Məhkəmə qərarları › İş №2-1(103)-3557/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3557/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3557/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə , İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 may 2025-ci il tarixli 2-1(112)-4020/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-11372/2024 nömrəli qərarının ləğv edilməsi və əvvəlki pensiya ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 20 aprel 2006-cı il tarixdən ona xidmət müddət üçün xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin qərarına əsasən iddiaçının xidmət illərinə görə əmək pensiyasının məbləği əsassız olaraq azadılmışdır. Cavabdehə xidmət illərinə görə hesablanmış pensiya məbləğinin yenidən hesablanması tələb olunsa da, əvvəlki dövr üzrə xidmət illərinə görə hesablanan pensiya məbləği bərpa edilməmişdir. Cavabdeh xidmət illərinə görə ona hesablanmış pensiya məbləğinin azadılması barədə qəbul etmiş olduğu qərarında istinad etdiyi hallar qanunsuz və əsassızdır. Cavabdeh etirazını onunla əsaslandırılmışdır ki, iddiaçıya 20 aprel 2006-cı il tarixindən 38 il 8 ay 19 gün xidmət müddəti üçün xidmət illərinə görə pensiya təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanması üçün 30 may 2024-cü il tarixində Mərkəzi Filiala müraciəti daxil olmuşdur. Aparılan araşdırma nəticəsində əmək pensiyasının vəzifə maaşına və təminat xərcliyinin artım hissəsinə tətbiq edilən faiz dərəcəsinə uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmişdir. Buna görə də, iddiaçının əmək pensiyasının qanunvericiliyə uyğun qaydada aşağıdakı kimi hesablanmışdır: Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək əmək pensiyası təminat xərcliyinin (920,50 manat) 100 faizi - 920,50 manat məbləğində müəyyən edilib. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası müvafiq təminat xərcliyinə uyğun olaraq, 1048,88 manat məbləğində müəyyən edilib. Həmçinin 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 473,00 manat, rütbə maaşınız 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 311,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə 165,55 manat, məxfiliyə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə 118,25 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1282,30 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasında nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (18 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (18x2) təminat xərcliyinin 36 faizi; natamam ildəki iş stajı aylarının sayına (8 ay) mütənasib olaraq təminat xərcliyinin 1,33 faizi. İddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 87,33 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (920,50 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1282,30 manat) arasındakı fərq məbləğinin (361,80 manat) 87,33 faizi 315,96 manat 1 mart 2018-ci il tarixinədək müəyyən olunmuş pensiyanın (920,50 manat) üzərinə əlavə olunmaqla 1236,46 (920,50+315,96) manat məbləğində əmək pensiyası müəyyən edilib. Eyni zamanda, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində son ödənişlərin əks olunduğu 1 iyul 2011-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində 835,12 manat pensiya sığorta kapitalı qeydə alınıb. Həmin 835,12 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 88 aya bölünməklə (835,12:88 ay (144 ay-56 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)=9,49 manat) 30 may 2021-ci il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyi 30 may 2024-cü il tarixindən üç il geriyə) müəyyən olunmuş qanuni pensiyanın (1236,46 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 1245,95 (1236,46+9,49) manat məbləğində hesablanıb. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin müvafiq indeksləşdirilmələr nəzərə alınmaqla 1 yanvar 2024-cü il tarixindən pensiyanız 1748,08 manat məbləğində müəyyən edilib. Eyni zamanda, Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçıya artıq ödənilmiş vəsait son üç il müddət üçün məhudlaşdırılaraq 800,39 manat müəyyən edilib. Həmin vəsait cari ilin avqust ayından etibarən hissə-hissə iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Bakı İnzibati Məhkəməsinin 30 may 2025-ci il tarixli 2-1(112)-4020/2025 nömrəli qərarı (hakim S.Qənbərova) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, iddiaçının əmək pensiyasının yenidən hesablandığı vaxt qüvvədə olan qanunvericiliyə əsasən hərbi qulluqçuların qulluq stajının 20 ilindən artıq hər ili üçün 2 faiz əlavə hesablanması nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının qulluq stajına görə əlavələr məhz həmin qanunvericilik normalarının tələblərinə əsaslanaraq hesablanmışdır. İddiaçı sonrakı artımların da 100 faiz məbləğində hesablanaraq ona ödənilməsini iddia etsə də, yuxarıda istinad edilən Fərmanın 2.5-ci bəndindən də göründüyü kimi əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləğinin hesablanması, Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanması təsbit edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İnzibati işin hallarından müəyyən olunur ki, İddiaçı 8 saylı cəzaçəkmə müəssisəsinin sabiq əməkdaşı İddiaçı Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 271 ş/h saylı, xx.xx.2006-cı il tarixli əmri ilə “Sıravi və rəis heyətinin xidmət keçmə haqqında Müvəqqəti təlimatın 4-cü hissəsinin 2-ci bəndinin 1-ci yarımbəndinə əsasən (Xidmət müddəti tamam olduqda) pensiyaya çıxarılmışdır,fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalına əsasən iddiaçının əmək pensiyası bir neçə dəfə yenidən hesablanmışdır. İddiaçı “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-11372/2024 nömrəli qərardan narazı olaraq ona təyin olunmuş əmək pensiyası məbləğini mübahisələndirmiş və pensiya məbləğinin ilkin məbləğə qaytarılaraq ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsini və pensiyasının əvvəlki qaydada hesablanmasını tələb etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Penitensiar xidmətin sabiq əməkdaşı İddiaçı 1959-cu ildə Ermənistan Respublikasında anadan olmuş, 1984-cü ildə SSRİ DİN-nin Ufa xüsusi orta məktəbini bitirmişdir. xx.xx.1980-ci il tarixində Penitensiar xidmətdə qulluğa qəbul edilmişdir. 8 saylı cəzaçəkmə müəssisəsinin rəisinin növbətçi köməkçisi vəzifələrində işləyərkən Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi üzrə xx.xx.2006-cı il tarixli 271 ş/h saylı əmrlə “Müvəqqəti Təlimat”ın 4- cü hissəsinin 2-ci bəndinin 1-ci yarımbəndinə müvafiq olaraq (xidmət müddəti tamam olduqda) pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. xx.xx.2006-cı il tarixə qulluq müddəti təqvimi hesablama ilə 27 il 07 ay 06 gün, güzəştli hesablama ilə 38 il 08 ay 19 gün təşkil etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmuş xx.xx.2012-ci il tarixli məlumat vərəqindən görünür ki, iddiaçının təqvim üzrə xidmət illəri 27 il, 07 ay, 06 gün; güzətli xidmət illəri- 11 il, 01 ay, 13 gün; cəmi iş stajı və xidmət illəri38 il, 08 ay, 19 gün; ehtiyata buraxıldığı tarix- 20 il, 04 ay, 2006 gün; cəmi pul təminatı 868,00 manat qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya təyin edilən əmək pensiyasının yenidən hesablanması barədə qərarlardan görünür ki, iddiaçıya təminat xərcliyinin 100 %-i həcmində əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-11372/2024 nömrəli qərardan görünür ki, İddiaçı xx.xx.2006-cı ildə təyin edilmiş yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-1-ci maddəsinə əsasən vəzifə maaşının və artım faizinin dəqiqləşdirilməsi məqsədilə yenidən hesablanmış, pensiyasının məbləği 1772,90 manatdan 1748,08 manata azaldılmış, yenidən hesablanma xx.xx.2021-ci il tarixdən müüəyyən edilmişdir. İddiaçının pensiyası hesablanarkən onun 38 il 8 ay 19 gün sığorta stajına uyğun olaraq, 20 il üçün 50 %, 18 il üçün 54% nəzərə alınmaqla, təminat xərcliyinin cəmi 100 faizi miqdarında pensiya təyin edilmiş, lakin sonradan xx.xx.2024-cü ildə onun pensiyası Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na əsasən yenidən hesablanaraq 20 il üçün 50%, 18 il üçün 36%, 8 ay üçün 1,33% olmaqla, təminat xərcliyinin cəmi 87,33 faizi miqdarında pensiya müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı mövqeyi əsaslı olmuşdur. Belə ki, xx.xx.2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə əsasən həmin qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin –50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla; 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.15. Bu maddədə göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməz. İşdən görünür ki, iddiaçıya təyin edilmiş əmək pensiyası da bu maddəyə uyğun hesablanaraq, qulluq illərinə əlavə 20 il üçün 50 %, 18 il üçün 54% olmaqla, cəmi 100 faiz nəzərə alınmışdır . “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununu ilə ƏPQ-nin 20.14-cü maddəsinə dəyişiklik edilmiş və 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilsin və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmiş, 20.14.2-ci maddəyə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir. Həmin Qanunun tətbiqi haqqında haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1352 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Qaydanın 3-cü bəndinə görə Bu Qaydaya uyğun olaraq qulluq stajına görə əlavə alan şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavənin yenidən hesablanması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli 1903 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1232) ləğv edilməsinə baxmayaraq, cavabdeh xx.xx.2024-cü ildə həmin Qaydanı iddiaçıya tətbiq etmişdir. Göründüyü kimi, cavabdeh 142 nömrəli fərman qüvvədə olduğu dövrdə onun tələblərini iddiaçıya tətbiq etməmiş, Fərman ləğv edildikdən 2 il sonra iddiaçıya təyin edilmiş əmək pensiyasını yenidən hesablayarkən qüvvədə olmayan normaları ona tətbiq etmiş, bununla da iddiaçının hüquqlarını pozmuşdur Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Cavabdeh 2017-ci ildən sonra iddiaçıya əmək pensiyası təyin olunduğu tarixdən sonra dəfələrlə pensiyanı yenidən hesablama barədə qərar qəbul etmiş və həmin vaxt iddiaçıya təyin edilmiş pensiya işini tədqiq etmək və qəbul etdiyi inzibati aktın qanunsuz olduğunu müəyyən etmək imkanına sahib olmuş, buna baxmayaraq sənədlərdə hər hansı uyğunsuzluq aşkar etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh mübahisəli qərarı Qanunun 67.12- ci maddəsində nəzərdə tutulan müddəti ötürməklə qəbul etmişdir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticə tam qanuni və əsaslı olduğundan, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 may 2025-ci il tarixli 2-1(112)-4020/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar