Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3543/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri siyahısından çıxarılma və qərarın ləğvi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən hakim və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri siyahısından çıxarılma və qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3647/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı gəlir vergisi ödəyicisidir. Belə ki, iddiaçının gəlir vergisi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müraciətləri əsasında bildirilmişdir ki, onun uçot-baza məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən gəlir vergisi üzrə aktiv mükəlləfiyyətinin olduğu müəyyən edilmişdir.
2. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********109700 nömrəli qərara əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2022- xx.xx.2023cü il tarixdə cəmi 109.7 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Şayba x20, Kəpənək probka, Şlanq N 50 və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuş, vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
3. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023- cü il tarixli **********120800 nömrəli qərar ilə İddiaçı kameral yoxlama nəticəsində 2022-ci il üçün əlavə 19.700,16 manat gəlir vergisi məbləği hesablanmışdır.
4. İş materiallarına gəlir vergisinin bəyənnamaləri, NKA üzrə kassa əməliyyatları (onlayn kassa), sadələşdirilmiş verginin bəyannamələri, sədələşdirilmiş verginin bəyannaməsinə əlavələr və vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumat, çoxsaylı qaimələr, şəxsi hesab vərəqəsi əlavə edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 29 mart 2023-cü il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” və “Hesablanmış vergilərinin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi” barədə 11 sentyabr 2023-cü il tarixli qərarları ləğv edilməsini xahiş etmişdir.
6. Tələb onunla əsaslandırılmışdır ki, qərarlar əsassız olmaqla yanaşı iddiaçının əlavə vergi məsuliyyətinə cəlb olunmasına səbəb olduğundan, həmin qərarlar ləğv edilməlidir. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan iddiaçını riskli vergi ödəyicisi kimi hesab etsə də, onun tərəfindən hansı əməliyyatların riskli olduğunu əsaslandıra bilməmiş, ümumiyyətlə formal əsaslara söykənərək iddiaçını riskli vergi ödəyicisi hesab etmiş və onu əlavə məsuliyyətə cəlb etmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə, vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanın qərarlarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal formada hazırlanmışdır. İddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə qərarın əsassız olması ilə yanaşı, həmçinin onun barəsində qəbul edilmiş 11 sentyabr 2023-cü il tarixli qərarın əsassız olmağından da söhbət açılmalıdır. Belə ki, həmin qərar ilə 2022-ci ilin gəlir vergisi ilə bağlı keçirilmiş kameral vergi yoxlaması nəticəsində iddiaçıya 19.700 manat məbləğində əlavə vergi hesablanmışdır, iddiaçı həmin vergi məbləğini hesablayarkən iddiaçının riskli vergi ödəyicisi olduğunu nəzərə almış, eyni zamanda alınan mallar ilə bağlı alış aktının olmadığına əsaslanmışdır. Halbuki, cavabdeh iddiaçı tərəfindən alınan malların Bakı Sədərək Ticarət Mərkəzindən alındığını, həmin malların alınmasını təsdiq edən qaimə fakturaların olduğunu nəzərə almamış, bununla da iddiaçını əlavə vergiyə cəlb etmişdir. Bundan başqa qeyd olunur ki, qanunvericilikdə malların vergi orqanında qeydiyyatda olmayan fiziki şəxslərdən almasını qadağan edən və ya məhdudlaşdıran hər hansı hüquq norması mövcud deyildir. (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-854/2023 saylı qərarı) Başqa sözlə desək hazırki halda hətta, hətta alış aktının və ya elektron qaimə-fakturanın olmaması belə vəziyyəti iddiaçının ziyanına dəyişmir. Çünki, iddiaçının malların aldığı fiziki və ya hüquqi şəxslər ilə arasında qaimə fakturalar mövcuddur. Hesab edir ki, həmin qərar əsassız olduğundan və iddiaçını əlavə məsuliyyətə cəlb etdiyindən ləğv olunmalıdır.
7. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, hazırda mübahisə predmetini təşkil edən qərarlar vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi və bununla əlaqədar ona hesablanmış kameral vergi məbləği ilə bağlıdır. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Belə ki, sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1 -ci və 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq riskli vergi ödəyicisi hesab olunmuş və bununla bağlı xx.xx.2023-cü il tarixli **********109700 nömrəli Qərar qəbul olunaraq göndərilmişdir. Həmin qərarda xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə ümumilikdə 109,7 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Şayba x20, kəpənək probka, şlanq N 50 və s." qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında və idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Təhlil zamanı vergi ödəyicisinin cari tarixədək riskli əməliyyatlarla əlaqədar təqdim etdiyi qaimə-fakturaları ləğv etmədiyi, o cümlədən əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarılmadığı aşkar edilmişdir. İddiaçı öz ərizəsində yuxarıda qeyd olunan halları formal əsaslar adlandırsa da, qeyd olunan əsaslar Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda öz əksini tapdığından heç bir formallıqdan söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçı tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Kameral hesablamaya münasibətdə isə bildirilmişdir ki, iddiaçının riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə baxmayaraq, onun tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Bildirilmişdir ki, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Qeyd olunanlarla əlaqədar vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********460500 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat (təsdiqedici sənədlər) və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən 2022-ci il üçün 19700,16 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********120800 nömrəli Qərar qəbul olunmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3647/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
9. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3647/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdehin apellyasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları birinci instansiya məhkəməsində təqdim etdiyi yazılı etirazın mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək Bakı İnzibati Məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
14. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Vergi Məcəlləsi
Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ...13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; (15 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13.2.82-ci maddənin birinci cümlədə “meyarlara” sözü “risk meyarlarına” sözləri ilə əvəz edilmişdir və həmin cümlədən “, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan” sözləri çıxarılmışdır və ikinci cümlə yeni redaksiyada verilmişdir.) Maddə 37. Kameral vergi yoxlaması 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 109. Gəlirdən çıxılmayan xərclər ... 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 109.9-cu maddədən “və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır” sözləri çıxarılmışdır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: bənd 1.3. riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. bənd 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. MƏHKƏMƏNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir.
20. Mübahisənin yaranmasının səbəbi vergi ödəyicisi tərəfindən xx.xx.2022xx.xx.2023-cü il tarixlərdə ümumilikdə 109,7 min manat dəyərində təqdim edilmiş qaiməfakturalar üzrə "Şaybax20, kəpənək probka, şlanq №50 və s." qeyd olunmasına baxmayaraq, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların (iş, xidmət) müəyyən edilməməsidir.
21. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı təqdim etdiyi bəyannamədə hesabat dövrünün 28.336,98 manat zərərlə başa vurduğunu bəyan etmişdir. İddiaçının qeyd edilən dövr üzrə daxil olmasının 103.593,80 manat olması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Cavabdeh qurum gəlirin əldə edilməsi ilə bağlı yalnız 5092,98 manat xərci nəzərə almış (gəlirdən çıxılan xərc), belə olan təqdirdə vergiyə cəlb olunan gəlir 98500,82 manat olmaqla mübahisələndirilən qərarla cəmi 19700,16 manat gəlir vergisi (98500,82x20%) hesablanmışdır.
22. Şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı tərəfindən qeyd edilən dövrdə cəmi 4443,30 manat gəlir vergisi, 1795 manat sadələşdirilmiş vergi, cəmi 6238,30 manat ödəmiş (ödəmə mənbəyində vergi nəzərə alınmadan), 431,87 manat artıq ödəmə məbləği mövcuddur.
23. İddiaçı isə əldə etdiyi gəlirlərlə bağlı xərc sənədlərini təqdim edə bilməmiş, gəlir vergisi bəyannaməsində vergi öhdəliyini bəyan etməmiş, buna baxmayaraq ödəmə mənbəyində vergi nəzərə alınmadan hesabat dövründə cəmi 6238,30 manat olmaqla gəlir vergisi və sadələşdirilmiş vergi ödəmişdir.
24. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********120800 nömrəli qərarına əsasən kameral yoxlama nəticəsində əlavə hesablanmış gəlir vergisi məbləği 19.700,16 manatdır.
25. Vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində 103.593,80 manat gəlirin 2.494 manat hissəsi malların təqdim edilməsindən, 101.099,80 manat hissəsi isə işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirdir. Odur ki, iddiaçı tərəfindən məhz xidmət göstərilmişdir, digər tərəfdən təqdim edilən mal və xidmətin xüsusiyyəti nəzərə alınaraq əldə edilmiş xammal əsasında hazırlanıb təhvil verilməsinin mümkünlüyü cavabdeh tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda iddiaçının təqdim etdiyi xidmət nəticəsində gəlirini qəbul etdiyi təqdirdə, həmin xidmətin göstərilməsi nəticəsində xərclərin çəkilməsinin mümkünlüyünü nəzərə almamışdır.
26. Hesablanmış verginin qanuniliyinin qiymətləndirilməsindən öncə məhkəmə kollegiyası riskli vergi ödəyiciləri və onlarla aparılan qarşılıqlı əməliyyatların hüquqi nəticələrinin qanunvericiliyin normaları baxımından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2208/2023 saylı xx.xx.2023-cü il tarixli iş üzrə verdiyi təhlilini zəruri hesab edir.
27. Həmin qərarda qeyd edildiyi kimi, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.
28. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir.
29. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
30. Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir.
31. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur.
32. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. (mübahisələndirilən qərar qəbul edildiyi vaxt qüvvədə olan redaksiyada)
33. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
34. Cavabdehin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələrinin tələblərinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz.
35. Məhkəmə kollegiyası vurğulayır ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına görə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir.
36. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir.
37. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir.
38. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır.
39. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir.
40. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
41. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
42. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
43. Hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir.
44. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
45. Digər tərəfdən vergi məsuliyyəti müəyyən edən qərara münasibətdə cavabdehin dəlilləri ondan ibarətdir ki, iddaçı gəlirlərin və xərclərin uçotunu aparmadığı üçün mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faiz güzəşt hüququndan istifadə edə bilməz. Belə ki, bu (avtomatik olaraq) onunla şərtlənir ki, ödəyicisi riskli vergi ödəyicisihesab olunmuşdur. Cavabdeh bildirir ki, mikro sahibkarlıq subyekti olan fərdi sahibkara münasibətdə müvafiq güzəşt hüququndan məhrum olma riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın nəticəsidir.
46. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, normaların təhlilinə əsasən riskli vergi ödəyicisi hesab olunma birmənalı olaraq ödəyicinin gəlirlərin və xərclərin uçotunu aparmadığını şərtləndirmir. Odur ki, həmin qərarın nəticəsində əlavə araşdırma aparmadan (avtomatik olaraq) ödəyicisinin qeyd edilən güzəşt hüququndan məhrum edilməsi qanuni hesab edilə bilməz. İddiaçı hesabat dövründə gəlir vergisi ödəyicisi olsa da, ödəyici tərəfindən (yanlışlıqla) ödənilmiş sadələşdirilmiş vergi, eləcə də gəlir vergisi cavabdeh tərəfindən nəzərə alınmamış, bu isə iddiaçı üçün əlavə vergi öhdəliyi yaratmışdır. Halbuki vergi orqanı tərəfindən iddiaçının vergiyə cəlb olunan gəliri 98500,82 manat olmaqla nəzərə alındığı və mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faiz güzəşt hüququ tətbiq edildiyi təqdirdə iddiaçının vergi öhdəliyi 4.925,04 manatdan çox təşkil etməməli (98.500,82 manat-75%=24.625,20 manat; 24.625,20 manat x20%=4.925,04 manat) idi. Vergi orqanı nəzərə almamışdır ki, iddiaçı tərəfindən müvafiq bəyannamədə göstərilməsə belə, 4443,30 manat gəlir vergisi və 1795 manat sadələşdirilmiş vergi (sadələşdirilmiş vergi ödəyicisi olmamasına baxmayaraq), cəmi 6238,30 manat ödəmişdir. Belə olan təqdirdə, iddiaçıya münasibətdə əlavə hesablama ədalətli hesab edilə bilməz.
47. Məhkəmə həm də düzgün olaraq onu nəzərə almışdır ki, məhkəmə araşdırmasının gedişində (məhkəmənin hüquqi yardımı əsasında) iddiaçı tərəfindən 2022ci hesabat ili üçün (rüblər üzrə) dəqiqləşdirilmiş sadələşmiş vergisi bəyannaməsi (0) təqdim edilmiş, lakin buna baxmayaraq, hesablanmış gəlir vergisi məbləğində hər hansı dəyişiklik baş verməmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurum iddiaçının gəlir və xərclərinin uçotunun aparılmamasını sübut edən hər hansı dəlil təqdim etməmişdir. Əksinə, e-qaimə əsasında iş və xidmət təqdim edir, vergi orqanına hesabatlarını verir. Digər tərəfdən mikro sahibkarın riskli hesab olunması nəticəsində avtomatik olaraq onun vergi güzəştlərindən məhrum edilmiş hesab edilməsinə dair hər hansı müddəa yoxdur. Təsadüfi deyildir ki, həmin maddəyə (102.1.30) edilmiş dəyişiklik nəticəsində də maddənin tətbiqi şərtləri konkretləşdirilmiş, vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda həmin maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmədiyi qeyd edilmişdir.
49. Təqdim edilmiş hesabatlara əsasən müəyyən edilir ki, iddiaçı hesabatlarının təqdim edilməsində və vergi mükəlləfiyyətlərinin icrasında yanlışlığa yol vermiş, bu isə onun vergi güzəştindən məhrum edilməsinə əsas ola bilməz. Odur ki, iddiaçının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparmayan mikro sahibkar olması cavabdeh tərəfindən sübut edilməli olan haldır.
50. Analoji iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 19 yanvar 2024-cü il tarixli 2-1(102)- 10/2024 nömrəli Qərarındakı hüquqi mövqeyinə görə: “28. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, cavabdeh heç bir nəzarət tədbiri ilə aşkar etmədiyi halda, iddiaçının mal aldığı əməliyyatı əmtəəsiz əməliyyat kimi qiymətləndirmişdir. Cavabdeh tərəfindən bu yanaşmanın əsası kimi mal satan "xxxx" MMC- nin mülkiyyətində həmin malın olmadığına istinad edilmişdir. İddiaçı mal alarkən ona mal satan şəxsin həmin malı hansı qaydada aldığına dair heç bir məlumat almaq imkanına malik deyil. Həmçinin belə məlumatlar satıcının kommersiya sirrini təşkil edir və yalnız könüllü şəkildə təqdim oluna bilər. Nəzərə alınmalıdır ki, cavabdeh vergi orqanı əməliyyatın əmtəəsiz olduğuna istinad etmək üçün, həmin əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməlidir. Yalnız satıcının mülkiyyətində həmin malın olmaması əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli sayıla bilməz. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. ...Bundan başqa, cavabdeh əməliyyatı əmtəəsiz hesab edərək iddiaçının 18704 manat həcmində xərcini bəyannamədən silsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır və bu da, həmin yanaşma ilə ziddiyyət təşkil edir. Əgər əməliyyat əmtəəsizdirsə, onda gəlirin də formalaşmadığı nəzərə alınmalıdır. ...Məhkəmələr tərəfindən iddia təmin edilərkən yalnız iddiaçı ilə "xxxx" MMC arasında əməliyyatın sonuncunun riskli vergi ödəyicisi qrupunda olmadığı zaman aparıldığına istinad edilmişdir. Halbuki əməliyyatın əmtəəsiz hesab olunması şəxsin riskli vergi ödəyicisi qrupunda olub-olmamasından asılı deyildir. Belə ki, iddiaçı riskli vergi ödəyicisi qrupunda olan şəxslə də alqı-satqı əməliyyatı apara bilər və bu zaman həmin əməliyyatın da real olması istisna edilə bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə cavabdeh əməliyyatın əmtəəsiz olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. ...Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə görə, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh hazırkı mübahisəyə münasibətdə əməliyyatı əsassız olaraq əmtəəsiz hesab etsə də, bu yanaşmasına uyğun normanı tətbiq etməmiş, gəlirdən çıxılmalı məbləği bazar qiyməti və əlaqəli məlumatlar əsasında müəyyən etməmişdir (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2208/2023 nömrəli qərarı).”
51. Digər analoji iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli 2-1(102)-2195/2023 nömrəli qərarındakı hüquqi mövqeyinə görə “31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya təqdim edilmiş elektron qaimə üzrə iddiaçının vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəricilərindən fərqli mal çeşidlərinin göstərilməsi və yaxud iddiaçının əməliyyat apardığı müəssisənin iddiaçıya satdığı malların onun aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması, eləcə də həmin müəssisə tərəfindən təsdiqedici sənədlərlə alınmamış malların satıldığının müəyyən edilməsi səbəbilə əməliyyatın riskli hesab edilməsi iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır.”
52. Göründüyü kimi mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, apellyasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
53. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Apellyasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
54. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətin dəlilləri mahiyyətcə iddiaya etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də etirazın dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı məhkəmənin araşdırmaları yetərli hesab olunur. Bundan başqa, hazırkı iş üzrə məhkəmə qərarının ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
55. Yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hazırki inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir.
56. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
57. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3647/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Məhəmməd Rüstəmli Pərviz Hüseynov