Məhkəmə qərarları › İş №2-1(103)-3541/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3541/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3541/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10967/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1968- ci il təvəllüdlü X7, xx.xx.1973-cü il təvəllüdlü X8, xx.xx.1967-ci il təvəllüdlü X1, xx.xx.1973-cü il təvəllüdlü X8, xx.xx.2003-cü il təvəllüdlü X4 (Xəlilova) və xx.xx.2004-cü il təvəllüdlü X5 (Xəlilova) ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, ünvan 3 ünvanda iddiaçının ailə üzvləri ilə yanaşı X3, X13, X12, X14, X15 qeydiyyatdadırlar. Halbuki, qeyd olunan həmin şəxslər, yəni: - xx.xx.1968-ci il təvəllüdlü X15 qeydiyyatda olduğu ünvanda 20 ildən artıqdır ki yaşamır və Rusiya Federasiyasında öz evində yaşayır; -xx.xx.1973-cü il təvəllüdlü X13 13 ildir ki Rusiya Federasiyasında yaşamış, onun həyat yoldaşı xx.xx.1967-ci il təvəllüdlü X3 8 ildir ki Şirvan şəhərində yaşayır; X13 İİ qrup əlil kimi Dövlət tərəfindən Raman qəsəbəsində onlara ayrılmış mənzilə köçərək 2022-ci il tarixdən ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. Onların övladları - xx.xx.2003-cü il təvəllüdlü X12 (Xəlilova) 8 ildir ki Şirvan şəhərində yaşamış, ailə qurduqdan sonra ər evinə köçmüşdür və xx.xx.2004-cii il təvəllüdlü X14 (Xəlilova) 8 ildir ki Şirvan şəhərində yaşamış, ailə qurduqdan sonra ər evinə köçmüşdür. Beləliklə qeydiyyatda olan həmin şəxslər yuxarıda göstərilən digər ünvanlarda yaşamaqla özlərinin faktiki sahibliyində və istifadəsində olan müstəqil sərbəst təsərrüfatına aid evləri və əmlakları ola-ola hələ də ünvan 4 ünvanda qeydiyyatda qalmaqdadırlar. Faktiki ünvan 5 ünvanda yerləşən mənzil və bununla bağlı təsərrüfat aidiyyəti müstəsna qaydada mənim və ailə üzvlərimin sahibliyi və istifadəsindədir. Kommunal, energetik və digər ödənişlər mənim adımdan və tərəfimdən ödənilir. Əlavə olaraq qeydiyyatda olan lakin yaşamayan yuxarıda qeyd olunan şəxslərin əvəzinə əlavə kommunal və digər xəclərin ödənilməsi məcburiyyətindəyik. Həmin mənzil, iddiaçıya hələ 70-ci illərdən məxsusdur. Anası - X16 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Göstərilən ünvanda mənzilin və bununla bağlı təsərrüfatın saxlanılması, artırılması və qiymətə mindirilməsi müstəsna şəkildə şəxsən mənim vəsaitim hesabına həyata keçirilib. Göstərilən ünvanda yerləşən həmin əmlakdan, maneəsiz, fasiləsiz, müstəqil və digərilərin müdaxiləsinin aradan qaldırılması prinsipləri nəzərə alınaraq qeyd etdiyim şəxslərin həmin ünvanda qeydiyyatdan çıxarılması ilə bağlı müraciətə, iş üzrə cavabdeh - Nizami RPİ tərəfindən xx.xx.2023-ci il tarixdə. 3- 13-52/2-X-1 1028/11/23 saylı cavabla təmin edilməsindən imtina olunaraq işin məhkəmə qaydasında mübahisələndirilməsi tövsiyə edilməklə iddiaçının konstitusiya ilə müəyyən edilmiş hüquqları pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10967/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - 67 saylı MKİS-in iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, ünvan 1 ünvanında İddiaçı yaşayır və ev ona məxsusdur. Evin ona məxsus olması kommunal xərclərlə bağlı ödənişlərin aparılması, qonşuların bu işlə əlaqədar akt tərtib etməsi, İddiaçı haqlı olduğunu göstərir. Əlavə olaraq bildirirəm ki, 67 saylı MKİS tərəfindən vətəndaş İddiaçı verilmiş yaşadığı ünvana aid evin eskiz layihəsi mövcuddur. Qaldırdığı məsələnin 67 saylı məsələnin MKİSnə aid olmadığı üçün Nizami RPİ-in pasport qeydiyyat şöbəsinə müraciət etməyinizi xahiş edirik. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır. - yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; - başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; -azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasənda; -yaşayış sahəsinsən çıxardıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X2, X9, X6, X10 və X11 ünvan 1 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etməyiniz tövsiyyə olunur. - Mənzil Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS tərəfindən verilmiş 78 saylı, xx.xx.2023cü il tarixli Arayışda qeyd olunur ki, ünvan 3 ünvanında olan mənzil və mənzillə bağlı təsərrüfat sizin və ailə üzvlərinizin sahibliyi və istifadəsindədır. Kommunal, energetik və digər xərclərin ödənişlərin sizin tərəfdən ödənilməsi təsdiq edilir. Eləcə də, - xx.xx.1968-ci il təvəllüdlü X15 qeydiyyatda olduğu ünvanda 20 ildən artıqdır ki həmin ünvanda yaşamaması və Rusiya Federasiyasında öz evində yaşaması, - xx.xx.1971-ci il təvəllüdlü X13 13 ildir ki Rusiya Federasiyasında yaşaması, onun həyat yoldaşı xx.xx.1967-ci il təvəllüdlü X3 8 ildir ki Şirvan şəhərində yaşaması; - X13 İİ qrup əlil kimi Dövlət tərəfindən Raman qəsəbəsində onlara ayrılmış mənzilə köçərək 2021-ci il tarixdən ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşaması, - Onların övladları - xx.xx.2003-cü il təvəllüdlü X12 (Xəlilova) 8 ildir ki Şirvan şəhərində yaşaması, ailə qurduqdan sonra ər evinə köçməsi və xx.xx.2004-cü il təvəllüdlü X14 (Xəlilova) 8 ildir ki Şirvan şəhərində yaşaması, ailə qurduqdan sonra ər evinə köçməsi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən sözügedən ünvandakı fərdi yaşayış evi özbaşına tikili olduğundan iddiaçının həmin ünvandan şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarma tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərarın 2.3,12,13 və 17-ci bəndləri). Məhkəmə kolegiyası qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia qanunvericiliklə nəzərdə tutulmuş mümkünlük şərtlərini ödəmədiyindən inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10967/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar