Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3552/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5633/2023 saylı, 31 may 2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ataları Xankəndi şəhərindən məcburi köçkün Qanuni nümayəndə olduğu və Xankəndində mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi olmadığı üçün 18 yaşı tamam olmamış oğulları xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 və xx xxxxx 2007-ci il əvəllüdlü İddiaçı1 “məcburi köçkün” statuslarının tanınması və onlara müvafiq vəsiqələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Qanuni nümayəndə məhkəmə dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək hazırki iş üzrə iddiaçının əsl iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmiş, iddiaçı Qanuni nümayəndə əsl iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə əvəz edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, X6 1979-cu ilin fevralından 1991-ci ilin oktyabrına kimi Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin X14 Vilayəti və ətraf rayonlar üzrə Xankəndi şəhərində akkreditə olunmuş xüsusi müxbir vəzifəsində işləmişdir. Atasına ünvan 1 ünvanında xidməti mənzil verilmiş, ailələri 1980-cı ildə Ağdam şəhərindəki dövlətə aid mənzildən Xankəndiyə köçərək Qarabağ hadisələrinin başladığı dövrə kimi həmin mənzildə yaşamış və pasport qeydiyyatında olmuşlar. Onlar məcburən Xankəndidən Bakıya köçərkən Qanuni nümayəndə 12 yaşı vardı. O vaxtdan ünvan 3 ünvanında AR Avtomobil Nəqliyyatı Nazirliyinə məxsus idarə (vedomstvennıy) mənzildə yaşamışlar, sonra həmin mənzil X2 adına özəlləşdirilmişdir. İndi də həmin mənzildə yaşayırlar. Atasının, anasının, qardaşının, bacısının və onun məcburi köçkün statusları vardır. 21 yanvar 2003-cü ildə məcburi köçkün statusu olmayan X7 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüd İddiaçı2 və xx xxxxx 2007-ci il təvəllüd İddiaçı1 adlı övladları vardır. Ailəsi ilə atasının mənzilində qeydiyyatdadırlar. Övladları İddiaçı2 və İddiaçı1 məcburi köçkün statuslarının tanınması və onlara müvafiq vəsiqələrin verilməsinin təmin edilməsi xahişi ilə elektron poçtla cavabdehə müraciət etmiş, cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. O, Xankəndidən çıxarkən pasportu olmamışdır. İndiyə kimi də heç vaxt mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etməmişdir. Dövlətdən heç vaxt maddi yardım, çörəkpulu və s. almamışdır. O, Qaçqınkomun xx.xx.2005-ci il tarixli qərarı ilə Xankəndi şəhərindən “məcburi köçkün” statusuna malikdir, ona AA seriyalı 124782 nömrəli vəsiqə verilmişdir. Oğlanları xx xxxxx 2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 doğulduqları vaxtdan onun himayəsindədirlər. Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə alınmışdır) 4.1.6-cı maddəsinin sonradan qəbul edilməsinə və 18 yaşına çatmamış övladlarının vətəndaş vəziyyətini ağırlaşdırdığına görə onlara münasibətdə geriyə tətbiq edilə bilməz. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5633/2023 saylı, 31 may 2023-cü il tarixli qərarı ilə iddia təmin olunmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5633/2023 saylı, 31 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə xx.xx.1976-cı il tarixdə Ağdam şəhərində doğulmuşdur və yaşayış yeri üzrə ünvan 4 ünvanda qeydiyyatdadır. - 124782 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə Xankəndi rayonunu 1988-ci ildə tərk etmiş, cavabdeh tərəfindən ona xx.xx.2005-ci il tarixdə məcburi köçkün statusu verilmişdir. - AZ-İ №750635 nömrəli, xx.xx.2012-ci il tarixli nikah haqqında təkrar şəhadətnamənin surətindən görünür ki, Qanuni nümayəndə və X7 xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. - AZ-İ №652825 nömrəli, xx.xx.2005-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Qanuni nümayəndə, anası X3r. - AZ-İİ №327866 nömrəli, xx.xx.2009-cu il tarixli doğum haqqında təkrar şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Qanuni nümayəndə, anası X3r. - Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qanuni nümayəndə və X4 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2023-cü illəri əhatə edən elektron məlumat bazasında heç bir məlumat mövcud deyildir. - Xocalı rayonu İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 243 nömrəli məktubuna əsasən xx.xx.1976-cı il təvəllüdlü Qanuni nümayəndə, xx.xx.1977-ci il təvəllüdlü X5, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 Xocalı rayon sakinləri deyillər və onlara Xocalı rayon İcra Hakimiyyəti tərəfindən vahid aylıq müavinəti ödənilmir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-11588/23 nömrəli məktubuna əsasən: xx.xx.1976-cı il təvəllüdlü Qanuni nümayəndə xx.xx.1999-cu il tarixdən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 8 B-2, mənzil 16-da; xx.xx.1977-ci il təvəllüdlü X5 xx.xx.2004-cü il tarixdən xx.xx.2012-ci il tarixədək Bakı şəhəri, Mərdəkan qəsəbəsi, tikinti sahəsi, ev 16-da yaşayış yer üzrə qeydiyyatda olmuş, xx.xx.2016-cı il tarixdən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 8 B-2, mənzil 16-da; xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 xx.xx.2017-ci il tarixdən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 8 B-2, mənzil 16-da; xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 xx.xx.2017-ci il tarixdən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 8 B-2, mənzil 16-da yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Qanuni nümayəndə adına Siyəzən rayonu, Zabrat kəndi ərazisində yerləşən 0,10 ha (yaşayış məntəqələrinin torpaqları) torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Digər şəxlər X5, İddiaçı2, İddiaçı1 adlarına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlaklar aşkar edilməmişdir. - Cavabdehin 08 sentyabr 2022-ci il tarixli, 01/4832 saylı müraciəti təmin etməkdən imtina məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Həm onun, həm də həyat yoldaşı X1 qeydiyyatı ünvan 5 ünvanında olduğu üçün istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Göründüyü kimi məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən: - Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. - Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. - Bənd 1.1. “Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. - Bənd 1.2. Məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. - Bənd 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: - 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçıların həm özlərinin, həm atasının, həm də anasının daimi yaşayış yeri işğal olunmuş rayon deyil, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 8B-2, mənzil 16 olmuşdur. Göründüyü kimi iddiaçılar qanunla nəzərdə tutulmuş şərti ödəmirlər. Həmçinin iddiaçıların doğulduğu vaxt qüvvədə olan Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət – dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara. Yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydaların müəyyən edilməsini nəzərdə tutumamış, həmin dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Həmin Təlimatın 5.1-ci bəndinə əsasən isə mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla) yemək xərci üçün aylıq müavinət verilmirdi. İş materiallarından görünür ki, iddiaçıların atası Qanuni nümayəndə məcburi köçkün düşdükdən sonra onun atasına verilmiş Bakı şəhəri, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 8B-2, mənzil 16-da yaşamış və ailə üzvü kimi həmin mənzilə daimi pasport qeydiyyatına alınmışdır İşdən müəyyən olunur ki, iddiaçılar və onun məcburi köçkün statusuna malik olan valideyni hazırkı tarixədək hər hansı bir müavinət almamış, qanunvericiliklə məcburi köçkün statusuna malik şəxslərə şamil olunan güzəştlər ona şamil olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İddiaçılar və onların məcburi köçkün statusuna malik valideyninə münasibətdə məcburi köçkünlər üçün nəzərdə tutulan təminatın verilmə əsasını aradan qaldıran halların olması, buna görə də hazırkı tarixədək həmin təminatlardan istifadə etməmələri onların həmin statusa qanuni gözlənti hüququnun olmadığını da deməyə əsas verir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5633/2023 saylı, 31 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5633/2023 saylı, 31 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3552/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3552/2023
07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver