Məhkəmə qərarları › İş №2-1(103)-3558/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3558/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3558/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8427/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə iddiaçı Yasamal rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, birinci Qarabağ müharibəsinə getmiş və 27 yanvar 1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatında başının sol təpə nahiyəsindən qəlpə yarası və orta nahiyəsinin əziyi xəsarətləri almaqla İİ qrup Qarabağ müharibəsi əlili olmuşdur. Dəfələrlə müxtəlif xəstəxanalarda stasionar və ambulator müalicə qəbul etməyinə baxmayaraq sağalmamışdır. Başının sol təpə nahiyəsdindən aldığı qəlpə yarası və orta nahiyəsinin əziyi xəsarətləri təsirindən əvvələr olduğu kimi, hazırda da tez-tez başı ağrıyır, qan təzyiqi qalxır, başı gicəllənir, əsəbləşir, əhvalının dəyişməsindən tez-tez yersiz qeyri-adekvat olaraq aqresiv olub konflikt yaradır, ürək döyünməsi olur, ürəyi ağrıyır, gözləri ağrıyır. “İstanbul NS” Klinikasının 18 avqust 2022-ci il tarixli müayinənin nəticələri, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) 22 iyun 2022-ci il tarixli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi - Ambulator Kitabçadan (xəstəlik tarixindən) 13 avqust 2022-ci il tarixli çıxarışlardakı müayinə nəticələri açıq göstərir ki, ona İİ dərəcə müharibə əlilliyi təyin edilməlidir. Lakin buna baxmayaraq cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Tibbi-Sosial Ekspert Komissiyası həkim müayinə və müalicə sənədləri əsasında ona İİ dərəcə müharibə əlilliyi təyin etmək əvəzinə “Diaqnoz əlillik təyin etmir” barədə imtina qərarı vermişdir. Hal-hazırda əmək qabiliyyəti olmadığına görə heç bir yerdə işləyə bilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8427/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə ekspertiza təyin edilmiş və məhkəmə iclası bununla bağlı dayandırılmış və iş ekspertizadan qayıtdıqdan sonra ona məlumat veriləcəyi bildirilmişdir.Bundan sonra nə ona, nə də dövlət hesabına ləyin edilmiş vəkilinə məhkəmənin bildirişi və sms məlumat gəlməmiş, işin nə üçün bu qədər uzanması maraqlandıqda isə ona ekspertizada iş yükünün çox olması ona görə də ekspertizaya göndərilmiş işlərin təyin vaxtlarının uzun müddəi çəkdiyi bildirilmiş, buna görə də məhkəmənin iclasının vaxtı barədə məlumat gəlməsini gözləmişdir. Lakin, qərardadda qeyd edildiyi kimi məhkəmənin iclası barədə ona heç bir məlumat gəlməmişdir . Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “İşin hallarının araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixə məhkəmə iclası təyin edilmiş və iddiaçının ərizəsində qeyd etdiyi ünvanına bu barədə bildiriş göndərilmiş, lakin iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıya göndərilmiş bildirişlərdə, o cümlədən sonuncu, xx.xx.2023-cü il tarixli bildirişdə məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş və bu barədə qanunvericiliyin tələbləri izah edilmişdir. Bundan əlavə, iş materialları ekspertizaya göndərilsə də, iddiaçının iştirak etməməsi səbəbindən ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır. Göründüyü kimi, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir..” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu möqeyi ilə razılaşmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Qeyd olunan maddənin məzmunundan görünür ki, iddiaçının iddia tələbinin geri götürülmüş sayılmasını qanunvericilik məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayınması ilə şərtləndirir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni, məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqazidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə hazırkı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Qərardad icra edilməsi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə inzibati iş ekspertiza aparılmadan icrasız geri qaytarılmış, məhkəmə iclası xx.xx.2023-cü il tarixə , saat 15:00-a təyin edilmişdir. Tərəflər sonuncu məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iddiaçının iddiaçı 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmasını əsas gətirərək, iddianı geri götürülmüş sayaraq iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, hazırki işdə isə məhkəmə iddianın geri götürülmüş sayılması və inzibati icraatın xitam olunması barədə qərardad çıxararkən bunun üçün qanunla müvafiq əsasların müəyyən edildiyini nəzərə almamışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarından göründüyü kimi birinci instansiya icraatı zamanı sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya xəbərdarlıq edilməsinə dair bildiriş iddiaçının ünvanına (ünvan 1ünvan düzgün deyil” qeydi ilə geri qayıtmışdır. İddiaçıya 16 noyabr 2023-cü il taridə keçiriləcək məhkəmə iclası barədə sms bildirişin isə göndərilməsinə dair çıxarış isə iş materiallarında mövcdu deyil. Əlavə olaraq qeyd edilməlidir ki, keçirilmiş məhkəmə iclası barədə iddiaçının telefon nömrəsinə SMS xəbərdarlığ AZEMİS vasitəsilə göndərilsəydi belə, həmin SMS xəbərdarlıq “iddianın geri götürülmüş sayılması ilə bağlı olan qanunvericiliyin nəzərdə tutduğu xəbərdarlıq” kimi qəbul edilə bilməzdi. Belə ki, həmin SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə olan bildirişin məzmununda İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsində müəyyən edilmiş qaydada icraatın xitam olunacağına dair məlumat göstərilmir. Digər tərəfdən işin birinci instansiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili qismində çıxış etmiş Vəkil da məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına dair sübut iş materiallarında mövcud deyil. Göründüyü kimi birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamış, əsassız olaraq iddia ərizəsinin geri götürülməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8427/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8427/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar