Məhkəmə qərarları › İş №2-1(103)-355/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-355/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-355/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Bakı şəhəri Xəzər rayon Şöbəsinə qarşı düzgün hesablanmamış pensiyasının qanunun tələblərinə uyğun yenidən hesablanmasının cavabdehə həvalə edilməsinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-3347/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından (hakim Etibar Mustafayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Bakı şəhəri Xəzər rayon Şöbəsinə qarşı “ona təyin olunmuş pensiyanın düzgün hesablanmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya DSMF-nin Bakı şəhəri Xəzər rayon şöbəsində xx.xx.2008-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Ümumi iş stajı 43 il 11 ay x 1,94 = 2006-2008 – sığorta kapitalı 11,01 manat. 2004-2005-ci illərin orta aylıq əmək haqqı – 160 manat. Pensiya təyin edən komissiyanın qərarı ilə pensiyası orta aylıq pensiyanın 85 %-i ilə hesablanmalı olduğu halda, (160 - 85%-i = 136,26 manat) şöbənin pensiya təyin edən komissiyasının qərarı ilə və icraçı Əsli Məmmədhüseynovanın iştirakı olmaqla onun pensiyası 251,62 (b/h 75,0 + s/h 65,61 + y/h 11,01) manat hesablanmışdır. Pensiyanın qanuna uyğun yenidən hesablanması üçün cavabdeh inzibati orqana ərizə və teleqramla müraciət etsə də, hazırki vaxtadək müraciətlərinə cavab ala bilməmişdir. Bu səbəbdən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Odur ki, ona təyin olunmuş pensiyanın düzgün hesablanmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-3347/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı təyin edilmiş əmək pensiyanın yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Bakı şəhəri Xəzər rayon Şöbəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-3347/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 01.09.008-ci il tarixdən həmin tarixə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən 2004-2005-ci illərin orta aylıq əmək haqqının 85% əsasında yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Məhkəmə qətnamə qəbul edərkən bunu nəzərə almamışdır. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-ci il tarixə təxirə salınmış, cavabdehin nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, sonuncu məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək təmin edilməməsini xahiş etmişdir. İddiaçı eyni zamanda işə apellyasiya qaydasında baxılarkən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, iş stajının 45 il 7 ay olduğu nəzərə alınmaqla pensiyasının orta aylı əmək haqqının 85 faizi əsas götürülərək yenidən hesablanmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-3347/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilməli, İddiaçı xx.xx.2008-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin orta aylıq əmək haqqının 85% əsasında həmin dövrdə qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun yenidən hesablanması cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Bakı şəhəri Xəzər rayon Şöbəsinə həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə müharibə əlillərinə bərabər tutulan İİ (ikinci) qrup əlili kimi pensiya təyin edilmiş, xx.xx.2008-ci il tarixdə ərizəsi əsasında əlillikdən yaşa görə pensiya növünə keçirilmişdir. İddiaçı yaşa görə pensiyasının düzgün hesablanmadığını iddia edərək bu barədə ərizələrlə həm Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X9, həm də Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Bakı şəhəri Xəzər rayon Şöbəsinə müraciət etmiş, DSMF-nun Xəzər rayon Şöbəsi tərəfindən İddiaçı xx xxx 2018-ci il tarixli, xx xxxx 2019-cu il tarixli məktublarında qeyd edilmişdir ki, Şöbənin əmək pensiyası təyin edən komissiyasının qərarı ilə iddiaçının xx.xx.2008-ci il tarixdən pensiya növü dəyişərək 2004-2005- ci illərin orta aylıq əmək haqqı, xx.xx.2006-cı il tarixə 43 il 11 ay iş stajı və xx.xx.2006- xx.xx.2008-ci ilə sığorta kapitalı əsasında 251,62 (b/h 75,0 + s/h 65,61 + y/h 11,01) = manat əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən hal-hazırda pensiyasının məbləği 440,10 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində tələbini dəqiq ifadə etməmiş, pensiyasının yenidən düzgün hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də cavabdehin yenidən hansı qaydada hesablama aparılmalı olduğu tələbdə konkret qeyd edilməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq iddiaçıya tələbinə dəqiqləşmə verməyi təklif etməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı iddia tələbinə dəqiqləşmə vermiş və müəyyən edilmişdir ki, iddiaçı iş stajının 45 il 7 ay olduğu nəzərə alınmaqla pensiyasının orta aylı əmək haqqının 85 faizi əsas götürülərək yenidən hesablanmasının cavabdehə həvalə edilməsini xahiş edir. İş materiallarından göründüyü kimi, iddiaçı əlilliyə görə pensiya növündən yaşa görə pensiya növünə xx.xx.2008-ci il tarixdə keçirildiyindən əmək pensiyası həmin dövrdə qüvvədə olmuş əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq hesablanmalı idi. İddiaçının məhkəmə tərəfindən araşdırılmış pensiya işi materiallarından və cavabdeh orqanın iddiaçıya müraciətlərinə cavab məktublarında qeyd edilmişdir ki, iddiaçıya yaşa görə pensiya təyin edilərkən 2004-2005-ci illərin orta aylıq əmək haqqı və xx.xx.2006-cı il tarixə 43 il 11 ay iş stajı və xx.xx.2006- xx.xx.2008-ci ilə sığorta kapitalı əsas götürülərək əmək pensiyasının baza hissəsi 75 manat, sığorta hissəsi 65,61 manat, yığım hissəsi 11,01 manat olmaqla əmək pensiyasının cəmi məbləği 251,62 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2008-ci ildə qüvvədə olmuş 10.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” xx.xx.2008-ci il tarixli sərəncamına əsasən xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 75 manat müəyyən edilmişdir. Müəyyən olunur ki, iddiaçının əmək pensiyasının baza hissəsi cavabdeh orqan tərəfindən düzgün müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinin məzmunu xx.xx.2009-cu il tarixədək aşağıdakı kimi olmuşdur: Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS +(PSK /T), burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanununun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Qanunun 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir:YH=PYK/T, burada:YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir;PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır;T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Qanunun xx.xx.2008-ci il tarixdə qüvvədə olan redaksiyada 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:P=BH+SH+YH, burada:P- yaşa görə əmək pensiyasıdır;BH - yaşa görə əmək pensiyasının baza hissəsidir;SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir, YH yaşa görə əmək pensiyasının yığım hissəsidir. Qanunun xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir.Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Qanunun 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanının 2.11ci bəndinə əsasən həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulmuşdur. İddiaçıya yaşa görə əmək pensiyası təyin edildiyi vaxt qüvvədə olan (xx xxxxxxx 2007ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” Qaydalarının 2.2-ci bəndinə əsasən əgər sığortaolunan Qanunla müəyyən olunmuş yaşa görə əmək pensiyasına hüquq verən minimum (60 ay) sosial sığorta stajını Qanun qüvvəyə minənədək (Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq) toplamışdırsa, bu halda Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən şərti qaydada əmək pensiyasının ümumi məbləği hesablanır və Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. xx.xx.2006cı il tarixindən sonra fərdi hesaba toplanmış pensiya kapitalına görə yeni sistemdə qazanılmış pensiya məbləği ayrıca hesablanır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulurdu ki, yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Həmin Qanunun 14-cü maddəsinə əsasən müharibə zamanı və digər hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanma, kontuziya və xəsarət nəticəsində, yaxud cəbhədə olmaqla əlaqədar xəstələnmə nəticəsində əlil olmuş hərbi qulluqçular aşağıdakı hallarda yaşa görə pensiya hüququna malikdirlər: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda yaşa görə pensiya hüququna malikdirlər. İddiaçı müharibə əlili olduğundan ona yaşa görə pensiya təyin edilməsi üçün minimum 25 il iş stajı tələb olunurdu. İddiaçıya yaşa görə pensiya təyin edilərkən qüvvədə olan qaydalara əsasən "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun istinad edilən normaları əsas götürülməklə orta aylıq əmək haqqının 85 %-i (yaşa görə pensiya təyinatı üçün qanunla tələb olunan 25 il stajdan artıq 18 il x 2=36+60 faiz=96 faiz) ilə hesablanmalı idi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya yaşa görə pensiyanın məbləği hesablanarkən xx.xx.2006-cı il tarixədək onun topladığı 43 il 11 ay ümumi iş stajı nəzərə alınmış, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra işlədiyi dövr üzrə isə Qaydaların tələblərinə uyğun fərdi hesaba toplanmış pensiya kapitalı əsas götürülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilərkən ümumi sığorta stajının 45 il 7 ay kimi nəzərə alınmalı olduğuna dair tələbi əsassız olduğu üçün təmin edilə bilməz. Pensiya işində olan sənədlərdən görünür ki, iddiaçının 2004 və 2005-ci illər üzrə orta aylıq əmək haqqı cavabdeh tərəfindən 160,3 manat məbləğində müəyyən edilmişdir ki, bu məbləğin 85%-i 136,26 manat təşkil edir. Qeyd edilən məbləğin üzərinə baza hissə 75 manat, sığorta hissəsi 65,61 manat və yığım hissəsi 11,01 manat toplandıqda iddiaçıya xx.xx.2008-ci il tarixdə təyin edilmiş yaşa görə pensiyanın məbləği 251,6 manat deyil, 287,88 (136,2+75+65,61+11,01=287,88)manat təşkil etməli idi. Cavabdeh tərəf apellyasiya şikayətində iddiaçıya xx.xx.2008-ci il tarixdə təyin edilmiş yaşa görə pensiya məbləğinin hansı qaydada hesablandığını qeyd etməmiş, hesablamanın həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olduğuna dair mövqeyini nə şifahi məhkəmə baxışı iclaslarında, nə də apellyasiya şikayətində əsaslandıra bilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddiaçının pensiyasının hesablanması ilə bağlı açıqlamada qeyd edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək faktiki stajı 43 il 11 ay 11 gün, 2004-2005-ci illərin orta aylıq əmək haqqı 160,30 manat, 2006-2008-ci illərin pensiya kapitalı 1585,44 manat əsas götürülməklə pensiyanın məbləği aşağıdakı qaydada hesablanmışdır:160,30 x 85% = 136,26-25 x 8,3% x 16,7% =140,61(s/h)-75(b/h)+11,01 (y/h)+m/v 25=251,62 Cavabdeh tərəfindən təqdim edilmiş bu açıqlama nəzərə alınarsa iddiaçıya yaşa görə pensiya təyin edilərkən pensiyanın sığorta hissəsinin iddiaçının müraciətinə cavab məktublarında qeyd edildiyi kimi 65,61 manat deyil, 140,61 manat hesablandığı müəyyən olunur. Cavabdehin nümayəndəsi xx.xx.2020-ci il tarixli məhkəmə iclasında izahatında göstərmişdir ki, iddiaçıya ünvanlanmış məktublarda əmək pensiyasının hansı qaydada hesablandığı düzgün qeyd edilməmişdir. Buna görə də, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə iddiaçının pensiyasının hesablanma qaydası barədə açıqlama göndərilmişdir. Nümayəndə izahatında göstərmişdir ki, orta aylıq əmək haqqının 85 %-dən 25 manat pensiyanın baza hissəsi çıxılmış, alınan məbləğə əmsallar tətbiq edilmiş, 2006cı ilin indeksi 8,3%, 2008-ci ilin indeksi 16,7 faiz olmuş, eyni zamanda iddiaçı müharibə əlili olduğu üçün pensiyasına 25 manat əlavə edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının pensiyasının xx.xx.2020-ci il tarixli açıqlama məktubunda qeyd edilən qaydada hesablanmasının qanuni əsası olmadığından cavabdehin tələbin təmin edilməsindən etirazı əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunda 13-cü maddəsində əlilliyə görə pensiya məbləği hesablanarkən sığorta davamiyyəti əmsalının tətbiqi nəzərdə tutulmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” Qaydalarının 6.1-ci bəndində nəzərdə tutulmuşdur ki, qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğinin qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının xx.xx.2006-cı il tarixinə baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi qeyd edilir. Göründüyü kimi həmin qaydalarda 25 manat baza hissəsinin orta aylıq əmək haqqı məbləğindən deyil, xx.xx.2006-cı il tarixinə kimi əvvəlki qanunvericiliyə əsasən hesablanmış pensiya məbləğindən çıxılması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-3347/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı dəyişdirilməli, İddiaçı xx.xx.2008-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin orta aylıq əmək haqqının 85% əsasında həmin dövrdə qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun yenidən hesablanması cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Bakı şəhəri Xəzər rayon Şöbəsinə həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Bakı şəhəri Xəzər rayon Şöbəsinin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-3347/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2008-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin orta aylıq əmək haqqının 85% əsasında həmin dövrdə qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun yenidən hesablanması cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Bakı şəhəri Xəzər rayon Şöbəsinə həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar