Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3555/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və digərilərinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən yaşayış yeri üzrə qeydiyyata alınmadan imtina) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “iddiaçıların ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6436/2024 saylı qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “iddiaçıların ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ailəsi ilə birgə X1, azyaşlılar: İddiaçı3, İddiaçı4, ünvan 1 ünvanında qeydiyyatsız yaşayarıq, həmin ünvanda yaşadıqları üçün həmin evə qeydiyyata düşmək niyyətindədirlər. Bu məqsədlə iddiaçı ərizə ilə xx.xx.2023-cü il tarixində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmiş, lakin ona cavab gəlmədikdə iddiaçı ərizə ilə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə ərizə ilə müraciət etmiş, Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiyya İdarəsi xx.xx.2024-cü il tarixli, 18/2-Q-l 00137 saylı məktubla imtina etmişdir. İmtina məktubu ilə bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad olunmuş, məhkəməyə müraciət etmək hüququnun olması göstərilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6436/2024 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.
4. Qərardan iddiaçılar apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 2 ünvanında sahiblik və istifadə hüququ əsasında faktiki yaşayırlar, bunu təsdiq edən sənədləri-arayışı, kommunal ödəniş sənədlərini və s. məhkəməyə təqdim etmişlər.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
6. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
8. İddiaçılar tərəfindən iddiaçılara məxsus şəxsiyyət vəsiqələrinin surətləri, iddiaçılar tərəfindən cavabdehə ünvanlanmış ərizə, kommunal xidmətlərə dair müqavilələr, Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-18-10/2-0443/2024 saylı arayışını məhkəməyə təqdim etmişlər.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
9. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
10. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
11. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanuna əsasən: - 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. - 2. şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5. yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs (şəxslər), üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. İşin faktiki hallarına əsasən iddiaçılar ünvan 1 ünvanına nə mülkiyyət hüququ, nə icarə (və ya kirayə) müqaviləsi, nə digər qanuni əsaslarla yaşayır və bunun nəticəsi olaraq iddiaçılar cavabdeh orqana, həmçinin məhkəməyə qanunla tələb olunan sənədləri təqdim edə bilməmişlər.
12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
13. Məhkəmə işin bütün hallarına məcmu qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə hərəkəti (hərəkətsizliyi) qanunauyğun olmuşdur, belə ki, iddiaçılar ünvan 1 ünvanına mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə (və ya kirayə) müqaviləsi və qanuni əsaslarla yaşamalarına dair digər sənədlər təqdim edilmədiyi halda cavabdehin iddiaçının həmin ünvana yaşayış yeri üzrə qeydiyyata almasından imtinası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə uyğun olmuşdur.
14. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün müraciət edən şəxs həmin yaşayış sahəsinə köçmək üçün əsas verən hüquqmüəyyənedici sənədlərdən birini təqdim etməlidir. İddiaçının inşa etdiyi özbaşına tikilidə yaşaması, kommunal, işıq, qaz və su xidmətlərindən istifadəyə və sairə görə çəkdiyi xərcləri ödəməsi və s. həmin ünvana qeydiyyata alınma üçün əsas deyil. Sadalanan xərclər göstərilən xidmətlərə görə iddiaçının müqavilə öhdəlikləri üzrə həyata keçirdiyi əvəzli ödənişlər olduğundan, bu ödənişləri ehtiva edən sənədlər evin qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatının mövcudluğunu əks etdirən hüquqmüəyyənedici sənəd hesab edilə bilməz.
15. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
17. Beləliklə, məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
18. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6436/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov