Məhkəmə qərarları › İş №2-1(103)-3532/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3532/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3532/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Nəbizadə Nigar Xeyrulla qızının və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2-1(112)-6202/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixdə ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış və fəaliyyət növü “xəstəxanaların fəaliyyəti” olaraq müəyyən edilmişdir. İddiaçı MMC dövlət qeydiyyatına alındığı tarixdən bu günə kimi həmin fəaliyyət növü üzrə fəaliyyətini davam etdirərək qanunvericliyini tələblərinə uyğun mühasibat uçotunu təşkil etmiş, o cümlədən müvafiq vergi və digər məcburi tutmaları vaxtında tam icra etmişdir. Cavabdeh inzibati orqan-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra – Baş İdarə) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********2049 nömrəli qərarı əsasında iddiaçı MMC-nin özəl tibb fəaliyyəti göstərdiyi ünvan 1 ünvanda yerləşən “DünyaGöz” klinikasında xx.xx.2023-cü il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Həmin operativ vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli DVX seriyalı 000325 nömrəli akt üzrə qeyd edilmişdir ki, iddiaçı MMC zamanı 500 (beş yüz) manatdan yuxarı (bir əməliyyat çərçivəsində) 1.453.296,0 manat vəsaitlərin kassaya nağd mədaxil edildiyi, Vergi Məcəlləsinin 16.1.11-8ci maddəsinin və “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulduğu faktı aşkar edilmişdir və iddiaçıya cavabdeh inzibati orqanın “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2022-ci il tarixli **********98452 saylı qərarına əsasən, iddiaçı Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən vergi ödəyicisi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 145329,6 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, habelə **********8453 saylı Tələbnamə verilmişdir. Bu qərardan narazı qalan iddiaçı tərəfindən inzibati qaydada yuxarı orqana verilən xx.xx.2023 və xx.xx.2023-cü il tarixli şikayətlər ARİN yanında Dövlət Vergi Xidmətinin “inzibati şikayətin təmin edilməməsi” haqqında xx.xx.2023-cü il tarixli **********6671000 saylı qərarı ilə təmin edilməmiş və cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********98452 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Davamında iddiaçının həmin qərarlardan verdiyi inzibati şikayət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında baxılmış, sonuncunun xx.xx.2023-cü il tarixli 94 saylı qərarı ilə inzibati şikayət təmin edilməmiş və sadalanan qərarlar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərar iddiaçıya poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə çatdırılmış, bu iddia ərizəsi qanunvericiliklə müəyyən edilmiş müddət ərzində təqdim olunur. Cavabdeh inzibati orqan tərəfindən qeyd olunan qərarların çıxarılmasında əsas kimi Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 58.7-1 və 58.7-1.10 maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası qanunun 3.4.12-ci maddələri götürülmüşdür. İddiaçı qeyd etmişdir ki, cəmiyyət tərəfindən məbləğindən asılı olmayaraq, həmin dövrdə bütün ödənişlər üzrə xəstə və xəstə yaxınlarının birbaşa nağdsız hesablaşmalar aparması məqsədilə əsas əməkdaşlıq edilən banklara müraciət edilmiş, birincidə bankda belə terminalın mövcud olmadığı, digər halda isə dövriyyənin azlığı ilə əlaqədar iki bank imtina etmiş, sonunda "xxxx" ASC-nin İçərişəhər filialı ilə xx.xx.2022-ci il tarixdə müqavilə bağlanılmışdır. Davamında həmin müqavilə əsasında bank tərəfindən həmin vaxt ödənişlərin vətəndaşlar tərəfindən nağdsız aparılmasına imkan verən X3 Mabas SDS 1200 markalı ödəmə/mədaxil terminalı quraşdırılmışdır. Təəssüf ki, həmin terminal vasitəsilə ödənişlər edilərkən texniki problemlər yaranmış, mobil şəbəkə internet bağlantısında tez-tez kəsilmələr baş verdiyindən vətəndaşların (xəstə və xəstə yaxınlarının) haqlı narazılığına səbəb olmuş və buna görə də həmin terminal dəyişdirilmək məqsədilə götürülmüşdür. Hətta operativ yoxlamadan sonraxx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən təkrar qoyulan terminalda da analoji problemlər davam etmiş, hər dəfə də bu barədə tərəfimizdən banka bildirilməklə və aidiyyəti mobil operatorun nümayəndələrinin müdaxiləsi nəticəsində xətanın aradan qaldırılması ilə vətəndaşlar (xəstə və xəstə yaxınları) ödənişləri həyata keçirməkdədir. Göründüyü kimi, iddiaçı qanunun tələblərinə vaxtında və lazımi qaydada riayət olunması üçün üzərinə düşən bütün hərəkətləri yerinə yetirmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı fəaliyyətə başladığı dövrdən (operativ yoxlamaların aparıldığı dövr daxil olmaqla) bu günə kimi fəaliyyətində düzgün mühasibatlıq uçotunu və maliyyə şəffaflığını tam təmin etmişdir. Təsadüfi deyil ki, keçən bu dövr ərzində (2015-2022) klinikada dəfələrlə aparılmış operativ vergi nəzarəti çərçivəsində xronometraj metodu ilə aparılan müşahidələrin və ya əhali ilə pul hesablaşmaların aparılması qaydalarına riayət olunması ilə bağlı yoxlamalarda bir dəfə də yayınma və ya hər hansı qayda pozuntusu aşkar edilməmişdir. Hətta bəzi dövrlərdə ödənilən məbləğ xronometraj metodu ilə müəyyən edilən məbləğdən daha çox olmuşdur. Bu hal bir daha göstərir ki, ilk gündən bu günə bütün əməliyyatların nəzarət kassa aparatı ilə rəsmiləşdirilməsi ilə iddiaçının heç bir zaman vergidən yayınmaq niyyəti mövcud olmamışdır. Digər tərəfdən, şirkətin proqram təminatı tam olaraq elektron nəzarət kassa aparatına inteqrasiya edilmişdir ki, bunun nəticəsində mədaxil olunan bütün məbləğ barəsində informasiya dərhal avtomatik olaraq nəzarət kassa aparatına göndərilir. Bunun məntiqi nəticəsidir ki, yoxlamanın aparıldığı dövr daxil olmaqla bütün fəaliyyət dövründə göstərilən/göstəriləcək xidmətlərə görə vətəndaşlardan (xəstə və xəstə yaxınları) nağd qaydada mədaxil edilən bütün vəsait sonradan "xxxx" ASC-dəki cari bank hesabına mədaxil edilmişdir. Hətta 500 manatdan aşağı vəsaitlər də iddiaçının mərkəzi kassasına toplanılaraq ya həmin gün, ya da bir sonrakı gün “pul vəsaitlərinin göndərilməsi forması” sənədi əsasında göndərilərək bank hesabına mədaxil edilməkdədir. Təsadüfi deyil ki, xx.xx.2022-ci il tarixli yoxlama aktında xx.xx.2022-xx.xx.2022 tarixləri arasında 2 109 796 manat məbləğində vəsaitin mədaxil edildiyi qeyd edilməsinə qarşılıq, "xxxx" ASCnin eyni dövr üzrə bank çıxarışında eyni dövr üzrə bank hesabına mədaxilin 3 122 200 manat olduğu müəyyən olunur. Sadəcə son üç ilin- 2021-2023 dövrü üzrə aparılmış dövriyyənim təhlili belə klinikada mühasibatlıq uçotunun qanunvericilik çərçivəsində düzgün aparıldığı və illər üzrə klinikanın gəlirlərinin yüksələn trendlə artdığını göstərir. Qeyd olunan məbləğ içində sadəcə ƏDV yükü 4 409 235 manat, ödəmə mənbəyində vergi 976 205 manat və sosial sığorta ödənişləri 1 753 815 manat təşkil edir. Sadalananlar bu hallar belə açıq sübut edir ki, iddiaçıya məxsus “Dünya Göz” klinikasında fəaliyyətin həyata keçirilməsində qayda və normalara düzgün riayət edilmiş, bütün vergi və digər öhdəlikərini vaxtında və tam icra edərək bütün maliyyə əməliyyatlarında şəffaflıq daim təmin olunaraq və hər hansı yayınma halları olmamaqla büdcəyə töhfəsilə nümunəvi vergi ödəyicisi olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 3.Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq etirazı onunla əsaslandırmışdır ki, uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2014-cü il tarixdə fəaliyyət növünün “Xəstəxanaların fəaliyyəti” olması və Əlavə dəyər vergisinin ödəyicisi olaraq uçota alındığı müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli **********2049 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən iddiaçının fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən obyektində (Xəstəxana sub icarə **********-17001) Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrini əsas tutularaq nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti keçirmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi yoxlanılarkən iddiaçı tərəfindən 500 (beş yüz) manatdan yuxarı nəzarət-kassa aparatı çekləri üzrə 2 109 796 manat vəsaitin nəzarət-kassa aparatına nağd mədaxil edildiyi, Vergi Məcəlləsinin 16.1.11-8-ci maddəsinin və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulduğu faktı aşkar edilərək 29.11,2022-ci il tarixli DVX seriyalı 000325 nömrəli akt tərtib edilmişdir. İddiaçı MMC-nin rəhbəri Hazıroğlu Mahmut aktın doğruluğunu imzasıyla təsdiq etmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı M.Hazıroğlu həmçinin izahat verərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 500 manatdan yuxarı məbləğlərin müştərilərdən nağd şəkildə qəbul edildiyini və həmin məbləğlər nəzarət kassa aparatının fiskal yaddaşına mədaxil edildiyini bildirmişdir. Qeyd edirik ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.12-ci maddəsinə əsasən tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) beş yüz manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə bilər. Lakin iş üzrə materiallardan göründüyü kimi, iddiaçı tərəfindən qanunun tələbləri pozulmuşdur. Eyni zamanda göstərilən məsələ ilə əlaqədar Cəmiyyətin inzibati şikayət ərizəsində və Cəmiyyətin nümayəndəsinin verdiyi izahatlarda qeyd olunan pozuntu faktının müxtəlif səbəblərlə əlaqələndirilməsinə baxmayaraq, bunu təsdiq edən heç bir əsaslı sübut nə operativ vergi nəzarəti zamanı, nə də inzibati araşdırma aparılan zaman təqdim edilməmişdir. Əksinə vergi ödəyicisi izahatda qanunvericiliyin tələblərinin pozulmasını etiraf etmişdir. İddiaçı MMC tərəfindən həyata keçirilmiş əməliyyat üzrə hər bir əməliyyat üçün qanunun icazə verdiyi 500 manat nəzərə alınmaqla 500x1313=656 500 manat təşkil etmiş və bunun nəticəsində 656 500 manat məbləğ 2 109 796 manatdan çıxılmaqla yerdə qalan qanunvericiliyin tələbləri pozulmaqla icra edilmiş 1 453 296 manat məbləğə görə Cəmiyyətə 10% miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, iddiaçının nümayəndəsi Mahmut Hazıroğlu müəyyən müddətdən bəri Azərbaycan Respublikasında yaşasa da, Azərbaycan Respublikasının dövlət dilini bilməsi ağlabatan deyil. Həmçinin operativ vergi nəzarəti tədbiri zamanı sənədlər dövlətin adından tərtib edildiyi üçün həmin sənədləri imza etməkdən imtina edilməsinin hörmətsizlik kimi qəbul edilməsindən ehtiyat edərək həmin sənədləri imza etdiklərini, vergi işçilərinin yoxlama zamanı bütün nüansların nəzərə alınacağını qeyd edərək aktın imzalanmalı olduğunu, aktı imza etdikdən sonra şikayət etmək hüquqlarının olduğunu bildirdiklərini, lakin tərtib edilmiş aktı imza etməmək hüququnun olduğunu başa salmadıqlarını qeyd etmişdir. Bildiririk ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi hallarla bağlı hər hansı təsdiqedici sübutları təqdim etməmişdir. Həmçinin iddiaçının nümayəndəsi sıradan bir şəxs deyil, sahibkarlıq subyektidir və o, sahibkarlıq fəaliyyətini müqavilələr (o cümlədən, əmək müqavilələri) və digər əqdlər bağlamaqla, uçot-hesabat sənədləri (o cümlədən, vergi hesabatları) tərtib etməklə həyata keçirir. Yəni, iddiaçının nümayəndəsinin qeyd etdiyi kimi sənədləri tam anlamadan qol çəkməsi əsassızdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 4.Bakı İnzibati Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2-1(112)-6202/2024 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 dekabr 2022-ci il tarixli **********8452 saylı qərarın ləğv edilməsi qərara alınmışdır. 5.Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: 6.Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, xx.xx.2014-cü il tarixdə fəaliyyət növünün “Xəstəxanaların fəaliyyəti” olması və Əlavə dəyər vergisinin ödəyicisi olaraq uçota alındığı müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli **********2049 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən iddiaçının fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən obyektində (Xəstəxana sub icarə **********-17001) Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrini əsas tutularaq nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti keçirmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi yoxlanılarkən iddiaçı tərəfindən 500 (beş yüz) manatdan yuxarı nəzarət-kassa aparatı çekləri üzrə 2 109 796 manat vəsaitin nəzarətkassa aparatına nağd mədaxil edildiyi, Vergi Məcəlləsinin 16.1.11-8-ci maddəsinin və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulduğu faktı aşkar edilərək xx.xx.2022-ci il tarixli DVX seriyalı 000325 nömrəli akt tərtib edilmişdir. İddiaçı MMC-nin rəhbəri Hazıroğlu Mahmut aktın doğruluğunu imzasıyla təsdiq etmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı M.Hazıroğlu həmçinin izahat verərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 500 manatdan yuxarı məbləğlərin müştərilərdən nağd şəkildə qəbul edildiyini və həmin məbləğlər nəzarət kassa aparatının fiskal yaddaşına mədaxil edildiyini bildirmişdir. Qeyd edirik ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.12-ci maddəsinə əsasən tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) beş yüz manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə bilər. Lakin iş üzrə materiallardan göründüyü kimi, iddiaçı tərəfindən qanunun tələbləri pozulmuşdur. Eyni zamanda göstərilən məsələ ilə əlaqədar Cəmiyyətin inzibati şikayət ərizəsində və Cəmiyyətin nümayəndəsinin verdiyi izahatlarda qeyd olunan pozuntu faktının müxtəlif səbəblərlə əlaqələndirilməsinə baxmayaraq, bunu təsdiq edən heç bir əsaslı sübut nə operativ vergi nəzarəti zamanı, nə də inzibati araşdırma aparılan zaman təqdim edilməmişdir. Əksinə vergi ödəyicisi izahatda qanunvericiliyin tələblərinin pozulmasını etiraf etmişdir. "xxxx" MMC tərəfindən həyata keçirilmiş əməliyyat üzrə hər bir əməliyyat üçün qanunun icazə verdiyi 500 manat nəzərə alınmaqla 500x1313=656 500 manat təşkil etmiş və bunun nəticəsində 656 500 manat məbləğ 2 109 796 manatdan çıxılmaqla yerdə qalan qanunvericiliyin tələbləri pozulmaqla icra edilmiş 1 453 296 manat məbləğə görə Cəmiyyətə 10% miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. 7.İddiaçının vəkili məhkəməyə apellyasiya şikayətinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı fəaliyyətə başladığı dövrdən (operativ yoxlamaların aparıldığı dövr daxil olmaqla) bu günə kimi fəaliyyətində düzgün mühasibatlıq uçotunu və maliyyə şəffaflığını tam təmin etmişdir. Keçən bu dövr ərzində (2015-2022) klinikada dəfələrlə aparılmış operativ vergi nəzarəti çərçivəsində xronometraj metodu ilə aparılan müşahidələrin və ya əhali ilə pul hesablaşmaların aparılması qaydalarına riayət olunması ilə bağlı yoxlamalarda bir dəfə də yayınma və ya hər hansı qayda pozuntusu aşkar edilməmişdir. Hətta bəzi dövrlərdə ödənilən məbləğ xronometraj metodu ilə müəyyən edilən məbləğdən daha çox olmuşdur. Bu hal bir daha göstərir ki, ilk gündən bu günə bütün əməliyyatların nəzarət kassa aparatı ilə rəsmiləşdirilməsi ilə iddiaçının heç bir zaman vergidən yayınmaq niyyəti mövcud olmamışdır. Digər tərəfdən, şirkətin proqram təminatı tam olaraq elektron nəzarət kassa aparatına inteqrasiya edilmişdir ki, bunun nəticəsində mədaxil olunan bütün məbləğ barəsində informasiya dərhal avtomatik olaraq nəzarət kassa aparatına göndərilir. Bunun məntiqi nəticəsidir ki, yoxlamanın aparıldığı dövr daxil olmaqla bütün fəaliyyət dövründə göstərilən/göstəriləcək xidmətlərə görə vətəndaşlardan (xəstə və xəstə yaxınları) nağd qaydada mədaxil edilən bütün vəsait sonradan "xxxx" ASCdəki cari bank hesabına mədaxil edilmişdir. Hətta 500 manatdan aşağı vəsaitlər də iddiaçının mərkəzi kassasına toplanılaraq ya həmin gün, ya da bir sonrakı gün “pul vəsaitlərinin göndərilməsi forması” sənədi əsasında göndərilərək bank hesabına mədaxil edilməkdədir. Təsadüfi deyil ki, xx.xx.2022-ci il tarixli yoxlama aktında xx.xx.2022-xx.xx.2022 tarixləri arasında 2 109 796 manat məbləğində vəsaitin mədaxil edildiyi qeyd edilməsinə qarşılıq, "xxxx" ASC-nin eyni dövr üzrə bank çıxarışında eyni dövr üzrə bank hesabına mədaxilin 3 122 200 manat olduğu müəyyən olunur. Sadəcə son üç ilin-2021-2023 dövrü üzrə aparılmış dövriyyənim təhlili belə klinikada mühasibatlıq uçotunun qanunvericilik çərçivəsində düzgün aparıldığı və illər üzrə klinikanın gəlirlərinin yüksələn trendlə artdığını göstərir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının xidmətlərindən yararlanan müştərilər görmə funksiyası kimi gündəlik həyata birbaşa təsiri olan xəstəlik və digər tibbi narahatlıqlar yaşayan şəxslərdir. Bank tərəfindən qoyulmuş terminalda yaranan texniki problemlərin fonunda xəstə və xəstə yaxınlarını “Bayıldakı Bakı küləyi” qarşısında banka yönləndirilməsi müştəri məmnuniyyəti çərçivəsində insani olaraq uyğun görülməmiş və bir-birilə tam inteqrasiya edilmiş şirkətin proqram təminatı ilə elektron nəzarət kassa aparatı ilə xəstə/xəstə yaxınlarına həmin dövrdə nağd ödəmə imkanı yaradılmış, davamında nağd qəbul edilən vəsait bir gündən gec olmayaraq bank hesabına mədaxil edilmişdir. Bununla belə, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 9.Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10.İş materiallarından görünür ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar ilə iddiaçının nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzərət edilməsi məsələsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti təyin edilmişdir. 11.xx.xx.2022-ci il tarixli DVX seriyalı 000325 nömrəli “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanuna müəyyən olunmuş tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında” aktın nəticə hissəsindən görünür ki, iddiaçı “Nağdsız hesablaşmalar” haqqında Azərbaycan Respublikası Qanunun 3.4.12-ci maddəsinin tələbləri pozaraq 1.453.296 manat məbləğində əməliyyatların qanunun tələblərinə əməl olunmadan həyata keçirmişdir. 12.“Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8452 nömrəli qərardan görünür ki, İddiaçı MMCyə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1ci maddəsinə əsasən vergi ödəyicisi nağdsız hesablaşmalarının həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 145329 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. 13.Tələbnamənin surətindən görünür ki, İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixə kimi 145329 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb olunmuşdur. 14.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 mart 2023-cü il tarixli **********671000 nömrəli qərarı ilə İddiaçı MMC-nin inzibati şikayətləri təmin edilməmiş; xx.xx.2022-ci il tarixli DVX seriyalı 000325 nömrəli “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanuna müəyyən olunmuş tələblərə əmək edilməsinə riayət olunması vəziyyəti haqqında” akt əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8452 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 15.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 15 dekabr 2023-cü il tarixli 94 nömrəli qərarı ilə İddiaçı MMC-nin inzibati şikayətləri təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8452 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 13 mart 2023-cü il tarixli **********671000 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. 16."xxxx" tərəfindən verilmiş məktubun surətindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli müraciətinə əsasən Ziraat Bank Azərbaycan ASC tərəfindən Bakı şəhəri, Bayıl qəsəbəsi, Mikayıl Hüseynov prospekti 39 ünvanında yerləşən xəstəxanasına X3 mədaxil terminalı 20 iyun 2022-ci il tarixində quraşdırılması üçün daşınmışdır. Xəstəxanın yerləşdiyi ərazidə zəif mobil internet şəbəkəsi səbəbindən avadanlığın tam xidmətə yararlı vəziyyətə gətirilməsi sorunlarla müşayət olunmuş, quraşdırma prosesi 30 iyul 2022-ci il tarixində yekunlaşdırılmış və X5 Azərbaycan MMC arasında müvafiq müqavilə imzalanmışdır. Bununla belə, Xəstəxanada olan şəbəkə zəifliyindən qaynaqlanan və avadanlığa nağd mədaxil imkanlarının davamlığının hələ də təmin edilə bilməməsi səbəbindən həmin terminal 08 sentyabr 2022-ci il tarixində xəstəxanadan geri götürülmüşdür. 02 dekabr 2022-ci il tarixində xəstəxanaya yeni X4 SDS ES 3001 (Renome) model mədaxil terminalı quraşdırılmış və məqbul istismar edilməyə başlamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

17.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: 58.7-1.1. həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə;

18. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyası vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması durur. 19.Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik imperativ qaydada tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivisində (bir nəzarət kassa aparatının çeki üzrə) beş yüz manatdan artıq olan ödənişin yalnız nağdsız qaydada həyata keçirilməsini nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. 20.Məhkəmə hazırki işin faktiki hallarına nəzər yetirərək hesab edir ki, operativ vergi yoxlaması zamanı aşağıdakı işin faktiki halları ilə də təsdiq edildiyi kimi nəinki vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması, ümumiyyətlə vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması qənətinə gəlməklə hesab edir ki, qəbul edilmiş qərar əsassızdır. 21.Belə ki, mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 500 manatdan yuxarı məbləğləri nağd şəkildə qəbul etmişdir. 22.Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər 500 manatdan yuxarı məbləğləri nağd şəkildə qəbul etsələr, bu zaman onlar “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə pozmuş olarlar və nəticədə onlar maliyyə sanksiyasına cəlb olunurlar. Lakin hazırki mübahisə üzrə vəziyyət bir qədər fərqlidir. Belə ki, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli müraciətinə əsasən Ziraat Bank Azərbaycan ASC tərəfindən Bakı şəhəri, Bayıl qəsəbəsi, Mikayıl Hüseynov prospekti 39 ünvanında yerləşən xəstəxanasına X3 mədaxil terminalı 20 iyun 2022-ci il tarixində quraşdırılması üçün daşınmışdır. Lakin xəstəxanın yerləşdiyi ərazidə zəif mobil internet şəbəkəsi səbəbindən avadanlığın tam xidmətə yararlı vəziyyətə gətirilməsi sorunlarla müşayət olunmuş, quraşdırma prosesi 30 iyul 2022-ci il tarixində yekunlaşdırılmış və Bankla İddiaçı MMC arasında müvafiq müqavilə imzalanmışdır. Daha sonra xəstəxanada olan şəbəkə zəifliyindən qaynaqlanan və avadanlığa nağd mədaxil imkanlarının davamlığının hələ də təmin edilə bilməməsi səbəbindən həmin terminal 08 sentyabr 2022ci il tarixində xəstəxanadan geri götürülmüşdür. 02 dekabr 2022-ci il tarixində xəstəxanaya yeni X4 SDS ES 3001 (Renome) model mədaxil terminalı quraşdırılmış və məqbul istismar edilməyə başlamışdır. 23.Göründüyü kimi İddiaçı MMC ilə Ziraat Bank Azərbaycan ASC ilə aralarında yaranan hüquq münasibətləri 2022-ci ilin ilk aylarında yaransa da, İddiaçı MMC tərəfindən nağdsız hesablaşmaların aparılması üçün quraşdırılmış mədaxil terminalının istifadəsində müəyyən nasazlıqlar yaranmış, bu texniki nasazlıqların aradan qaldırılması ilə bağlı bank tərəfindən müvafiq tədbirlər görülmüş, nasazlığın kökündə dayanan halın bilavasitə xəstəxanın yerləşdiyi ərazidə internet şəbəkəsinin zəif olması dayanmışdır. Başqa sözlə desək, iddiaçı tərəfindən aparılan əməliyyatlar zamanı, yəni iddiaçının tibb müəssisəsi olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 500 manatdan yuxarı məbləğlərinin nağd şəkildə qəbul etməsi bilavasitə onun öz iradə ifadəsindən, yəni onun təqsiri ilə bağlı olmamışdır. 24.Məhkəmə kollegiyası hesab edir ki, həmin hadisə özlüyündə məsuliyyətə cəlb edilmə üçün kifayət hesab edilə bilməz. Bununla bağlı təqsirin mövcudluğu da zəruridir ki, işin hallarından da göründüyü kimi iddiaçının ödənişlərin nağd şəkildə qəbul etməsi onun təqsiri olmamış, bu hal "xxxx" ASC tərəfindən mədaxil terminalı ilə bağlı problemi gec həll etməsi ilə bağlı olmuşdur ki, aydın məsələdir ki, bu məsuliyyətin vergi ödəyicisinin üzərinə qoyulmasını məhkəmə vergi qanunvericiliyinin tələblərinə uyğun hesab etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, vergi orqanı formal əsaslardan çıxış etməməli, iddiaçının yazılı müraciətinin mahiyyətini müəyyən etməli, nağd şəkildə əməliyyatların aparılmasına əsas olan halın mədaxil terminal ilə bağlı problemin həllinə dair gec tədbirlər görməsini iddiaçının təqsir sferasına aid etməməlidir. 25.Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, öz səhvləri nəticəsində dövlətin mülkiyyət hüquqlarına zərər vurulduğu hallarda “lazımi idarəetmə” (good governance) prinsipi baxımından, dövlət vaxtında, düzgün və ardıcıl hərəkət etməli (Osipkovs və digərləri Latviyaya qarşı iş üzrə § 80, 2017-ci il 4 may, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə §§ 138-139, 2018-ci il 12 iyun, Maltseva və digərləri Rusiyaya qarşı iş üzrə § 32, 2019-cu il 17 dekabr tarixli Qərarlar) və həmçinin belə səhvlərin aradan qaldırılmasının müvafiq şəxsin hüquqlarının pozulması ilə nəticələnməməsinə xüsusi diqqət yetirməlidir (Qladışeva Rusiyaya qarşı iş üzrə § 80, 2011-ci il 6 dekabr, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə § 140, 2018-ci il 12 iyun tarixli Qərarlar). 26.”Seryogin və digərləri Rusiyaya qarşı” iş üzrə 2021-ci il 16 mart tarixli Qərarında Avropa Məhkəməsinin ifadə etdiyi mövqeyə əsasən, torpaqların əldə edilməsinə maneə törədə biləcək mümkün pozuntuların üzə çıxarılmasında məhdud imkanlara malik olan, qanuni əsaslara və öz hərəkətlərinin qanunauyğunluğunun həmçinin dövlət orqanlarının hərəkətləri ilə inkar edilməməsinə də güvənən şəxslər vicdanlı və qanun çərçivəsində davranan hesab edilir. 27.Göründüyü kimi yaranan bu hadisə vergi ödəyicisi təqsiri nəticəsində meydana gəlməmiş, onun iradə ifadəsindən asılı olmadan məhz mədaxil terminalında texniki nasazlıq ilə bağlı olmuşdur ki, bu nasazlığın aradan qaldırılması istiqamətində də həmin dövrdə müvafiq tədbirlər görülmüşdür. Yəni, faktiki olaraq iddiaçı yaranan bu hal üzrə təqsirli olmamışdır. Bundan başqa Məhkəmə qeyd edir ki, cavabdeh nəzərə almalıdır ki, iddiaçının özü də bu halı hazırki iddiada qəbul edir və yaranmış bu hadisədə haqlı olaraq özünü təqsirli hesab etmir. Çünki bu hal bilavasitə mədaxil terminalının nasazılğından irəli gəlmişdir. Eyni zamanda iddiaçının ƏDV yükü 4 409 235 manat olduğu nəzərə aldıqda, iddiaçıya məxsus “Dünya Göz” klinikasında fəaliyyətin həyata keçirilməsində hər hansı vergi borcundan yayınmasıda ağlabatan deyil. 28.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

30. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi qanunun güddüyü məqsədə uyğun olmamaqla yanaşı, həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi, ədalətlilik prinsipi ilə ziddiyyət təşkil edir. 31.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 32.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2-1(112)-6202/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Nigar Nəbizadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar