Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-355/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina) Bakı şəhəri 02 may 2023-cü il Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 7 iyun 2021-ci il tarixli, 2-1(112)-4343/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 23 yanvar 2020-ci il tarixindən işsiz şəxs kimi qeydiyyata alınmışdır.
2. İşsizlik statusu qeydə alındıqdan sonra iddiaçı COVİD-19 pandemiyası ilə əlaqədar 190 manat birdəfəlik ödəmə verilməsi ilə bağlı 29 aprel 2020-ci il tarixində cavabdehə müraciət etmiş, “E-SOSİAL.AZ” portalı vasitəsilə göndərilmiş SMS-ə əsasən, iddiaçının həyat yoldaşının adına əmək müqaviləsi olduğuna görə ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi, sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə üç aylıq (2020-ci il üzrə) 190 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh inzibat orqan “onun (iddiaçının) arvadının adına “əmək müqaviləsi” olması əsası ilə birdəfəlik ödəmənin verilməsindən imtina etmişdir. Halbuki, onun X2 ilə aralarında bağlanmış nikahı 1999-cu ilin dekabr ayının 16-da pozulmuşdur. Nikahın pozulmasını təsdiq edən sənədi də cavabdeh orqana təqdim etmişdir. İddiaçı hazırda Ukrayna vətəndaşı X6 ilə ailə qurmuşdur və birlikdə Ukraynada yaşayırlar. Arvadı (əri) xarici vətəndaş olan şəxslərin birdəfəlik ödəməni ala bilməməsi ilə bağlı isə qanunvericilikdə qadağa yoxdur.
5. Cavabdeh iddia ərizəsinə etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya ehtiyatlarından MAS-a inteqrasiya olunmuş məlumatda iddiaçının evli olduğu və arvadının adına 4CH8YJD000101 nömrəli aktiv əmək müqaviləsinin olması aşkarlanmışdır. Ər və ya arvaddan birinin MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişinin olması isə bu kateqoriya şəxslərə birdəfəlik ödəmənin həyata keçirilməsini istisna edir. Qeyd olunan səbəblərdən iddiaçının birdəfəlik ödəməni almaq hüququ yaranmamış və buna görə birdəfəlik ödəmənin ödənilməsindən imtina olunmuşdur.
6. Bakı İnzibati Məhkəməsinin 7 iyun 2021-ci il tarixli, 2-1(112)-4343/2021 nömrəli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətinə baxılmış və məsələnin həllindən onun arvadının adına aktiv əmək müqaviləsinin olmasının aşkarlanması əsas gətirilərək imtina edilmişdir. Lakin məhkəmə icraatında iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, İddiaçı ilə X2 arasındakı nikah 16 dekabr 1999-cu il tarixdə pozulmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə icraatında cavabdeh tərəf iddiaçıya işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini istisna edən digər halın mövcudluğu ilə bağlı hər hansı sübut təqdim etməmiş, dəlil bildirməmişdir.
8. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın mümkün sayılmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2- 1(103)-2703/2021 nömrəli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), A.S.Hüseynov və M.N.Tağızadə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 7 iyun 2021-ci il tarixli, 2-1(112)-4343/2021 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı arvadı X1 adına 4CH8YJD000101 nömrəli aktiv əmək müqaviləsi mövcuddur. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2.3.9-cu maddəsinə əsasən, ər və ya arvaddan birinin MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişinin olması bu kateqoriya şəxslərə birdəfəlik ödəmənin həyata keçirilməsini istisna edir. İddiaçı ilə həyat yoldaşı arasında olan nikahın 1999-cu ildə pozulmağına və bu barədə şəhadətnamənin 4 aprel 2017-ci ildə verilməsinə baxmayaraq, iddiaçıya imtinanın verilməsinə əsas olmuş məlumatlar (iddiaçının evli olması və həyat yoldaşının adına əmək müqaviləsinin olması) real vaxt rejimində “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası”nın 3.8-ci bəndinə müvafiq olaraq dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunmuşdur. Beləliklə, nikahın pozulması barədə qeydin müvafiq qeydiyyat orqanı tərəfindən sistemdə vaxtında aparılmaması hazırkı halda cavabdeh inzibati orqanın təqsirliliyi kimi qəbul edilə və cavabdehin üzərinə iddiaçının tələbinin təmin olunması barədə müvafiq öhdəliyin qoyulması üçün əsas ola bilməz.
11. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2-1(103)-2703/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2-1(102)-1144/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2021-ci il tarixli 2- 1(103)-2703/2021 nömrəli qərarının ləğv edilməsi və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.Həmin Qərarda hüquqi mövqey ondan ibarət olmuşdur ki, “.. iddiaçının 23 yanvar 2020-ci il tarixindən işsiz şəxs kimi qeydiyyata alınması, iddiaçı ilə həyat yoldaşı arasında olan nikahın 1999-cu ildə pozulması, bu barədə 4 aprel 2017-ci ildə şəhadətnamə verilməsi işin mübahisəsiz hallarına aiddir. Cavabdeh iddiaya qarşı etirazında Nazirlər Kabinetinin qərarı icra edilən zaman MAS sistemindəki məlumatlara istinad edilməli olduğunu, bu məlumatlarla iddaçının evli statusunda olması və həyat yoldaşının aktiv əmək müqaviləsi bildirişinin olduğu müəyyən edildiyinə görə imtinanın əsaslı olduğunu bildirmişdir. Apellyasiya instansiya məhkəməsi də cavabdehin mövqeyinin haqlı olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etdiyi zaman MAS sistemində evli kimi qeyd olunmasının və həyat yoldaşının adına aktiv əmək müqaviləsinin olmasının müəyyən edilməsinin iddiaçıya birdəfəlik ödəmə verilməsindən imtina və iddianın rəddi üçün əsas olması ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyası razılaşır ki, cavabdeh inzibati orqan ona daxil olan müraciəti elektron informasiya sistemindəki məlumatlardan istifadə etməklə yoxlamaq və onlara istinad etməklə cavablandırmaq səlahiyyətinə malikdir. Lakin şəxsin inzibati orqanın cavabında istinad etdiyi halı (hazırkı halda evli olmasını və həyat yoldaşının adına aktiv əmək müqaviləsi olmasını) mübahisələndirmək və onu təkzib edən müvafiq sənədləri (sübutları) inzibati orqana təqdim etmək hüququ da vardır ki, hazırkı işdə iddiaçı bunu etmişdir. Eyni zamanda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmaq, o cümlədən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etməmək kimi xidməti vəzifələri mövcuddur ki, cavabdehin hazırkı iş üzrə qeyd edilən xidməti vəzifələrini vicdanla yerinə yetirməsi müəyyən olunmur...”
c) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
ç) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti cavabdehin iddia ərizəsinə etiraza oxşar məzmunda əsaslandırılmışdır.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
18. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur.Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” : 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: -2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; -2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: -2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; -2.3.2. əmək pensiyaçılarına; -2.3.3. aylıq müavinət alanlara; -2.3.4. aylıq təqaüd alanlara; -2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; - 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; - 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; -2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; -2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; -2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; -2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; - 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; -2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; - 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
24. Məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarına əsaslanaraq və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2-1(102)-1144/2022 nömrəli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4343/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, iddiaçının 23 yanvar 2020-ci il tarixindən işsiz şəxs kimi qeydiyyata alınması, iddiaçı ilə həyat yoldaşı arasında olan nikahın 1999-cu ildə pozulması, bu barədə 4 aprel 2017-ci ildə şəhadətnamə verilməsi işin mübahisəsiz hallarına aiddir.
26. Cavabdeh iddiaya qarşı etirazında Nazirlər Kabinetinin qərarı icra edilən zaman MAS sistemindəki məlumatlara istinad edilməli olduğunu, bu məlumatlarla iddaçının evli statusunda olması və həyat yoldaşının aktiv əmək müqaviləsi bildirişinin olduğu müəyyən edildiyinə görə imtinanın əsaslı olduğunu bildirmişdir.
27. Məhkəmə kollegiyası iddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etdiyi zaman MAS sistemində evli kimi qeyd olunmasının və həyat yoldaşının adına aktiv əmək müqaviləsinin olmasının müəyyən edilməsinin iddiaçıya birdəfəlik ödəmə verilməsindən imtina və iddianın rəddi üçün əsas olması ilə razılaşmır.
28. Belə ki, məhkəmə kollegiyası razılaşır ki, cavabdeh inzibati orqan ona daxil olan müraciəti elektron informasiya sistemindəki məlumatlardan istifadə etməklə yoxlamaq və onlara istinad etməklə cavablandırmaq səlahiyyətinə malikdir. Lakin şəxsin inzibati orqanın cavabında istinad etdiyi halı (hazırkı halda evli olmasını və həyat yoldaşının adına aktiv əmək müqaviləsi olmasını) mübahisələndirmək və onu təkzib edən müvafiq sənədləri (sübutları) inzibati orqana təqdim etmək hüququ da vardır ki, hazırkı işdə iddiaçı bunu etmişdir. Eyni zamanda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmaq, o cümlədən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etməmək kimi xidməti vəzifələri mövcuddur ki, cavabdehin hazırkı iş üzrə qeyd edilən xidməti vəzifələrini vicdanla yerinə yetirməsi müəyyən olunmur.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraat “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır.
29. Məhkəmə kollegiyası razılaşır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın və ya hərəkətin qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Lakin yoxlama zamanı məhkəmə tərəfindən iş üzrə əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
30. Göstərilənlərdən çıxış edərək məhkəmə Kollegiyası onu da qeyd edir ki, iddiaçı müraciətində hal-hazırda Ukraynada yaşadığını bildirmişdir. İddiaçının birdəfəlik ödəmə tələb etdiyi aylarda Azərbaycan Respublikasında olub-olmaması da məhkəmə tərəfindən araşdırılmışdır (sərhədkeçmə məlumatları sorğu ilə tələb edilmişdir).
31. Belə ki, birdəfəlik ödəmə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda yaşayan şəxslərə verilə bilər.
32. Məhkəmə Kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli 33/4486 saylı cavab məktubundan müəyyən edilir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisindən çıxış etməklə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisinə giriş etmişdir.
33. Beləliklə, Məhkəmə Kollegiyası yuxarıda sadalanan işin hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
34. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə icraatında cavabdeh tərəf iddiaçıya işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini istisna edən digər halın mövcudluğu ilə bağlı hər hansı sübut təqdim etməmiş, dəlil bildirməmişdir.
35. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, cavabdein apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4343/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4343/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.