Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3544/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7454/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə soyadının “Qafarlı”dan “Mirqafarlı”ya dəyişdirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı soyadının Qafarlıdan Mirqafarlıya dəyişdirilməsi ilə bağlı Xətai rayon Qeydiyyat şöbəsinə müraciət edərək soyadının dəyişdirilməsini xahiş etmişdir. Lakin Xətai rayon qeydiyyat şöbəsi tərəfindən müraciətindən heç bir qanuni əsas olmadan xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir. Cavabdehin bu hərəkəti qanunsuzdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələbinə görə 18 yaşma çatmış Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını dəyişdirmək hüququna malikdirlər. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-7454/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı soyadının “Qafarlı”dan “Mirqafarlı”ya dəyişdirilməsi üçün cavabdeh Xətai rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müraciətin kifayət qədər əsasının olmaması səbəbindən təmin edilməmişdir. Cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir, iddiaçının artıq 18 yaşı tamam olmuşdur və Ailə Məcəlləsinə əsasən onun soyadını dəyişmək hüququ vardır. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı normalar qanuni maraq olduğu təqdirdə hər kəsin prinsip olaraq bu hüquqa malik olduğunu təsbit edir. Buna görə, müvafiq qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla, adın, ata adının və soyadın dəyişdirilməsini (o cümlədən növbəti dəfə) tələb edə bilər. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları bunu istisna edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə iddiaçının bildirdiyi Mirqafar soyadının əvvəllər onun ulu babasına məxsus olubolmaması hissəsini, Qafarov soyadının SSRİ-i dövründə soyad sonluğuna ov-yev əlavə edilərkən həmin şəxsin adının sonluğuna əlavə edilməklə tətbiq edilib-edilməməsi hissəsini ümumiyətlə araşdırmamışdır. Bundan başqa, məhkəmə cavabdeh orqanın nə qədər şəxsin soyad dəyişikliyinə müsbət cavab veribverməməsini də araşdırmamışdır. Mirqafar iddiaçının babasının babası olmuş və nəsillər arası qohumluq dərəcəsi bu şəkildə olmuşdur: Mirqafar - X3 (xx.xx.1917-xx.xx.1986) - X4 (xx.xx.1944-xx.xx.2018) - X5 – İddiaçı. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bakı İnzibati Məhkəməsi sübutları tam və hərtərəfli araşdırmadan yekun qərar qəbul etmişdir. Məhkəmə iddia tələbinin rədd edilməsi əsasını qərarın 5-ci səhifəsinin 8-ci abzastında qeyd edir ki, “Mirqafarlı” soyadı nəsillərində olmamışdır, Mirqafar babasının babası olmuşdur. Yəni məhkəmə belə hesab edir ki, iddiaçı yalnız köhnə soyadlardan birini istifadə edə bilər. Ancaq Azərbaycan ərazisində ilk soyadlar SSRİ dövründə, 20-ci əsrdə və şəxsin adının sonluğuna ov-yev artırılaraq tətbiq edilmişdir. İddiaçı öncəki nəsillərdə də, yalnız Qafarlı soyadı olmuşdur ki, həmin soyadın kökü də, iddiaçının babasının babası olan Mirqafar adında şəxsə dayanmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Sizin soyadınızın “Qafarlı”-dan “Mirqafarlı”-ya dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən ərizənizin qeydiyyat şöbəsində icrası mümkün deyil. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci ildə verilmiş AZ-T seriyalı 064886 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2005ci ildə Bakı şəhərində doğulmuşdur, atası X7, anası X2r (doğum akt qeydinin təsdiq edilmiş surəti Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə təqdim edilmişdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 190.1. Ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»: 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2005-ci ildə Bakı şəhərində doğulmuşdur. İddiaçının ilkin doğum haqqında akt qeydində soyadı “Qafarlı” qeyd edilmiş, onun atasının soyadı “Qafarlı” (“Qafarov”) və anasının soyadı “Qafarlı” (“Qafarova”) qeyd edilmişdir. İddiaçı soyadının “Qafarlı”dan “Mirqafarlı”ya dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericilik normaları uşağın soyadının, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilməsini, valideynlərin soyadları müxtəlif olduqda, onların razılığı ilə atanın və ya ananın soyadının verilməsini nəzərdə tutur. Hazırki halda iddiaçının soyadı valideynlərinin soyadına uyğundur. İstər inzibati icraat, istərsə də məhkəmə araşdırması zamanı iddiaçı tərəf soyadının dəyişdirilməsinin zəruriliyi və əsasları ilə əlaqədar yetərli sübutları məhkəməyə təqdim edə bilmədi. Cavabdeh tərəfindən iddiaçının bu istiqamətdə qanunla qorunan hər hansı hüquqları pozulmamış, onun mənafeyinə zidd hərəkət edilməmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7454/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.