Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3530/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X12 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2-1(112)-5279/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X4 və İstismarı Birliyi ilə bağlanmış 94161 saylı 21 fevral 2005-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən faktiki sahəsi 845,3 kv.m olan 384m saylı bağ sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və buna müvafiq olaraq çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə ərizə təqdim edərək iddiaçının qanuni istifadəsində olan 384N nömrəli 667,0 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna müvafiq olaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X4 və İstismarı Birliyi ilə bağlanmış 94161 saylı 21 fevral 2005-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən ümumi sahəsi 1200 kv.m olan 384m saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə xx.xx.2012-ci il tarixdə torpaq sahəsinin planı tərtib olunmuşdur. Daha sonra, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin bağ torpaq sahəsinə A № 392096 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərək X16 kitabında xx.xx.2012-ci il tarixdə 30481 nömrə ilə uçota alınmışdır. İddiaçı sözügedən bağ sahəsinə dair çıxarış və plan-ölçü sənədi verilməsi üçün yenidən cavabdehə müraciət etmişdir. Müraciətə xx.xx.2023-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, idarənin arxivində eyni bağ-tikinti kooperativi nəzdində “384n” nömrəli bağa dair digər şəxsin adına order mövcuddur. Həmçinin, bağların bölgüsünə dair sxematik xəritədə “384n” saylı bağ nömrəsi aşkar olunmamışdır. Bundan başqa, göstərilən torpaq sahəsi digər şəxsə məxsus olan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı ilə üst-üstə düşür. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki sahə 667,0 kv.m təşkil edir. Qeyd olunanlarla yanaşı, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə dair digər şəxsin müraciəti mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh təşkilatın imtinası qanunsuz və əsassız hesab edilərək qanuni istifadəsində olan bağ sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməlidir. Belə ki, iddiaçı ona ayrılaraq təhvil verilmiş bağ sahəsindən bu günədək mübahisəsiz istifadə etmişdir. Həmin torpaq sahəsinin bir hissəsi Novxanı – Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi ilə əlaqədar yolun tikintisi altına düşmüşdür. Həmin yolun tikintisi altına düşmüş qeyd edilən torpaq sahələrinin dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar torpaq sahəsinə görə kompensasiya ödənilmədiyi üçün cavabdeh Azərbaycan X1rşı iddiası Bakı İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2-1(112)-58/2020 saylı qərarı ilə qismən təmin edilmişdir. Həmin iş üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən müvafiq mütəxəssis rəyi alınmışdır. Rəylə müəyyən edilmişdir ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 0,12 ha torpaq sahəsinin 354,7 kv. metr hissəsi “Novxanı-Pirşağı” avtomobil yolu ilə və piyada səki yolu ilə üst-üstə düşür. Həmin qərardan cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və üçüncü şəxs Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir. Göründüyü kimi müvafiq instansiya məhkəmələri tərəfindən də “384n” saylı bağ sahəsinin qanuni əsaslarla istifadəçisi (gözlənilən mülkiyyətçisi) kimi tanınmış və yolun tikintisi altına düşmüş torpaq sahəsinə görə dövlət tərəfindən iddiaçıya kompensasiya verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə xx.xx.2012-ci il tarixdə Torpaq sahəsinin planı tərtib olunmuşdur. Əgər bağların bölgüsünə dair sxematik xəritədə “384n” saylı bağ sahəsi olmasa idi, onda həmin plan-ölçü sənədinin tərtibindən də imtina edilərdi. Həmçinin, cavabdeh hazırki mövqeyini cavabdeh Azərbaycan X1rşı iddia qaldırarkən də nümayiş etdirərdi. İddiaçı hesab edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərmiş X4 və İstismarı Birliyinin hüquqi varisi deyil, arxiv saxlayıcısı olan cavabdeh tərəfindən bağların bölgüsünə dair sxematik xəritədə sonrakı dövrlərdə hər hansı əlavə və dəyişiklik edilməsi torpaq sahəsinin reyestrdə qeydə alınmamasına əsas ola bilməz. Torpaq sahəsinin faktiki 667.0 kv.m təşkil etməsi mövqeyinə münasibətdə iddiaçı bildirir ki, cavabdeh əvvəlki müraciətlərə cavab məktubunda torpaq sahəsinin faktiki 875 kv.metr təşkil etdiyini bildirmişdir. Eyni zamanda mütəxəssis rəyində də qeyd edilmişdir ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 0,12 ha torpaq sahəsinin 354,7 kv. metr hissəsi “Novxanı-Pirşağı” avtomobil yolu ilə və piyada səki yolu ilə üst-üstə düşür. Belə olan halda iddiaçının istifadəsində “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 845,3 kv.m (1200 kv.m-354kv.m=845.3kv.m) torpaq sahəsi qalır. Cavabdehin imtinasında qeyd etdiyi kimi iddiaçının istifadəsində olan torpaq sahəsinin “digər şəxsə məxsus olan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı ilə üst-üstə düşür” mövqeyi də tamamilə əsassızdır. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsinə dair 2012-ci ildə hər hansı kadastr planı olmuş olsa idi, nə cavabdeh, nə də ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin sahəyə dair iddiaçının adına kadastr planı tərtib olunmazdı. Göründüyü kimi cavabdeh təşkilatın imtinası formal xarakter daşıyır, ona görə də həmin imtina qanunsuz və əsassızdır. İş üzrə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının Abadlaşdırma və X2 Departamenti X4 və İstismarı Birliyi ilə bağlanmış 94161 saylı, xx.xx.2005-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən faktiki sahəsi 845,3 kv.m olan 384 m saylı bağ sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və buna müvafiq olaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən “384n” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli,**********, xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2021-ci il tarixli, **********53, xx.xx.2023-cü il tarixli, **********42 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq İddiaçı iddia ərizəsində 384 m saylı torpaq sahəsinə iddia etsə də, idarəyə təqdim olunmuş sənədlər və müraciəti 384 n saylı torpaq sahəsinə münasibətdədir. İdarənin arxivində eyni bağ tikinti kooperaitivi nəzdində “384n” nömrəli bağa dair digər şəxsin adına (X5) order mövcuddur. Həmçinin, bağların bölgüsünə dair sxematik xəritədə “384n” saylı bağ nömrəsi aşkar olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman (xx.xx.2023-cü il tarixdə) məlum olmuşdur ki, torpaq sahəsi sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki sahə 667.0 kv.m təşkil edir. Qeyd olunanlarla yanaşı, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə dair digər şəxsin (X9) müraciəti mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmənin qərardadı ilə X5 və X15 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2-1(112)-5279/2024 saylı qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən ərazisi 667 kv.m. olan 384N saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2-1(112)-5279/2024 saylı qərarından narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2-1(112)-5279/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının bununla bağlı müraciətinin təmin olunmasından imtina edərkən cavabdeh qeyd edilən bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsinə, həmçinin idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işləri aparılarkən torpaq sahəsində hasarlanma işlərinin aparılmamasının müəyyən edilməsinə istinad etmişdir. İş materiallarından görünür ki; - X4 və X14 ərazisindəki 384n nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli, 34161 saylı müqavilədə qeyd olumuşdur ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 31 saylı Sərəncamına əsasən Birlik Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 384n №-li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə (İddiaçı) vermiş və istifadəçi (İddiaçı) həmin bağı istifadəsinə götürmüşdür. -Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İH-nin xx.xx.2005-ci il tarixli 31 saylı Sərəncamı əsasında Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1200 kv.m sahəsi olan bağ evi tikintisi üçün 384n saylı torpaq sahəsi ilə bağlı İddiaçı adına Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə İddiaçı istifadəsində olan Binəqədi rayonu Goradil qəsəbəsində yerləşən 384n saylı bağ sahəsinə dair torpaq sahəsinin planı tərtib olunmuşdur. Torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m, faktiki sahəsi isə 1746 kv.m təşkil edir, 546 kv.m qeyri-qanuni istifadəsindədir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-58/2020 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi altında düşmüş iddiaçıya məxsus torpaq sahəsinə görə 21282 manat kompensasiya məbləğinin ödənilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)-1257/2020 nömrəli qərarı ilə üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-58/2020 nömrəli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)- 1257/20 nömrəli Əlavə Qərarı ilə cavabdeh Azərbaycan Avtmobil Yolları Dövlət Agentliyinin apellyasiya şikayəti təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2185/2020 nömrəli qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2020-ci il tarixli 2-1(103)-1257/2020 nömrəli qərarı üçüncü şəxs Maliyyə Nazirliyinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2185/2020 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2020-ci il tarixli, 2-1(103)-1257/2020 nömrəli qərarı cavabdehə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.m qeyd olunsa da, torpaq sahəsinin faktiki ölçüsü 667.0 kv.m təşkil edir. 384 n saylı bağ sahəsi kimi göstərilən bağ sahəsinin sərhədləri, 2 tərəfi hasar, 2 tərəfinə isə 2 daş hündürlüyündə mişar daşı düzülmüşdür. Sahədə sökülmüş beton panellər var. Sahədə tikili yoxdur. Bağ sahəsinə keçmiş DT və XK tərəfindən tərtib edilmiş plan-ölçüyə əsasən əvvəl bağın ümumi sahəsi 1746.0 kv.m (1200.0 kv.rn +546.0 kv.m əlavə sahə) təşkil edib. Sonradan ərazidən yeni yol çəkiləndə sahənin 1 hissəsi yola düşüb. Vətəndaş tərəfindən 2 daş hündürlüyündə m/daşı düzülərək ayrılmış sahəni və keçmiş DT və XK tərəfindən tərtib edilmiş plan ölçüdə göstərilən 1200.0 kv.m sahənin koordinatları nəzərə aldıqda faktiki sahə 667.0 kv.m təşkil edir. Sözügedən 667.0 kv.m sahənin cənub hissəsindəki hasardan sonradan digər 1 vətəndaş darvaza yeri kimi hasarı söküb və faktki həmin hissədə darvaza hasara söykənilmiş vəziyyətdədir. Əvvəllər digər bir vətəndaş (Mikayıl Abdullayev) ümumi sahənin 323b saylı bağ sahəsi olduğunu bildirmişdi, həmçinin digər bir vətəndaş da 323b saylı bağ sahəsi kimi başqa ərazini göstərib. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 384n saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 384n saylı bağ sahəsinə dair X3 verilmiş orderin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. - Goradil bağlar sahəsindəki 89 №-li kooperativ tərəfindən verilmiş 68 nömrəli orderdə qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin 20 oktyabr 1994-cü il tarixli 1463 nömrəli qərarına əsasən X3 Goradil bağlar sahəsində 89 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 384N nömrəli bağ sahəsi ayrılmışdır. - Goradil bağlar sahəsindəki 194 №-li kooperativ tərəfindən verilmiş 04 saylı orderdə qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin 30 dekabr 2004-cü il tarixli qərarına əsasən X11 Goradil bağlar sahəsində 194 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 323b nömrəli bağ sahəsi ayrılmışdır. Üçüncü şəxs X5 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edərkən bildirmişdir ki, Goradil bağlar sahəsindəki 89 №-li kooperativ tərəfindən verilmiş 68 nömrəli order əsasında istifadəsində olmuş torpaq sahəsini xx.xx.2019-cu il tarixdə (çıxarış olmadan) satmışdır, hazırda isə adına qeydiyyata alınmış hər hansı torpaq sahəsi yoxdur. Eyni zamanda məhkəmə iclasında tədqiq olunan ortofoto çıxarışında istifadəsində olmuş torpaq sahəsinin mövqeyini göstərmiş və bildirmişdir ki, istifadəsində olmuş torpaq sahəsi ilə hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsi fərqli mövqelərdə yerləşirlər, əraziləri üst-üstə düşmür və iddianın təmin olunmasına etiraz etmir. İşdən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, X4 və İstismarı Birliyinin iddiaçı ilə bağladığı xx.xx.2005-ci il tarixli, 34161 saylı müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 31 saylı Sərəncamı əsasında Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1200 kv.m sahəsi olan bağ evi tikintisi üçün 384N saylı torpaq sahəsi müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə verilmiş və istifadəçi həmin bağ sahəsini istifadəsinə götürmüşdür, yəni qeyd edilən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas mövcuddur. Lakin cavabdeh inzibati orqan idarənin arxivində eyni bağın tikinti kooperaitivi nəzdində “384n” nömrəli bağa dair digər şəxsin adına (X5) orderin mövcud olması, həmçinin bağların bölgüsünə dair sxematik xəritədə “384n” saylı bağ nömrəsinin aşkar olunmaması, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə dair digər şəxsin (X9) müraciətinin mövcud olması əsası ilə bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddia tələbinin predmeti olan 384N saylı bağ sahəsi hazırda faktiki olaraq İddiaçı istifadəsindədir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə İddiaçı istifadəsində olan Binəqədi rayonu Goradil qəsəbəsində yerləşən 384n saylı bağ sahəsinə dair torpaq sahəsinin planı tərtib olunmuşdur. Eyni zamanda, məhkəməyə təqdim məhkəmə qərarları ilə torpaq sahəsinin İddiaçı istifadəsində olması təsdiqlənmişdir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri idarənin arxivində eyni bağ tikinti kooperaitivi nəzdində “384n” nömrəli bağa dair digər şəxsin adına (X5) orderin mövcud olmasıdır. Nəzərə alınmalıdır ki, üçüncü şəxs X5 birinci instansiya məhkəməsinin iclasında iştirak edərkən izahatında bildirmişdir ki, Goradil bağlar sahəsindəki 89 №-li kooperativ tərəfindən verilmiş 68 nömrəli order əsasında istifadəsində olmuş torpaq sahəsini xx.xx.2019-cu il tarixdə (çıxarış olmadan) satmışdır, hazırda isə adına qeydiyyata alınmış hər hansı torpaq sahəsi yoxdur. Eyni zamanda məhkəmə iclasında tədqiq olunan ortofoto çıxarışında həmin torpaq sahəsinin (xx.xx.2019-cu il tarixə kimi istifadəsində olmuş) mövqeyini göstərmiş və bildirmişdir ki, istifadəsində olmuş torpaq sahəsi ilə hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsi fərqli mövqelərdə yerləşirlər, əraziləri üst-üstə düşmür və iddianın təmin olunmasına etiraz etmir. Beləliklə, tərəflərin iştirakı ilə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahələri üst-üstə düşmür, tamamilə fərqli ərazilərdə yerləşir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili kimi qeyd olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən iddia tələbinin predmeti olan 384N saylı torpaq sahəsinə dair digər şəxsin (X9) müraciəti mövcuddur. İddia tələbinin predmeti olan torpaq sahəsi İddiaçı X4 və İstismarı Birliyi ilə bağlanmış Müqavilə əsasında ayrılmışdır, üçüncü şəxs X11 isə ayrılmış torpaq sahəsi üçün əsas hüquqmüəyyənedici sənəd Goradil bağlar sahəsindəki 194 №-li kooperativ tərəfindən verilmiş order olmuşdur. Eyni zamanda, İddiaçı ayrılmış bağ sahəsinin nömrəsi 384N kimi qeyd olunduğu halda, orderə əsasən üçüncü şəxs X11 ayrılmış torpaq sahəsinin nömrəsinin 323b olduğu müəyyən olunmuşdur. Bundan başqa, X9 ona ayrılmış torpaq sahəsinə hüquqların qeydiyyatı alınması ilə bağlı müraciəti olsa da, hüquqların qeydiyyata alındığına dair məlumat mövcud deyildir. Hüquqmüəyyənedici sənədlə 384N saylı bağ sahəsinin ölçüsü 1200 kv.m qeyd olunsa da, ərazinin faktiki ölçüsü 667 kv.m təşkil edir. İddiaçının hazırki tələbi isə faktiki istifadəsində olan 667 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasıdır. İddiaçının ona verilmiş və qanuni istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Fiziki şəxsin bağ sahəsi üzrə mülkiyyət hüququnun yaranması hallarından biri, 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri ilə bağlanmış icarə müqaviləsinin olmasıdır. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcud olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından davamlı imtina olunması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna fiziki (hüquqi) şəxslərin inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2-1(112)-5279/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3530/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3530/2024
10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver