Məhkəmə qərarları › İş №2-1(103)-354/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-354/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-354/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4103/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 56 №-li xx.xx.2012-ci il tarixli məlumat vərəqəsinə əsasən İdarə tərəfindən xx.xx.2009-cu ildən hesablanmaqla xx.xx.2012-ci il tarixli qərarla yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məlumat vərəqəsinin düzgün tərtib edilməməsini mübahisələndirmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 43/2019 №-li xx.xx.2019-cu il tarixli məlumat vərəqəsi İdarəyə təqdim edilmiş və sonuncu həmin məlumat vərəqəsinə əsasən iddiaçının pensiyasını yenidən hesablamışdır. Pensiya yenidən hesablanarkən cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrini əsas götürərək ötən dövrlər üzrə alınmamış pensiya məbləğlərini xx.xx.2016- xx.xx.2019-cu illər üzrə qeyd etmiş və həmin dövrlər üzrə fərq məbləği hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla iddiaçıya ödənilir. Hazırda iddiaçı ona verilməli olan pensiya məbləğinin cavabdeh tərəfindən düzgün hesablanmadığına istinad edərək ona xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı ona xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə yaranmış fərqin hesablanaraq ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati oran tərəfindən iddiaçıya ünvanlanmış **********9 saylı xx xxxxxx 2020-ci və **********6 saylı xx xxx 2020-ci il tarixli imtina məktubularıda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən idarəyə daxil olmuş iddiaçıya aid xx xxxxxxx 2019-cu il tarixli 43/2019 nömrəli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanılması nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 8661,66 manat məbləğində fərq 2019-cu ilin noyabr ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə uyğun qaydada hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Məlumat üçün bildirilmişdir ki, yuxarıda qeyd olunan məlumat vərəqəsində vəzifə maaşı- 220.00 manat, rütbə maaşı- 127.00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşı-15 faizi miqdarında əlavə - 52005 manat; digər növ əlavə - 480095 manat, ərzaq payı əvəzinə kompensasiya 32,00 manat olmaqla, cəmi təminat xərcliyi 912.00 manat göstərilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1009/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təminat xərcliyi barədə xx.xx.2019-cu il tarixli 43/2019 saylı yeni məlumat vərəqəsi tərtib edilmiş, 1000-180/00324/021800 nömrəli xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 idarəsinə göndərilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4009/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi yalnız Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” xx.xx.2011-ci il tarixli 388 nömrəli Fərmanı dair hissədə icra edilmiş, həmin Fərmanda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cı il tarixli 810 saylı və xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanlarına dair hissələrdə isə icra edilməmişdir. Həmçinin məhkəmənin qanuni qüvvəsini almış qərarı əsasında verilmiş icra sənədində artımın 2011-ci il tarixdən hesablanması barədə birbaşa göstəriş olmasına baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1 1-ci maddəsinə istinad etməklə artımı yalnız əvvəlki 3 il üçün hesablamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2012-ci il tarixdən ona pensiya təyin edilmişdir. Həmçinin pensiyanın yenidən hesablanması ilə əlaqədar olaraq ərizə ilə aidiyyatı qurumlara 2014-cü ilin sonunda, iddia ərizəsi ilə 2015-ci ilin əvvəlində 1 saylı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların l.-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçının adına pensiya təyinatı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “məlumat vərəqi” İdarəyə daxil olmuş və xx.xx.2009-cu il tarixdən əmək pensiyası təyin edilmişdir. Qeyd edilənlərin əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının adına yenidən “məlumat vərəqi”ndə qeyd edilmiş təminat xərcliyinə digər növ əlavələr əlavə edilərək xx.xx.2019-cu il tarixdə İdarəyə göndərilmişdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmış və ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Yuxarıda qeyd edilən maddənin və onun yer aldığı fəslin adından da göründüyü kimi həmin müddəa “əmək pensiyasının təyin edilməsi” ilə əlaqədardır. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. İddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq son 3 il olmaqla əmək pensiyası tərəflərindən ödənilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4103/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Bu zaman Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edildiyi, başqa normativ hüquqi aktların qüvvəsi isə geriyə şamil edilmədiyi üçün sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2-1(81)- 1009/2018 saylı icra sənədi üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 43/2019 saylı yeni məlumat vərəqəsi nəzərə alınmaqla xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində yaranmış fərqin hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı hesab edilə bilməz. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydalarda nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçının adına yenidən məlumat vərəqəsi tərtib edilərək xx.xx.2019-cu il tarixdə idarəyə daxil olmuş və həmin məlumat vərəqində əlavə olaraq təminat xərcliyinə digər əlavələr əlavə edilmişdir. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. İddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq son 3 il olmaqla əmək pensiyası tərəflərindən ödənilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, 2017-ci ilədək pensiya hüququ yarandığı üçün ona deyil, sonradan hüququ yaranmış şəxslərə müraciət etdikdə 3 illik müddət tətbiq olunmalıdır. Qanunun qeyd olunan maddəsinin ona şamil olunması düzgün deyil. Odur ki, birinci instansiya məhkəməsi onun iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Bununla bağlı iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin mahiyyəti ilə bağlı materiallardan müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 56 №-li, xx.xx.2012-ci il tarixli məlumat vərəqəsinə əsasən İdarə tərəfindən xx.xx.2009-cu ildən hesablanmaqla xx.xx.2012-ci il tarixli qərarla yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məlumat vərəqəsinin düzgün tərtib edilməməsini mübahisələndirmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 43/2019 №-li, xx.xx.2019-cu il tarixli məlumat vərəqəsi İdarəyə təqdim edilmişdir. Buna uyğun olaraq cavabdeh inzibati orqan ona təqdim olunmuş həmin məlumat vərəqəsinə əsasən iddiaçının pensiyasını yenidən hesablamışdır. Pensiya yenidən hesablanarkən cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrini əsas götürərək ötən dövrlər üzrə alınmamış pensiya məbləğlərini xx.xx.2016xx.xx.2019-cu illər üzrə qeyd etmiş və həmin dövrlər üzrə fərq məbləği hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla iddiaçıya ödənilir. Hazırda isə iddiaçı cavabdehin hesablamasının düzgün olmadığına istinad edərək ona xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə də yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Həmin qərardadın 106-cı bəndinə görə yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki, onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır. Həmin qərardadın 107-ci bəndinə görə müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadında əks olunan hüquqi mövqeyə uyğun olaraq qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iddiaçının pensiya hüququnun 2017-ci il 01 iyul tarixədək yaranıb, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etdiyini, buna görə də “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəalarının ona da tətbiq edilməli olmasını, buna müvafiq olaraq cavabdeh inzibati orqan tərəfindən ötən dövr üzrə alınmamış pensiya məbləğlərinin-xx.xx.2016xx.xx.2019-cu illər üzrə fərq məbləğinin hesablanaraq hissə-hissə iddiaçının pensiyasının üzərinə əlavə olunmaqla ödənildiyini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə iddiaçının xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə də (ötən dövr üzrə ikinci üç il üçün) yaranmış fərqin hesablanaraq ödənilməsi barədə tələbi əsassızdır və təmin oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, buna görə də cavabdeh inzibati orqan apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4103/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4103/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar