Məhkəmə qərarları › İş №2-1(103)-3537/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3537/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3537/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, pensiyadan tutulmuş ödənişlərin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1989/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmış pensiya ödənişinin bərpa edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə doğulub. xx.xx.1972-ci il tarixdən xx.xx.1980-ci ilədək müxtəlif peşə sahələrində işləməklə əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1980-ci il dəmir-yolu sexində 3-cü dərəcəli qatar tərtibçisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1984-cü ildə həmin yerdəcə teplovoz maşinisti vəzifəsinə keçirilmişdir. xx.xx.1987-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1987-ci ildə teplovozun maşinisti vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1988-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1988-ci ildə yük-daşıyan vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2000-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2000-ci ildə Azərbaycan Dövlət Dəmir X6 İB-yə baqaj təsərrüfatına qatarda yük və baqaj qəbul edən vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2010-cu ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2010-cu ildə ADY QSC-də texniki parka qatar tərtibatçısının köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2018-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2015-ci ildə iddiaçıya DSMF Bakı şəhəri Pirallahı rayon şöbəsi tərəfindən pensiya təyin edilmişdir. Cavabdeh inzibati orqan iddiaçıya pensiya ödənilməsini dayandırmış və mövqeyini belə izah etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Cavabdehin dəlillərinə əsasən araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.2010-xx.xx.2018-ci tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Bakı sərnişin stansiyasında qatar tərtibatçısının köməkçisi vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi qatar tərtibatçısının köməkçisi vəzifəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 10 ay 20 gün (xx.xx.1980xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edildiyi bildirmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24611,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edildiyi, bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. İddiaçı bununla razılaşmayaraq hesab edir ki, məktubda qeyd olunanlar əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən 57 yaşdan pensiya təyin edilməlidir. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdeh orqanın hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab edilsə belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdə (60 yaşında) Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsi tərəfindən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci ildə aparılan xidməti yoxlama zamanı iddiaçının pensiya işinə dair sənədləri araşdırılmışdır. Araşdırma nəticəsində onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı halda xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 24611,52 manat pensiya aldığı müəyyən edilmişdir. Belə ki, İddiaçı xx.xx.1973-cü il tarixli və xx.xx.2000-ci il tarixli əmək kitabçalarına əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla, iddiaçının ümumi sığorta stajı xx.xx.2006-cı il tarixədək 32 il 9 ay 19 gün, xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 4 il 8 ay, güzəştli iş stajı isə xx.xx.2010cu il tarixdən xx.xx.2018-ci il tarixədək 7 il 9 ay təşkil edir. Belə ki, 2015-ci ildə qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: iddiaçının 58 yaşının tamam olması; 25 il ümumi iş stajının mövcud olması; 12 il 6 ay güzəştli iş stajının mövcud olması; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının 3 mart 2015-ci il tarixdə 60 yaşı tamam olmuş (həmin tarixdə qüvvədə olan qanunvericiliyə görə pensiya yaş həddi kişilər üçün 63 yaşdır), 60 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıqdır. Lakin iddiaçının güzəştli iş stajı 4 il 9 ay (xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək) təşkil edir. Bu isə qanunvericiliklə tələb olunan müddətdən az olduğu üçün iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmamışdır. İddiaçı xx.xx.2019-cu ildə 233,35 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş, 01.01,2020-ci il tarixdən 272,08 manat, xx.xx.2021-ci il tarixdən 303,10 manat, xx.xx.2022-ci ildən isə 313,40 manat olmuşdur. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərara əsasən, artıq ödənilmiş 13197,11 manat (əvəzləşdirilmədən sonrakı qalıq borc) bölünməklə iddiaçının aylıq yaşa görə əmək pensiyasından tutuluraq Fondun hesabına bərpa olunmaqdadır. Cavabdeh “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 9.1-ci bəndinə istinad edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2015-ci il tarixli qərarın ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarın və artıq ödənilmiş pensiyanın geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, xx.xx.2015-ci il tarixli qərarla təyin edilmiş pensiyanın bərpa edilməsi və əsassız geri alınmış pensiya məbləğinin hesablanaraq ona ödənilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25 may 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi etiraza əlavədə bildirmişdir ki, iddiaçının tələbi qanunamüvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində qatar tərtibçiləri (21.4) nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.2010-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Bakı sərnişin stansiyasında qatar tərtibatçısının vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi qatar köməkçisi vəzifəsi yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 10 ay 20 gün xx.xx.1980-xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 60 yaşdan əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qeyd olunanlanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti iddiaçıya xx.xx.2015xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24611,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Qeyd olunanları nəzərə alaraq, iddia rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1989/2023 saylı, 25 may 2023-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə DSMF-in Pirallahı rayon şöbəsinin xx.xx.2015-ci il tarixli, 123 nömrəli qərarının ləğv edilməsinə dair cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarı və iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2015-ci il tarixli, 123 nömrəli qərarla təyin edilmiş pensiya bərpa edilməklə iddiaçının pensiyasından tutulmuş ödənişlərin hesablanıb geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-1(112)-1989/2023 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti imtina məktubunun və iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, iddiaçının 3 mart 2015-ci il tarixdə 60 yaşı tamam olmuş (həmin tarixdə qüvvədə olan qanunvericiliyə görə pensiya yaş həddi kişilər üçün 63 yaşdır), 60 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıqdır. Lakin iddiaçının güzəştli iş stajı 7 il 10 ay 20 gün (xx.xx.1980-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il tarixədək) təşkil edir. Bu isə qanunvericiliklə tələb olunan müddətdən az olduğu üçün iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin 21-ci bəndində qatar tərtibatçıları nəzərdə tutulduğu halda, iddiaçının xx.xx.1980-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il tarixədək işlədiyi qatar tərtibatçısının köməkçisi vəzifəsi nəzərdə tutulmamışdır. İddiaçı xx.xx.2019-cu ildə 233,35 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2020-ci il tarixdən 272,08 manat, xx.xx.2021-ci il tarixdən 303,10 manat, xx.xx.2022-ci ildən isə 313,40 manat olmuşdur. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərara əsasən, artıq ödənilmiş 13197,11 manat (əvəzləşdirilmədən sonrakı qalıq borc) bölünməklə iddiaçının aylıq yaşa görə əmək pensiyasından tutuluraq Fondun hesabına bərpa olunmaqdadır. Məhkəmə əsassız olaraq, hesab etmişdir ki, İddiaçı xx.xx.2010-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin Bakı sərnişin stansiyasında qatar tərtibatçısının köməkçisi vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-1/2-1122/2023 nömrəli məktubu ilə əldə edilmiş qatar tərtibatçısı və qatar tərtibatçısı köməkçisinin iş qaydası və vəzifə təlimatlarına əsaslanmaqla qatar tərtibatçısı və qatar tərtibatçısının köməkçisi vəzifələrini eyniləşdirmişdir. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-1/2- 1122/2023 nömrəli məktubda qeyd olunan qatar tərtibatçısı və qatar tərtibatçısının köməkçisinin eyni vəzifələri yerinə yetirməsinə dair hər hansı bir qeyd yoxdur. Məhkəmənin bu mövqeyi əsaslı deyildir. Buna görə də məhkəmənin sözügedən qərarı işin faktiki hallarını hərtərəfli düzgün və obyektiv araşdırılmaması nəticəsində çıxarıldığından qanuni və əsaslı deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2015-ci il tarixli qərarın ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarın və artıq ödənilmiş pensiyanın geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, xx.xx.2015-ci il tarixli qərarla təyin edilmiş pensiyanın bərpa edilməsi və əsassız geri alınmış pensiya məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. İş materiallarında olan: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina verilmişdir. -AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1955-ci il təvəllüdlüdür. -xx.xx.1973-cü ildən doldurulmağa başlanılmış, xx.xx.2000-ci ildən doldurulmağa davam etdirilən iddiaçıya məxsus əmək kitabçalarında İddiaçı iş stajı aşağıdakı kimi müəyyən edilmişdir: -xx.xx.1972-ci ildən xx.xx.1980-ci ilədək bir neçə müəssisədə mexanik; -xx.xx.1980-ci ildən xx.xx.1987-ci ilədək dəmir-yolu sexində qatar tərtibçisi, teplovoz maşinisti; -xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək teplovoz maşinisti; xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək yük-daşıyan; -xx.xx.2000-ci ildən xx.xx.2010-cu ilədək Azərbaycan Dövlət Dəmir X3 X2 Təsərrüfatında yük və baqaj qəbul edən; xx.xx.2010-cu ildən xx.xx.2018-ci ilədək "xxxx" QSC-də texniki parkda qatar tərtibatçısının köməkçisi vəzifələrində işləmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiya işi məhkəməyə təqdim edilmişdir. Pensiya işinə əlavə edilmiş sənədlərdən görünür ki: - "xxxx" QSC Bakı Sərnişin Stansiyası tərəfindən iddiaçıya verilmiş 11 iyun 2015-ci il tarixli dəqiqləşdirici arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, o, xx.xx.2010-cu il tarixdə Bakı sərnişin stansiyasına qatar tərtibatçısı köməkçisi peşəsinə qəbul edilmişdir (əmr 317, xx.xx.2010) və hal-hazıra kimi qeyd olunan peşədə işləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.4-cü bölməsi (səhifə 132) “Nəqliyyata”a uyğun olaraq pensiya almaq hüququna malikdir. -Azərbaycan Respublikası DSMF-in Pirallahı rayon şöbəsinin xx.xx.2015-ci il tarixli, 123 nömrəli qərarı ilə İddiaçı yaşa görə xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmişdir. -Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş pensiya işinə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin 123 №li, xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2015-ci il tarixdə DSMF-nun Bakı şəhəri Pirallahı rayon şöbəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında xx.xx.2015-ci il tarixli qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1 və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş pensiyanın məbləği müəyyən edilməsi tapşırılmışdır. Bu qərar barəsində “İnzibati icraat haqqında” Qanununun 67.13-cü maddəsinin tələbinə uyğun qaydada iddiaçıya məlumat verilməsi və iddiaçıya artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görülməsi təsbit edilmişdir. -DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə X1 Baba Əli oğluna əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarının qeyd hissəsindən görünür ki, İddiaçı 01 may 2022-ci il tarixədək XŞTMF-dan aylıq 486,80 manat məbləğində pensiya aldığı, 03 mart 2019-cu il tarixdən 30 aprel 2022-ci il tarixədək ümumilikdə 10474,21 manat pensiya almalı olduğu halda, XŞTMF-dan 24611,52 manat aldığı, əvəzləşdirmə aparılan zaman ümumilikdə 14137,31 manat artıq vermə aşkarlandığı (14137,31-940,20=13.197,11) vətəndaşın pensiyası yenidən hesablanaraq aylıq 313,40 manat müəyyən edilmişdir. -Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filial tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 sədrinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 saylı xidməti məruzəsindən görünür ki: -Filial tərəfindən pensiya işlərinin inventarlaşdırmasının nəticəsinə dair tərtib olunmuş xidməti məruzələrdə qeyd olunan 383 nöqsanlı pensiya işi üzrə ümumilikdə 1.225.685,13 manat artıq ödənilmiş vəsaitin bərpası ilə bağlı Mərkəzləşdirilimiş informasiya Sisteminin “Pensiya” Alt Sistemindən 305 pensiya işi üzrə ümumilikdə 892.749,98 manat artıq ödənilmiş vəsaitin bərpası üçün Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən müvafiq qərarlar qəbul edilmiş və ödənilən pensiyaların aylıq məğlərindən tutulmalar aparılır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 saylı iddiaçıya ünvanlanmış məktubundan görünür ki, Fondun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya artıq ödənilmiş yaş görə əmək pensiyasının məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarı əsasında artıq ödənilmiş 13197,11 manat bölünməklə aylıq əmək pensiyasından tutularaq DSMF-in hesabına bərpa olunduğu bildirilmişdir. Qeyd olunanlara əsasən işin faktiki hallarından görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə DSMF-in Pirallahı rayon şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı cavabdehin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarı ilə ləğv edilmiş və ötən illər ərzində artıq ödənilmiş pensiya ödənişinin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçıya Sosial Ödənişlərin Təyinatı Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli qərarla ümumi əsaslarla təyin edilmiş yaşa görə əmək pensiyasından tutulmalar aparılmağa başlamışdır. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsində (21-ci bənd) Dəmiryolu nəqliyyatı, lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçiləri nəzərdə tutulmuş, iddiaçının xx.xx.2010-xx.xx.2018-ci il tarixləri arasında olan dövr ərzində "xxxx" QSC-nin Bakı sərnişin stansiyasında işləmiş olduğu qatar tərtibatçısının köməkçisi vəzifəsi isə həmin siyahıda güzəştli şərtlərlə pensiya almaq hüququ verən vəzifə kimi göstərilməmişdir. Birinci instansiya məhkəməsi "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13- 1/2- 1122/2023 nömrəli məktubu ilə əldə edilmiş qatar tərtibatçısı və qatar tərtibatçısı köməkçisinin iş qaydası və vəzifə təlimatlarına əsaslanmaqla qatar tərtibatçısı və qatar tərtibatçısının köməkçisi vəzifələrini eyniləşdirmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin göstərilən dəlili ilə əlaqədar bildirir ki, birinci instnasiya məhkəməsinin müvafiq sorğusuna əsasən "xxxx" QSC tərəfindən qatar tərtibatçısı və qatar tərtibatçısı köməkçisinin iş qaydası və vəzifə təlimatları məhkəməyə təqdim edilmişdir. Həmin məktubdan görünür ki, qatar tərtibatçısı köməkçisinin vəzifə öhdəlikləri aşağıdakılardır: Stansiya dispetçerindən vaqonların qatara qoşulması və açılması barədə göstəriş alır; Maşinisti, qatar tərtibatçının köməkçisini, yerli idarəetmə postunun növbətçisini, sürət tənzimləyicisini növbənin iş planı və xüsusiyyəti barədə tanış edir; Qatar tərkibinə yanaşarkən vaqonların qoşulu olmasını, vaqonların altında adam və hərəkətə maneə olan əşya olmasını, vaqonda təmir aparılmasını yoxlayır; Manevr zamanı işçiləri elə yerləşdirir ki, hərəkətin təhlükəsizliyini təmin edən siqnalların görünüşü yaxşı təmin edilsin; Qatarların tərkibinin formalaşmasında və yerinin dəyişdirilməsindən sonra vaqonların bir-biri ilə qoşulu olmasını yoxlayır və hüdud dirəkciklərindən vaqonların kənara çıxmamalarına əmin olur; Növbə planının dəqiq və vaxtında yerinə yetirilməsini, qatarların stansiyadan göndərilməsi qrafikini təmin edir; Qatar tərkiblərinin parkdan-parka yer dəyişdirilməsi zamanı tərtibatçı hərəkət istiqamətində birinci vaqonun tamburunda durmalıdır. Məktuba əlavə edilmiş “Tərtibatçı və köməkçisi iş qaydası və vəzifə borcları”ndan görünür ki, növbəyə başlayarkən tərtibatçı aşağıdakıları yerinə yetirməyə borcludur: öz manevr rayonundakı yollarda olan vəziyyətlə tanış olmalıdır və müəyyən etməlidir; park yollarında qatarların olmasına və onların düzgün formalaşdırılmasına, qatarların və vaqonların qoşulmasına və bərkidilməsinə, növbəni təhvil verən tərtibatçılardan qatarlardan hansının formalaşdırılmış, hansının formalaşdırılmamış olmasını, qatarlara qoşulacaq vaqonların harada olmasını öyrənməlidir. Növbə vaxtı tərtibatçı aşağıdakıları etməyə borcludur: manevr dispetçerindən vaqonların qatara qoşulması və açılması barədə göstəriş almalı, maşinisti, tərtibatçının köməkçisini, yerli idarəetmə postunun növbətçisini, surət tənzimləyicisini növbənin iş planı və xüsusiyyəti barədə tanış etməli, qatar tərkibinə yanaşarkən vaqonların qoşulu olmasını, vaqonların altında adam və hərəkətə mane olan əşya olmasının, vaqonda təmir aparılmasını yoxlamalıdır. Manevr zamanı işçiləri elə yerləşdirmək lazımdır ki, hərəkətin təhlükəsizliyini təmin edən siqnalların görünüşü yaxşı təmin edilsin. Manevr işləri avtoəyləclərin qoşulu vəziyyətində aparılmalıdır. Qatarlar tərkibinin formalaşdırılmasından və yerinin dəyişdirilməsindən sonra vaqonların bir-biri ilə qoşulu olmasını, qaçmaması üçün bərkidilmiş olmasını yoxlamalı və hüdud dirəkciklərindən vaqonların kənara çıxmamalarına əmin olmalıdır. Növbə planın dəqiq və vaxtında yerinə yetirilməsini, qatarların stansiyadan göndərilməsi qrafikini təmin etməlidir. Qatar tərkiblərinin parkdan-parka yer dəyişdirilməsi zamanı tərtibatçı hərəkət istiqamətində birinci vaqonun tamburunda durmalıdır. İşin hallarından və qeyd olunanlardan göründüyü kimi İddiaçı xx.xx.2010xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin Bakı sərnişin stansiyasında qatar tərtibatçısının köməkçisi vəzifə borclarına əsasən mahiyyət etibarı ilə qatar tərtibatçısı vəzifəsinin tutduğu işlərə uyğun işləri icra etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd olunan dəlilinə qiymət verərək hesab edir ki, iddiaçının işlədiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) adı çəkilməsə də, lakin əslində köməkçinin əməyi də müvafiq ağır sahədə tətbiq olunduğundan, onların da stajı güzəştli şərlərlə əmək pensiyası almağa imkan verən staj kimi qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində qatar tərtibçiləri (21.4) nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; -2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir;

2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. “Əmək pensiyaları haqqında” Qanun 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi zəruridir. İşin hallarına görə, əmək pensiyaçısı olan iddiaçının cavabdehin hesab etdiyi artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması iş materialları ilə müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh tərəfindən bu barədə heç bir dəlil təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt həmçinin, inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş inzibati aktdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs- inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 28.1.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Göründüyü kimi, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Cavabdeh tərəfindən isə bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Həmçinin nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Apellyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda tərtib edildiyindən qərarın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozması barədə düzgün nəticəyə gəlmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1989/2023 saylı, 25 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar