aktı tərtib edən əməkdaşlar aktın doğruluğunun təsdiqi üçün dindirilmələri üçün məhkəməyə təqdim olunmamış, -dördüncüsü, hazırkı mərhələdə xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının protokolundan (həm də audio-video yazıdan) görünür ki, iddiaçı qeyd olunan aktla bağlı aşağıdakıları qeyd etmişdir: “Məni fevral ayının 18-də dəvət etdilər, ona qədər mən 2 dəfə müraciət etdim ki, məni işlə təmin edin. Belə cavab gəldi ki, siz sərəncamdasınız. Sərəncam müddəti bitənə qədər bir qərar veriləcək. Ümumi belə bir cavab gəldi. 18 fevralda məni vergi xidmətinə dəvət etdilər və orada mənə dedilər ki, hələ sizin sərəncam müddətiniz bitməyib, 1 həftə də vaxt var. Sizə ərazilərdə 3,4 və 5-ci ərazilərdə hər hansı bir iş ola bilsin ki, təklif olunsun, sizə məlumat veriləcək, siz də də fikrinizi bildirərsiz, ayın 23-nə kimi vaxtınız var. Bununla da mən çıxıb getmişəm.” -beşincisi, iddiaçının izahıtında qeyd olunan halların doğruluğu onun izahatından sonra, nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, onun tərəfindən təqdim edilən elektron portal çıxarışlarından görünür ki, iddiaçı: “ ...xx.xx.2021-ci il tarixdə cavabdehə elektron üsulla müraciət edərək onun 62 yaşında olmasını və 41 il fəsiləsiz əmək faliyyəti ilə məşğul olduğunu və işlədiyi müddətdə ona xəbərdarlıq və iradlar bildirilmədiyini, lakin 2021-ci ilin yanvar ayında sərəncama göndərildiyini qeyd edərək cavabdehdən onun yaşını və uzun illər vergi orqanlarında qüsursuz fəaliyyətini nəzərə alaraq müvafiq işlə təmin edilməsini cavabdehdən xahiş etmi, lakin sonuncu xx.xx.2021-ci il tarixli cavab məktubu ndə ona bildirmişdir ki, sərəncamda olduğu müddətdə barəsind rəhbərlik tərəfindən müvafiq qərar qəbul edildikdə əlavə məlumat veriləcək; xx.xx.2021-ci il tarixdə də o, elektron qaydada cavabdehə müraciət edərək, təkrarən müvafiq işlə təmin olunmasınıxahiş etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli cavab məktubu ilə yenə də ona bildirmişdir ki, rəhbərlik tərəfindən müvafiq qərar qəbul edildikdə ona əlavə məlumat veriləcək...” Beləliklə də, iş materiallarında olan şəxsi işinə dair sənədlərə əsasən vergi orqanlarında heç bir qüsuru olmadan 2001-ci ildən 2021-ci ilədək xidmət edən iddiaçının cavabdeh tərəfindən 2021-ci ilin yanvar ayından 2022-ci ilin may ayınadək, yəni 1 il 5 ay müddətində sərəncam vəziyyətində saxlanılıb, ona konkret iş təklif etmədən və vergi orqanlarında hər hansı uyğun bir işlə təmin etmədən, onun ”Xidmətinə xitam verilməsi və sərəncamdan çıxarılması barədə” sərəncamın qəbul edildiyi xx.xx.2022-ci il tarixdən də deyil, saymazyana olaraq, xx.xx.2022-ci il tarixədən onunla bağlanmış əmək müqaviləsinə əmək haqqı ödənilmədən (birinci üç aylıq sərəncamda qalma müddəti istisna olmaqla) xitam verilərək sərəncamdan çıxarılmış hesab edilməsinin “X2 xidmət haqında” Əsasnamənin 38-ci və 75-ci maddəsinin 3-cü hissəsinin tələbələrinə zidd olduğu sübuta yetirilir. Azərbaycan Respublikasının Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar hallar üzrə 2- 1(102)-1176/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında apellyasia məhkəməsinin qərarını ləğv edib iddianın təmin olunması barədə qərar qəbul edərkən aşağıdakıları qeyd etmişdir: “...Qanunverici, təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunaraq sərəncama götürülmüş vergi orqanının vəzifəli şəxsinə ilk öncə vergi orqanlarında digər vəzifəyə keçirilmənin təklif edilməli olduğunu, həmin vəzifəli şəxsin digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə isə həmin vəzifəli şəxsin xidmətinə xitam verilə biləcəyini təsbit etmişdir. Yəni həmin normanın təfsirinə görə, hətta vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsinin mümkün olmadığı və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxsin imtina etdiyi hallarda belə, həmin vəzifəli şəxsin xidmətinə xitam verilməsi imperativ və mütləq xarakter daşımır. Başqa sözlə, qanunverici belə hallarda cavabdehin üzərinə vəzifəli şəxsin xidmətinə mütləq şəkildə xitam verilməsi vəzifəsini qoymur. Əksinə, belə situasiyalarda inzibati orqana həmin vəzifəli şəxsin xidmətinə xitam verilməməsi imkanını da tanıyır (əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə, vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər, yəni xitam verilməyə də bilər). İnzibati orqan diskresion səlahiyyətindən vəzifəli şəxsin xidmətinə xitam vermə formasında istifadə etdiyi təqdirdə, səlahiyyətindən niyə məhz bu formada istifadə etdiyini əsaslandırmağa borcludur. Nəzərə almaq lazımdır ki, şəxsin inzibati orqandan diskresion səlahiyyətlərin qanunun məqsədlərinə uyğun və düzgün şəkildə həyata keçirilməsini tələb etmək hüququ vardır. Qanunverici şəxsin belə tələb hüququnun təminatı qismində inzibati orqanın üzərinə qəbul etdiyi inzibati aktı əsaslandırmaq öhdəli qoyur. Bu mənada hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən niyə məhz mübahisələndirilən qərar formasında hərəkət edildiyi “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələbləri baxımından əsaslandırılmamışdır. Belə ki, istinad olunan normaya görə, inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Bundan başqa, cavabdeh inzibati orqan iddiaçıya vergi orqanında deyil, İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində vakant inzibati vəzifə təklif edildiyini qeyd edir və onun həmin orqanda işləməli olduğunda israr edir. Bununla bağlı qeyd olunmalıdır ki, dövlət qulluğu haqqında qanunvericiliyin mahiyyətinə və mənasına görə, vəzifəli şəxsə təklif edilməli olan digər vəzifə onun həmin orqanda əvvəllər tutduğu vəzifəyə bərabər olan vəzifə qismində və ya onun razılığı ilə digər uyğun vəzifə kimi təfsir olunmalıdır. Belə yanaşma ixtisaslaşmış dövlət qulluğunun dövlət idarəçilik sistemi üçün əhəmiyyətindən irəli gəlir...” Beləliklə də qeyd olunanlar baxımından, məhkəmə kollegiyası, iddiaçının cavabdehə qarşı - onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi və sərəncamdan çıxarılmış hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********0095500 nömrəli qərarının ləğv edilməsi və əvvəl tutduğu vəzifəyə uyğun vəzifəyə bərpa edilməsi və məcburi işburaxma dövrünə görə ona əmək haqqının ödənilməsi tələbləri hissəsində iddiası ilə qismən razılaşaraq hesab edir ki, həmin hissədə iddia təmin olunmalıdır. Qeyd edilən Əsasnamənin 80-cı maddəsinin tələbinə görə vergi orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas müvafiq icra hakimiyyəti orqanının əmri və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir. Həmin Əsasnamənin 81-ci maddəsinin tələbi isə nəzərədə tutur ki, idmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət vergi orqanlarında xidmətə bərpa edilmiş vergi orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası əməkhaqqı ödənilir (b.b.43-46). Göründüyü kimi, Əsasnamənin tələbinə görə qanunvnerici tərəfindən vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir. Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət vergi orqanlarında xidmətə bərpa edilmiş vergi orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və məcburi iş buraxma müddəti üçün ona əvvəl tutduğu vəzifə üzrə aldığı əməkhaqqı məbləğində vəsait ödənilir. Məhkəmə kollegiyası, iddiaçının onun “sərəncama götürülməsi barədə xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrin ləğv edilməsi və tutduğu vəzifəyə məhz bərpa olunması tələbinə dair iddiasına gəldikdə, birincisi, sözügedən ilkin sərəncam cavabdeh orqan tərəfindən diskression səlahiyyətləri daxilində aparılan təşkilati-ştat tədbirləri çərçivəsində qəbul edilmişdir, həm də tutduğu əvvəl vəzifə artıq mövcud deyil. İkincisi isə həmin əmri o, zamanında, İPM-in 38.1-ci və “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin tələbləri ilə müəyyən olunan (müvafiq olaraq 30 gün və 6 ay) iddia müddəti çərçivəsində mübahisələndirməmiş, həmin müddəti ötürülmüşdür. Bu baxımdan, İPM-in 73.3-cü maddəsinin tələbi də nəzərə alınmaqla, həmin hissədə iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən hərətərəfli araşdırma aparılmamış, işdə olan sübutlara maddi hüquq normaları baxımından düzgün hüquqi qiymət verilməmiş, iddianın rədd edilməsi barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmadığını və qanunsuz qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-311/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin olunmalı, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində - vəzifə maaşına və ixtisasına uyğun vəzifəyə bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən işə bərpa edilən tarixə qədər məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi, qalan hissədə isə iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-311/2024 saylı xx.xx.2024-cü il tarixli il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vəzifə maaşına və ixtisasına uyğun vəzifəyə bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən işə bərpa edilən tarixə qədər məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilsin. Qalan hissədə iddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-353/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-353/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver