Məhkəmə qərarları › İş №2-1(103)-3551/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3551/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3551/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X2 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasınını bərpa edilməsi və.s“ iddiа tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-7420/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyası məbləğinin əvvəlki vəziyyətə bərpa edilməsi, yəni hər ay 997,92 AZN məbləğində müəyyən edilməsi; ona güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyası məbləğindən qanunsuz əsaslarla tutulmuş 21.535,15 AZN məbləğin birdəfəlik şəkildə iddiaçıya geri qaytarılması; ona güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyası məbləğindən qanunsuz tutulmaların aparıldığı xx.xx.2020-ci ildən hazırkı iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək ödənilməmiş və ya az ödənilmiş fərqin hesablanaraq birdəfəlik şəkildə iddiaçıya ödənilməsi; ona güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasından qanunsuz olaraq tutulmaların aparılması və həmçinin cavabdeh inzibati orqanın öz hüquqi öhdəliklərini pozması nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) AZN məbləğdə pul vəsaitinin kompensasiya olaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7420/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-7420/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarında olan elektron çıxarışdan (səh.101) görünür ki Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7420/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə xx.xx.2024-cü il tarixində yerləşdirilmiş və həmin qərardaddan apellyasiya şikayəti xx.xx.2024-cü il tarixində verilməklə qanunla müəyyən edilmiş 10 günlük müddəti ötürmüşdür. Göründüyü kimi, iddiaçı müvafiq qərardadı lazımi qaydada əldə etməsinə baxmayaraq, apellyasiya şikayətini prosessual müddət ötürülməklə vermişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "xxxx" MMC tərəfindən yaradılan sima bulud əsaslı yeni nəsil rəqəmsal imza xx.xx.2022 tarixdən ictimaiyyətə təqdim olunub. Lakin həm asan imza, həm də sima imzanın eyni anda tətbiqi zaman-zaman vahid məhkəmə sistemindən istifadə edərkən bəzi problemlər yaradır. Qeyd edək ki, 13 avqust 2024-cü ildə bütün gün ərzində, 14 avqust 2024-cü il tarixində isə səhər saatlarından bir neçə dəfə apellyasiya şikayətini yükləməyə cəhd etdik. Lakin yuxarıda sadaladığımız səbəblərdən dolayı sənədlərin sistemdə təsdiqi və yüklənməsi saat 14:45dən bir neçə dəqiqə geç olmuş ola bilər. Amma dəyişməyən və mübahisəsiz fakt odur ki, apellyasiya şikayəti müddətin 10-cü günündə, yəni 14 avqust 2024-cü ildə təqdim edilib. Beləliklə, qanunvericiliyə əsasən, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddət ötürülməyib. Bununla bağlı kollegiya qeyd edir ki, elektron sistemdə nasazlıq olduğuna dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Həmçinin müvafiq elektron sistemdə nasazlıq olsa da belə, iddiaçının poçt vasitəsilə apellyasiya şikayəti vermək imkanı olmuşdur. İddiaçı isə qərardad təqdim olunduğu gündən 10 gün sonra (sonuncu gündən sonra) elektron sistemdə apellyasiya şikayəti verməyə cəhd etmişdir. Bununla belə, iş materiallarından məlum olur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-4588/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 2067/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-4588/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı yenidən eyni inzibati orqana qarşı, eyni predmet və eyni əsasla hazırkı iddianı qaldırmışdır. Hazırkı iddianın predmetini təşkil edən məsələ barədə iddiaçının daha əvvəl iddiası olmuş və həmin tələbə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilmişdir. xx.xx.2023-cü il tarixli e-2-1(112)-4588/2023 nömrəli qərardadı ilə iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmamışdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından ərizəçinin apellyasiya qaydasında mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7420/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından apellyasiya şikayətini qanunla müəyyən edilmiş 10 günlük müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı mötəbər sübutları təqdim etməmələrini nəzərə alaraq hesab edir ki, şikayət qeyrimümkün sayılmalı və onun qəbulundan imtina edilməlidir. Həmçinin, məhkəmə kollegiyası oxşar mövqe ilə bağlı diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2750/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran bir sıra amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də kassasiya şikayətinin verilməsi üçün müddətlərin müəyyən olunmasıdır. Qərardaddan kassasiya şikayətinin verilməsi üçün İPM-in 94.1-ci maddəsi ilə nəzərdə tutulan 10 günlük müddət keçdikdən sonra, poçt qurumuna təqdim olunmuşdur. İddiaçı prosessual müddətin bərpasına dair ərizə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən, habelə həmin Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7420/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar