Məhkəmə qərarları › İş №2-1(103)-3552/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3552/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3552/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X10 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirаkları ilə, İddiaçı cavabdeh Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı (X5 və Allahverdiyeva (Arifli) Nərmin Azər qızı üçüncü şəxs qismində cəlb edilməklə) “doğum haqqında akt qeydində dəyişikliyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 iyun 2024cü il tarixli, 2-1(112)-1228/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü oğlu X6 doğum akt qeydindəki ata qrafasında X5 qeydini ləğv edərək, İddiaçı kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 və Allahverdiyeva (Arifli) Nərmin Azər qızı üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X13 ilə 2010-cu ildən faktiki nikah münasibətində olmuş və xx.xx.2012-ci il tarixdə bir azyaşlı övladı Sübhan doğulmuşdur. Övladının anası X13 xx.xx.2012-ci il təvəllüdlü oğlu Sübhanın atası olmağı faktının müəyyən edilməsi, uşağın doğum akt qeydində ata qrafasında onun, yəni İddiaçı qeyd edilməsi ilə bağlı olaraq İmişli Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən iddia təmin olunaraq xx.xx.2012-ci il təvəllüdlü oğlu Sübhanın atası olmağı faktının müəyyən edilməsi, uşağın doğum akt qeydində ata qrafasında onun, yəni İddiaçı qeyd edilməsinə, eyni zamanda yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 87 manat məbləğində alimentin ödənilməsinə dair 2(036)-1306/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnamə qəbul edilmişdir. Bundan sonra, X13 övladı X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 87 manat məbləğində müəyyən edilmiş aliment məbləğinin artırılması ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciət etmiş və alimentin məbləği dəyişdirilərək 154 manat məbləğində müəyyən edilməsi ilə bağlı olaraq 2(007)-3087/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamə qəbul edilmişdir. O isə öz növbəsində ata kimi vəzifəsini icra edərək müəyyən edilmiş aliment məbləğini daima ödəmişdir. Buna baxmayaraq, ona daha sonra məlum olmuşdur ki, ümumiyyətlə yuxarıda qeyd edilən qanuni qüvvəsini almış qətnamə icra edilməmiş, X13 tərəfindən sözügedən qətnamə qəsdən aidiyyatı qurumlara təqdim edilmədən xx.xx.2020-ci il tarixində, yəni qətnamənin qanuni qüvvəsini almasından 8 il sonra X13 və X1 birgə ərizəsi əsasında oğlu xx.xx.2012-ci il təvəllüdlü X6 atasının X5 olması müəyyən edilmiş, uşağa münasibətdə R.Allahverdiyevin atalığının müəyyən edilməsi qeydə alınmışdır. O isə bu faktı yalnızca öz təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etdikdən sonra əldə edə bilmişdir. Göründüyü kimi Sübhan onun oğludur, bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. X14 qərəzli hərəkətləri nəticəsində qanunla müəyyən edilmiş valideynlik hüququ, oğlunun isə birbaşa konstitusion hüququ kobud surətdə pozulmuşdur. Bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X6 doğum akt qeydinin ləğv edilməsini, doğum akt qeydində ata qrafasında onun, yəni İddiaçı qeyd edilməsini xahiş etsə də, xx.xx.2023-cü il tarixli, 3-165/7-13-655/2023 saylı məktub ilə ərizənin təmin olunmasından imtina olunmuş və ərizənin müsbət həlli mümkün olmamış, eyni zamanda, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Üçüncü şəxs Allahverdiyeva (Arifli) Nərmin Azər qızı iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, övladı 2012-ci il təvəllüdlüdür. Övladının bioloji atası İddiaçı uşağı ilə bu yaşa qədər ünsiyyətdə olmayıb və onunla heç bir şəkildə maraqlanmayıb. Yalnız məcburi qaydada aliment ödəyib. Aliment ödəmək valideynin borcudur. Hətta valideyinlik hüququndan məhrum olmuş şəxslər belə aliment ödəməyə məcburdurlar. Aliment ödəmək övladla maqraqlanmaq göstəricisi deyil. Sübhan 12 yaşına çatdıqda İddiaçı uşaqla görüş tələb etdi. Lakin Sübhan onu görməkdən imtina edir. Bu vəziyyət uşağın bütün psixologiyasını pozub. Hətta evdən qaçmağa belə təşəbbüs göstərib. O, 2020-ci ildə yenidən ailə qurub. Sübhanla əri arasında səmimi ata-övlad münasibəti yarandığı üçün ona ərinin soyadını verib. Bu gün övladı bu ailədə çox xoşbəxt və qayğısız həyat yaşayır. Amma İddiaçı şəxsi ədavətinə görə uşağı intiqam alətinə çevirib. Soyadın dəyişilməsi məsələsi Sübhanı məhv edə bilər. Məktəbə belə getməyəcəyini bildirir. Çünki, qeyd etdiyi kimi İddiaçıı tanımır və onunla heç bir şəkildə ünsiyyətə getmir (hazırda Abşeron rayon icra və probasiya şöbəsində görüş tələbi icraatdadır). Nəzərə alınmalıdır ki, Sübhan yetkinlik yaşındadır, gələcəyin əsgəridir. Onun iradəsinin sındırılması onu məhv edə bilər. Məktuba əlavə olaraq Abşeron rayon icra və probasiyanın aktı əlavə olunmuşdur ki, həmin aktda uşaq Sübhan Ariflinin atası İddiaçıla görüşmək və danışmaq istəmədiyi qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(112)-1228/2024 saylı qərarı ilə (hakim H.Ağalarov) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2- 1(112)-1228/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən üçüncü şəxslərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını və onun vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(112)-1228/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, seriya AZ-İ № 387425 saylı atalığı müəyyən etmək haqqında aktı qeydinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Arifli Sübhanın ata qrafasında xx.xx.1993-cü il təvəllüdlü X5 qeyd edilmişdir. -İmişli Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş məlumatda İmişli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(036)- 1306/2012 saylı qətnaməsinin icra edilməsi üçün xx.xx.2013-cü il tarixdə İmişli rayon qeydiyyat şöbəsinə göndərildiyi, icraata başlama haqqında qərar məhkəməyə göndərilmədiyi üçün icra vəziyyəti barədə məlumat verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Qoşmaya əlavə edilmiş xx.xx.2012-ci il tarixli, 2(036)-1306/2012 saylı qətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X13 ilə faktiki nikah münasibətlərindən xx.xx.2012-ci il tarixdə doğulmuş Sübhan adında uşağın atası olması faktının müəyyən olunması və uşağın doğulması haqqında akt qeydlərində ata qrafasında İddiaçı yazılması qət edilmişdir. -İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli, 1699 saylı doğum haqqında akt qeydinin surətindən görünür ki, Sübhan adlı uşaq xx.xx.2012-ci il tarixdə doğulmuş, ata qrafasında Daşqın qeyd edilsə də, soyadı Arifli olaraq göstərilmişdir. Həmin akt qeydində xx.xx.2020-ci il tarixdə X1 atalığı müəyyən etmək haqqında aktı qeydinin ləğvi ilə əlaqədər xx.xx.2012-ci il tarixli, 1699 saylı doğum haqqında akt qeydində dəyişiklik edilmiş və uşağın soyadı Allahverdiyev, ata adı isə Ruhin kimi göstərilmişdir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, xx.xx.2012-ci il təvəllüdlü Sübhanın doğumu xx.xx.2012-ci il tarixli, 1699 saylı aktla qeydə alınmışdır. Doğum haqqında akt qeydi verilərkən nə atanın razılıq ərizəsi, nə də məhkəmə qətnaməsi olmamışdır. Bu halda qanunvericiliyə uyğun olaraq uşağın soyadı anasının soyadı ilə eyni, ata adı isə anasının göstərişi ilə “Daşqın” kimi qeyd edilmişdir. Daha sonra atalığın müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və İmişli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(036)- 1306/2012 saylı qətnaməsi ilə İddiaçı X13 ilə faktiki nikah münasibətlərindən xx.xx.2012-ci il tarixdə doğulmuş Sübhan adında uşağın atası olması faktının müəyyən olunması və uşağın doğulması haqqında akt qeydlərində ata qrafasında İddiaçı yazılması qət edilmişdir. Lakin uşağın doğum haqqında akt qeydində dəyişiklik edilməmişdir. Ümumiyyətlə sözügedən qətnamənin icra olunması məkhəmə araşdırması ilə müəyyən edilməmiş, bu barədə hər hansı sənəd nə İmişli Rayon Məhkəməsindən, nə də İmişli rayon Qeydiyyat şöbəsindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, İmişli Rayon Məhkəməsi tərəfindən verilən məlumata əsasən qətnamə icra edilməsi üçün xx.xx.2013cü il tarixdə İmişli rayon Qeydiyyat şöbəsinə göndərilmiş, icraata başlama haqqında qərar məhkəməyə göndərilmədiyi üçün icra vəziyyəti barədə məlumat verilməsi mümkün olmamışdır. Doğrudur, qətnamə qəbul edildiyi dövrdə Ailə Məcəlləsinin yuxarıda istinad edilən 187.1-1-ci maddəsi mövcud olmamışdır. Bununla belə, adıçəkilən qətnamənin icrası təmin edilməli və uşağın doğum haqqında akt qeydində müvafiq dəyişiklik edilməli idi. Məhkəməyə təqdim edilən sənədlərdən uşağın doğum haqqında akt qeydində qətnamə əsasında dəyişiklik edilməsi halı müəyyən olunmur. Həmin qətnamənin icrası ilə bağlı heç iddiaçının özü də İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etməmişdir. Hazırda iddiaçı uşağın doğum akt qeydindəki ata qrafasında X5 yazılmasını yanlış hesab edərək həmin qeydin ləğv edilməsi və İddiaçı kimi qeyd edilməsini tələb edir. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, seriya AZ-İ № 387425 saylı atalığı müəyyən etmək haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Arifli Sübhanın ata qrafasında xx.xx.1993-cü il təvəllüdlü X5 qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bununla bağlı hər hansı hüquq pozuntusu olmamışdır. Belə ki, müraciət uşağın anası və onun rəsmi nikahda olduğu şəxs tərəfindən edilmişdir. Bu halda qanunvericiliyə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq idarəsi ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu akt qeydlərinin saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X2 Reyestri Xidmətinə sorğu verir. Dəyişikliyi qeydə alan orqan, hazırkı mübahisədə cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi müvafiq sorğuları verdiyi zaman qətnamə icra edilmədiyi və buna müvafiq olaraq yeni qeyd aparılmadığı üçün uşağın doğum haqqında akt qeydindən başqa hər hansı sənəd aşkar edə bilməzdi. Bu baxımdan, doğum haqqında akt qeydində ata haqqında məlumat göstərilmədiyindən (uşağın ilkin doğum haqqında akt qeydinda ata adı kimi “Daşqın” yazılması yuxarıda da qeyd edildiyi kimi, qanunvericiliyə uyğun olaraq anasının göstərişi ilə olmuşdur və bu hal atalığın müəyyən edilməsi barədə ərizənin qəbulundan imtinaya əsas vermir) cavabdeh tərəfindən X5 və X4 tərəfindən edilmiş müraciət təmin edilmiş və doğum haqqında akt qeydində dəyişiklik edilərək uşağın atası kimi X5 göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası”: 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 2.10. Uşağa adın, ata adının və soyadın verilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir. 6.1. Ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərin seçdiyi, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsində və ya konsulluq idarəsində dövlət qeydiyyatına alınır. 6.2. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. 6.5. Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən atalığın müəyyən olunmasının dövlət qeydiyyatı zamanı atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib edilir. 6.6. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1-1-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş atalığın müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qeydə alır. 6.7. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. 6.13. Atalığın müəyyən olunmasını qeyd edərkən uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir, valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı uşağın yaşadığı yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll olunur. 6.14. Doğum haqqında akt qeydində ata haqqında məlumat göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi barədə ərizəni qəbul etməmişdən əvvəl doğum haqqında akt qeydində ata haqqında məlumatın hansı əsasla yazıldığını yoxlamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. 159.1. X2 qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 187.1. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. 187.1-1. Atalığın müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. (xx.xx.2022-ci il tarixdən əlavə edilmişdir) Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, hər bir uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir və uşağa ata adı atasının adına görə verilir. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının soyadının dəyişdirilməsi barədə müraciətin təmin edilməsindən cavabdehin imtinası qanunazidd deyildir. Məhkəmə kollegiyası hesab edir ki, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə həmin inzibati orqanın üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(112)-1228/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar