Məhkəmə qərarları › İş №2-1(103)-3556/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3556/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3556/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və sair” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli 2-1(112)- 3247/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 28 sentyabr 2012-ci il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh özünün 14 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-B-222228/2024 saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmişdir. İddiaçı xx xxxxxxxx 1955-cü ildə Bakı şəhərində anadan olmuş və hazırda ünvan 1 ünvanında yaşayır. Natamam orta təhsilini başa vurduqdan sonra 01 sentyabr 1970-24 iyun 1974-cü il tarixlərində Bakı Rabitə Elektrotexnika Texnikumunda əyani təhsil almışdır. 26 oktyabr 1981-ci il tarixində Azərbaycan Dəmir Yollarının X2 Deposunda balonların sınaqçısı vəzifəsinə işə qəbul edilmişdir. 10 yanvar 1983-cü ildə refrijerator qatarının mexaniki vəzifəsinə keçirilmişdir. 24 may 1983-cü il tarixində refrijerator seksiyasının rəisi vəzifəsinə keçirilmişdir. 06 avqust 1984-cü ildə dizel avadanlıqlarının cari təmiri üzrə təmirçi çilingər vəzifəsinə keçirilmişdir. 11 sentyabr 1984-cü il tarixində refrijerator qatarının rəisi vəzifəsinə keçirilmişdir. 01 noyabr 1985-ci ildə işdən çıxmışdır. 20 noyabr 1985-ci ildə Azərbaycan AES Tikinti Quraşdırma İdarəsində fəhlə vəzifəsinə işə qəbul edilmişdir. 12 may 1986-cı ildə çilingər vəzifəsinə keçirilmişdir. 30 sentyabr 1986-cı ildə işdən çıxmışdır. 14 noyabr 1986-cı ildə Azərbaycan Dəmir Yollarının Baş Ələt stansiyasında qatar tərtibatçısının köməkçisi kimi işə qəbul edilmişdir. 24 noyabr 1986-cı ildə həmin vəzifədə sərbəst işə buraxılmışdır. 25 iyun 1987-ci ildə işdən çıxmışdır. 30 iyul 1987-ci ildə Azərbaycan Dəmir Yollarının X7 Vaqon Deposunda refrijerator seksiyası mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 19 noyabr 1987-ci ildə refrijerator seksiyasının rəisi keçirilmişdir. 04 aprel 1991-ci il tarixində refrijerator seksiyası mexaniki vəzifəsinə keçirilmişdir. 22 aprel 1993-cü ildə refrijerator seksiyasının rəhbər mexaniki keçirilmişdir. 07 fevral 2018-ci il tarixində işdən çıxmışdır. 07 fevral 2018-ci ildə X9 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 25 sentyabr 2018- ci ildə əmək müqaviləmə xitam verilmişdir. 08 noyabr 2018-ci ildə Azərbaycan Dəmir Yolları Ekspress MMC-nin X9 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə təyin edilmişdir. 05 avqust 2019-cu ildə X9 Xidməti Baxış və Cari Təmir Sexində mexanik vəzifəsinə keçirilmişdir. 11 oktyabr 2022-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 01 yanvar 2006-cı ilə qədər iddiaçı ümumilikdə 25 il ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nın 21.4-ci bəndinə Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində qeyd edilmiş refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsi ilə eynilik təşkil etmişdir. Cavabdeh iddiaçının refrijerator seksiyasının rəhbər mexaniki 8 vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməməsini əsas tutaraq, pensiya təyin edilməsi xahişini rədd etmişdir. Cavabdehin həmin inzibati qərarı aşağıdakılara görə qanunsuzdur; 1) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyası 33- 19 nömrəli 22 oktyabr 1997-ci tarixli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyndə 20 noyabr 1997-ci il tarixində qeydiyyata alınmış və qeydiyyat nömrəsi 70 olan Dəmir Yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasında (hissə 56-1) (sonradanKitabça) giriş hissədə deyilmişdir: Vahid Tarif-ixtisas Sorğu kitabçasının bu bölməsi özündə ancaq dəmiryolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərini əks etdirən vahid normativ sənəddir və onun tətbiqi mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə və təşkilatlarda məcburi xarakter daşıyır. Hər hansı bir sahə uçun spesifik xarakter daşımayan digər fəhlə peşələri və işləri üzrə tarif-ixtisas xüsusiyyətləri VTİSK-nın "Bütün sahələr uçun ümumi olan fəhlə peşələri" hissəsinə (VTİSK-1) daxil edilmişdir. VTİSK-nın "Bütün sahələr uçun ümumi olan fəhlə peşələri və işləri" bölməsinin "Ümumi müddəalar"inda qeyd edilir ki, Kitabçada verilən tarif ixtisas xüsusiyyətləri özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İslərin konkret məzmunu, həcmi və verinə yetirilmə qaydası hər bir müəssisə, idarə və təşkilatda texnoloji xəritələr, işçi təlimatlar və digər sənədlərə uyğun olaraq müəyyənləşdirilir. Cavabdehin iddia tələbinə dair etirazında qeyd etmişdir ki, iddiaçının mübahisəli əmək fəaliyyəti onun güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə çalışdığını iddia etdiyi xx.xx.1993-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrü təşkil etmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-B- 1330/1- 42/2024 nömrəli arayışında xx.xx.1993-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, X9 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Qeyd olunanlardan və müvafiq Qərarla təsdiq edilmiş Siyahıdan görünür ki, iddiaçının işlədiyi vəzifə refrijerator seksiyalarının mexaniki vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 9 ay 13 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1987- 19.11,1987-ci il, xx.xx.1991-xx.xx.1993-cü il, xx.xx.2018-xx.xx.2021-ci il, xx.xx.2021xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. xx.xx.2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları onun fərdi hesabının sığorta hissəsində 2021-ci ilin aprel, may, iyun, iyul, avqust, 2022-ci ilin aprel may, iyun, iyul, avqust və oktyabr ayları üzrə öz əksini tapmadığından həmin müddətin (ümumilikdə 11 ay) staja daxil edilməsi mümkün olmamışdır. İşin araşdırılmış hallarından və yuxarıda qeyd olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən görünür ki, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun qanunveriliklə tələb olunan güzəştli stajının olması öz təsdiqini tapmamışdır. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli 2-1(112)-3247/2025 nömrəli qərarı ilə (hakim S.Qənbərova) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçının güzəştli iş stajının araşdırılması və təmin olunmasına yönələn mövqeyi ilə razılaşmayaraq bildiririk ki, məhkəmə iddiaçının müvafiq güzəştli iş stajının araşdırılması zamanı iş yerindən təqdim edilmiş arayışı digər sübutlarla birlikdə qiymətləndirmədən yeganə hüquqi əsas kimi götürmüş, arayışın məzmununu diqqətlə tədqiq etməli, qiymətləndirməli, həmçinin arayış barədə onu vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb etməli olduğu halda işi tam, hərtərəfli araşdırmayaraq işdə olan sənədlərlə kifayətlənmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə qərarda göstərdiyi kimi, işin hallarının hərtərəfli və əhatəli aparılmış, iddiaçının əmək kitabçasında göstərilən iş yerləri və vəzifələr yalnız formal adlarına görə deyil, həm də funksional məzmununa görə qiymətləndirilmişdir. Qərarda qeyd olunmuşdur ki, iddiaçının refriferator seksiyaların rəhbər mexaniki vəzifəsində işlədiyi dövrlərə dair əmək kitabçası, işəgötürən tərəfindən verilmiş vəzifə təlimatları və arayışlar tədqiq olunmuş, bu sənədlərdə əks olunan əmək funksiyalarının texniki xarakteri və funksional uyğunluğu nəzərə alınmışdır. Təqdim olunmuş vəzifə təlimatına əsasən, refriferator seksiyaların rəhbər mexaniki vəzifəsinin funksiyaları — texniki xidmətin və istismarın təşkili, təhlükəsizlik texnikasına və istehsalat sanitariyasına nəzarət, rejimə əməl olunmasının təmin edilməsi, soyuducu avadanlıqların istismarına nəzarət və digər əlaqəli vəzifələr — refriferator seksiyaların mexaniki və böyük mexaniki vəzifələrinin funksiyaları ilə tam eyni xarakter daşıyır. Bu isə göstərir ki, iddiaçının faktiki olaraq yerinə yetirdiyi vəzifələr funksional baxımdan güzəştli pensiya hüququ verən peşəyə tam uyğundur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olan) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsaslarından, apellyasiya şikayətinin dəlillərindən, həmçinin məhkəmə araşdırması zamanı verilən izahatlardan aydın göründüyü kimi iddiaçının tələbi ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyinatının aparılmasından ibarətdir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olan) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı elementlər mövcud olmalıdır: 1) xx.xx.2017-ci il tarixədək 57 yaşı tamam olmalı; 2) 57 yaşı tamam olan tarixədək 25 il ümumi iş stajının mövcud olması; 3) Həmin stajın12 il 6 ayını güzəştli peşələrdə iş stajının mövcud olması. İşdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, iddiaçı xx.xx.1955-ci ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2012-ci il tarixdə tamam olmuşdur. Belə olan halda iddiaçıya xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olan) əsaslanaraq güzəştli siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun: - 2017-cı ilin iyul 1-dək ümumi iş stajı 25 ildən; güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının müəyyən olunmuş yaşa çatması işin mübahisəsiz hallarındandır. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı 1 yanvar 2006-cı il tarixindən bugünədək ona münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2021-ci ilin aprel, may, iyun, iyun, iyul, avqust, 2022-ci ilin aprel, may, iyun, iyun, iyul, avqust və oktyabr ayları üzrə öz əksini tapmadığından həmin müddətin (ümumilikdə 11 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmaması və güzəştli iş stajının 12 il 6 ay olmaması ilə bağlıdır. İddiaçının 25 ildən artıq ümumi iş stajı mübahisəsizdir. İş materiallarına əlavə olunmuş Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin 1219 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından və 011934 nömrəli diplomdan görünür ki, İddiaçı 1970-ci il tarixində Bakı Rabitə Elektrotexnikumuna qəbul olmuş və 1974-cü ildə həmin texnikumun Avtomatik elektrik rabitəsi ixtisası üzrə əyani şöbəsini bitirmişdir. İş materiallarından görünür ki, İddiaçı həqiqətən 1970-ci il tarixində Bakı Rabitə Elektrotexnikumuna qəbul olmuş və 1974-ci ildə həmin texnikumun Avtomatik elektrik rabitəsi ixtisası üzrə əyani şöbəsini bitirmişdir. İddiaçıya məxsus ИТ-İ №1136770 nömrəli, xx.xx.1981-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Ələt refrijerator deposuna balon sınaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci ilədək müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2018-ci il tarixində Şərq vaqon deposu refrijerator seksiyaların rəhbər mexaniki keçirilmiş, xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası iddiaçının xx.xx.2006-cı il tarixədək iş stajı ilə bağlı qeyd edir ki, həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İstinad olunan normaların tələblərini və yuxarıda adı çəkilən sənədləri nəzərə aldıqda, məlum olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 27 il 7 ay 8 gün ümumi iş stajı olmuşdur. xx.xx.2006-cı il tarixdən sonrakı dövrə aid staja gəldikdə, məhkəmə qeyd edir ki, 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. İşdən görünür ki, iddiaçının xx.xx.2006-cı ildən sonra 6 il 7 ay 20 gün sığorta stajı vardır. Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixə 34 il 2 ay 27 gün ümumi iş stajı mövcud olmuşdur ki, bu da qanunvericiliklə tələb olunan 25 ildən artıqdır. İşin digər mübahisəli halı iddiaçının tələb olunan (12 il 6 ay) güzəştli staja malik olmaması ilə bağlıdır. Cavabdeh iddiaçının cəmi 5 il 9 ay 13 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1987- 19.11,1987-ci il, xx.xx.1991-xx.xx.1993-cü il, xx.xx.2018-xx.xx.2021-ci il, xx.xx.2021xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) güzəştli iş stajının olduğunu qəbul etmiş, digər dövrlərdə isə işlədiyi refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsinin Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun olmadığını bildirmişdir . Cavabdeh tərəfindən iddiaçının mübahisəli əmək fəaliyyəti onun güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə çalışdığını iddia etdiyi xx.xx.1993-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrü hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu imtinası formal xarakter daşıyır. Belə ki, işdə olan "xxxx" qapalı səhmdar cəmiyyətinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: 1.Yeni-Ələt refrijerator vaqon deposunda ; refrijerator seksiyaların mexaniki vəzifəsində ; xx.xx.1983- xx.xx.1983; 10.01.19 83- 24.05.19 83-cü il tarixlərində

2. Yeni-Ələt refrijerator vaqon deposunda ; refrijerator seksiyaların mexaniki vəzifəsində ; xx.xx.1987-xx.xx.1987 ; xx.xx.1987-xx.xx.1987-ci il tarixlərində

3. Yeni-Ələt refrijerator vaqon deposunda ; refrijerator seksiyaların mexaniki vəzifəsində ; xx.xx.1991 ; xx.xx.1991--ci il tarixlərində

4. Yeni-Ələt refrijerator vaqon deposunda ; refrijerator seksiyaların mexaniki vəzifəsində ; xx.xx.1993- xx.xx.2018; xx.xx.1993- xx.xx.2018-ci il tarixlərində

5. X9 ; refrijerator seksiyaların rəhbər mexanik ; xx.xx.2018-xx.xx.2018 ; xx.xx.2018xx.xx.2018-ci il tarixlərində

6. ADY Ekspress" MMCnin X9 ; refrijerator seksiyaların mexaniki ; xx.xx.2018xx.xx.2022; xx.xx.2018-xx.xx.2022-ci il tarixlərində İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 32 il 27 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Göründüyü kimi, iddiaçı cavabdehə onun güzəştli iş stajının 12 il 6 aydan artıq olmasını təsdiq edən arayış təqdim etsə də, cavabdeh iddiaçının cəmi 5 il 9 ay 13 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1987-19.11,1987-ci il, xx.xx.1991-xx.xx.1993-cü il, xx.xx.2018-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) güzəştli iş stajının olduğunu qəbul etmiş, digər dövrlərdə isə işlədiyi refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsinin Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun olmadığını bildirmişdir. Halbuki, birincisi, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 81 nömrəli Qərarının 1.1ci bəndinə əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilmişdir: “1-1. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər.”; Həmin Qərarın 3.1-ci bəndinə əsasən həmin Qərarın 1.1-ci bəndi bu Qərarın qüvvəyə mindiyi tarixdən əvvəlki dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə nəzərə alınır. İkincisi, işdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 13-1/2- 5423/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X7 vaqon deposunda eyni refrijerator seksiyalarının texniki baxışı, cari təmiri və istismarının həyata keçirilməsi üzrə oxşar vəzifə funksiyalarını icra etmiş refrijerator seksiyaların rəhbər mexaniki və refrijerator seksiyaların mexaniki vəzifələrindən yalnız refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş və xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci bölməsinin 25-ci (kod: 23001000—23598) abzasında nəzərdə tutulmuşdur. Bununla yanaşı, qeyd edilən İddiaçı X7 vaqon deposunda xx.xx.1993-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək ( 13 il 9 ay 2 gün olmaqla) çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi isə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş "refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsinin xüsusiyyətlərinə uyğundur. Nazirlər Kabinetinin həmin qərarının 1- 1 -ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli şərtlərlə pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 2024-cü il 9 fevral tarixli 81 nömrəli Qərarının 3.1 -ci bəndinin tələbi ilə sözügedən müddəanın qüvvəyə minmə tarixindən (9 fevral 2024-cü il tarixindən) əvvəlki dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə nəzərə alınması təsbit olunmuşdur. Göründüyü kimi, müvafiq sahədə ixtisalaşmış müəssisə iddiaçının işlədiyi vəzifənin Siyahıda göstərilən 21.4-cü bənddəki refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun gəldiyini təsbit etmişdir. Belə olan halda isə aydın olur ki, iddiaçının xx.xx.2012-ci il tarixə 12 il 6 aydan artıq güzəştli iş stajı olmuşdur. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, iddiaçının inzibati orqana müraciət tarixi gec olduğundan məhz qanunvericilikdə bu cür hallarda iddiaçının müraciət tarixinin nəzərə alınması ilə bağlı norma mövcud olduğundan, iddiaçının müraciətindən yalnızca geri 3 il üzrə hesablanma aparılıb ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər ödənildiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə əsaslı olmuşdur, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli 2-1(112)-3247/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar