Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3550/2023 08.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3663/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı məhkəməyə müraciət edərək İddiaçı B19 № 145565 nömrəli 30 iyun 2019-cu il tarixli diplomu üzrə ixtisasının tanınması barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə X1 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2013-cu ildən xx.xx.2019 ilədək Ukraynanın Xarkov şəhərində yerləşən dövlət universiteti olan Xarkov Milli Radioelektronika Universitetinin (”ХАРКİВСЬКИЙ НАЦЮНАЛЬНИЙ УНİВЕРСИТЕТ РАДИОЕЛЕКТРОНİКИ”) İqtisadi kibernetika (“Экономическая Кибернэтика”) ixtisası üzrə bakalavr pilləsində qiyabi formada təhsil almışdır. Təhsilini bitirib В19 № 145565 nömrəli, 30 iyun 2019-cu il tarixli diplom almışdır. Lakin diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi zərurəti yaranmışdır. Bununla bağlı Təhsil Nazirliyinin aidiyyəti qurumuna müraciət etmiş və bütün tələb olunan sənədləri təqdim etmişdir. Müraciəti qəbul olunduqdan təxminən 10 gün sonra, Təhsil Nazirliyinin aidiyyəti struktur idarəsinə ekspert qrupu tərəfindən müsahibəyə dəvət olunmuş və müsahibəni müvəffəqiyyətlə keçmişdir. Lakin, təəssüflər olsun ki, nəticədə diplomun tanınması ilə bağlı imtina qərarı almışdır. İmtina qərarının əsası kimi Ukraynanın Xarkov Milli Radioelektronika Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diplomun əlavəsinə qeyd olunan tədris yükünü yerinə yetirməyinin qeyr-mümkün olduğu göstərilmişdir. İddiaçı hesab edir ki, bu imtina əsassızdır. Çünki düşünür ki, tədris prosesində ümumiyyətlə iştirak etməyən AR Təhsil Nazirliyinin sözügedən qənaətə gəlməsi həm məntiq, həm mövcud qanunvericiliyin tələbləri, həm də səlahiyyəti baxımından uyğun və obyektiv olaraq, anlaşılan deyil. Bu gün, ümumiyyətlə xarici ölkəyə səfər etmədən belə xarici universitetin tədris yükünə cavab verərək, standartara yiyələnmək və diplom almaq mümkündür. Tələbənin Universitetin müəyyən etdiyi tədris yükünü yerinə yetiribyetirmədiyini, düşünürəm ki, yalnız həmin Universitet bildirə bilər. Universitet isə arayış verərək, Ukraynada olan müddətinin tədris proqramının mənimsənilməsinə kifayət etdiyini təsdiq etmişdir. Həmçinin maddi imkanı olmadığından iddiaçının xarici ölkədə uzun müddət yaşamağı qeyri-mümkün idi. Sonradan iddiaçı maddi çətinlik ilə əlaqədar tədris aldığı universitetə müraciət edərək, şəxsi ərizəsi əsasında dərs cədvəlinin daha qısa fərdi qrafik üzrə qurulmasını istəmiş və belə qrafik üzrə normal tədris günündən artıq/əlavə dərslərdə, imtahanlarda iştirak etmişdir, bütün mövzuları tam mənimsəmiş və fərdi qrafikə əsasən daha qısa dövr ərzində tədris proqramında nəzərdə tutulan tədris yükünü tam əhatə etmişdir. Bununla əlaqədar olaraq, iddiaçı Ukraynada təhsil aldığı Universitetə müraciət etmiş, oradan iddiaçıya rəsmi cavab verərək imtahan sessiyası zamanı Ukraynada olduğu müddətin tədris proqramını/yükün tam ödəməyə, o cümlədən imtahanları və zaçotları verməyə kifayət etdiyini bildirdilər. (Rəsmi arayışın surəti əlavə olunur) Belə ki, Ukraynanın Xarkov Milli Radioelektronika Universitetinin verdiyi arayışa əsasən iddiaçı 2014-cü il üzrə ümumi olaraq 12 gün; 2015-ci il üzrə 18 gün; 2016-cı il üzrə 11 gün; 2017-ci il üzrə 13 gün; 2018-ci il üzrə 31 gün; və 2019-cu il üzrə isə 9 gün universitetdə olmuşdur. Bu müddət isə iddiaçının fərdi qrafik əsasında tədris yükünü ödəməyə şərait yaratmışdır. Bütün bu əsasları iddiaçı yazılı səkildə Təhsil Nazirliyinə təqdim etsə də, AR Təhsil Nazirliyinin Təhsildə X1 N-6138/01/03-TKTA nömrəli, 26 oktyabr 2020-ci il tarixli məktubla (19 noyabr 2020-ci ildə rəsmi olaraq iddiaçıya təqdim edilmişdir) diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı mənfi qərar verildiyi diqqətinə çatdırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3663/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Ukrayna Respublikasının Xarkov Milli Radioelektronika Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli B19 №145565 nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın (“İqtisadi Kibernetika”) Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarın 3-cü səhifəsində (4-cü bənd) iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş arayışa istinad edərək, iddiaçının fərdi tədris qrafiki üzrə təhsil almasını qeyd etmiş, 2017-2018-ci tədris ilində onun xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə qədər tədris aldığı universitetdə olması faktına əsaslanmışdır. Məhkəmə qərarının elə həmin bəndində qeyd edir ki, İddiaçı müqavilə şərtlərini pozduğuna görə xx.xx.2018-ci ildən universitetdən xaric edilmiş, xx.xx.2019-cu il tarixində isə universitetə bərpa edilmişdir. Bu fakt iddiaçının diplom əlavəsinin 6.1 -ci bəndində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili)təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən bakalavr təhsili üzrə qiyabi təhsilalma formasında tələbələrin auditoriya dərslərinin həcmi hər tədris ili üzrə 180-240 saat müəyyən olunmuşdur ki, bu da həmin dövrdə tələbənin hər il üzrə minimum 20 gün xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri edir. İddiaçı 2013-2019-cu illərdə Ukrayna Xarkov Milli Radioelektronika Universitetində qiyabi təhsil almış, 2013/2014-cü tədris ili üzrə -4 gün, 2014/2015-ci tədris ili üzrə -21 gün, 2015/2016-cı tədris ili üzrə -16 gün, 2016/2017-ci tədris ili üzrə -10 gün, 2017/2018-ci tədris ili üzrə -8 gün, 2018/2019-cu tədris ili üzrə -9 gün təhsil aldığı ölkədə ərazisində olmuşdur ki, bu müddət ərzində onun müvafiq olaraq birinci, dördüncü və beçinci kurs üçün nəzərdə tutulmuş tədris yükünü dövlət standartlarına uyğun yerinə yetirməsi mümkün deyildir. Baxmayaraq ki, iddiaçının əldə etdiyi diplom əlavəsində onun təhsilalma forması qiyabdir, o, qiyabi ilə birliktə distant təhsil aldığını da bildirir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində təhsilalma formaları müəyyən olunmuşdur:
1. əyani;
2. qiyabi;
3. distant (məsafədən);
4. sərbəst (eksternat); Sözügedən Qanundan məlum olur ki, təhsilalma formaları bir-birilərindən fərqlənir. Təhsilalma formaları arasında uyğunsuzluğun olması təhsil sahəsində ixtisasın tanınması barədə mənfi rəyin verilməsi üçün əsaslardan biridir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı xx.xx.2013-cu ildən xx.xx.2019 ilədək Ukraynanın Xarkov şəhərində yerləşən dövlət universiteti olan Xarkov Milli Radioelektronika Universitetinin İqtisadi kibernetika ixtisası üzrə bakalavr pilləsində qiyabi formada təhsil almışdır. Daha sonra təhsilini bitib ölkəyə qayıtdıqdan sonra dipomun təsdiqi üçün cavabdehə müraciət etmiş, tələbi təmin olunmadıqda isə hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Cavabdehin imtina əsasları əsas olaraq iki hissədən ibarətdir. Birincisi iddiaçının təhsil aldığı ölkədə ərazisində olduğu müddət ərzində onun müvafiq olaraq birinci, dördüncü və beçinci kurs üçün nəzərdə tutulmuş tədris yükünü dövlət standartlarına uyğun yerinə yetirməsinin mümkün olmaması, ikincisi iddiaçının qiyabi təhsil almasına baxmayaraq qiyabi ilə birlikdə distant təhsil alması ilə bağlıdır. Cavabdehin qeyd edilən dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Göründüyü kimi normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmur. İş materiallarında olan iddiaçının təhsil aldığı universitet (Xarkov Milli Radioelektronika Universiteti) tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı şəxsi ərizəsinə əsasən birinci ali təhsil dərəcəsində (bakalavr) fərdi qrafik üzrə təhsil almış, bütün məqbul və imtahanları tam həcmdə vermiş, nəticədə təhsil-peşə proqramını müvəffəqiyyətlə yerinə yetirərək universitetin imtahan komissiyasının qərarı əsasənda bakalavr təhsil dərəcəsi üzrə diplom ( B19 №145565 nömrəli, 30 iyun 2019-cu il tarixli) almışdır. İddiaçının ali təhsli aldığı Universitetin məktubundan görünür ki, universitet tərəfindən iddiaçının həmin universitetdə təhsilini qiyabi formada, lakin distant texnologiyalarından istifadə etməklə alması, həmin universitetin tələbəsi və məzunu olması təsdiqlənmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində ayrılıqda həm qiyabi, həm də distant təhsil forması nəzərdə tutulmuşdur. Qanunvericilikdə qiyabi təhsil forması zamanı distant təhsil formasından istifadə edilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. “Təhsil haqqında” Qanunun normalarına əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli № 156 saylı Fərmanına əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. Cavabdehin digər dəlili isə, iddiaçının həmin ölkədə qısa müddətdə olması, yəni iddiaçının tədris yükünü dövlət standartlarına uyğun yerinə yetirməsinin mümkün olmaması ilə bağlıdır. İş materiallarından müəyyən edilir ki, 2013/2014-cu tədris ili üzrə - 4 gün, 2014/2015cu tədris ili üzrə - 21 gün, 2015/2016-ci tədris ili üzrə - 4 gün, 2016/2017-ci tədris ili üzrə - 10 gün, 2017/2018-cü tədris ili üzrə 8 gün, 2018-2019-cü tədris ili üzrə 9 gün müddətində olduğundan İddiaçı qiyabi təhsilalma formasında təhsil almışdır. Həmin müddətdə tələb olunan tədris yükünün yerinə yetirilməsinin mümkünsüzlüyü ilə bağlı Kollegiya bildirir ki, bu o halda mümkünsüz hesab oluna bilərdiki, iddiaçı əyani formada təhsil alsın. Lakin işin mübahisəsiz halıdır ki, iddiaçı təhsilini qiyabi formada almışdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, oxşar işlər üzrə Ali Məhkəmənin əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqeyində qeyd edilir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü-özlüyündə bir qədər qeyri - müəyyəndir. Sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Həmin bəndə əsasən, xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Belə ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2046/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı). İşin mübahisəsiz halıdır ki, iddiaçı təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib-gəlmiş, bundan əlavə, iddiaçının təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmişdir. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırkı halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və diplomun apostil olması, diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NKnin 2003-cü il 13 may tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3663/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.