Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-354/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2917/2021 saylı, 10 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 13.10.2015-ci il tarixdən, 52 yaşdan 01.07.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsini və 10.07.2020-ci il tarixdən yəni müraciət etdiyi vaxtdan 3 il müddət əvvələdək olan dövrlərin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə Qazı-Məmməd şəhərində doğulmuş, 09.06.1980-ci ildən 16.02.2007-ci ilə qədər işləməklə 26 il 08 ay 07 gün əmək stajı olmuşdur. İddiaçı 09.06.1980-ci ildən 26.12.1996-cı ilə qədər “Cənubxüsusienerjimühafizə” İdarəsinin Əlibayramlı DRES-nin nəzdində fəaliyyət göstərmiş Əlibayramlı sahəsində futerçi, 06.01.1997-ci ildən 26.12.2005-ci ilə qədər “Əlibayramlı 15 saylı Yoltikinti İdarəsi”-də asfalt məhsulunun tərkibinin analiz etmək üçün laborant və 09.01.2006-cı ildən 16.02.2007-ci ilə qədər 56 №-li Şirvan Təmir-tikinti quraşdırma İdarəsində laborant vəzifəsində işləmişdir. İşlədiyi futerçi vəzifəsi zərərli iş stajı sayıldığından ona 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli idi. Bununla bağlı olaraq cavabdehə müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. İmtinaya səbəb kimi onun tələb olunun 20 il ümumi iş stajının mövcud olmadığı göstərilmişdir. Cavabdehin imtinası əsassız olduğundan iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi 09.06.1980-ci il tarixli İT-İ ******* №-li əmək kitabçasında 06.01.1997-26.12.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdəki məlumatların mərkəzi filial tərəfindən yerində dəqiqləşdirilməsi zamanı qeyd olunan dövr ərzində həmin müəssisədə işləməyinə dair hər hansı bir sənəd aşkar olunmamışdır. Bu səbəbdən həmin dövrü qanunvericiliyin tələbləri baxımından əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 20 ildən az (8 il 11 ay 20 gün) təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2917/2021 saylı, 10 avqust 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 13.10.2015-ci il tarixdən, 52 yaşdan 01.07.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsini və 10.07.2020-ci il tarixdən yəni müraciət etdiyi vaxtdan 3 il müddət əvvələdək olan dövrlərin ödənilməsi cavabdehə həvalə edilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin iddiaya qarşı təqdim etdiyi yazılı etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Qazı-Məmməd şəhərində doğulmuşdur. - "xxxx" ASC-nin 17№-li 05.02.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı “Əlibayramlı 15 saylı Yoltikinti İdarəsi”-nə 06.01.1997-ci il tarixli 02 saylı Əmrlə Asfalt-beton məhsullarının analizini aparmaq üçün laboratoriya şöbəsinə laborant qəbul edilmişdir. 26.12.2005-ci il tarixli 13/k saylı Əmrlə (ərizəsinə əsasən) işdən azad edilmişdir. - Azərbaycan Respublikası Dövlət X5 iddiaçıya ünvanladığı 131 №-li, 14.05.2020-ci il tarixli məktubundan görünür ki, “Южспецэнергонун” 1980-1993-cü il və Azərbaycan – Rusiya müştərək müəssisəsi olan Южспецэнергозащита müəssisəsinin 1993-1996-cı illərin və 56 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin 2006- 2007-ci illər sənədləri X12 Filialına təhvil verilməmişdir. - Dövlət X5 iddiaçıya ünvanladığı 13 №-li 28.01.2021-ci il tarixli Arxiv arayışından görünür ki, iddiaçı 06.01.1997-ci il tarixli 02/k №-li Əmrlə 06.01.1997-ci ildə əmək haqqı işəmuzd sistemi ilə ödənilməklə asfalt-beton məhsullarının analizini aparmaq üçün laborant vəzifəsinə qəbul edilmiş, 26.12.2005-ci il tarixli, 13/k №-li Əmrlə 26.12.2005-ci ildə işdən azad edilmişdir. - “Xüsusienerjimühafizə” Azərbaycan-Rusiya müştərək müəssisəsinin 103 №-li, 26.12.1996-cı il tarixli arayışından görünür ki, iddiaçı 09.06.1980-ci ildə 26.12.1996-cı ilə qədər istilik izoliasiya filtirlərinin anti korroziya müdafiəsinin və.sairlərin təmiri üzrə 4-cü dərəcəli futerçi vəzifəsində işləmişdir və həmin vəzifə güzəştli şərtlərlə pensiya hüququ verən 2№-li Siyahının 12-ci bölməsinin futerçi vəzifəsinə aiddir. - İddiaçıya məxsus İT-İ ******* №-li əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X3 09.06.1980-ci ildə “Yujspetsenerqo” MM-nın X2 futerçi (turşuya davamlı materiallarla işləyən) işinə qəbul edilmiş, 11.11.1981-ci ildən İstehsalat Komissiyasının 11.11.1981-ci il tarixli 10№-li protokoluna görə futerçi işi üzrə 3-cü dərəcə təhkim edilmiş, 04.02.1983-cü il tarixdə İstehsalat Komissiyasının 04.02.1984-cü il tarixli 4№-li protokoluna görə futerçi (turşuya davamlı materiallarla işləyən) işi üzrə 4-cü dərəcə təhkim edilmiş, 04.10.1993-cü ildə köçürülmə yolu ilə azad edilmiş, 04.10.1993-cü ildə “Yujspetsenerqomüdafiə” MM-nın X2 4-cü dərəcəli futerçi (turşuya davamlı materiallarla işləyən) işinə qəbul edilmiş, 26.12.1996-cı ildə öz xahişi ilə işdən azad edilmiş, 06.01.1997-ci ildə Əlibayramlı 15 saylı Yol Tikinti İdarəsinə əmək haqqı işə muzd sistemi ilə ödənilməklə asfalt məhsulunun tərkibini analiz etmək üçün laborant 4-cü dərəcə qəbul edilmiş, 26.12.2005-ci ildə ərizəsinə əsasən işdən azad edilmiş, 09.01.2006-cı ildən 56 №li Təmir Tikinti Quraşdırma İdarəsinə laborant vəzifəsinə təyin edilmiş, 16.02.2007-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 29.10.2020-ci il tarixli, **********5 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Belə ki, iddiaçının ümumi iş stajının 20 ildən az olması öz əksini tapmışdır. - “Xüsusienerjimühafizə” Azərbaycan-Rusiya birgə müəssisəsinin 103 №-li, 26.12.1996-cı il tarixli arayışından görünür ki, iddiaçının işlədiyi futerçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2 №-li Siyahısının “Elektrik stansiyaları, Enerji qatarları, Buxar güc təsərrüfatı adlanan 13-cü bölməsinin futerçilər (turşuya davamlı materiallarla işləyənlər) 2140000a19496 şifrinə uyğundur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli iş stajı 16 il 06 ay 17 gün, ümumi iş stajı isə 26 il 08 ay 07 gün təşkil etdiyindən, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı 13.10.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 52 yaşı 13.10.2015-ci il tarixdə tamam olduğundan, onun pensiya hüququ 13.10.2015-ci il tarixdən yarandığından, hazırkı işə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı “Əli Bayramlı 15 saylı Yoltikinti İdarəsi”-nə 06.01.1997-ci il tarixli 02 saylı Əmrlə Asfalt-beton məhsullarının analizini aparmaq üçün laboratoriya şöbəsinə laborant qəbul edilmiş, 26.12.2005-ci il tarixli 13/k saylı Əmrlə (ərizəsinə əsasən) işdən azad edilmişdir. Daha sonra iddiaçı 06.01.1997-ci il tarixli 02/k №-li Əmrlə 06.01.1997-ci ildə əmək haqqı işəmuzd sistemi ilə ödənilməklə asfalt-beton məhsullarının analizini aparmaq üçün laborant vəzifəsinə qəbul edilmiş, 26.12.2005-ci il tarixli, 13/k №-li Əmrlə 26.12.2005-ci ildə işdən azad edilmişdir. 09.06.1980-ci ildə 26.12.1996- cı ilə qədər istilik izoliasiya filtirlərinin anti korroziya müdafiəsinin və sairlərin təmiri üzrə 4- cü dərəcəli futerçi vəzifəsində işləmişdir və həmin vəzifə güzəştli şərtlərlə pensiya hüququ verən 2№-li Siyahının 12-ci bölməsinin futerçi vəzifəsinə aid olmuşdur. 09.06.1980-ci ildə “Yujspetsenerqo” MM-nın X10 Sahəsinə futerçi (turşuya davamlı materiallarla işləyən) işinə qəbul edilmiş, 11.11.1981-ci ildən İstehsalat Komissiyasının 11.11.1981-ci il tarixli 10№-li protokoluna görə futerçi işi üzrə 3-cü dərəcə təhkim edilmiş, 04.02.1983-cü il tarixdə İstehsalat Komissiyasının 04.02.1984-cü il tarixli 4№-li protokoluna görə futerçi (turşuya davamlı materiallarla işləyən) işi üzrə 4-cü dərəcə təhkim edilmiş, 04.10.1993-cü ildə köçürülmə yolu ilə azad edilmiş, 04.10.1993-cü ildə “Yujspetsenerqomüdafiə” MM-nın X10 sahəsinə 4-cü dərəcəli futerçi (turşuya davamlı materiallarla işləyən) işinə qəbul edilmiş, 26.12.1996-cı ildə öz xahişi ilə işdən azad edilmiş, 06.01.1997-ci ildə Əlibayramlı 15 saylı Yol Tikinti İdarəsinə əmək haqqı işə muzd sistemi ilə ödənilməklə asfalt məhsulunun tərkibini analiz etmək üçün laborant 4-cü dərəcə qəbul edilmiş, 26.12.2005-ci ildə ərizəsinə əsasən işdən azad edilmiş, 09.01.2006-cı ildən 56 №li Təmir Tikinti Quraşdırma İdarəsinə laborant vəzifəsinə təyin edilmiş, 16.02.2007-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixə kimi 20 ildən artıq, yəni 26 il 08 ay 07 gün ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı 09.06.1980-ci ildən 26.12.1996-cı ilə qədər Xüsusi Enerji Mühafizə MM-də işlədiyi futerçi vəzifəsində işləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cənub Xüsusi Enerji Mühafizə MM-də işlədiyi futerçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2 №-li Siyahısının “Elektrik stansiyaları, Enerji qatarları, Buxar güc təsərrüfatı adlanan 13-cü bölməsinin futerçilər (turşuya davamlı materiallarla işləyənlər)2140000a-19496 şifrinə uyğundur Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən artıq, yəni 16 il 06 ay 17 gün təşkil etmişdir. Belə olan halda iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən apellyasiya şikayətində mübahisələndirilən 06.01.1997-ci ildən 26.12.2005-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi əmək stajının dəqiqləşdirilməsi məqsədilə "xxxx" ASC-yə sorğu göndərilmişdir. ASC-nin 02 fevral 2022-ci il tarixli cavab məktubu ilə bərabər AR X9 Filialında mühafizə olunan 3 №-li Yol Təmir Tikinti Trestində 15 №-li Yol-Tikinti İdarəsinin əmrlər kitabında vətəndaş İddiaçı Ağababa qızının adına aşkar olunmuş əmrlərin çıxarışları məhkəmə kollegiyasına təqdim edilmişdir. Həmin əmrlərdən müəyyən olunur ki, iddiaçı 06 yanvar 1997-ci ildən 26 dekabr 2005-ci ilədək (8 il 11 ay 20 gün) Əli Bayramlı şəhəri "xxxx" ASCdə asfalt-beton məhsullarının analizini aparan laborant vəzifəsində işləmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli stajını əldə etdiyi “Cənubxüsusienerjimühafizə” və “Şirvan-Yol-Tikinti-3” müəssisələrin fəaliyyəti barədə iddiaçı X1 cavabdeh DSMF-nin Salyan rayon şöbəsinə qarşı güzəştli şərtlərlə pensiya təyin olunması tələbinə dair iş üzrə AR Ali Məhkəməsinin 07 mart 2018-ci il tarixli 2-1(102)-647/2018 saylı və iddiaçı X8 cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə pensiya təyin olunması tələbinə dair iş üzrə 20.10.2021ci il tarixli 2-1(102)-1676/2021 saylı qərarlarında münasibət bildirilmişdir. Həmin müəssisələr "xxxx" MMC-nin (Əli Bayramlı DRES-in) ərazisində podratçı təşkilat kimi fəaliyyət göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “Cənubxüsusienerjiidarəsinin” Rusiya-Azərbaycan müştərək müəssisəsinin Əli Bayramlı (indiki Şirvan) sahəsində işlədiyi futerçi (kislota məhlulu ilə işləyənlər) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısınin” Xİİİ bölməsinin a) bəndində göstərilən futerçilər (turşuya davamlı materialla işləyənlər-kod 2140100a-19496) peşəsinə uyğundur. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Göründüyü kimi iddiaçının 01.01.2006-cı il tarixə kimi 20 ildən artıq ümumi və 10 ildən artıq güzəştli iş stajı mövcud olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı 13.10.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2917/2021 saylı, 10 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-354/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-354/2022
21.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver