Məhkəmə qərarları › İş №2-1(103)-3531/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3531/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3531/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «bağ sahəsinə çıxarışın verilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-495/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bağın icarəyə verilməsi haqqında 25 yanvar 1991-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,25 ha ölçüdə olan 2968 nömrəli bağ sahəsi X1 icarəsinə verilmişdir.

2. Bağın icarəyə verilməsi haqqında 26 iyun 2001-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,25 ha ölçüdə olan 2968 nömrəli bağ sahəsi X2 icarəsinə verilmişdir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,2402 ha ölçüdə olan 2968 nömrəli bağ sahəsi üzərində xx.xx.2021-ci il tarixdə X2 xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır.

4. Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mərhum X2 mülkiyyətində olan 2968 saylı bağ sahəsinin faktiki ölçüsü 2402,44 kv.m təşkil edir.

5. Notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, İddiaçı Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 2968 nömrəli bağ sahəsinin 2500 kv.mdən azalaraq 2.402,44 kv.m olmasına etiraz etməmiş və gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmişdir.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,2402 ha ölçüdə olan 2968 nömrəli bağ sahəsi üzərində xx.xx.2021-ci il tarixdə İddiaçı xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır.

7. İddiaçı adına tərtib olunmuş plan sxemnən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 2968 nömrəli bağ sahəsinin faktiki ölçüsü 0,2387 ha təşkil edir.

8. Ekspert rəyində qeyd olunmuşdur ki: -Göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0,2402 ha təşkil edir. Bağ sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planında qeyd olunan, eyni zamanda mövcud vəziyyətdə hasar daxilində olan 0,2402 ha torpaq sahəsinə əsasən qeydiyyat aparılmışdır. Sözügedən torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatları plan-ölçüdə öz əksini tapmışdır. -Hazırda İddiaçı istifadə etdiyi (mülkiyyətinə verilmiş) Ləhiş bağ sahəsi, 2968 saylı bağ sahəsinin 0,2402 ha koordinatları mövcud hasarlanmaya uyğundur. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planında qeyd olunan koordinatlar naturada faktiki istifadə olunan ölçülərə uyğun gəldiyi müəyyən edilmişdir. -xx.xx.1991-ci il tarixli bağın icarə müqaviləsən əsasən mərhum X2 istifadəsinə verilmiş 0,25 ha torpaq sahəsinin 0,0098 ha hissəsi hasarlanma düzgün aparılmadığından cənub-şərq qonşu ərazisində iddia edilir. xx.xx.1991-ci il tarixli bağın icarə müqaviləsən əsasən mərhum X2 istifadəsinə verilmiş 0,25 ha torpaq sahəsinin iddia edilən 0,0098 ha hissəsi olmaqla cənub-şərq qonşusunun bağ sahəsinin qeydiyyatdan keçmədiyi müəyyən olunmuşdur. -Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi X4 adına olan **********3369 nömrəli ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı əsasında dövlət reyestrində qeydiyyata alınaraq daha sonra özgəninkiləşdirilmişdir (torpaq sahəsi xüsusi mülkiyyətdədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli reyestr nömrəsi **********63-11301, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda düzəliş edilməsi, ilkin sənədlərlə iddiaçıya ayrılmış torpaq sahəsinin qalan bir sotunun iddiaçının adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “verilmiş xx.xx.2022-ci il tarixli reyestr nömrəsi **********6311301, qeydiyyat nömrəsi ********** olan Dövlət Reyestrindən çıxarışda düzəliş edilməsi ilkin sənədlərlə iddiaçıya ayrılmış torpaq sahəsinin qalan 0,0098 kv.m onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının anası X3 adına Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin torpaq sahəsi X12 kitabında xx.xx.2011-ci il tarixdə 25925 nömrə ilə uçota alınmışdır. Plan və ölçü sənədlərindən görünür ki, adı çəkilən torpaq sahəsi 2500 kv metr ölçüdə 2968 saylı bag evinin tikintisi üçün Bakı şəhəri İcra Hakimiyyəti Bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2001-ci il tarixli Protokolu ilə ayrılmışdır. 2500 kv metr ölçüdə torpaq sahəsinə dair Bakı şəhəri İcra Hakimiyyəti Bağlar təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə anam X6 arasında xx.xx.2001-ci il tarixli bağın icarəyə verilməsi haqqında 16498 №-li müqavil bağlanmışdır. İddiaçının anasının adına torpaq sahəsi verilərkən ilkin olaraq onun ölçüsü 0,25 ha olmuş, sonradan plan və ölçü tərtib edilərkən və çıxarış verilərkn hansısa səbəbdən 0,25 ha deyil, 0,2402 ha torpaq sahəsi göstərilmişdir. Həmin torpaq sahəsi vərəsəlik yolu ilə iddiaçının adına rəsmiləşdirilmişdir, mən adıma Dövlət Reyestrindən çıxarış verilmişdir. Beləliklə torpaq sahəsi ilkin sənədlərlə iddiaçıya ayrılan bir sot əksikdir. İddiaçı hazırki tələblə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.

12. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı onun adına verilmiş xx.xx.2022-ci il tarixli reyestr nömrəsi **********63-11301, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda düzəliş edilməsi ilkin sənədlərlə ona ayrılmış torpaq sahəsinin qalan bir sotunun onun adına rəsmiləşdirilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müraciəti ərizəçi tərəfindən imzalanmadığından, ərizə baxılmamış saxlanılmış və sənədlər geri göndərilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-495/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 2968 nömrəli bağ sahəsinə dair tərtib olunmuş müqavilədə torpaq sahəsinin ölçüsü 0,25 ha olsa da və qeydiyyata alınmamış, yəni 0,25 ha torpaq sahəsinin qalan 0,098 kv.m hissəsi üzərində hər hansı şəxsin mülkiyyət hüquqları qeydiyyata alınmasada, iddiaçı mülkiyyət hüquqlarının qeydiyyatı zamanı cavabdehə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq bir başa həmin hüquqlarından imtina etdiyini təsdiq etmişdir.

15. Eyni zamanda, qeyd olunmalıdır ki, müqavilədə 0,25 ha ölçü göstərilsə də, müqaviləyə əlavə kimi Bakı Ərazi İdarəsi tərəfindən 08 fevral 2011-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin sxemindən, eləcə də DTXK tərəfindən tərtib edilmiş 26 may 2011- ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədindən də göründüyü kimi torpaq sahəsinin faktiki ölçüsü 2500 kv.m yox, daha az olmuşdur. Göründüyü kimi iddiaçının faktiki və texniki sənədlər əsasında istifadəsində olan torpaq sahəsi 2500 kv.m ölçüdə olmamışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 495/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

c) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

20. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

22. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

23. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .....

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

25. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

26. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına - yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış da daxil edilmişdir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

31. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

32. Belə ki, tətbiq edilən qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır.

33. Məhkəmə bildirir ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir.

34. Məhkəmə Kollegiyası razılaşır ki, bağ sahələrinə dair verilən icarə müqavilələri hüquqmüəyyənedici sənəd qismində çıxış etməklə hüququn qeydiyyata alınması üçün əsas qismində çıxış etsə də, hazırkı iş üzrə istinad olunmuş müqavilə əsasında iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 2968 nömrəli bağ sahəsinin qalan 0,0098 kv.m hissəsinə mülkiyyət hüquqlarının qeydiyyatının aparılması mümkün deyil.

35. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 204.1. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. 204.2. Daşınar əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina üçün mülkiyyətçi bu barədə yazılı elan verməli və ya həmin əmlaka hər hansı hüququnu saxlamaq niyyəti olmadan əmlaka sahiblik etməkdən, ondan istifadə etməkdən və ona dair sərəncam verməkdən kənarlaşmasını aşkar göstərən başqa hərəkətləri yerinə yetirməlidir.

36. Torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Nəzərə alınmalıdır k, MM-də daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi hüququ verilmişdir ki, bu zaman ixtiyarlı şəxs bu barədə ərizə təqdim edir və həmin ərizə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır, nəticədə həmin ərizə məcburi qüvvədə alır.

37. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı notarial qaydada təsdiq edilmiş ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 2968 nömrəli bağ sahəsinin 2500 kv.m-dən azalaraq 2.402,44 kv.m olmasına etiraz etməmiş və gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmişdir. Göründüyü kimi iddiaçı faktiki olaraq iddia olunan torpaq sahəsinin 0,0098 ha hissəsinə münasibətdə hüquqlarından imtina etmişdir ki, həmin ərizənin mövcudluğu MM-nin 204.1-ci maddəsinin tələblərinə görə onun torpaq sahəsinə münasibətdə hüquqlarından imtina edildiyini göstərir.

38. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçı həmin ərizəsi cavabdehin inzibati orqan kimi inzibati icraat çərçivəsində aparılan araşdırmanın və nəticədə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı icraatın düzgün olduğuna dəlalət edir.

39. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Eyni zamanda inzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalı, həmin ərizəni icraat materiallarına əlavə etməlidir.

40. Məhkəmə icraatı zamanı təqdim olunmuş inzibati icraat materiallarında iddiaçının həmin ərizəsi sənədlər arasında olduğu görünür. Yəni, cavabdeh iddiaçının həmin ərizəsini nəzərə almış və iddia olunan torpaq sahəsi üzərində iddiaçının mərhum anasının mülkiyyət hüquqlarının qeydiyyatını apararkən torpaq sahəsinin 0,2402 ha ölçüsünə münasibətdə araşdırma aparmışdır.

41. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 2968 nömrəli bağ sahəsinə dair tərtib olunmuş müqavilədə torpaq sahəsinin ölçüsü 0,25 ha olsa da və qeydiyyata alınmamış, yəni 0,25 ha torpaq sahəsinin qalan 0,098 kv.m hissəsi üzərində hər hansı şəxsin mülkiyyət hüquqları qeydiyyata alınmasa da, iddiaçı mülkiyyət hüquqlarının qeydiyyatı zamanı cavabdehə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq bir başa həmin hüquqlarından imtina etdiyini təsdiq etmişdir.

42. Eyni zamanda, qeyd olunmalıdır ki, müqavilədə 0,25 ha ölçü göstərilsə də, müqaviləyə əlavə kimi Bakı Ərazi İdarəsi tərəfindən 08 fevral 2011-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin sxemindən, eləcə də DTXK tərəfindən tərtib edilmiş 26 may 2011- ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədindən də göründüyü kimi torpaq sahəsinin faktiki ölçüsü 2500 kv.m yox, daha az olmuşdur.

43. Göründüyü kimi iddiaçının faktiki və texniki sənədlər əsasında istifadəsində olan torpaq sahəsi 2500 kv.m ölçüdə olmamışdır.

44. Tətbiq edilən hüquq normalarından da göründüyü kimi həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

45. İş materiallarında olan yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlərdən, DTXK tərəfindən tərtib edilmiş plan və ölçü sənədi, o cümlədən cavabdeh tərəfindən tərtib edilmiş plan sxemdən isə görünür ki, iddiaçının istifadəsində heç bir zaman 2500 kv.m torpaq sahəsi olmamış, faktiki və qanuni istifadədə olan torpaq sahəsi az olmuşdur ki, hal-hazırda qanuni və ya qanunsuz olmasından asılı olmayaraq digər şəxsin faktiki istifadəsində olan 0,098 kv.m sahəyə dair imtina edilmiş hüquqların göstərilən müddəaların tələblərinə, yəni yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlərə, eləcə də DTXK tərəfindən tərtib edilmiş plan və ölçü sənədi, o cümlədən cavabdeh tərəfindən tərtib edilmiş plan sxemə uyğun olmadan iddiaçının mülkiyyətinə verilməsi işin faktiki halları ilə uyğunluq təşkil etməməklə iddianın təminini istisna edir.

46. Həmçinin, İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir.

47. İş materiallarından görünür ki, 50 manat ekspertiza xərci mövcud olmuş, iddianın isə rədd edilməsi qərara alınmışdır.

48. Beləliklə, məhkəmə Kollegiyası məhkəmə xərcinin iddiaçının üzərinə qoyulması hissəsində də birinci instansiya məhkəməsinin qərarını əsaslı sayır.

49. Məhkəmə Kollegiyası iddia tələbinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür.

50. Əlavə olaraq məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində məhkəmənin tətbiq etdiyi hüquq normalarını sadalamış, məhkəmə araşdırmasından kənarda qalan hansı sübutların tədqiq edilmədiyini, qiymətləndirilmədiyini konkred olaraq göstərməmişdir.

51. Müəyyən olunur ki, birinci instansiya məhkəməsi işin obyektiv araşdırılması üçün aidiyyəti qurumlara müvafiq sorğular etmiş, cavablar almış, həmçinin əldə olunmalı sübutun təqdim edilməsi üçün hər hansı vəsatətin təmin olunmasından imtina olunmamışdır.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

53. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-495/2024 saylı,xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-495/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar