Məhkəmə qərarları › İş №2-1(103)-3553/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3553/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3553/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı “kompensasiya” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı “kompensasiya” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 2-1(112)-3395/2024 saylı 02 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Biləcəri Bələdiyyəsindən 50 000 manat məbləğində maddi və mənəvi zərərin xeyrinə tutulmasını və cavabdeh Biləcəri Bələdiyyəsi tərəfindən adına verilmiş xx.xx.2006-cı il tarixli, 1035 saylı qərarın və s. sənədlərin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 1035 saylı qərarının ləğv olunması və 50.000 (əlli min) manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3395/2024 saylı 02 iyul 2024-cü il tarixli qərardadı ilə iddia “Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 1035 saylı qərarının ləğv olunması” hissəsində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3395/2024 saylı 02 iyul 2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı “kompensasiya” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəfərova X1 Məhkəmədə Biləcəri Bələdiyyəsinə qarşı iddia qaldıraraq, cavabdeh Biləcəri Bələdiyyəsindən 50 000 manat məbləğində maddi və mənəvi zərərin xeyrinə tutulması və cavabdeh Biləcəri Bələdiyyəsindən atası tərəfindən adına alınmış xx.xx.2006-cı il tarixli, 1035 saylı qərarın və s. sənədlərin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Amma İnzibati Məhkəmə tərəfindən iddiası təmin olunmamışdır. O. İnzibati Məhkəmənin bu qərarı ilə razılaşmır. Bələdiyyənin qərarını mərhum atası əldə etmişdir. Ona görə də bu qərarla bağlı o, Biləcəri Bələdiyyəsinə ərizə ilə müraciət etməmişdir. Məhz bu səbəbdən də qərarın üzərində onun imzası mövcud deyildir. xx.xx.2006-cı il tarixli 1035 saylı qərarın arxiv idarəsində başqa adamın, yəni X6 adına olduğunu məhkəmə prosesi zamanı bilmişdir. Məhkəmə prosesində vəkil Kənan Əliyev arxiv idarəsinə sorğu göndərdikdən sonra 1035 saylı qərarın onun deyil, başqa adamın adına olduğunu bilmişdir. Bu qərarın arxiv idarəsində onun adına olmadığı üçün də Bələdiyyə tərəfindən aldadılaraq zərərçəkmiş qismində məhkəməyə müraciət etmişdir. Biləcəri Bələdiyyəsi tərəfindən verilən bu qərara görə mənəvi zərərlər görmüşdür. Misal olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədrliyi ilə qəbul olunmuş 2-1(103) 294/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2725/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv olunmuş və iddia tələbi mümkünsüz sayılmışdır. Həmin sənədlərin saxta olması səbəbindən ona yaşatdığı digər problemlərdən biri də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Əsgərov Azər Gürşad oğlunun kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6782/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yeni apellyasiya baxışına göndərilməsinə qərar verilmişdir. Bununla da o, Biləcəri Bələdiyyəsi tərəfindən adına verdiyi qərarla bağlı aldanmış və zərər çəkmişdir. Tərəflərin izahatları xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq iş üzrə cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Biləcəri Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı tələbi “Biləcəri Bələdiyyəsindən 50.000 (əlli min) manat kompensasiyanın tələb olunması” ilə bağlıdır. Bununla bağlı o, məhkəməyə müraciət etmiş, lakin iddiası rədd edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının bu barədə iddia tələbini rədd edərkən ona istinad etmişdi ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3395/2024 saylı 02 iyul 2024-cü il tarixli qərardadı ilə iddiaçının “Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 1035 saylı qərarının ləğv olunması” barədə iddiası mümkün sayılmamışdır. Belə ki, Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 1035 saylı qərarı başqa şəxs barəsində olduğundan iddiaçının onun ləğvini tələb etməklə bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçı sözügedən məhkəmə qərardadını mübahisələndirmədiyindən qərardad qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının “kompensasiya” ilə bağlı tələbi üzrə işə mahiyyəti üzrə baxaraq gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İşdən görünür ki, iddiaçının iddia tələbi 2 hissədən ibarət olmuşdur:

1. Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 1035 saylı qərarının ləğv olunması;

2. 50.000 (əlli min) manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi. İddiaçının birinci tələbi mümkün sayılmamışdır. Buna əsas olaraq məhkəmə iddiaçının subyektiv hüququnun olmamasını göstərmişdir. İkinci- “kompensasiya” tələbi isə məhkəmə tərəfindən təmin olunmamışdır. Bu barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə ikinci tələbin birinci tələbdən asılılığını nəzərə almamışdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçının əsas tələbi- bələdiyyənin qərarının ləğvi ilə bağlı olmuşdur ki, həmin tələb də qeyri-mümkün sayılmış və bu barədə məhkəmənin qərardadı qanuni qüvvəsini almışdır. İddiaçının ikinci tələbi isə məhz birinci tələbdən doğur, yəni iddiaçının ikinci tələbinin əsası ona söykənir ki, ona kompensasiya olaraq ödənilməsini tələb etdiyi ziyan bələdiyyənin qanunsuz hərəkəti, yəni qəbul etdiyi qanunsuz qərar əsasında vurulmuşdur. Halbuki “qərarın ləğvi” ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərardadı mövcuddur. Belə olan halda həmin tələbin (birinci tələbin) davamı olaraq “kompensasiya” tələbi də əsas iddia tələbi qeyri-mümkün sayıldığından o da qeyri-mümkün sayılmalıdır. Qeyd olunan hallar işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən tam araşdırılmamış, iddiaçının “50.000 (əlli min) manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə tələbinin mümkünlük şərtlərinə cavab verib-vermədiyi məsələsi tam yoxlanılmamış və nəticədə qeyd olunan tələbə mahiyyəti üzrə baxılaraq onun təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Odur ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3395/2024 saylı 02 iyul 2024-cü il tarixli qərarı ləğv olunmalı və iddiaçının “kompensasiya” tələbi qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3395/2024 saylı 02 iyul 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı “kompensasiya” tələbinə dair iddiası qeyri-mümkün sayılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X7 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar