Məhkəmə qərarları › İş №2-1(103)-3533/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3533/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3533/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7629/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin olunmuş pensiya məbləğinin yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək pensiya təyin edildikdən sonraki dövr üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaq şərti ilə aparılmasının cavabdehə həvalə edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya təyin edilmiş əmək pensiyası düzgün hesablanmamışdır. Belə ki, iddiaçı əmək pensiyaçı statusuna keçdikdən sonra 6 il müddətində işləmiş, lakin əmək pensiyası hesablanması zamanı bu hal nəzərə alınmamış, iddiaçının qulluq stajına görə əlavələr azaldılmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, 02 dekabr 2022-ci il tarixinə 57.385,12 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına (57.85,12:144=398,51 manat) bölünərək əmək pensiyasının sığorta hissəsinin (247,98 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 646,49 (398,51 + 247,98) manat müəyyən etmiş, eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (413,40 manat) həmin artımlar qədər (398,51 manat) azaltmışdır ki, nəticədə, hazırda iddiaçının əmək pensiyasının sığorta hissəsi 646,49 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 14,89 (413,40-398,51 manat) manat təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7629/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, İddiaçı pensiya təyin edildikdən sonraki dövr üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaq şərti ilə aparılması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv olunması və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiqinin heç bir hüquqi əsası yoxdur. İddiaçının fərdi hesabında toplanmış pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktiki-proqram təminatının imkanları baxımından mümkün deyil. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Əlavə olaraq Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-350/2023 nömrəli Qərarı təqdim edərək qeyd etdi ki, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinin tələblərinə əsasən yenidən hesablanmışdır. Bu zaman Qanunun 29.2-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği artımlar qədər azaldılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etdi. Həmçinin, məhkəmə kollegiyasının hüquqi yardımına əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli Qərar ləğv edilməklə ona pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla qulluq stajına görə əlavələrin azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının hüquqi marağını nəzərə alaraq, prosessual qənaət prinsipinə əsaslanaraq təqdim edilən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni icraata qəbul edilməsini qərara aldı. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hazırda mübahisələndirdiyi inzibati akta qiymət verilmədiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının dəqiqlədirilmiş iddia tələbi təmin edilməli, inzibati orqanın mübahisələndirilən qərarı ləğv edilməli, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla qulluq stajına görə əlavələr azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsi və müvafiq öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından görünür ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 9 avqust 2002-ci il tarixdən pensiya təyin edilib. İddiaçı pensiyaya çıxdıqdan sonra işləməyə davam etmişdir və bu hal cavabdeh tərəfindən təkzib olunmur. Belə ki, iddiaçı hazırda işləyən əmək pensiyaçısı statusundadır ki, bununla bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. Tərəflər arasında olan mübahisəli hal yalnız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.2-ci maddəsinin iddiaçıya şamil olunub-olunmaması ilə bağlıdır. İddiaçıya məxsus pensiya işi materiallarından aydın olur ki, sonrakı artımlar nəzərə alınmaqla İddiaçı hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 661,38 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilmişdir: - əmək pensiyasının sığorta hissəsi-247,98 manat; - qulluq stajına görə əmək pensiyasına əlavə-413,40 manat. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli Qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən, iddiaçıya xx.xx.2002-ci il tarixdə təyin edilmiş pensiya məbləği yenidən hesablanaraq hazırki pensiya məbləği 661,31 manat olmaqla aşağıdakı tərkibdən ibarətdir: - əmək pensiyasının sığorta hissəsi - 646,49 manat; - qulluq stajına görə əmək pensiyasına əlavə - 14,89 manat. Göründüyü kimi, iddiaçının fərdi şəxsi hesabında yığılmış kapitalı nəzərə alınmaqla onun pensiyası yenidən hesablansa da, iddiaçının tələbinin əsası məhz yenidən hesablanma zamanı fərdi şəxsi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla qulluq stajına görə əlavələr azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə cavab olaraq qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.2-ci maddəsi təşkil edir. Qanunvericiliyə əsasən hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.2-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Cavabdeh inzibati orqan isə Qanunun 37.3.2-ci maddəsini 29.2-ci maddə ilə birlikdə tətbiq edərək, iddiaçının əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğini həmin artımlar qədər azaltmaqla yenidən hesablayır. Qanunun 29-cu maddəsi adından da göründüyü kimi Əmək pensiyalarının indeksləşdirilməsi adlanır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01 yanvar 2023-cü ilədək qüvvədə olan 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən cavabdeh tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqi qanuni hesab edilmir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli Qərar iddiaçının hüquqi maraqlarına toxunduğundan ləğv edilməli, iddiaçı pensiyaya çıxdıqdan sonra fərdi şəxsi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla qulluq stajına görə əlavələr azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7629/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-350/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı pensiya təyin edildikdən sonraki dövr üzrə fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar