Məhkəmə qərarları › İş №2-1(103)-3548/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3548/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3548/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs AR Fövqəladə Hallar Nazirliyi) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(112)-321/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 2/179 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və Həmkarlar Komitəsinin birgə iclasının 11 noyabr 1999-cu il tarixli 15B1 saylı protokoluna əsasən “Bahar” bağçılıq təsərrüfatının Buzovna qəsəbəsində yerləşən 2/179 saylı bağ sahəsinin İddiaçı adına müvafiq qaydada keçirilməsi və ona bağçılıq birliyinin üzvlük biletinin verilməsi qərara alınmışdır. xx.xx.1999-cu il tarixdə verilmiş 303 nömrəli üzvlük biletinə əsasən iddiaçı H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinin üzvüdür və ona ümumi sahəsi 0.12 ha olan 2/179 nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Həmin bağ ərazisində digər şəxslərin adına çıxarışlar verilmişdir. İddiaçının bağ sahəsi bağçılığın ərazisinin daxilindədir, həmin yerlər neftin ərazisinə daxil deyil, yaşayış məntəqəsidir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının idarəyə Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 2/179 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müraciətləri daxil olmuşdur. Aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, idarəyə təqdim edilmiş müvafiq bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən, göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. Həmçinin təqdim olunmuş sənədlərə əsasən sözügedən bağ sahəsinin ölçüsü sənədlə 1000,0 kv.m təşkil etsə də, faktiki olaraq 2033,0 kv.m bağ sahəsi istifadə edilməkdədir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2-1(112)-1411/2021 nömrəli qərardadı ilə AR Fövqəladə Hallar Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(112)-321/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.(hakim: P.Hüseynov) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı müvafiq bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən, göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsi X2 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 2/179 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizənizə tərəfimizdən baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, bağ sahəsinə dair idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmçinin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 2/179 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı **********30 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, məhkəmənin sorğusuna əsasən aparılmış araşdırma ilə müəyyən olunmuşdur ki, UTM WGS 84 koordinat sistemində X -423631,40; 423610,45; 423639,15; 423662,51; Y -4485064,00; 4485120,02; 4485131,85; 4485077,04 koordinatlar daxilində olan sözügedən 1933 kv.m torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 208 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamı ilə SOCAR-dan geri alınmış ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin quyuların elektron məlumat bazası üzrə aparılmış yoxlamalar nəticəsində müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsinin yaxınlığında Buzovna-Maştağa yatağında qazılmış xeyli sayda ləğv olunmuş neft-qaz quyuları mövcuddur. Lakin hal-hazırda bu quyuların üzərində müxtəlif şəxslər tərəfindən yaşayış evləri tikildiyi üçün, həmin quyuları yer səthində müşahidə etmək mümkün deyildir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli, 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 300 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Hesab edilir ki, qanunvericiliyin qeyd olunan tələbinin və vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə, iddiaya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumu münasibət bildirməlidir. İş materiallarında olan “X6 və Ekspertiza Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 89 nömrəli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar iddiaçının iştirakı ilə yerində məktuba əlavə edilmiş sənədlərə əsasən araşdırılmışdır. Naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirilmiş və dəqiqləşmə zamanı H.Z.Tağıyev adına “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının məktuba əlavə edilmiş sxeminə əsasən həmin təsərrüfatın sərhədlərinin naturada haradan keçdiyini müəyyən etmək mümkün olmadığından 2/179 saylı bağ sahəsinin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. Eyni zamanda araşdırma zamanı o da müəyyən olundu ki, “Bahar” bağçılıq-yoldaşlıq adı ilə bu iş üzrə mübahisələndirilən torpaq sahəsinin 9,5 metrliyində, 117 metrliyində, 114 metrliyində və 128 metrliyində yerləşən 5 ədəd bağ sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ayrı-ayrı şəxslərin adına Dövlət qeydiyyatına alınmışdır. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: 1. H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 2/179 saylı bağ sahəsinin koordinatları müəyyənləşdirildi, həmin koordinatlar rəyə əlavə edilmiş sxemdə qeyd edilir. 2. H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının hüdudlarını dəqiqləşdirmək mümkün olmadığından, Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 2/179 saylı bağ sahəsinin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda və ya ayrıc aktının daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. (Sxem rəyə əlavə edilmişdir). İş materiallarında olan xx.xx.1999-cu il tarixdə verilmiş 303 nömrəli üzvlük biletinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinin üzvüdür (bağ sahəsi 2/179 nömrəli, bağın ümumi sahəsi 12 sot). İş materiallarında olan H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və Həmkarlar Komitəsinin birgə iclasının 11 noyabr 1999-cu il tarixli 15B1 saylı protokolundan çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Bahar” bağçılıq təsərrüfatının sədrinə Buzovna qəsəbəsində yerləşən X4 adına olan 2/179 saylı bağ sahəsinin onun adından çıxarılmasının və üzvlük biletinin ləğv edilməsinin tapşırılması, həmin sahənin İddiaçı adına müvafiq qaydada keçirilməsi və ona bağçılıq birliyinin üzvlük biletinin verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2729 nömrəli ekspert rəyindən görünür ki, aparılmış tədqiqatla və o cümlədən mülki iş materiallarında olan məlumatlara əsasən müəyyən edilmişdir ki, H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 2/179 saylı bağ sahəsinin GPS aləti vasitəsi ilə koordinatları qeydə alınaraq kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirilmişdir. Həmin koordinatlar aşağıdakılardır: X - 423612.19; 423621.63; 423621.16; 423641.49; 423665.28; 423633.31. Y - 4485120.19; 4485124.45; 4485125.92; 4485133.37; 4485076.85; 4485064.56. H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının məktubuna əlavə edilmiş sxeminə əsasən həmin təsərrüfatın sərhədlərinin naturada haradan keçdiyini müəyyən etmək mümkün olmadığından 2/179 saylı bağ sahəsinin “Bahar” bağçılıqyoldaşlıq təsərrüfatının hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Ümumilikdə həmin ərazi yaşayış massivi kimi istifadədir. Xüsusi proqram vasitəsilə ərazi öyrənilərkən müəyyən edilmişdir ki, həmin ərazilərdə dövlət reyestrində qeydə alınaraq çıxarış verilmiş bağ sahələri mövcuddur. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 2/179 saylı bağ sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və müəyyən etmişdir ki, H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və Həmkarlar Komitəsinin birgə iclasının 11 noyabr 1999-cu il tarixli 15B1 saylı protokoluna əsasən “Bahar” bağçılıq təsərrüfatının Buzovna qəsəbəsində yerləşən X4 adına olan 2/179 saylı bağ sahəsinin onun adından çıxarılması və üzvlük biletinin ləğv edilməsi, həmin sahənin İddiaçı adına müvafiq qaydada keçirilməsi və ona bağçılıq birliyinin üzvlük biletinin verilməsi qərara alınmışdır. xx.xx.1999cu il tarixdə verilmiş 303 nömrəli üzvlük biletinə əsasən iddiaçı H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinin üzvüdür və ona ümumi sahəsi 0.12 ha olan 2/179 nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 208 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamı ilə SOCAR-dan geri alınmış ərazilərin hüdudları daxilində yerləşir. Eyni zamanda məhkəmə qeyd edir ki, arxiv sənədlərinin təhvil verilib-verilməməsi, texniki sənədlərin (sxem, ayrıc aktı və s.) olmaması kimi məsələlərə iddiaçı cavabdehlik daşımır. Qeyd olunan hallar iddiaçının təqsiri deyil, həmin məsələlər inzibati orqanlar tərəfindən yerinə yetirilən vəzifələrə aiddir. İş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edildi ki, H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıqyoldaşlıq təsərrüfatı Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 2/179 saylı bağ sahəsinin koordinatları dəqiqləşdirilmişdir, H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının məktubuna əlavə edilmiş sxeminə əsasən həmin təsərrüfatın sərhədlərinin naturada haradan keçdiyini müəyyən etmək mümkün olmadığından 2/179 saylı bağ sahəsinin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır, həmin ərazi yaşayış massivi kimi istifadədir, həmin ərazilərdə dövlət reyestrində qeydə alınaraq çıxarış verilmiş bağ sahələri mövcuddur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, qeyd olunan bağçılıq-yoldaşlığın ərazisində eyni protokoldan çıxarış və üzvlük biletlərinə əsasən bağ sahələrinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və çıxarışlar verilmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan bağ sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə, bağçılıqyoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən qeyd olunan protokol, üzvlük kitabçası və digər sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmin sənədlər isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin mahiyyətcə etirazda göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanunvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və Həmkarlar Komitəsinin birgə iclasının 11 noyabr 1999-cu il tarixli 15B1 saylı protokoluna əsasən İddiaçı “Bahar” bağçılıq təsərrüfatının Buzovna qəsəbəsində yerləşən 0.12 ha olan 2/179 nömrəli bağ sahəsinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsi və həmin bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın imtina məktubunda, eləcə də apellyasiya şikayətində göstərdiyi dəlillər iş materialları ilə öz təsdiqini tapmamaqla təkzib olunur və eyni zamanda cavabdeh orqan göstərdiyi dəlillərlə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il tarixli Qərar) Məhkəmə kollegiyası qeyd edir ki, Bahar” bağçılıq təsərrüfatının Buzovna qəsəbəsindəki bağlar sahəsindəki H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və Həmkarlar Komitəsinin birgə iclasının 11 noyabr 1999-cu il tarixli 15B1 saylı protokoluna əsasında 0.12 ha olan 2/179 nömrəli bağ iddiaçıya ayrılmış və iddiaçı tərəfindən hər hansı formada qanunsuzluğa yol verilməmiş, iddiaçı isə qanuni əsaslarla ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Həmin sahəyə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamış, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və Həmkarlar Komitəsinin birgə iclasının 11 noyabr 1999-cu il tarixli 15B1 saylı protokolu yuxarıda qeyd edilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. İddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq torpaq sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Qeyd olunan protokol hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1-ci maddəsində nəzərdə tutulmuş lazımi sənədləri cavabdeh inzibati orqana təqdim etsə də, sonuncu imtinasında formal mülahizələrə istinad edərək heç bir qanuni əsas olmadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.1 və 19.2-ci bənd). Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(112)-321/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar