Məhkəmə qərarları › İş №2-1(103)-3557/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3557/2023

20.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3557/2023 20.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X13 və X7 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakları ilə, İddiaçı1, İddiaçı2 Əbdül oğlu və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" firması məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilməklə "çıxarışın ləğv edilməsi" iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8397/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Əbdül oğlu və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysetri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" firmasının ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində qeydə alınmış dövlət qeydiyyatının və onun əsasında verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair "xxxx" firmasının adına xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli reyestdən çıxarışın ləğv edilməsi ilə bağlı müraciətinə baxan cavabdeh özünün **********49 saylı xx.xx.2022-ci il tarixli cavab məktubu ilə imtina etmiş və onlara məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. İddiaçılar bunu inzibati orqanın qanunsuz hərəkəti kimi qiymətləndirlər. Belə ki, sözü gedən ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hissələrini hazırda mübahisələndirdikləri çıxarışla X4 almışlar və sonradan orada əlverişli məişət şəraiti yaratmaq üçün əlavə tikililər inşa etməklə təmir bərpa işləri aparmışlar. Lakin 15 ildən sonra "xxxx" firması cavabdeh orqandan çıxarış alaraq iddiaçıların oradan çıxarılmasını tələb etmiş və tələbi təmin olunmuşdur. Beləliklə inzibati orqanın qanunsuz verdiyi çıxarış iddiaçıların faktiki olaraq yeganə yaşayış yerindən məhrum olmalarına səbəb olmuşdur. Buna da səbəb cavabdehin qeyri-yaşayış sahəsi yüklü olduğu halda orada çoxsaylı əlavə tikililər və bir neçə ailənin faktiki yaşadığı halda həmin obyektin üzərində dövlət qeydiyyatı aparıb çıxarış verməsi olmuşdur ki, bu da tamamilə qanunsuzdur. 3-cü şəxs "xxxx" firmasının direktoru X10 tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (çörək sexi) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 15 oktyabr 2011-ci il tarixli texniki pasporta və daşınmaz əmlakın dövlət reyestrindən 25 iyul 2012-ci il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən X5 mülkiyyətindədir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X11 və X9 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" Firması) qarşı iddiası tərəflərin həmin əmlakla bağlı heç bir hüquqları olmadığından mümkünsüz sayılmalıdır. İddiaçıların göstərilən daşınmaz əmlakla bağlı heç bir hüquqlarının olmamağı qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsdiq olunmuşdur. Belə ki, iddiaçıların eyni tələblərlə iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)- 1122/2022 nömrəli 15 noyabr 2022-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 27 aprel 2011-ci il tarixli 1939/5-378/2-2011 saylı qərardadından cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayətə və Bakı Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 1939/5- 378 saylı qərardadından işdə iştirak etməyən İddiaçı1, İddiaçı2, X11, İddiaçı3, X8 və X14 tərəfindən verilmiş şikayət təmin olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8397/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçlara ünvanlanmış **********49 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli, **********35 nömrəli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası (çörək sexi) "xxxx" firmasının xüsusi mülkiyyətindədir. - Çıxarışın verilməsi üçün əsas olmuş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 1939/5-378 saylı qətnaməsindən görünür ki, "xxxx" firmasının iddia tələbi təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, S. Bəhlulzadə küçəsi, 10 “A”-da yerləşən daşınmaz əmlak üzərində "xxxx" firmasının mülkiyyət hüququ tanınmışdır. "xxxx" firmasının mülkiyyət hüququnu təsdiq edən Qeydiyyat Vəsiqəsinin verilməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. - Bakı Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1939/5-378 saylı qərardadından görünür ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 14 iyun 2006-cı il tarixli 1939/5-378 nömrəli qətnaməsi hüquq və vəzifələrinə toxunmadığından işdə iştirak etməyən və apellyasiya şikayəti vermək hüququ olmayan İddiaçı1, İddiaçı2, X11, İddiaçı3, X8 və X9 apellyasiya şikayəti geri qaytarılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1122/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayət təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2011-ci il tarixli 1939/5-378/2-2011 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşdə iştirak etməyən İddiaçı1, İddiaçı2, X11, İddiaçı3, X8 və X14 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1939/5-378 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(010)- 423/2019 nömrəli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilmiş cavabdehlər X8, İddiaçı1, İddiaçı2 Əbdül oğlu və X11 "xxxx" firmasına məxsus ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasından çıxarılmaları qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-106/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(010)-23/2019 saylı qətnaməsi qismən, yəni iddia tələbinin cavabdeh X17 münasibətdə rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilmiş, X15 "xxxx" firmasına məxsus ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdehlər X3, İddiaçı2, X6 və İddiaçı1 apellyasiya şikayətləri təmin edilməmişdir. - Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-4732/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı "xxxx" firması, cavabdeh İddiaçı1 tərəfindən ayrıayrılıqda və digər cavabdehlər X15 hüquqi varisi İddiaçı3, X8, İddiaçı2 və X11 tərəfindən birgə verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-106/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı1 Azərbaycan Respublikası xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılması barərə şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun icraatına qəbul edilməsindən imtina edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı2, X11, X8, İddiaçı1, X20 (hüquqi varis İddiaçı3) və X1 cavabdeh "xxxx" firmasına ("xxxx" MMC) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk iddia təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdeh "xxxx" firmasına qarşı “pul” tələbinə dair iddiası təmin edilməmişdir, iddiaçı "xxxx" firmasının ("xxxx" MMC) cavabdehlər İddiaçı2, X11, X8, İddiaçı1, X20 (hüquqi varis İddiaçı3) və X2 qarşı “özbaşına tikililərin sökülməsi, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və “pul tələbinə” dair qarşılıqlı iddiası təmin edilməmişdir. İşin faktiki hallarından aydındır ki, iddiaçıların tələbi "xxxx" firmasının ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası (çörək sexi) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində cavabdeh tərəfindən aparılmış qeydiyyatının və onun əsasında verilmiş çıxarışın ləğvi ilə bağlıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçıların 3-cü şəxsin mülkiyyətində olan əmlaka köçüb məskunlaşmaları mülki qanunvericiliyin tələblərinə zidd olaraq həyata keçirilmiş, iddiaçıların 3-cü şəxsin əmlakına heç bir hüquqları rəsmi olaraq tanınmamış, onlar əmlaka hər hansısa hüquqlarının olmasına dair heç bir mötəbər sübut məhkəmələrə təqdim etməmişlər. (Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-4732/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş inzibati aktı - 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 1939/5-378 saylı qətnaməsini məhkəmə müstəvisində mübahisələndirmiş olsalar da, Bakı Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1939/5-378 saylı qərardadından görünür ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 14 iyun 2006-cı il tarixli 1939/5-378 nömrəli qətnaməsi hüquq və vəzifələrinə toxunmadığından işdə iştirak etməyən və apellyasiya şikayəti vermək hüququ olmayan İddiaçı1, İddiaçı2, X11, İddiaçı3, X8 və X9 apellyasiya şikayəti geri qaytarılmışdır. Göründüyü kimi, iddiaçıların 3-cü şəxsin əmlakına dair hər hansı hüquqlarının rəsmi olaraq tanınmadığı, onların həmin əmlakla bağlı hansısa hüquqlarının olmaması məhkəmə qənamələri ilə təsdiqlənmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, iddiaçılar hazırkı iddia tələblərini irəli sürməyə subyektiv hüquq daşıyıcısı deyillər. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddia tələbini mümkün hesab etməməklə düzgün nəticəyə gəlmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8397/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən : Mirzə Tağızadə Hakimlər : Rəşid Səmədov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar