Məhkəmə qərarları › İş №2-1(103)-355/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-355/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-355/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa olunması, hüquqi yardım üçün ödənilmiş xidmət haqqının və dövlət rüsumunun əvəzi olaraq pul məbləğinin tutulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa olunması, hüquqi yardım üçün ödənilmiş xidmət haqqının və dövlət rüsumunun əvəzi olaraq pul məbləğinin tutulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6167/2021 saylı 13 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən iddiaçıya 15.02.2008-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmiş və təyin edilmiş pensiya üzrə ödənişlər 05.01.2021-ci ilə qədər həyata keçirilmiş, sonradan pensiya üzrə ödənişlər dayandırılmışdır. İddiaçı qeyd edilən halın aydınlaşdırılması məqsədi ilə cavabdehə müraciət etmiş, cavabdeh 14 aprel 2021-ci il tarixli **********7 saylı məktubla bildirmişdir ki, iddiaçının işlədiyi vəzifələr zərərli peşələrə aid olmadığı üçün onun güzəştli iş stajı yoxdur, buna görə də 27.05.2008-31.12.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 57559,59 manat artıq pul vəsaiti ödənilmişdir. Bununla əlaqədar əmək pensiyası dayandırılmış və artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması tələb olunmuşdur. İddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 01.01.2021-ci il tarixdən bərpa edilməsini, hüquqi yardım üçün ödənilmiş 1100 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 01.12.2004-cü il tarixdən etibarən X8 Komitəsinin “Penitensiar sistemdə vərəmlə mübarizə proqramında” iştirak etməklə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsində tibb bacısı funksiyasını icra etmiş, nəticədə 30.04.2008-ci il tarixində əmək fəaliyyətinə xitam verərək güzəştli yaşa görə əmək pensiyasına çıxmışdır. Lakin cavabdeh tərəfindən 01.12.2004 - 30.04.2008-ci il tarixləri ərzində yaranan iş stajı qanunsuz olaraq güzəştli staj kimi qəbul edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin "X8 Komitəsinin azadlıqdan məhrumetmə yerlərində səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi barədə "10 mart 2000-ci il tarixli 357 nömrəli Sərəncamına əsasən X8 Komitəsinin, o cümlədən “Penitensiar sistemdə vərəmlə mübarizə proqramı”nın işçilərinə penitensiar müəssisələrin işçiləri ilə müqayisədə eyni buraxılış səlahiyyətləri verilmiş və eyni işlərin görülməsinə müvafiq şərait yaradılmışdır. Bu baxımdan eyni müəssisədə eyni vəzifə olaraq eyni əmək funksiyalarının icra edilməsini və eyni iş rejiminin tətbiq edildiyini nəzərə alaraq X8 Komitəsinin “Penitensiar sistemdə vərəmlə mübarizə proqramı”nda tibb bacısı vəzifəsi penitensiar müəssisələrdə mülki işləri icra edən tibb işçiləri statusuna daxildir. Bu səbəbdən 08.12.2004-27.05.2008-ci il tarixləri arasındakı dövr də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı illərinə daxil edilməli və pensiya təyini zamanı nəzərə alınmalıdır. Bundan əlavə qanunvericilik aktlarının tələblərindən də aydın göründüyü kimi, yoluxucu xəstəliyə olna məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrində işləmiş əməkdaşlara pensiya təyin edilərkən işlədikləri illər 2 iş günü 3 iş günü olmaqla hesablanır. Bu baxımdan sosial sığorta stajının hər hansı əhəmiyyəti yoxdur. Odur ki, DSMF-nin onun pensiyasını dayandırması və ödənilmiş pensiyanın geri qaytarılması ilə bağlı tələbləri qanunsuzdur və onun pozulmuş hüquqları bərpa olunmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 departamenti tərəfindən araşdırılmışdır. Qanunvericiliyin müddəasından görünür ki, yalnız Azərbaycan Respublikasının ədliyyə sisteminə daxil olan müəssisələrdə çalışmış mülki işçilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın penitensiar müəssisələrdə mülki işlər bölməsinin (34) tibb işçiləri nəzərdə tutulmuşdur. Araşdırma zamanı iddiaçıya pensiya təyin olunarkən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən 08.12.2004-27.05.2008-ci il tarixləri arasındakı dövr ərzində X5 Komitəsinin penitensiar sistemində vərəmlə mübarizə proqramında tibb bacısı vəzifəsində işlədiyi müəyyən edilmişdir. İddiaçının işlədiyi X5 Komitəsinin penitensiar sistemində vərəmlə mübarizə proqramında tibb bacısı vəzifəsi yuxarıda qeyd olunan penitensiar müəssisələrdə mülki işlər sahəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 27.05.2008-ci il tarixində DSMF-nun Xəzər rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan əlavə iddiaçıya 27.05.2008-31.12.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 57559,59 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə X4 departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarmağı xahiş edilmiş, əks halda artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi məlumatı verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6167/2021 saylı 13 avqust 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi, iddia qaldırılarkən hüquqi yardıma görə ödənilmiş 1100 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manatın iddiaçıya aid edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 39.3-cü maddəsi ona münasibətdə tətbiq edilə bilməz. Çünki bəhs edilən norma yalnız xüsusi rütbəsi olan ədliyyə orqanlarının işçilərinə münasibətdə tətbiq edilə bilər. Bəhs edilən Qanunun 39-cu maddəsi “Penitensiar xidmətin işçilərinin pensiya təminatı” olaraq adlandırılmış və ümumi işçilərin pensiya təminatını özündə əks etdirmişdir. Xüsusi rütbəyə malik şəxslərin pensiya yaşının son həddi sözügedən Qanunun 28-ci maddəsində nəzərdə tutulsa da, həmin maddədə mülki işçilərin pensiya yaşı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Bu səbəbdən adıçəkilən Qanunun 3.4-cü maddəsi mülki işçilərə dair yaş hədləri müəyyən edilmişdir. 2004-cü ilə qədər penitensiar müəssisələrdə tibb işçiləri ümumiyyətlə xüsusi rütbə nəzərdə tutulmamışdır. 2007-ci ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinə əsasən yoluxucu xəstə məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş islah-əmək koloniyalarında qulluq (iş) müddətinin hər iki iş günü üç iş günü kimi güzəştli şərtlərlə iş stajına daxil edilir. Bu baxımdan da 1998-2004-cü illər üzrə iş stajı məhz bu əmsal tətbiq edilməklə hesablanmalı idi. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 12.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 18.12.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 14.04.2021-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə 28.04.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “əmək pensiyasının bərpa olunması və hüquqi yardım üçün ödənilmiş xidmət haqqının və notariat xərcinin əvəzi olaraq 1130 manat məbləğinin tutulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının güzəştli iş stajının 6 il 7 ay 26 gün olmaqla (13.04.1998-08.12.2004-cü illər) 10 ildən az təşkil etməsinə, ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunarkən tələb olunan güzəştli iş stajı ilə bağlı şərtin ödənilməməsinə, cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən pensiyanın dayandırılması ilə bağlı hərəkətlərinin qanuni olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdə olan iddiaçıya aid 043918 saylı pensiya işinin materiallarından müəyyən olunur ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov (indiki Xəzər) rayon şöbəsi tərəfindən 15.02.2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin 14.04.2021-ci il tarixli (i.v. 41) məktubunun məzmunundan görünür ki, iddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır və buna səbəb kimi aparılan araşdırma zamanı iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun olmadığının müəyyən edilməsi göstərilmişdir. Qeyd olunan məktubun məzmununa görə təyin edilmiş pensiyanın dayandırılma əsası kimi cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Departamenti tərəfindən aparılan araşdırmalara istinad etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 15.02.2008-ci il tarixdən təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, apellyasiya baxışı zamanı iddiaçıya 15.02.2008-ci il tarixdə təyin edilmiş pensiyanın nə vaxtdan dayandırılması, bu barədə ayrıca inzibati aktın (qərarın) qəbul edilib-edilmədiyi barədə məlumat verilməsi, belə qərarın qəbul edildiyi təqdirdə onun məhkəməyə təqdim olunması ilə bağlı cavabdeh inzibati orqana məhkəmə sorğusu verilmişdir. Həmin məhkəmə sorğusuna cavab olaraq cavabdehin verdiyi 12.01.2022-ci il tarixli **********5 saylı məktubun məzmunundan müəyyən olundu ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən İddiaçı əmək pensiyasının ödənişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Departamenti tərəfindən daxil olmuş 24.12.2020-ci il tarixli **********3 nömrəli məktubla verilmiş tapşırığa əsasən dayandırılmış, adıçəkilən şəxsə əmək pensiyası ödənişinin dayandırılması haqqında qərarın təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin verdiyi məktuba əlavə olunmuş iddiaçı barəsində “Əmək pensiyasının dayandırılması haqqında” qərar nəzərdən keçirilərkən müəyyən olundu ki, həmin qərar iddiaçıya aid 043918 saylı pensiya işi üzrə, pensiyanın növü “güzəştli şərtlərlə yaşa görə” qeyd edilməklə, 12.01.2022-ci il tarixdə qəbul edilmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, iddiaçıya təyin edilmiş pensiyanın daha öncədən dayandırılması və 27.05.2008-31.12.2020-ci il tarixləri arasındakı dövr üzrə artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə cavabdeh inzibati orqanın iddiaçıya 14.04.2020-ci il tarixli məktubu olmuşdur. Bununla yanaşı, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın təqdim etdiyi iddiaçı barəsində olan X9 Sistemindən çıxarışdan məlum olur ki, iddiaçıya 15.02.2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya 05.01.2021-ci il tarixdən dayandırılmışdır. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya 15.02.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsiiddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bu barədə iddiaçıya 14.04.2021ci il tarixli məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdeh orqan 14.04.2021-ci il tarixli “pensiya ödənişinin dayandırılması haqqında” məktubunda iddiaçının güzəştli pensiya hüququnun olmamasına istinad etməklə kifayətlənmiş, həmin məktubu göndərməmişdən əvvəl inzibati icraatı bu barədə Qanunun tələblərinə riayət etməklə aparmamış, apellyasiya baxışı zamanı təqdim etdiyi sonradan qəbul olunan 12.01.2022-ci il tarixli “əmək pensiyasının dayandırılması haqqında” qərara isə Kollegiya tənqidi yanaşaraq onun inzibati icraat dövründə əsaslandırılmış şəkildə qəbul edilmədiyi üçün həmin qərarı hazırki iş üzrə iddiaçı barəsində aparılmış inzibati icraat nəticəsində qəbul edilmiş inzibati akt kimi qiymətləndirmir. Kollegiya onu da qeyd edir ki, iddiaçıya ünvanlanmış “pensiya ödənişinin dayandırılması haqqında” 14.04.2021-ci il tarixli məktub əslində, iddiaçı barəsində qanun çərçivəsində həyata keçirilə bilən inzibati icraatın nəticəsi olaraq qəbul edilmiş inzibati aktla bağlı artıq ödənilmiş pensiya məbləğinin qaytarılması barədə göndərilə biləcək “tələbnamə” qismində çıxış edir, çünki həmin məktub “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan “inzibati akt” anlayışına və meyarlarına cavab vermir. Digər tərəfdən, qeyd olunduğu kimi, cavabdeh inzibati orqan tərəfindən 14.04.2021ci il tarixli məktubla iddiaçının pensiya ödənişinin dayandırılması nəzərə çatdırılmaqla yanaşı, həm də artıq ödənilmiş məbləğin geri qaytarılması tələb olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunan hər iki məsələnin iddiaçı barəsində qüvvədə olan əlverişli inzibati akta yönəlik məsələ olduğunu nəzərə alaraq hesab edir ki, hər iki məsələ barədə ayrıayrılıqda inzibati akt qəbul edilməli idi. Lakin göründüyü kimi, cavabdeh inzibati orqan hər iki məsələ ilə bağlı iddiaçıya 14.04.2021-ci il tarixli məktub ünvanlamaqla kifayətlənmiş və tələb olunan 57559,59 manat artıq pul vəsaitinin hansı hesablama qaydasında hesablandığını da əsaslandırmamışdır. Bundan başqa, X9 Sistemindən çıxarış məlumatına əsasən iddiaçıya 05.01.2021-ci il tarixdə pensiya ödənişi dayandırıldığı halda, bu barədə sözügedən 14.04.2021-ci il tarixli məktub bundan 3 ay sonra göndərilmiş, həmin məktubun hansı tarixdə iddiaçıya göndərilməsi, bu artıq ödəmənin qaytarılmasına sonuncunun razı olub-olmadığını bildirmək üçün ona vaxtın verildiyi kimi hallar da cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçıya aid pensiya işini tələb etməmiş, cavabdeh tərəfindən aparılan araşdırmanın (pensiya təyinin qanuniliyinin yoxlanılmasının) diskresion səlahiyyətlər çərçivəsində, yaxud qanundan irəli gələn hallarla əlaqəli həyata keçirilməsi məsələsini araşdırmamış, bu zaman isə diskresion səlahiyyət həddinin aşılıb-aşılmamasına və ya qanunla nəzərdə tutulan əsasların mövcudluğuna qiymət vermədən iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın qanuniliyini yoxlamaq vəzifəsini üzərinə götürərək mahiyyəti üzrə araşdırma aparmışdır ki, bu da maddi hüquq normaları ilə yanaşı, prosessual hüquq normalarının da pozulması kimi qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın bərpa edilməsini tələb etməkdə haqlı olduğu üçün onun pensiyası 05.01.2021-ci il tarixdən (cavabdeh tərəfindən dayandırıldığı tarixdən) bərpa edilməlidir. Belə olan halda iddiaçının “hüquqi yardım üçün ödənilmiş 1100 manat xidmət haqqının, həmçinin 30 manat dövlət rüsumunun (notariat xərcinin) tutulması barədə tələbləri də əsaslı hesab olunur. İşdə olan İddiaçı ilə vəkil Nümayəndə arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 07 saylı 07.05.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı tərəfindən hüquqi yardıma görə "xxxx" ASC vasitəsilə “Lider” vəkil bürosuna 1100 manat məbləğində haqq ödənilmiş, işdəki mədaxil qəbzlərinə əsasən isə notarius və tərcümə xidmətləri ilə əlaqədar iddiaçı ümumilikdə 24.20 manat məbləğində pul vəsaiti ödəmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən hüquqi yardımla bağlı ödənilmiş 1100 manat xidmət haqqına görə 300 manat məbləğinin tutulmasını ağlabatan hesab edir və buna görə də həmin vəsatlə yanaşı, notarius və tərcümə xidmətlərinə görə 24.20 manat məbləğində pul vəsaitinin də cavabdehdən tutulması, qalan hissələrdə isə iddianın rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilərək, iddiaçıya əmək pensiyasının ödənilməsinin 05.01.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalı, iddiaçının hüquqi yardımla bağlı ödədiyi 300 manat, notarius və tərcümə xidmətlərinə görə ödədiyi 24,20 manat pul vəsaitləri cavabdeh inzibati orqandan tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6167/2021 saylı 13 avqust 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin 05.01.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından hüquqi yardımla bağlı 300 manat, notarius və tərcümə xidmətlərinə görə 24,20 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar