Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3531/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4109/2023 nömrəli 03 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin sonuncu 18 oktyabr 2022-ci il tarixli **********394300 saylı qərarının ləğv edilməsi, 4.705,16 (dörd min yeddi yüz beş manat on altı qəpik) manat məbləğində cərimənin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Fərdi Sahibkar qismində ona xx.xx.2022-ci il tarixli **********63400 saylı müraciətində fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifələrinə aid edildiyini, bununla da həmin 2 ədəd elektron alış aktında qeyd edilən malların guya sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyi ehtimal edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi xidmətinin müraciətində qeyd edilən həmin malları (avtomobil) alqısatqı yolu ilə lizinq şirkətindən şəxsi istehlakı üçün almışdır və sonradan istifadə etməsi mümkünsüz olması ilə əlaqədar satmışdır. Qeyd etdiyi məlumatda heç bir vergidən yayınma halı baş verməmişdir və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi xidməti tərəfindən vergi qeydiyyatına alınmasında əsas görməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə ərizəsinə əlavə etdiyi lizinq müqavilələrinə və alış aktına əsasəndə məlumdur ki, heç bir vergidən yayınma hadisəsi qeydə alınmamışdır. Lakin vergi orqanı həmin sənədlərin yetərsiz olduğunu, əlavədə göndərilən lizing müqaviləsində Satıcı tərəf olduğunu, həmin nəqliyyat vasitələrinin tərəfindən alınmasına dair alqı-satqı müqaviləsinin təqdim edilməsini tələb etmişlər. Həmin məsələ ilə və və əsasız hesablanmış cərimənin silinməsi xahişi ilə bağlı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi xidmətinə yenidən müraciət etmişdir. Vergilərin hesablanmasının səbəbi kimi İddiaçı lizinq şirkətindən alqı-satqı yolu ilə şəxsi istifadəçi üçün aldığı avtomobillərin sonradan satılması olmuşdur. Vergi orqanına müraciətdə bunları bildirsək də onlar tərəfindən heç bir müvafiq qanuni tədbirlər görülməmişdir, sənədlərin tam olmadığı bildirilmiş buna görə də müvafiq vergilər azaldılmamışdır. İddiaçı heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır, ona VÖEN vergi orqanı tərəfindən məcburi qaydada açılmışdır. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə, vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanın xx.xx.2022-ci il tarixli qərarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Vergi qanunvericiliyin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması vergi ödəyicisinə izah olunmamışdır. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal formada hazırlanmışdır. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlat, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. “Qara-Qaya” Assosiyasının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstritusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Konstitusiya Məhkəməsinin 11 oktyabr 2016-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir. Təsadüfi deyil ki, Ali Məhkəməsinin Plenumun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqıında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyinin bütün ziddiyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin riyayət edilməməsində vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Ona görə də göstərilən hal aydınlaşdırılması mümkün olmayan məqamlar kimi də vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4109/2023 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən İddiaçı barəsində çıxarılmış xx.xx.2022-ci il tarixli №**********822400 saylı vergilərin hesablanmasına dair qərarının ləğv edilməsi” barədə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın əsas fəaliyyət növünün “təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı” olduğu, vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2021-ci il ərzində elektron alış aktları əsasında ümumilikdə 54600,0 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq müvafiq dövr üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Vergi orqanı tərəfindən xx.xx.2022-ci ii tarixdə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” **********799300 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün 2730,0 manat gəlir vergisi hesablanmış, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********82400 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanının xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********017300 nömrəli) inzibati şikayət verilmiş və vergi orqanının 27 oktyabr 2022-ci il tarixli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün həmin dövr ərzində vergi ödöyicisi tərəfindən təqdim edilən elektron alış aktlarına əsasən 54600,0 manat gəlir müəyyən edilərək Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla 2730,0 manat gəlir vergisi hesablanmışdır. Araşdırma zərurəti ilə əlaqədar məlumatların əldə edilməsi ilə bağlı "X8 Faktorinq" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tgrixdə sənədlərin təqdim edilməsi barədə məktub göndərilərək İddiaçı ilə "X8 Faktorinq" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2021-ci il ərzində aparılmış əməliyyatlara dair müvafiq təsdiqedici sənədlərin (bağlanmış müqavilələr, alınmış mallara dair təhvil-təslim və ya üzləşmə aktları, alış aktları, bank hesablarından çıxarışı (bank tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqları (bank tərəfindən təsdiq edilmiş şəkildə), alınmış mallara dair ödəniş məbləğləri və formaları (nağd və ya nağdsız qaydada) barədə məlumatları, ilkin sənədlərin təsdiq edilmiş surətləri, avtonəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətləri və s.) və araşdırma üçün zəruri hesab etdiyi digər sənədlərin onlayn kargüzarlıq vasitəsilə elektron qaydada xx.xx.2022-ci il tarixədək inzibati araşdırmaya təqdim edilməsi bildirilmişdir. "X8 Faktorinq" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2022- ci il tarixdə vergi orqanına müraciət edərək nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı bağlanmış müqavilələri, fərdi sahibkar tərəfindən imzalanmış elektron alış aktlarını, pul vəsaitinin fərdi sahibkara ödənilməsini təsdiq edən ödəmə tapşırıqlarını və əmlakın təhvil-təslim aktlarını araşdırmaya təqdim etmişdir. " X8 Faktorinq " Məhdud Məsuliyyətli Cəmiyyətinə edilmiş sorğuya əsasən daxil olmuş cavab məktubunun araşdırılması zamanı fərdi sahibkar tərəfindən " X8 Faktorinq" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “X7 markalı (buraxılış ili: 2009-cu il, kuzov nömrəsi: WDF**********8210) avtonəqliyyat vasitəsini 28000,0 manata, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Toyota Camry” markalı (buraxılış ili: 2013-cü il, kuzov nömrəsi: JTNBK4FK3********) avtonəqliyyat vasitəsini 26 600,0 manata təqdim edildiyi müəyyən edilmişdir. " X8 Faktorinq " Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzibati araşdırmaya təqdim edilmiş X1 Şəhadətnamələrinə əsasən “X7 markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə, “Toyota Camry” markalı xx.xx.2021-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilmiş, " X8 Faktorinq " Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixdə EAA seriyalı 284137 nömrəli elektron alış aktına əsasən 26600,0 manat dəyərində (Toyota Camry), xx.xx.2021ci il tarixdə EAA seriyalı 273109 nömrəli elektron alış aktına əsasən isə 28000,0 manat dəyərində (X7 2 ədəd avtonəqliyyat vasitələrinin təqdim edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, fərdi sahibkar İddiaçı "X7 markalı avtonəqliyyat vasitəsi 1 (bir) gün, Toyota Camry markalı avtonəqliyyat vasitəsini isə 15 (on beş) gün ərzində elektron alış aktına əsasən təqdim etmişdir. Eyni zamanda, yuxarıda qeyd olunanların araşdırılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə xx.xx.2022-ci il tarixli **********660200 nömrəli “Məlumatın təqdim edilməsi haqqında” sorğu göndərilmiş lakin, sorğuya cavab alınmamışdır. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bundan əlavə vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir. Eyni zamanda “X8 Faktorinq" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş elektron alış aktları ləğv edilməmiş, qaydalara uyğun İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktlarında hər hansı düzəliş aparılmamış, fərdi sahibkar tərəfindən avtomobil nəqliyyatı vasitələrinin alınması ilə bağlı sənədlər təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4109/2023 nömrəli 03 iyul 2023-cü il tarixli qərarı (hakim: A.Əhədova) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış əlavə olaraq qeyd edilmişdir ki, 2023-cü ildən qüvvəyə minən dəyişikliyə əsasən Vergi Məcəlləsinin 33.5-ci maddəsinə görə bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır. Məhkəmə isə araşdırma aparmadan iddiaçının vergi uçotuna alınmasını qanunsuz hesab etmiş və bu halın mübahisələndirilən qərarın ləğv edilməsinin birinci hüquqi əsası olduğunu qeyd etməklə kifayətlənmişdir. “X8 FAKTORİNQ” Məhdud Məsuliyyətli Cəmiyyətinə edilmiş sorğuya əsasən daxil olmuş cavab məktubunun araşdırılması zamanı fərdi sahibkar tərəfindən “X8 FAKTORİNQ" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “X7” markalı (buraxılış ili: 2009-cu il, kuzov nömrəsi: WDF**********8210) avtonəqliyyat vasitəsini 28000,0 manata, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “TOYOTA CAMRY” markalı (buraxılış ili: 2013-cü il, kuzov nömrəsi: JTNBK4FK3********) avtonəqliyyat vasitəsini 26 600,0 manata təqdim edildiyi müəyyən edilmişdir. “X8 FAKTORİNQ" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzibati araşdırmaya təqdim edilmiş X1 Şəhadətnamələrinə əsasən “X7” markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə, “TOYOTA CAMRY” markalı xx.xx.2021-ci il tarixdə Cəfərov Malik Azad oğlunun adına rəsmiləşdirilmiş, "X8 FAKTORİNQ" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixdə EAA seriyalı 284137 nömrəli elektron alış aktına əsasən 26600,0 manat dəyərində (Toyota Camry), xx.xx.2021-ci il tarixdə EAA seriyalı 273109 nömrəli elektron alış aktına əsasən isə 28000,0 manat dəyərində (X7) 2 ədəd avtonəqliyyat vasitələrinin təqdim edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, fərdi sahibkar İddiaçı “X7” markalı avtonəqliyyat vasitəsi 1 (bir) gün, Toyota Camry markalı avtonəqliyyat vasitəsini isə 15 (on beş) gün ərzində elektron alış aktına əsasən təqdim etmişdir. Eyni zamanda, yuxarıda qeyd olunanların araşdırılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə xx.xx.2022-ci il tarixli **********660200 nömrəli “Məlumatın təqdim edilməsi haqqında” sorğu göndərilmiş lakin, sorğuya cavab alınmamışdır. Həmçinin "X8 FAKTORİNQ" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş elektron alış aktları ləğv edilməmiş, qaydalara uyğun İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktlarında hər hansı düzəliş aparılmamış, fərdi sahibkar tərəfindən avtomobil nəqliyyatı vasitələrinin alınması ilə bağlı sənədlər təqdim edilməmişdir. Beləliklə, alqı-satqı yolu ilə satılmış 2 ədəd avtomobilin qazanc əldə etmək məqsədilə təqdim edilməsi, qeyd olunanların fərdi sahibkar tərəfindən gəlirlərini gizlətmək və ya vergi üstünlüyü əldə etmək məqsədi ilə aparılan əməliyyatlar olması, tərtib olunmuş elektron alış aktlarının ləğv edilməməsi, qaydalara uyğun İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında hər hansı düzəlişin aparılmaması halları da vergi orqanı tərəfindən qəbul olunmuş Qərarın tamamilə qanunvericiliyə uyğun formada tərtib olunduğunu sübut edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli qərarından yuxarı inzibati orqan müraciət etmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 27 oktyabr 2022-ci il tarixli, **********760700 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli №**********822400 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı inzibati şikayətin təmin edilməməsi xx.xx.2022-ci il tarixli qərarından sonra iddia ərizəsini xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə məhkəməyə təqdim etməklə iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini (...) əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. -13.2.16-cı maddəsinə görə Azərbaycan mənbəyindən gəlir: 13.2.16.3. Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlirdir. -13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar gəlir: bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən gəlirdir. -114.7-ci maddəsinə görə əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir. - 96.1-ci maddəsinə görə rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. - 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. - 97.2-ci maddəsinə əsasən qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir. - 97.3-cü maddəsinə əsasən gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər -99.2-ci maddəsinə görə sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: 99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; 99.2.2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; 99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; 99.2.4. bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir. -101.2-ci maddəsinə görə qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. -101.3-cü maddəsinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan: - 25 may 2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” İddiaçı özünə məxsus ola X7 MİNİK markalı, 99HT481 dövlət qeydiyyat nişanlı, 2009 buraxılış ili, **********9410 mühərrik nömrəli, WDF**********8210 ban nömrəli, 25 may 2021-ci ildə AE134616 seriyalı qeydiyyat şəhadətnaməli nəqliyyat vasitəsini 28,000 manata “alıcı” “X10 Faktorinq” MMC-yə satıb və bu məbləği “satıcı” “alıcı”dan alıb. - 02 iyun 2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” İddiaçı özünə məxsus ola TOYOTA CAMRY MİNİK markalı,10DY251 dövlət qeydiyyat nişanlı, 2013 buraxılış ili, J820178 mühərrik nömrəli, JTNBK4FK303003312 ban nömrəli, AE134763 seriyalı qeydiyyat şəhadətnaməli nəqliyyat vasitəsini 26,600 manata və “alıcı” “X10 Faktorinq” MMC-yə satıb və bu məbləği “satıcı” “alıcı”dan alıb. - xx.xx.2021-ci il tarixli EAA seriyalı, 284137 nömrəli X5 görünür ki, təqdim edən İddiaçı “X8 Faktorinq” MMC-yə (VÖEN**********) 1 ədəd 26600 manat. dəyərində Toyota Camry markalı avtomobil satmışdır. - xx.xx.2021-ci il tarixli EAA seriyalı, 273109 nömrəli X5 görünür ki, təqdim edən İddiaçı “X8 Faktorinq” MMC-yə (VÖEN**********) 1 ədəd 28000 manat dəyərində X7 markalı avtomobil satmışdır. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarlıııın hesablanması barədə **********822400 nömrəli Qərarına əsasən 2021-ci il gəlir vergisi üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 2.730,00 manat təşkil edir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 27 oktyabr 2022-ci il tarixli, **********760700 nömrəli qərarı ilə İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********822400 nömrəli Qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti cavabdeh orqanın iddiaçı barəsində 2021-ci ilin gəlir vergisi üzrə kameral vergi hesablanması barədə xx.xx.2022-ci il tarixli qərarıdır. Cavabdeh orqan iddiaçı tərəfindən 2021-ci il ərzində elektron alış aktları əsasında ümumilikdə 54600,0 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsini vergidən yayınma kimi qiymətləndirmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə EAA seriyalı 284137 nömrəli elektron alış aktına əsasən 26600,0 manat dəyərində (Toyota Camry), xx.xx.2021ci il tarixdə EAA seriyalı 273109 nömrəli elektron alış aktına əsasən isə 28000,0 manat dəyərində (X7) 2 ədəd avtonəqliyyat vasitəsi “X8 Faktorinq" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edildiyini əsas götürərək vergi orqanı iddiaçını vergi ödəyicisi qismində uçota almış, kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2021-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün həmin dövr ərzində vergi ödəyicisi tərəfindən təqdim edilən elektron alış aktlarına əsasən 54600,0 manat gəlir, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla xx.xx.2022-ci il tarixli qərarla 2730,0 manat gəlir vergisi hesablanmışdır. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, fiziki şəxs istehlak məqsədi ilə ərzaq, nəqliyyat vasitəsi və ya daşınmaz əmlak əldə etdikdə və yaxud yığım vasitəsi kimi qiymətli metal aldıqda gəlir əldə etmir, lakin əldə etdiyi əsas vəsaiti, daşınar və daşınmaz əmlakı təqdim edərək gəlir əldə etməsi artıq sahibkarlıq fəaliyyəti kimi dəyərləndirilə bilər ki, buna müvafiq olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi orqanlarında uçota durmaq (VÖEN almaq) öhdəliyi yaranmış olur. Hazırkı iş üzrə cavabdehin mübahisələndirilən qərarının əsasında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, əsas fəaliyyətinin təzə və istifadə olunmuş minik avtomobillərinin pərakəndə satışı olduğu, təqdim etdiyi nəqliyyat vasitələrinə görə gəlir əldə etdiyi, bununla da təqdim etdiyi dövr üçün gəlir vergisi bəyannaməsi təqdim etməli olduğu, lakin belə bir bəyannamə təqdim etmədiyindən vergidən yayınma halının baş verdiyi barədə mövqeyi dayanır. Beləliklə, işin mübahisələndirilən halı iddiaçının məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının, onun əsas vəsaiti-nəqliyyat vasitəsini təqdim etməsi və gəlir əldə etməsinin sübuta yetirilməsidir. Əvvəla, mübahisələndirilən qərara qiymət verilməzdən öncə qeyd edilməlidir ki, iddiaçının nəqliyyat vasitələrinin təqdim edilməsi şəklində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu güman edilsə belə, bu hal mübahisələndirilən dövr üzrə iddiaçının vergi ödəyicisi kimi uçota almağa əsas vermir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Sadalanan normalardan görünür ki, fiziki şəxsin vergi uçotuna alınmasının qaydası vergi orqanına uçota alınma barədə ərizə ilə müraciət edilməsidir. Fiziki şəxs məhz sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma barədə vergi orqanına ərizə təqdim etməlidir. Hazırkı iş üzrə iddiaçı xx.xx.2022-ci il tarixdə vergi orqanı tərəfindən vergi uçotuna alınmışdır və vergi uçotuna alınma iddiaçının ərizəsi əsasında deyil, vergi orqanının öz təşəbbüsü ilə baş vermişdir. Halbuki, mübahisələndirilən dövr qanunverciliyi ilə qeyd edildiyi kimi vergi ödəyicisinin ərizəsi olmadan vergi orqanı şəxsi vergi uçotuna bilməz, başqa sözlə, məcburi vergi uçotuna alınma qanunla nəzərdə tutulmamışdır. Yalnız 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş 9 dekabr 2022-ci il tarixli 677- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə Vergi Məcəlləsinin 33.5-ci maddə yeni redaksiyada verilmişdir: 33.5. Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Göründüyü kimi yalnız xx.xx.2023-cü il tarixdən etibarən Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən vergi orqanının öz təşəbbüsü ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olub, lakin uçota durmayan fiziki şəxslərin məcburi vergi uçotuna alınması qaydası nəzərdə tutulmuşdur. İddiaçının vergi uçotuna alınması xx.xx.2023-cü ildən əvvələ təsadüf etdiyindən qanunla nəzərdə tutulmayan qaydada uçota alınmış vergi ödəyicisinə gəlir vergisinin hesablanması da əsaslı hesab edilə bilməz. Qeyd edilən bu hal mübahisələndirilən qərarın ləğv edilməsinin birinci hüquqi əsasıdır. Cavabdehin vergi hesablayarkən iddiaçı tərəfindən 2021-ci il ərzində elektron alış aktlarına əsasən 54600,0 manat dəyərində 2 ədəd nəqliyyat vasitəsini təqdim etdiyinə istinad etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin Məcəllənin 71-2.2-ci maddəsinə əsasən elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 71-2.3-cü maddəsinə görə vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Göründüyü kimi elektron alış aktları alıcı tərəfindən, vergi uçotunda qeydiyyatda olmayan (VÖEN) satıcı ilə alqı-satqı zamanı tərtib edilir. Odur ki, iddiaçının vergi uçotu olmadığından alıcı lizinq şirkətinin elektron alış aktını tərtib etməsi və iddaçı ilə olan təqdim etmə əməliyyatını elektron alış aktı ilə rəsmiləşdirməsi elektron alış aktlarını tərtib edən alıcının məsuliyyətinə ad olan məsələ olmaqla yanaşı bilavasitə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması və yaxud iddiaçının öz mülkiyyətində olan minik avtomobillərini lizinq şirkətinə təqdim etməyinin niyyəti və nəticəsinin gəlir əldə etməkdən ibarət olması qənaətinə gəlinməsinə əsas vermir. Qeyd edilməlidir ki, qanunvericilikdə fiziki şəxsin şəxsi istifadə üçün mülkiyyətində ola biləcək və özgəninkiləşdirə biləcəyi nəqliyyat vasitələrinin siyahısında say məhdudiyyəti nəzərdə tutmamışdır. Odur ki, vergi orqanının təqdim etdiyi dəlillər qanunla nəzərə tutulmuş qaydada fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sübutlar olmamaqla gəlir vergisinin hesablanmasına da əsas vermir. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4109/2023 nömrəli 03 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3531/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3531/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver