Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3535/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5405/2023 nömrəli, 19 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 02 iyun 2000-ci il tarixli 509 saylı sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçının faktiki istifadəsində olan 0,0551 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmış, bu hüquqlarının yaranmasının əsasında torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən sərəncam dayanır. İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etirazında qeyd etmişdir ki, elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsindən 6kV-luq elektrik hava xətti keçməklə, yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.Həmçinin, dəmir yolu stansiyasına gedən ümumi istifadədə olan ərazidə yerləşir və həmin ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,06 ha, faktiki sahəsi isə 0,0551 ha təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5405/2023 nömrəli, 19 may 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsindən 6kV-luq elektrik hava xətti keçməklə, yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, dəmir yolu stansiyasına gedən ümumi istifadədə olan ərazidə yerləşir və həmin ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə torpaq sahəsinə keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,06 ha, faktiki sahəsi isə 0,0551 ha təşkil edir və hal-hazırda torpaq sahəsi asfalt-beton örtüklü olmaqla bir hissəsindən yol kimi istifadə edilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -- 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün iş materiallarındakı sübutlara nəzər yetirir: -Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 02 iyun 2000-ci il tarixli, 509 nömrəli sərəncamı ilə Lökbatan qəsəbəsi, massiv 2, keçid 1, ev 1, mənzil 58 ünvanında yaşayan X2 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bundan sonra sərəncam əsasında iddiaçıya yerləşmə cizgisi verilmişdir. -Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən verilmiş 15 mart 2021- ci il tarixli 3/21 məktubdan görünür ki, yerli icra hakimiyyəti həmin məktub ilə Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 509 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyini təsdiq etmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 02 iyun 2000ci il tarixli 509 saylı sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 0,0551 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətindən imtina məktubunda, iddia ərizəsinə yazılı etirazında və apellyasiya şikayətində aşağıda qeyd olunan hallara istinad etmişdir: - Torpaq sahəsinin bir hissəsindən 6kV-luq elektrik hava xətti keçməklə, yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir; - Torpaq sahəsi dəmir yolu stansiyasına gedən ümumi istifadədə olan ərazidə yerləşir; - Torpaq sahəsinin faktiki ölçüsü sənəddə göstərilən ölçüdən azdır. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək, iş materiallarına əlavə edilmiş sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır ki, həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən saxlanılan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 02 iyun 2000-ci il tarixli, 509 nömrəli sərəncamdan görünür ki, həmin sərəncam ilə Lökbatan qəsəbəsi, massiv 2, keçid 1, ev 1, mənzil 58 ünvanında yaşayan X2 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı ünvanlanmış sorğuya cavab məktubuna əsasən sözügedən sərəncam yerli icra hakimiyyətinin öz arxivində aşkar edilməmişdir. Lakin bu hal hər bir halda vəziyyəti iddiaçının ziyanına dəyişmir. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsində milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddətinin 5 il olduğu, müvəqqəti mühafizə müddəti bitdikdən sonra Milli arxiv fondunun tərkibində daxil olan arxiv sənədlərinin daimi mühafizə məqsədi ilə dövlət arxivinə verilməsi göstərilmişdir. Nəzərə alınsa ki, adı çəkilən sərəncam 2000-ci ilə aiddir və müvafiq olaraq mühafizə olunması üçün milli arxiv fonduna təhvil verilmişdir. Göründüyü kimi sərəncamın yerli icra hakimiyyətinin arxivində aşkar olunmaması vəziyyəti iddiaçının ziyanına dəyişmir. Həmçinin sözügedən sərəncam ləğv olunmadığından, dəyişdirilmədiyindən və hal-hazırda qüvvədə olduğundan, iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən iddia etdiyi torpaq sahəsinə gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Buna baxmayaraq, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtina əsası kimi yuxarıda qeyd olunan üç halı əsas gətirmişdir. Kollegiya cavabdeh orqanın imtina məktubunda və apellyasiya şikayətində qeyd etdiyi “torpaq sahəsinin bir hissəsindən 6kV-luq elektrik hava xətti keçməklə, yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi” dəlilinə münasibətdə qeyd edir ki, torpaq sahəsinin iddiaçının mülkiyyətinə verildiyi vaxtda qüvvədə olan 1999- cu il 25 iyun tarixli Qanunla təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Eyni tələb 1991-ci il 9 noyabr tarixli Torpaq Məcəlləsinin 81-ci maddəsində də təsbit olunmuşdur. Həmin normaya əsasən, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, sahibləri və istifadəçiləri aidiyyəti üzrə mülkiyyət, sahiblik və istifadə hüququndan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, torpaq sahibləri və torpaq istifadəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarıxli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3-cü bəndində qeyd edilir ki, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfındən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd); Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları»na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların yolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir (9-cu bənd); Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; Beləliklə, qüvvədə olan qanunvericilik elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadəyə verilməsini istisna etməsə də, mühafizə zonasına aid torpaq sahəsinin istifadəçisi qeyd olunan Qaydaların 12-ci bəndinə nəzərdə tutulmuş işləri elektrik şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan apara bilməz. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Analoji hüquqi mövqə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-239/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında, 2-1(102)-1405/2020 saylı iş üzrə 01 iyul 2020-ci il tarixli qərarında, 2- 1(102)- 864/2020 saylı iş üzrə 02 iyun 2020-ci il tarixli qərarında, 2-1(102)-445/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il qərarında, 2-1(102)-1153/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarında da öz təsdiqini tapmışdır. Beləliklə, qüvvədə olan qanunvericiliyin və mövcud məhkəmə təcrübəsinin tələblərinə əsasən torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün maneə yaratmır. Bu səbəbdən kollegiya cavabdehin qeyd edilən dəlilini əsassız hesab edir. Cavabdehin “torpaq sahəsinin dəmir yolu stansiyasına gedən ümumi istifadədə olan ərazidə yerləşməsi” imtina dəlilinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh qeyd olunan hal ilə bağlı iş üzrə nə birinci instansiya məhkəməsində araşdırma zamanı, nə də ki, apellyasiya icraatında hər hansı mötəbər sübut, dəlil (xəritədən çıxarış və ya ortofoto) təqdim edə bilməmişdir. Bunun tam əksinə iddiaçı "xxxx" QSC tərəfindən verilmiş məktubu təqdim edərək imtina əsasında göstərilən halların əsassız olduğunu təsdiq etmişdir. Belə ki, "xxxx" QSC tərəfindən xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində iddiaçıya məxsus torpaq sahəsi dəmir yolunun Abşeron- Puta mənzili 513 km pk 4-də yolun kilometr artım istiqamətinin sol tərəfində təhkim zolağından kənara düşür. Bundan başqa cavabdeh iddia olunan torpaq sahəsinin fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmadığını iddia etsə də, məhkəmə araşdırılması zamanı Qaradağ rayon İcra Hakimiyyətinin başçısının Lökbatan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Qaradağ rayonu, Lökbatan qəsəbəsində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün sərəncamla ayrılmış torpaq sahəsinin ətrafında fərdi yaşayış evlərinin mövcud olduğunu təsdiq etmişdir. Kollegiya həmçinin cavabdehin “Torpaq sahəsinin faktiki ölçüsünün sənəddə göstərilən ölçüdən az olması” dəlilinə münasibətdə qeyd edir ki, bu hal iddia tələbinin həllində əhəmiyyət daşımır. Birinci instansiya məhkəməsində iş üzrə araşdırma zamanı qeyd edilən hal aradan qaldırılmışdır. Belə ki, iddiaçının özü də torpaq sahəsinin məhz 0,0551 ha hissəsinə mülkiyyət hüquqlarının reallaşdırılmasını xahiş etmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5405/2023 nömrəli, 19 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3535/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3535/2023
19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver