Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3534/2024 27.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5344/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, imtinanın əsassız hesab edilməsi və Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, İQ-65/1 nömrəli qərarının ləğv edilərək barəsində qaçqın statusunun verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o, 23 fevral 1999-cu ildə Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olmuşdur. Lahor şəhərində 10 illik orta təhsil aldıqdan sonra 2 il “Private school” adlı məktəbdə təhsil almışdır. Daha sonra 2017-ci ildə İngiltərənin London şəhərində “qrafik dizayn” ixtisası üzrə bakalavr təhsilini almışdır. 2018-2020-ci illərdə isə o, Lahor şəhərində özəl əczaçılıq şirkətində bölüşdürücü vəzifəsində işləmiş, 2020-2021-ci illərdə qida məhsulların onlayn satışı ilə məşğul olmuşdur. Daha sonra 2021-2023-cü illərdə Sialkot və Zafarval şəhərlərində dükanda satıcı işləmişdir. Təhsil aldığı və işlədiyi dövr üzrə nə o, nə də onun ailə üzvlərindən heç biri heç vaxt siyasətlə məşğul olmamış, heç bir sosial qrupa qoşulmamışdırlar. Yalnız Pakistanda olduğu dövrdə onun və ailəsinin həyatı üçün təhlükəli olan hadisə ilə qarşılaşmışdırlar. Belə ki, o, 27 iyul 2023-cü il tarixdə naməlum şəxslər tərəfindən oğurlanmış, 6 gün həmin şəxslər tərəfindən saxlanılmışdır. Həmin müddət ərzində atası həmin şəxslərlə danışıqlar apardıqdan sonra onu pul müqabilində azad etmişlər. Bu hadisə onu və ailəsini çox üzmüş və o, Pakistanda özünü təhlükədə hiss etdiyinə görə ölkəni tərk etmək qərarına gəlmişdir. Beləliklə, 12 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Artıq Pakistanda yaşaması təhlükəli olduğuna görə 29 avqust 2023-cü il tarixdə qaçqın statusu verilməsi məqsədi ilə tərəfindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət olunmuş, lakin cavabdeh müraciətinə imtina etmişdir. O, heç vaxt siyasətlə məşğul olmamış, heç bir sosial qrupa qoşulmamış, öz ölkəsində adi sakit həyat tərzi olmasına baxmayaraq, naməlum şəxslər tərəfindən oğurlanmışdır. Pakistanda qorxu altında yaşaması mümkün olmadığına görə oraya qayıtmaq və həyatını davam etmək mümkün deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5344/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti birinci instansiya məhkəməsinə təqdim edilən iddia ərizəsi ilə eyni məzmunda tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, keçmiş Baş Nazir İmran Xan 2023-cü ilin aprelində vəzifəsindən kənarlaşdırılandan 2 ay sonra, yəni xx.xx.2023-cü ildə atası Badara təzyiq etmək məqsədilə o İmran Xanın düşmənləri tərəfindən oğurlanmışdır. Ölkədə siyasi böhran və hərc-mərclik idi. Ona görə də oğurlanmağı barədə polisə şikayət edə bilməmiş, həm də ona görə ki, İmran Xanın vəzifəyə qoyduğu nazirlər də istefa vermişdilər. Ölkədə Baş nazir postu uğrunda mübarizə gedirdi. Ondan sonra sabiq Baş Nazir bir neçə dəfə həbs edildi və onlar Pakistanda olanda o, xx.xx.2023-cü ildə həbs edildi və məhz bu hadisədən 7 gün sonra atası və ailəsinin digər üzvləri 12 avqust 2023cü ildə dost və qardaş Azərbaycana qaçıb gəlmişlər. Əslində ölkədə İmran Xana loyal olan tərəfdarları da sıxışdırırdılar. Atası Badar hesab edirdi ki, İmran Xan Baş Nazir olanda Azərbaycanla və ölkənizin rəhbər şəxslərilə yaxın siyasi münasibətlər qurduğundan, eləcə də Azərbaycanda siyasi sabitlik davamlı olduğundan Azərbaycana gəlmək və burada qaçqınlıq statusu alıb yaşamaqları daha məqsədə müvafiqdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsi ilə düzgün nəticəyə gəlinmişdir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanununun: 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; 2-ci maddəsinə görə aşağıdakılara qaçqın statusu verilmir: beynəlxalq hüquqda təyin edildiyi kimi, sülhə qarşı cinayət, hərbi cinayət, bəşəriyyətə və ya insanlığa qarşı cinayət törətdiyi müəyyənləşdirilmiş şəxsə; Azərbaycan Respublikasının ərazisinə gələnə qədər onun hüdudlarından kənarda qeyri-siyasi xarakterli ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsə; Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətməkdə müqəssir olan şəxsə; 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinin birinci hissəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir; 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən, “Qaçqın” statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir; 7-ci bəndinə görə, "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır; 8-ci bəndinə əsasən, müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir; 9-cu bəndinə görə, “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir; 10-cu bəndinə əsasən, “Qaçqın” statusu almaq niyyətində olan şəxsin özü və ailəsi barədə verdiyi bütün məlumatlar və müsahibə vaxtı dedikləri sorğu vərəqinə qeyd edilir; 11-cu bəndinə görə, “Qaçqın” statusu verilməsi ilə əlaqədar müraciət edən şəxsin vəsatəti, anketləri, sorğu vərəqələri, profilaktik baxış keçirilməsi haqqında tibbi sənədi və digər sənədlər onun şəxsi işinə dair sənədlər toplusudur; 12-ci bəndinə əsasən, Dövlət Miqrasiya Xidməti “Qaçqın” statusu almaq niyyətində olan şəxsin şəxsi işini nəzərdən keçirir və vəsatətin qeydiyyata alındığı gündən bir ay keçənədək şəxsi işin surətini baxılmaq üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə göndərir. İş materiallarında olan cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktdan görünür ki, İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olduğunu, milliyyətcə pəncablı, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Lahor şəhərində 10 illik orta təhsil aldıqdan sonra 2 il “Private school” adlı məktəbdə, 2017-ci ildə isə İngiltərənin London şəhərində “qrafik dizayn” ixtisası üzrə bakalavr təhsili aldığını bildirmişdir. O, 2018-2020-ci illərdə Lahor şəhərində özəl əczaçılıq şirkətində bölüşdürücü vəzifəsində işlədiyini, 2020-2021-ci illərdə qida məhsullarının onlayn satışı ilə məşğul olduğunu, 2021-2023-cü illərdə isə Sialkot və Zafarval şəhərlərində dükanda satıcı işlədiyini söyləmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə naməlum şəxslər tərəfindən oğurlandığını, 6 gün saxlanıldığını, daha sonra atasının onlarla danışıb pul müqabilində onu azad etdiyini bildirmişdir. Ərizəçi heç vaxt siyasətlə məşğul olmadığını, lakin baş verən hadisədən sonra həyatının Pakistanda təhlükədə olduğunu hiss etdiyini, bu səbəbdən də ölkəsini tərk edərək 12 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. Cavabdeh inzibati orqan tərəfindən ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının dediklərində müəyyən uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki o, ərizə-anketin qeydiyyatı zamanı xx.xx.2023-cü ildə oğurlandığını və 6 gün saxlanıldığını, müsahibə zamanı isə xx.xx.2023-cü il tarixdə oğurlandığını və 8-9 gün saxlanıldığını bildirərək sözügedən hadisə ilə bağlı fərqli ifadələr səsləndirmiş, baş verən hadisə ilə bağlı ölkə daxilində yerdəyişmə alternativindən istifadə etmişdir. Eyni zamanda cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktdan görünür ki, ərizəçi baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etməmiş, onun müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, siyasi əqidəsinə görə təqdib olunmamışdır. İddiaçı apelyasiya şikayətində oğulandığını, özü və ailə üzvlərinin təyziqə məruz qaldığını qeyd etsədə, bununla bağlı nə birinci nədə apelyasiya instansiya məhkəməsinə sübut təqdim etmişdir. Göründüyü kimi, iş materiallarında olan iddia ərizəsini və apelyasiya şikayətini dəstəkləyən iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktın ləvğ edilməsinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib edilməsi və ya təqib ediləcəyinə əsasən verən hər hansı hal aşkar edilmədiyindən, birinc instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. AR İPM-in 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5344/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3534/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3534/2024
27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver