Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3559/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X6 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6484/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək “Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 500 kv.m ölçüdə olan 140 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, çıxarışın və planölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6484/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 500 kv.m ölçüdə olan 140 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Dəniz Neftçisi” bağçılığı üzvlərinin təsdiq edilmiş protokoluna əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 140 nömrəli torpaq sahəsi cəmiyyətin üzvü kimi iddiaçıya ayrılmışdır. Cavabdehə həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı müraciət edilsə də, müraciətin təminindən imtina edilmişdir.
5. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı qeyd edilən məsələyə dair xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********27 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxivində saxlanılan “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir.
6. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6484/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 500 kv.m ölçüdə olan 140 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
8. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır. MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
12. N.Nərimanov adına NQÇİ-si nəznində fəaliyyət göstərən “Dəniz Neftçisi” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı göstərilmişdir.
13. N.Nərimanov adına NQÇİ-si Həmkərlar İttifaqı Komitəsinin Bağçılıq Yoldaşlıq təsərrüfat üzvlərinin protokolundan çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 140 nömrəli torpaq sahəsi iddiaçıya ayrılmışdır.
14. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazda göstərilən məzmunda cavab verilərək müraciətinin təminindən imtina olunmuşdur.
15. Bakı ŞİH tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, N.Nərimanov adına NQÇİ-nin “Dəniz Neftçisi” bağçılıq-yoldaşlığının sənədləri (ayrıc aktı) Bakı şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
16. Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “Dəniz Neftçisi” bağçılıq yoldaşlıq təsərrüfatının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, N.Nərimanov adına NQÇİ-nin “Dəniz neftçisi” bağçılıq yoldaşlığının bölgü sxemi arxiv qovluğunda aşkar edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatlarında sözügedən bağçılıq yoldaşlığının ayrıc aktı barədə məlumat aşkar edilməmişdir. “Dəniz neftçisi” bağçılıq yoldaşlığına aid arxiv qovluğunda mövcud olan sənədlərin (üzvlərin siyahısı, ayrıc aktı və s.), iddia edilən torpaq sahəsinin yaxınlığında qeydiyyata alınmış 141 saylı (**********09), 164 saylı (**********08), 153A saylı **********93-11301 reyestr nömrəli (150 və 153a saylı bağlar birləşdirilib) bağ sahələrinin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlər təqdim olunmuşdur. Həmin sənədlərdən görünür ki: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 164 nömrəli bağ sahəsi üzərində X5 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır; (protokoldan çıxarışa və üzvlük kitabçasına əsasən) - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 141 nömrəli bağ sahəsi üzərində X3 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır; (protokoldan çıxarışa və üzvlük kitabçasına əsasən) - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 61/150 nömrəli bağ sahəsi üzərində X1 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır; (protokoldan çıxarışa və üzvlük kitabçasına əsasən) - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 64/153a nömrəli bağ sahəsi üzərində X2 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır; (protokoldan çıxarışa və üzvlük kitabçasına əsasən)
18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, Səngəçal qəsəbəsi, “Dəniz Neftçisi” B/Y-nın 140 saylı bağ sahəsi faktiki olaraq 0.0589 ha təşkil edir. Bağ sahəsinin sərhədlərinə bir tərəfdən mişar daşları düzülmüş, üç tərəfi şərtidir. Şərti sərhədlər vətəndaş tərəfindən göstərilərək döngə nöqtələri müəyyən olunmuşdur. Torpaq sahəsinin üzərində tikili yoxdur. Bağ sahəsinin cənub şərq istiqamətindən 5.98m; 4.22m; və 13.4m məsafələrdən 6 kv-lıq hava elektrik xətti keçir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
22. Məhkəmə Kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsini, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-10-cu maddələrini nəzərə alaraq qeyd edir ki, iddiaçının torpaq sahəsi bağçılıq-yoldaşlıq tərəfindən verilmiş protokoldan çıxarış, üzvlük kitabçası əsasında ayrılmış, buna da texniki sənəddə də iddiaçıya ayrılan bağ sahəsinə dair ad və digər aidiyyəti rekvizitlər öz əksini tapmışdır. Baxmayaraq ki, cavabdeh iddiaçının adının İdarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq tərəfindən tərtib olunmuş siyahıda olmamasına istinad etsə də, nəzərə almamışdır ki, həmin Siyahı 2012-ci ildə tərtib olunmuşdur. Halbuki, iddiaçının adının olduğu siyahı, daha əvvələ aiddir ki, nə həmin siyahı, nədəki protokoldan çıxarışın və üzvlük kitabçası mötəbərliyi hər hansı şübhə doğurmur.
23. Üzvlərin siyahısında olmama ilə bağlı, ümumiyyətlə onun da qeyd edilməsi zəruridir ki, hər bir halda həmin imtina əsasının mülkiyyət hüququna müdaxiləsi legitim xarakterindən uzaqdır. Ali Məhkəmə (kassasiya instansiya məhkəməsi) qəbul etdiyi bir sıra qərarlarında oxşar mövqedən çıxış etmişdir.
24. Bununla yanaşı nəzərə alınmalıdır ki, həmin sənədlər isə qərarda (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi) istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd olan həmin hüquqmüəyyənedici və texniki sənədin hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni həmin sənədlər öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır.
25. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənədlər yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə onların məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
26. Cavabdehin digər imtina dəlili torpaq sahəsinin bağçılıq-yoldaşlığa ayrılmış ayrıc aktından kənar yerləşməsi ilə əlaqədardır ki, məhkəmə hesab edir ki, mövcud inzibati praktikada tez-tez rastlanan həmin imtina əsası kompleks qiymətləndirmə tələb edir ki, məhkəmə hesab edir ki, iddiaçının xeyrinə olan işin digər faktiki halları nəzərə alınmadan belə, hər bir halda ayrıc aktından kənar olmaqla bağlı imtina dəlili mülkiyyət hüququnun realizəsinə maneə təşkil etmir.
27. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ayrıc aktından kənarda olmaya münasibətdə işin digər faktiki halları nəzərə alınmaqla qiymətləndirmə zəruridir. Belə ki, cavabdeh iddia olunan torpaq sahəsinin ayrıc aktından kənar olduğuna iddia etsə də, aparılmış araşdırma nəticəsində elektron kadastr baza məlumatlarında sözügedən bağçılıq yoldaşlığının ayrıc aktı barədə məlumatın aşkar edilmədiyi müəyyən olunmuşdur. Qeyd olunur ki, ayrıc aktına dair sənədin özü təqdim edilsə də, təqdim edilən cavabdan da görünür ki, həmin sənəd elektron bazaya işlənilməmişdir. Odur ki, torpaq sahəsinin ayrıc aktından kənarda olması dəlili işin faktiki halları ilə uyğun hesab edilmir. Bundan başqa, iddia olunan torpaq sahəsinin dislokasiyası və nömrəsinin digər bağ sahələrinin nömrə ardıcıllığına uyğun olması nəzərə alınmalıdır.
28. Bundan başqa qeyd olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir.
29. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.
30. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir.
31. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
32. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.
33. Məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır.
34. Belə ki, işin faktiki halları ilə də müəyyən edilir ki, ayrıc aktından kənarda iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması həyata keçirilmişdir ki, iddiaçıya münasibətdə fərqi rəftarın qanuniliyi müəyyən edilməməkdədir.
35. Bundan başqa cavabdeh torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləşdiyini istinad etməklə iddiaçının müraciətini təmin etməsə də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur.
36. Torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxtda qüvvədə olan 1991-ci il 09 noyabr tarixli Torpaq Məcəlləsinin 81-ci maddəsinə əsasən ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, sahibləri və istifadəçiləri aidiyyəti üzrə mülkiyyət, sahiblik və istifadə hüququndan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, torpaq sahibləri və torpaq istifadəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
37. Həmçinin 1999-cu il 25 iyun tarixli Qanunla təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
38. Hal-hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarıxli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3-cü bəndində qeyd edilir ki, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır.
39. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir.
40. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfındən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd); Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları»na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların yolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir (9-cu bənd); Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi;
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Tələblərin 1.4-cü bəndinə əsasən bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.
42. Məhkəmə qeyd edir ki, elektrik şəbəkələrin mühafizə zonasında yerləşən torpaq sahələrinə münasibətdə yeni mexanizm təsdit olunmuşdur ki, bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Bu münasibətləri tənzimləyən əvvəlki Qaydalarda isə elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.
43. Göründüyü kimi torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi həm torpaq sahəsinin uzun müddətdir ki onun qanuni əsaslarla istifadə olması, həm də əvvəlki qaydalara görə elektrik xəttinin mühafizə zonasında yerləşməsinin torpağın xüsusi mülkiyyətə verilməsini istisna etməməsi əsası ilə hazırki iddianın təminini istisna etmir.
44. Məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsini nəzərə alaraq hesab edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edildiyindən, hazırkı iş üzrə həmin hallar mövcud deyil.
45. Belə ki, mötəbərliyi şübhə doğurmayan protokoldan çıxarış, üzvlük kitabçası, iddiaçının və ona ayrılmış bağ sahəsinin yerləşmə vəziyyətini əks etdirən plan-ölçünün mövcudluğu, həmin sənədlərin qüvvədə olması, torpaq sahəsinin faktiki istifadəsi, bərabərlik hüququnun tətbiqi zərurəti nəzərə alınmaqla mülkiyyət hüquqlarının mövcudluğu iş materialları ilə öz təsdiqini tapmaqdadır.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
47. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
48. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6484/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev