Məhkəmə qərarları › İş №2-1(103)-3559/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3559/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3559/2023 08.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X4 cəlb olunmaqla) «torpaq sahəsinin ayrılması ilə bağlı rəy verilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7345/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı «torpaq sahəsinin ayrılması ilə bağlı rəy verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Qarabağ müharibəsi veteranı, 1-ci qrup əlil X1 rayonu Bakıxanaov bələdiyyəsinə müraciət edərək 6 nəfər ailə üzvləri ilə 33,88 kv.m sahəsi olan bir otaqlı mənzildə yaşadığını bildirmiş və mənzil şəraitinin yaşayış üçün yetərli olmamasını əsas tutaraq fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Lakin həmin dövrdə Sabunçu rayonu Bakıxanov bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ona torpaq sahəsi ayrılmasından imtina olunmuşdur. İmtina ilə razılaşmadığından, X4 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmə Bakıxanov qəsəbəsi ərazisində X3 fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılmasının Bakıxanov bələdiyyəsinə tapşırılması barədə 28 iyun 2007-ci il tarixli 2- 371/2007 saylı qətnamə qəbul etmişdir. Bakıxanov bələdiyyəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyun 2007-ci il tarixli 2-371/ 2007 saylı qətnaməsinin icrası ilə əlaqədar Bakıxanov qəsəbəsi ərazisində X3 fərdi yaşayış evinin tikilməsi üçün Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 2/10 saylı binanın arxasında yerləşən 600 kv.m torpaq sahəsi ayrılması üçün rəy verilməsi barədə 10 may 2022-ci il tarixli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 8 iyun 2022-ci il tarixli **********72 saylı məktubla Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2017-ci il tarixli 1184 saylı Fərmanını əsas gətirərək rəy verməkdən imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 6-cı bəndinə, «Torpaq islahatı haqqında» Qanunun 7-ci maddəsinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 156.1-ci maddəsinə, «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Qanunun müddəalarına, İPM-in 2, 33, 45 və 46-cı maddələrinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 2/10 saylı binanın arxasında yerləşən 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün X3 ayrılması üçün rəy verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı Bakıxanov bələdiyyəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsinin ayrılmasıns dair iddiası əsassızdır və rədd edilməlidir. Belə ki, Bakıxanov bələdiyyəsi 10 may 2022-ci il tarixli məktubla Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 2/10 saylı binanın arxasında yerləşən 600,0 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmasına rəy verilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016cı il tarixli 1184 nömrəli Fərmanının tələbləri nəzərə alınaraq Bakıxanov bələdiyyəsinə ünvanlanmış 8 iyun 2022-ci il tarixli **********72 nömrəli məktubla torpaq sahəsinin ayrılması üçün rəy verilməsindən imtina edilmişdir. Həmin Fərmana əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır. Beləliklə, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı rəy verilməsinin Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə dayandırıldığını nəzərə alaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakıxanov bələdiyyəsinin müraciətinin təmin olunmasından imtinası qeyd edilən normativ hüquqi aktın tələblərindən irəli gəlməklə qanunsuz olmamışdır. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Daha sonra X4 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun üçüncü şəxs qimsində cəlb olunmasını və iş üzrə qərardad ləğv edilməklə icraatın təzələnməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərardadı ilə 10 noyabr 2022- ci il tarixli qərardad ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7345/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və iddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 2/10 saylı binanın arxasında yerləşən 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün X3 ayrılması ilə bağlı rəy verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7345/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq- planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Hüquqi və fiziki şəxslər müraciətlərində aşağıdakıları göstərməlidirlər: torpaq sahəsinin hansı məqsəd üçün ayrılmasını, torpaq sahəsinin hansı hüquqda (xüsusi mülkiyyət və ya icarə hüququ ilə) ayrılmasını, əvvəllər torpaq sahəsi alıbalmadığını, ailə üzvlərinin adına torpaq sahəsi olub-olmadığını, ailə üzvlərinin sayını və tərkibini, torpaq sahəsinin yerini yaxud həmin yerin ünvanını və ölçüsünü, torpaq sahəsində tikilməsi yaxud quraşdırılması nəzərdə tutulan obyektin eskizini, daimi yaşayış yerini (fiziki şəxslər) və ya hüquqi ünvanını (hüquqi şəxslər). Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli 696 nömrəli Fərmanına əsasən «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin «Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında» 30 dekabr 2016cı il tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi»nin 3.0.52-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy vermək bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələrinə daxildir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, hər hansı bir hüquqla bələdiyyə torpağının şəxsə (fiziki və hüquqi şəxsə) ayrılması üzrə inzibati icraat ona torpaq ayrılmasını istəyən şəxsin həmin bələdiyyəyə müraciəti ilə başlanır və belə icraat çərçivəsində müraciətdə qaldırılan məsələnin (yəni, torpaq ayrılmasının) həllinin birbaşa asılı olduğu hallardan biri də müvafiq olaraq yerli icra hakimiyyəti orqanından, Əmlak Məsələləri Dövlət Xidmətindən və digər orqandan alınmış rəylərdir. Cavabdehin apellyasiya şikayətinin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndi ilə 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılması nəzərdə tutulan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yox, yerli icra hakimiyyəti orqanları tərəfindən verilən rəylərdir. Həmçinin daha sonra qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi»nin müddəalarında bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin müəyyən xüsusatlar nəzərə alınmaqla ayrılmasına (mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə) dair rəy vermək Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələsi kimi təsbit olunmuşdur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin iddianı qaldırmaqda məqsədi və marağı qanuni qüvvəyə minmiş məhkəmə qərarının (Sabunçu Rayon Məhkəməsinin 28 iyun 2007-ci il tarixli 2-371/2007 saylı qətnaməsinin) icrasının təmin edilməsidir və Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7345/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7345/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar