Məhkəmə qərarları › İş №2-1(103)-3535/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3535/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3535/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5621/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsi ev 10 "a" saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanında yerləşən 330 kv.metr torpaq sahəsi üzərində İddiaçı Burhanoviçin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın və planölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri rüblük hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə həvalə olunmasına dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdr. Tələb onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 83 nömrəli sərəncamına əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsi ev 10 "a" saylı fərdi yaşayış evinin yerləşdiyi 350 kv.metr torpaq sahəsi əlavə edilmiş eskizə uyğun olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Bu barədə Bələdiyyə ilə aralarında "Torpaqların alqı-satqısına dair" Akt bağlanmış və torpaq sahəsinin dəyərini təşkil edən 7.280.000 manat məbləğində pul tərəfindən bələdiyyənin hesabına keçirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 354 nömrəli sərəncamına əsasən o, M.Ə.Rəsulzadə adına qəsəbə, A.Nemətulla küçəsində yerləşən 10 "a" nömrəli özbaşına tikilmiş yaşayış evinə pasport qeydiyyatına götürülmüşdür və Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 689 nömrəli arayışından görünür ki, xx.xx.1997-ci il tarixdən həmin fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. İddiaçı 1997-ci ildən bu günə kimi həmin fərdi yaşayış evində yaşayır və 2005-ci ildən torpaq üzrə vergiləri daimi ödəyir. İstifadəsində olan fərdi yaşayış evi üzərindəki mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlərlə birlikdə xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət etdi, lakin müraciətinə heç bir cavab verilmədi və hər hansı prosessual hərəkətlər həyata keçirilmədi. Bundan sonra xx.xx.2023-cü il tarixdə yenidən cavabdeh inzibati orqana müraciət etdi. Hesab edir ki, cavabdeh inzibati orqan öz üzərinə düşən vəzifələri yerinə yetirməkdən yayınmaqla onun mülkiyyət hüquqlarını pozur. Qeyd edilən sənədləri ərizəsinə əlavə edərək torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi barədə xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır və müraciəti təmin edilməli idi. Müraciətinin təmin edilməməsi onu mülkiyyət hüququnu məhdudlaşdırır. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən ərazinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin təqdim edilmiş “Torpaqların alqı-satqısına dair” akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Qeyd olunanlarla yanaşı torpaq sahəsi sənəd üzrə 350 kv.m qeyd olunsa da faktiki 330 kv.m təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5621/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən ərazinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. İddia olunan torpaq sahəsi vahid elektron kadastr məlumatlarına əsasən dövlət mülkiyyətindədir. Həmçinin təqdim edilmiş “Torpaqların alqı-satqısına dair” akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas verən sənədlər sırasında qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar da nəzərdə tutulmuşdur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün iş materiallarındakı sübutlara nəzər yetirir: -Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005-ci il tarxili, 83 nömrəli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsi, ev 10 «a»- da pasport qeydiyyatında olan vətəndaş İddiaçı xx.xx.2005-ci il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadiyyat daimi komissiyasının xx.xx.2005-ci il tarixli rəyinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində yerləşən 10 «a» saylı fərdi yaşayış evinin yerləşdiyi 350 kv.m. torpaq sahəsi əlavə edilmiş eskizə uyğun olaraq vətəndaş İddiaçı mülkiyyətinə verilməsi (hər kv.m üçün 20800 manat ödəmək şərtilə) qərara alınmışdır. -Torpaq sahəsinin alqı-satqısına dair akta əsasən İddiaçı tərəfindən Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə xx.xx.2005-ci ildə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Əraziyə bələdiyyə orqanının iclasında baxılmış və M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazisində 350 kv.m torpaq sahəsi satılmışdır. Bunun müqavilində İddiaçı tərəfindən M.Ə.Rəsulzadə Bələdiyyəsinin xəzinəsinə (bankına) ******* manat haqq ödənilmişdir. -BYB 225673 nömrəli kassa mədaxil orderinin qəbzinin surətinə əsasən alqı-satqı müqaviləsi üçün ******* (yeddi milyon iki yüz səksən min) manat ödənilmişdir. -Dövlət Arxivinin Bakı Filialı məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubla Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005-ci il tarxili, 83 nömrəli qərarı, Torpaq sahəsinin alqı-satqısına dair aktı, torpaq sahənin situasiya planının təsdiq olunmuş surətlərini təqdim etmişdir. -AR Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli məktubla bildirilmişdir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005-ci il tarxili, 83 nömrəli qərarı X1 qeydiyyatdan keçməmişdir. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi məhkəməyə ünvünladığı xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2005-ci ii tarixli, 83 sayiı qərarına əsasən M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində yaşadığı 10a saylı fərdi yaşayış evinin yerləşdiyi 350 kv.m. torpaq sahəsi alqısatqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. Qərar hazırda qüvvədədir. Bununla belə M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı adına torpaq sahəsinin ayrılması barədə qəbul olunmuş xx.xx.2005-ci il tarixli, 83 saylı qərarın və eləcə də həmin qərarın qəbul edilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsinə gəlincə isə bildirilir ki, sözügedən qərar və onun qəbul edilməsinə əsas olan sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daimi saxlanmalı sənəd olaraq mühafizə olunması üçün Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən sənədlərin təsdiq edilmiş surətlərinin əldə edilməsi məqsədilə aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 350 kv.m, faktiki 330 kv.m-dir. Ərazidə ümumi sahəsi 361.4 kv.m, 2 mərtəbəli fərdi yaşayış evi mövcuddur. -Situasiya planından görünür ki, İddiaçı ayrılan sahənin situasiya planı bələdiyyə tərəfindən təsdiq edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 83 nömrəli sərəncamına əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsi ev 10 "a" saylı fərdi yaşayış evinin yerləşdiyi 350 kv.metr torpaq sahəsi əlavə edilmiş eskizə uyğun olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Bu barədə Bələdiyyə ilə aralarında "Torpaqların alqı-satqısına dair" Akt bağlanmış və torpaq sahəsinin dəyərini təşkil edən 7.280.000 manat məbləğində pul tərəfindən bələdiyyənin hesabına keçirilmişdir. İddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədlərə istinad edərək, ünvan 1 ünvanında yerləşən 330 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında, iddia tələbinə etirazında və apellyasiya şikayətinin dəlillərində o hallara istinad etmişdir ki: -Təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. -Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən ərazinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. İddia olunan torpaq sahəsi vahid elektron kadastr məlumatlarına əsasən dövlət mülkiyyətindədir. -“Torpaqların alqı-satqısına dair” akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Apellyasiya şikayətinin birinci dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, torpaq sahəsinin cizgisi bələdiyyə tərəfindən təsdiq edilmişdir. Həmin cizginin arxiv nüsxəsi aşkar edilmiş, elektron kadastr baza çıxarışına (ortofoto) əsasən cizgi ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 176.1-ci maddəsinə əsasən, hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. - 176.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. - 176.3-cü maddəsinə əsasən, əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Göründüyü kimi Mülki Məcəllənin 176-ci maddə torpaq mülkiyyətçiləri arasında hasarlama xərclərinin bölünməsini, çəkilməsi qaydasını, pozulmuş mərzlərin bərpasını tənzimləyir. Sözügedən qanun normasında torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmasının zəruri və ya məcburi olması göstərilməmişdir. Apellyasiya şikayətinin ikinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Kollegiya qeyd edir ki, qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı Binəqədi rayonu Rəsulzadə Bələdiyyəsinə sorğu ünvanlanaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Binəqədi rayonu Rəsulzadə Bələdiyyəsinin yurisdiksiyasına torpaq sahələrinin ayrılmasına dair müvafiq sərəncamın, həmin sərəncama əlavə edilmiş xəritənin (ayrıc göstəricilərin) məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğunun icrası ilə əlaqədar Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin mülkiyyətinə torpaq sahəsinin verilməsinə dair Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 812 saylı sərəncamının, ayrılmış torpaq sahəsinə dair ayrıc aktının və protokolun təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 31 avqust 2000-ci il tarixli sərəncamına əsasən AR Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” AR Qanununun tətbiq edilməsi barədə” 24 dekabr 1999-cu il tarixli fərmanına əsasən Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin 501,26 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsinə təhvil verilmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş “X4 və Ekspertiza Mərkəzi” MMC-nin 167 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində də qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş ortofoto görüntüdə öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə torpaq sahəsinin bələdiyyə ərazisi olmaması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilə bilməmişdir. Odur ki, qeyd olunan əsasla da iddiaçının müraciətinin təmin edilməsindən imtina edilə bilməz. Apellyasiya şikayətinin 3-cü dəlilinə münasibətdə qeyd olunmalıdır ki, qanunvericilik normalarından aydın olduğu kimi torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması, DTXK tərəfindən alqı-satqı aktının təsdiq edilməsi bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin DTXK tərəfindən alqı-satqı aktının təsdiq edilməməsi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”. Məhkəmə kollegiyası torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi məsələsinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər ücün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normaları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan – ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır. İnzibati icraat çərçivəsində qərarın (inzibati aktın) qəbul edilməsinədək tələb olunan razılaşmaların həyata keçirilməməsi, rəylərin alınmaması və s. bu kimi hərəkətlər xarici hüquqi təsir effektinə malik olmadığından inzibati akt hesab olunmurlar və öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyırlar. Xarici hüquqi təsir əlaməti belə qərarların inzibati akt kateqoriyasına aid edilməsində həlledici əhəmiyyət daşıyır. Bunun səbəbi onunla bağlıdır ki, inzibati orqanların daxili idarəçiliklə bağlı fəaliyyət sahəsini dövlət-vətəndaş münasibətlərinin yarandığı əsas hüquqlar sahəsindən fərqləndirmək üçün məhz həmin əlamətdən istifadə olunur. Bu baxımdan, inzibati icraatın gedişində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən razılaşdırmalar aparılmadan inzibati orqan tərəfindən torpağın ayrılması barədə qərarın qəbul edilməsi məsuliyyətini və riskini də məhz həmin inzibati orqan daşıyır. Torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilibedilmədiyinin yoxlanılması və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formalhüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən bir də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. İş materiallardan görünür ki, iddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün ona torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005-ci il tarxili, 83 nömrəli qərarı və eləcə də həmin qərar əsasında tərtib edilmiş alqı satqı aktını cavabdehə təqdim etmişdir, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005ci il tarxili, 83 nömrəli qərarı və eləcə də həmin qərar əsasında tərtib edilmiş alqı satqı aktı qüvvədədir, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərar hər hansı subyekt tərəfindən mübahisələndirilməmiş, həmçinin cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5621/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar