Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3541/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahsına daxil edilmə” haqqında iddia tələbi barədə iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2-1(112)- 6288/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasın Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun dövlət vəsaiti hesabına daimi yaşayış mənzili ilə təmin edilməsi və eyni zamanda məni yenidən güzəştli mənzil növbəsinə daxil olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı, ehtiyatda olan hərbi qulluqçu, baş miçman-İddiaçı, Azərbaycan Respublikası Prezidentinin əmri ilə xx.xx.1999-cu il tarixində Azərbaycan Respublikasının Silahlı X1 müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdən xx.xx.2001-ci il tarixində ehtiyata buraxılmışdır. xx.xx.2002-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N sayı hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdır. Xidməti dövründə 20 il qüsursuz xidmət medalı ilə təltif olunmuşdur. «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «a» bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Komandanının xx.xx.2021-ci il tarixli 06 gm №-li əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Lakin bütün bunlara baxmayaraq, hələ də dövlət vəsaiti hesabına mənzil ilə təmin edilməmişdir. Üstəlik, daxil edildiyi mənzil növbəsindən də qanunsuz olaraq çıxarılmışdır. Belə ki, ehtiyata buraxıldıqdan sonra qanunvericiliyə uyğun olaraq, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, xx.xx.2021-ci il tarixindən etibarən yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır və ehtiyatda olan baş miçman kimi güzəştli mənzil növbəsinə daxil edilmışdir. Lakin 2022-ci il may ayında Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsindən ona zəng edib bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci tarixli 1476 nömrəli Fərmanına əsasən, «silahlı qüvvələrdə» sözləri «Azərbaycan Ordusunda» sözləri ilə əvəz edilmişdir və buna görə də Sərhəd Qoşunlarında xidmət etdiyi dövr onun 20 illik qüsursuz xidmət dövrünə daxil edilmir. Bu səbəbdən onu mənzil növbəsindən çıxarıblar. Halbuki, həmin fərman artıq o, ordu sıralarından ehtiyata buraxıldıqdan sonra çıxarılmış və qüvvəyə minmişdir. Bundan əlavə, söz birləşməsinin dəyişməsi onun mahiyyətini dəyişmir və onun silahlı qüvvələrin tərkib hissəsi olan Azərbaycan Ordusunda qüsursuz xidmət etməyi faktına əsla dəlalət etmir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və cavabdeh Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddiаçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, adının mənzillə təmin edilməli hərbi qulluqçular siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, , Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı Azərbaycan Ordusunda 20 il təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi məsələsini tənzim edir. İddiaçı Azərbaycan Ordusunda 20 təqvim ilindən az yəni, 08 fevral 2002-03 iyul 2021, 19 il 04 ay 25 gün xidmət etmişdir. Beləliklə də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən iddiaçı Azərbaycan Ordusu sıralarında 20 təqvim ili xidmətə malik deyildir. Bakı İnzibati Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2-1(112)- 6288/2024 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2-1(112)- 6288/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Xətai Rayon İcra Hakimiyyəti başçısının 324 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamından çıxırışın surətindən görünür ki, İddiaçı 3 nəfər (özü, arvadı,qızı) ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil növbəsinə alınması və ehtiyatda olan baş miçman kimi güzəştli mənzil növbəsinə daxil edilməsi qərara alınmışdır. - Vəsiqələrin surətlərindən görünür ki: Miçman rütbəli İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 061t nömrəli, xx.xx.2008ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı ilə təltif edilmişdir. Miçman rütbəli İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 047t nömrəli, xx.xx.2012ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif edilmişdir. Miçman rütbəli İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0100t nömrəli, xx.xx.2013-cü il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə təltif edilmişdir. Miçman rütbəli İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0107t nömrəli, xx.xx.2017-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalla təltif edilmişdir. Gizir rütbəli İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0168t nömrəli, xx.xx.2018-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir. Baş miçman rütbəli İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 091t nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş : Hərbi Dəniz Qüvvələrinin Komandanının xx.xx.2021-ci il tarixli 06 gm №-li əmrindən çıxarışdan görünür ki, baş miçman İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi qulluqçunun xidmət illərinin hesablanması barədə cədvəldən görünür ki, baş miçman İddiaçı xidmət müddəti 20 il 09 ay olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı haqqında” Əsasnamə Bənd İ. «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmət keçmə haqqında» Əsasnamə Maddə 164. Həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Fərmanın 2-ci hissəsində dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Fərmanın 3-cü hissəsində Komissiyaya tapşırılır: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti nəzərə alınsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etməlidir. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnaməsi 1.”Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər.
2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Hazırkı işin hallarından görünür ki, iddiaçı 08 fevral 2002-03 iyul 2021, 19 il 04 ay 25 gün Azərbaycan Ordusunda xidmət etmişdir. Hərbi Dəniz Qüvvələrinin (HDQ) Komandanının xx.xx.2021-ci il tarixli 06 gm №-li əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hərbi xidmət dövründə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medallarla təltif olunmuşdur. Cavabdeh inzibati orqanın dəlili kimi qeyd edilmişdir ki, iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrdə silahlı qüvvələrdə (Sərhəd Qoşunlarında) keçdiyi həqiqi hərbi xidmətin sözügedən fərmana edilmiş dəyişikliyə əsasən onun 20 illik qüsursuz xidmət dövrünə daxil edilməməsidir. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin ““Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının ““silahlı qüvvələrdə” sözlərinin “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilməsi” hissəsinin hazırkı mübahisəyə tətbiqi ilə bağlı imtinanın (etirazın) dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin ”a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) və 164-cü maddəsinin müvafiq bəndinə uyğun olaraq (Hərbi geyim formasını daşımaq hüququ verilməklə) ordu sıralarından ehtiyata buraxılmışdır. Nəzərə almaq lazımdır ki, silahlı qüvvələrdə xidmət müddətinin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2021-ci il tarixdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən sonra, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanla qanunvericiliyə əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin normaların hazırkı mübahisəyə münasibətdə tətbiqinin mümkünlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri və qeyd edilən normaların iddiaçının hüquqi statusuna təsiri nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımdan 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz. Göründüyü kimi iddiaçının hazırkı tələbi əsaslıdır. Həmçinin qeyd edilməlidir ki, oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Ali Məhkəmənin 2-1(102)-357/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xidmətinin 20 ilindən sonra Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə təltif edilmişdir. Nəzərə alınmalıdır ki, hərbi qulluq dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur. Bu isə öz növbəsində onların sosial təminat hüququnda, o cümlədən mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququnun təsbit edilməsi ilə öz əksini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2-1(112)- 6288/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2-1(112)-6288/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.