Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-354/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « bağ sahəsinə çıxarışın verilməsi ») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X3 və X7 ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-922/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin 20 fevral 1995-ci il tarixli 01 saylı iclasının qərarına əsasən, Bakı şəhəri, Xəzər r, Zirə bağ massivində yerləşən, 1200 kv.m. sahəsi olan, “178” saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. X8 bağçılıq-yoldaşlığın üzvlüyündən xaric edilmişdir. Hazırda iddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan-ölçünün verilməsi tələbini irəli sürmüşdür.
2. Bağ sahələrinin sahibləri X1, X6, Məmmədhüseyn Qulamhüseyn oğlunun, X2 və İddiaçı birlikdə imzaladığı təsdiq edilmiş ərizədən (xx.xx.2024-cü il tarixdə ərizə) görünür ki, onlar Zirə sahəsində Tampontaj və X12 və Artırılması İdarəsinin Bağçılıq Yoldaşlıq üzvlərinə vaxtilə ayrılmış bağ sahələrinin sxemi ilə razıdırlar, bağ sahiblərinin aralarında heç bir əmlak mübahisəsi yoxdur və Bakı şəhəri, Xəzər rayonu Zirə bağlar massivində yerləşən 178-179-180-181-182 saylı bağ sahələrinin bir hasar daxilində mərzçəkmə yolu ilə aralarında faktiki istifadəsini həyata keçirirlər.
3. Eyni zamanda, həmin bağ sahələrinin sahibləri arasında bağ sahələrinin bölgü sxemi razılaşdırılaraq tərtib edilmiş və notarial qaydada təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət edərək Bakı şəhəri, Xəzər r, Zirə bağ massivində yerləşən, “178” saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan-ölçünün verilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı və protokoldan çıxarışda qeyd olunan X4 adı aşkar olunmamışdır. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı bağ sahəsinin ümumi hasar daxilində yerləşdiyi, hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı müəyyən edilmişdir.
5. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər r, Zirə bağ massivində yerləşən, “178” saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin 20 fevral 1995-ci il tarixli 01 saylı iclasının qərarına əsasən, Bakı şəhəri, Xəzər r, Zirə bağ massivində yerləşən, “178” saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. 27 ildir ki bağ sahəsi iddiaçının istifadəsindədir. Bakı şəhəri, Xəzər r, Zirə bağ massivində yerləşən, “178” saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan-ölçünün verilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubla imtina etmişdir.
7. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı və protokoldan çıxarışda qeyd olunan X4 adı aşkar olunmamışdır. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı bağ sahəsinin ümumi hasar daxilində yerləşdiyi, hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı müəyyən edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-922/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən protkoldan çıxarış olduğu təqdirdə, üzvlərin siyahısında adının olmaması əsası ilə mötəbərliyinin şübhə altına alınması yolverilməzdir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin yenilənmiş siyahısının cavabdeh orqanda olmaması (ona təqdim edilməməsi) iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Bir halda ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış mövcuddur və qanunun müddəasına görə həmin çıxarış iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 922/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Neftçi” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda qeyd olunan X4 adı aşkar olunmamışdır. Həmçinin, texniki baxış keçirilən zaman bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşdiyi, hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı aşkar olunmuşdur.Məlumat üçün bildirirlər ki, İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, beş bağ sahəsi bir hasar daxilində yerləşir, ara sərhədləri şərtidir. Ümumi hasar daxilində olan fermanın tikililərinin bir hissəsi göstərilən bağ sahəsinin ərazisində yerləşir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
13. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
14. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
16. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
17. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .....
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.
19. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
24. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
25. Belə ki, tətbiq edilən normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir.Hazırkı iş üzrə qeyd olunan hüquqmüəyyənedici sənədlər mövcuddur.
26. Belə ki, məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.
27. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır.
28. İddiaçının istinad etdiyi “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin 20 fevral 1995-ci il tarixli 01 saylı iclasının protokolundan çıxarışdır.
29. Cavabdehin imtinasının (etirazının), o cümlədən apellyasiya şikayətinin dəlillərinin əsasını iddiaçının adının üzvlərin siyahısında olmaması, bağ sahəsinin ümumi hasar daxilində yerləşməklə, hasarlanma və mərzçəkmə işlərinin aparılmaması, habelə ümumi hasar daxilində olan fermanın tikililərinin bir hissəsi göstərilən bağ sahəsinin ərazisində yerləşməsi təşkil edir.
30. Məhkəmə Kollegiyası cavabdeh orqanın dəlillərini əsasılı qəbul etmir.
31. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. (“İnzibati icraat haqqında” Qanunun 19.1-ci və 19.2-ci maddəsi)
32. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
33. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən protkoldan çıxarış olduğu təqdirdə, üzvlərin siyahısında adının olmaması əsası ilə mötəbərliyinin şübhə altına alınması yolverilməzdir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin yenilənmiş siyahısının cavabdeh orqanda olmaması (ona təqdim edilməməsi) iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Bir halda ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış mövcuddur və qanunun müddəasına görə həmin çıxarış iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır.
34. Cavabdehin mübahisə predmeti bağ sahəsinin ümumi hasar daxilində yerləşməklə, hasarlanma və mərzçəkmə işlərinin aparılmaması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, bağ sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh bağ sahəsinin ümumi hasar daxilində yerləşməklə, hasarlanma və mərzçəkmə işlərinin aparılmadığını qeyd edərək mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir.
35. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
36. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir.Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. (Qaydaların 2.1-ci və 2.2-ci bəndi)
37. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir.
38. Bundan başqa, cavabdeh göstərilən bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşdiyini, orada hasarlanma və mərzçəkmə işlərinin aparılmadığını, habelə ümumi hasar daxilində olan fermanın tikililərinin bir hissəsi göstərilən bağ sahəsinin ərazisində yerləşməsi təşkil etdiyini qeyd etsə də, iş materiallarında olan bağ sahələrinin sahibləri X1, X6, Məmmədhüseyn Qulamhüseyn oğlunun, X2 və İddiaçı birlikdə imzaladığı təsdiq edilmiş ərizədən (xx.xx.2024-cü il tarixdə ərizə) görünür ki, onlar Zirə sahəsində Tampontaj və X10 və Artırılması İdarəsinin Bağçılıq Yoldaşlıq üzvlərinə vaxtilə ayrılmış bağ sahələrinin sxemi ilə razıdırlar, bağ sahiblərinin aralarında heç bir əmlak mübahisəsi yoxdur və Bakı şəhəri, Xəzər rayonu Zirə bağlar massivində yerləşən 178-179-180-181-182 saylı bağ sahələrinin bir hasar daxilində mərzçəkmə yolu ilə aralarında faktiki istifadəsini həyata keçirirlər.
39. Eyni zamanda, həmin bağ sahələrinin sahibləri arasında bağ sahələrinin bölgü sxemi razılaşdırılaraq tərtib edilmiş və notarial qaydada təsdiq edilmişdir.
40. Göründüyü kimi, bir hasar daxilində yerləşən bağ sahələrinin sahibləri arasında bağ sahələrinin istifadə olunması, həmçinin hasar daxilində olan fermanın tikililərinin bir hissəsi göstərilən bağ sahəsinin ərazisində yerləşməsi ilə bağlı heç bir mübahisə yoxdur.
41. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
43. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-922/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-922/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.