Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-354/2025 05.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X7) “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3031/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə məhkəməyə müraciət etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, orderə əsasən bağ sahəsi onun istifadəsindədir. Həmin sahə uzun müddətdir ki, onun faktiki istifadəsindədir. İddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin mülkiyyət hüququnun dövlət qeydiyyatından imtinası qanunsuz və əsassızdır.
3. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1166b saylı torpaq sahəsi üzərində Bakı şəhər X4 İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 15/558 saylı, xx.xx.1990-ci il tarixli orderinə əsasən 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrdən çıxarışın və plan sxemin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır.
5. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, darənin arxivində eyni Bağ Tikinti Kooperativi nəzdində eyni nömrəli bağa dair digər şəxsin (X7) adına order mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən, həmçinin ümumi ərazidə hasarlama işləri sxematik xəritəyə uyğun aparılmadığından, sahənin göstərilən əraziyə aid olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 1200 kv.m qeyd olunsa da, faktiki olaraq 1905 kv.m təşkil edir.
II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3031/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1166b saylı torpaq sahəsi üzərində Bakı şəhər X4 İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 15/558 saylı, xx.xx.1990-ci il tarixli orderinə əsasən 0,12 ha torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrdən çıxarışın və plan sxemin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
7. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
III. Apellyasiya şikayətinin dəlilləri:
8. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir.
IV. Tərəflərin izahatları:
9. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi.
10. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Əsaslandırıcı hissə
V. Tədqiq olunan sənədlər: - Bilgəh bağlar sahəsindəki 59 №-li kooperativi tərəfindən verilmiş orderdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 15/558 nömrəli qərarı ilə 59 №-li BTK nəznində 0,12 ha ölçüdə olan 1166b nömrəli bağ sahəsi İddiaçı ayrılmışdır. - Milli Arxiv İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.1990-cı il tarixli qərar ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1166b saylı torpaq sahəsi İddiaçı ayrılmışdır. - Müayinə aktından görünür ki, bağ sahəsində A-2 mərtəbəli bağ evi, İ qaraj, İİ hovuz, İİİ-S/q, İV hovuz var. Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından yerləşməsinin düzgünlüyü araşdırmanın mümkün olmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş sorğuya cavab məktubundan görünür ki, 59 №-li kooperativi tərəfindən verilmiş orderə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989- cu il tarixli qərarı ilə 59 №-li BTK nəznində 0,12 ha ölçüdə olan 1166b nömrəli bağ sahəsi X5 ayrılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan orderdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı ilə 59 №-li BTK nəznində 0,12 ha ölçüdə olan 1165b nömrəli bağ sahəsi X3 ayrılmışdır.
VI. Tətbiq olunan hüquq
11. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir.
12. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
13. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda
Vİ.Məhkəmənin mövqeyi
15. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın və plan-sxemin verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının bununla bağlı müraciətinin təmin olunmasından imtina edərkən cavabdeh eyni nömrəli bağa dair digər şəxsin (X7) adına order mövcud olmasına, bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsinə, ümumi hasarlama işlərinin aparılmamasına və bağ sahəsinin faktiki ölçüsünün sənəd üzrə torpaq sahəsinin ölçüsündən az olmasına istinad etmişdir.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
17. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılması order əsasında həyata keçirilmişdir ki, həmin order hüquqmüəyyənedici sənəd qismində çıxış edir və orderin qüvvədə olduğu görünür. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur.
18. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsi hər üç sənədin (order, qərar, icarə müqaviləsi) birgə mövcudluğunu şərtləndirmədiyindən, həmçinin order ləğv edilmədiyindən, dəyişdirilmədiyindən və hal-hazırda qüvvədə olduğundan, həmin order iddiaçının torpaq (bağ) sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına yetərli sənəd hesab edilir.
19. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
20. Məhkəmə kollegiyası cavabdehin ilk dəlili ilə bağlı qeyd edir ki, iddiaçı və üçüncü şəxsin adına verilmiş orderlərdən görünür ki, həmin orderlərdə istinad olunan torpaqayırma qərarlarının nömrələri fərqli olsa da, torpaq (bağ) sahələrinin rekvizit nömrəsi, yəni bağ sahəsinin nömrəsi eyni olmuşdur.
21. Lakin göstərilən bu hal hazırki vəziyyəti iddiaçının ziyanına dəyişmir. İlk növbədə ona görə ki, bu hal iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasına aid deyil. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq (bağ) sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən həmin torpaq (bağ) sahəsinin digər fiziki şəxsin istifadəsində olan torpaq sahəsi ilə faktiki olaraq üst-üstə düşməsi müəyyən olunmur. Bundan başqa isə o da qeyd olunmalıdır, iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən bağ sahələrinə dair verilmiş orderlərdən biri iddiaçının qardaşı X1 adınadır və onun istifadəsində olmuşdur. Beləliklə iddiaçının istifadəsində olan bağ sahəsinin üst-üstə düşməsi halı müəyyən olunmadığından, eyni zamanda həmin torpaq sahəsinin ətrafında yerləşən bağ sahəsinin iddiaçının qardaşı X3 ayrıldığından, üçüncü şəxsin adına verilmiş orderin mövcudluğu hazırki iddia tələbinin təminini istisna etmir. Bir daha qeyd olunur ki, həmin torpaq sahələrinin üst-üstə düşməsi müəyyən olunmur.
22. Digər tərəfdən qeyd edilməlidir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə qərardadı ilə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının icrası ilə əlaqədar təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsinə əsasən müəyyən edilmişdir ki, “Qərardadın birinci sualı üzrə: Üçüncü şəxs X6 59 nömrəli BTK nəzdində 30 avqust 1989-cu il tarixli qərar ilə 1166 b saylı bağ sahəsinin ayrılmasına dair 22 saylı Order əlavə edilmişdir. Sözügedən bağ sahəsinə dair hər hansı sxematik-plan və xəritə mülki iş materialına əlavə edilməmişdir. Odur ki, üçüncü şəxs X6 59 nömrəli BTK nəzdində 30 avqust 1989-cu il tarixli qərar ilə ayrılmış 1166 b saylı bağ sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Qərardadın ikinci sualı üzrə: X6 59 nömrəli BTK nəzdində 30 avqust 1989-cu il tarixli qərar ilə 1166 b saylı bağ sahəsinin ayrılmasına dair 22 saylı Orderə hər hansı bir plan-sxem və ya cizgi planı əlavə edilmədiyindən, o cümlədən həmin bağ sahəsinin faktiki yerləşmə vəziyyətinin harada olduğu təyin edilmədiyindən, həmin bağ sahəsi ilə İddiaçı 59 nömrəli BTK nəzdində ayrılmış 1166b saylı bağ sahəsinin üst-üstə düşüb- düşməməsini müəyyən etmək mümkün deyildir.
23. Bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə münasibətdə isə qeyd edilməlidir ki, inzibati məhkəmə təcrübəsində bağ sahəsi üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı mübahisələr üzrə “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” əsası cavabdeh inzibati orqanın tez-tez rastlanan imtina əsaslardan biridir. Əlbəttə mövcud məhkəmə təcrübəsi bu qəbildə olan mübahisələrdə bağ sahələrinin “sxematik xəritə ilə uyğunsuzluq təşkil etmə” əsasının vətəndaşların ziyanına şərh etmir.
24. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.
25. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir.
26. Göründüyü kimi hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.
27. Cavabdehin bağ sahəsinin nömrəsinin sxematik xəritədə əks olunmadığına istinad etsə də, məhkəmə hesab edir ki, bu halın mövcudlluğu hazırki iddia ilə iddiaçının reallaşdırmaq istədiyi mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönələ bilməz. Belə ki, bir daha qeyd olunur ki, torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçilərin mülkiyyətlərinə verilməsi DƏDKR-in vəzifələrindən biridir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1415/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020 -cu il tarixli qərarında qeyd olunmuşdur ki, “hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.”
29. Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2826/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019 -cu il tarixli qərarında da nümayiş olunmuşdur.
30. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.
31. Eyni zamanda hazırki mübahisə də olduğu kimi bir çox digər inzibati mübahisələrdə cavabdeh inzibati orqan imtina əsası kimi sxematik xəritə ilə uyğunsuzluq ifadəsi altında iddia olunan bağ nömrəsinin sxematik xəritədə göstərilməməsini nəzərdə tutur. Bununla bağlı qeyd olunmalıdır ki, kassasiya instansiya məhkəməsinin bu növ imtina əsaslarında da formalaşdırdığı mövqeyi məhz vətəndaşın xeyrinə olmuşdur. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 447/2022 saylı, xx.xx.2022-ci il tarixli; 2-1(102)-611/2020 saylı, xx.xx.2020-ci il tarixli).
32. Məhkəmə kollegiyası imtinanın digər dəlili münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, bağ sahəsinə istifadə müqaviləsinin mövcudluğu həmin əmlaka həm sahibliyi, həm də istifadəni ehtiva edir. Təbii haldır ki, bağ sahəsinə istifadə hüququna malik olan şəxs həmin istifadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş azad hərəkət etmək səlahiyyətinə malikdir. Məhkəmə hesab edir ki, həmin əmlakın hasarlanması, başqa torpaq daxilində hasarlanması, ayrıca hasarlanması, hasarlanmaması, qismən hasarlanması kimi azad seçim imkanı da istifadə hüququnun tərkib hissəsidir. Bu səbəbdəndir ki, ümumi hasarlama işlərinin aparılmaması qanuni imtina dəlili qismində qiymətləndirilə bilməz və elektron etirazda göstərildiyi kimi iddianın rəddinə əsas ola bilməz.
33. Məhkəmə kollegiyası cavabdehin imtina əsası kimi istinad digər dəlilə münasibətdə bildirir ki, halhazırda torpaq sahəsinin faktiki ölçüsünün sənəd üzrə ölçüdən çox olması hazırki iddia tələbinin təmin edilməsini istisna etmir. Çünki iddiaçının özü də iddia tələbinə münasibətdə dəqiqləşmə təqdim edərək torpaq sahəsinin yalnız sənəd üzrə göstərilən ölçüyə, daha dəqiq desək 0,12 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatını arzulayır.
34. Bu səbəbdən də Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina əsası formal xarakter daşıyır.
35. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
36. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərarın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3031/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticə hissəsi
38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3031/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.