Məhkəmə qərarları › İş №2-1(103)-356/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-356/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-356/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya hüququnun yarandığı 01 iyul 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 01 iyul 2020-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-1(112)-4489/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya hüququnun yarandığı 01 iyul 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 01 iyul 2020-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə Azərbaycan Respublikası, Goranboy rayonu, Qızılhacılı kəndində anadan olmuşdur. 1980-ci ilin iyun ayından Goranboy rayonu Qızılhacılı kolxozunda (keçmiş Qasım İsmayılov rayonu Orconikidze adına kolxoz) əmək fəaliyyətinə başlamış və bu günədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmaqdadır. Onun bugünki gündə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüş əməliyyatları dövründə xidmət dövrü üçqat hesablandıqda (“Vətəndaşların pensiya təminatı” haqqında AR Qanununun 68-ci maddəsinin birinci bəndinin ikinci abzasının 11 oktyabr 2005-ci ilədək qüvvədə olan redaksiyasına əsasən) 39 (otuz doqquz) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün ümumi stajı, Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüş əməliyyatları dövründə xidmət dövrü ikiqat hesablandıqda (01.01.2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanununun 24.0.1-ci maddəsinə əsasən) 38 (otuz səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün ümumi stajı vardır. Ümumi stajının 31 (otuz bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gününü zərərli və ağır işlərdə (güzəştli şərtlərlə pensiya hüququ verən staj) çalışmışdır. Belə ki, əmək fəaliyyətinə başladığı 1980-ci ilin iyun ayından bu günədək fəaliyyət göstərdiyi iş yerləri, məşğul olduğu vəzifə və fəaliyyət göstərdiyi müddətlər aşağıdakı kimi olmuşdur (arxiv arayışına və əmək kitabçasına əsasən): “Goranboy rayonu Qızılhacılı kolxozu (keçmiş Qasım İsmayılov rayonu Orconikidze adına kolxoz)” - kolxozçu vəzifəsi: a) 06.1980 - 08.1981-ci illər - ümumilikdə 195 adam günü (105 adam günü 1980ci ildə, 90 adam günü 1981-ci ildə) və ya 9 ay (ümumi iş stajı). Hərbi xidmət: a) 20.04.1982 - 05.05.1984-cü illər - ümumilikdə 2 il 15 gün (ümumi iş stajı). “Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - turbin avadanlıqlarının təmiri üzrə 2-ci dərəcəli çilingər vəzifəsi: a) 18.06.1984 - 17.08.1984-cü illər - ümumilikdə 2 ay (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). “Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” maşın avadanlıqlarının təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsi: a) 17.08.1984 - 15.04.1985-ci illər - ümumilikdə 7 ay 28 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). “Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - maşın avadanlıqlarının təmiri üzrə 4-cü dərəcəli çilingər vəzifəsi: a) 15.04.1985 - 10.11.1987-ci illər - ümumilikdə 2 il 6 ay 26 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). “Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - maşın avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsi: a) 10.11.1987 - 11.02.1988-ci illər - ümumilikdə 3 ay (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). “Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - usta vəzifəsi: a) 11.02.1988 - 01.02.1989-cu illər ümumilikdə 11 ay 21 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). “Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - usta İ qrup vəzifəsi: a) 01.02.1989 - 28.03.1993-cü illər - ümumilikdə 4 il 1 ay 28 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). Hərbi xidmət: a) 29.03.1993 - 31.05.1995-ci illər, bu müddətin 12.08.1993-cü ildən 10.05.1994-cü ilədək olan hissəsini, yəni 9 ayını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 11.10.2005-ci il tarixədək qüvvədə olan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən “döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət dövrü üçqat ölçüdə hesablanır ”. Beləliklə də AR Silahlı Qüvvələrində xidmət müddəti ümumilikdə 3 il 8 ay 4 gün (4 ay 13 gün (29.03.1993- 12.08.1993-cü illər) + 2 il 3 ay (12.08.1993-10.05.1994-cü illər (döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət dövrü), ümumilikdə 9 ay 3 (üçqat ölçüdə) = 27 ay və ya 2 il 3 ay) +1 il 21 gün (11.05.1994-31.05.1995-ci illər) (ümumi iş stajı) və ya 01.01.2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanununun 24.0.1-ci maddəsinə əsasən “döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət dövrü ikiqat ölçüdə hesablanır”. Beləliklə də AR Silahlı Qüvvələrində xidmət müddəti ümumilikdə 2 il 11 ay 4 gün (4 ay 13 gün (29.03.1993-12.08.1993-cü illər) + 1 il 6 ay (12.08.1993-10.05.1994-cü illər (döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət dövrü), ümumilikdə 9 ay 2 (ikiqat ölçüdə) = 18 ay və ya 1 il 6 ay) +1 il 21 gün (11.05.1994-31.05.1995- ci illər) (ümumi iş stajı). “Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” usta İ qrup vəzifəsi: a) 01.06.1995 - 01.09.2001-ci illər ümumilikdə 6 il 3 ay (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). “Azəbaycan DRES-nm Turbin və Köməkçi Avadanlıqların Təmiri sexi (struktur dəyişiklikləri ilə əlaqədar olaraq Mərkəzləşdirilmiş Təmir sexi Turbin və Köməkçi Avadanlıqların Təmiri sexi adlandırılmışdır)” — usta İ qrup vəzifəsi: a) 01.09.2001 - 27.03.2006-cı illər ümumilikdə 4 il 6 ay 27 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş. Bu müddətin 4 il 4 aylıq hissəsi “Əmək pensiyaları haqqında” AR Qanununun qüvvəyə mindiyi günədək - 01.01.2006-cı il tarixinədək olmuşdur). "xxxx" ASC - nin İstehsalat üzrə təmir sexi - növbə rəisi: a) 12.04.2007 - 24.07.2008-ci illər - ümumilikdə 1 il 3 ay 12 gün. "xxxx" MMC-nin Turbin və Köməkçi Avadanlıqların Təmiri Sexi - usta İ qrup vəzifəsi: a) 01.08.2008 - 05.01.2009-cu illər - ümumilikdə 5 ay 5 gün. "xxxx" MMC-nin Qazan və Turbin Avadanlıqlarının Təmir və Sazlama İdarəsi - usta İ qrup vəzifəsi: a) 05.01.2009- 05.01.2010-cu illər-ümumilikdə 1 il. "xxxx" ASC - nin turbin avadanlıqlarının təmiri sexi - 10-cu dərəcəli usta vəzifəsi: a) 06.01.2010 - 07.12.2012-ci illər - ümumilikdə 2 il 11 ay 1 gün. "xxxx" MMC-nin Mərkəzləşdirilmiş Təmir Sexinin (01.05.2015-ci ildən Turbin və Köməkçi avadanlıqların Təmiri Sexi adlandırılmışdır) Yağlama sistemi avadanlıqlarının təmiri briqadası - usta İ qrup vəzifəsi: a) 10.12.2012 - 01.05.2019-cu illər-ümumilikdə 6 il 4 ay 21 gün. "xxxx" MMC (hazırda "xxxx" QSC) - usta vəzifəsi: a) 08.05.2019-29.06.2020-ci illər-ümumilikdə 1 il 1 ay 21 gün. "xxxx" MMC-10-cu dərəcəli usta vəzifəsi: a) 06.07.2020hal-hazıradək. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Goranboy rayon İcra Hakimiyyəti Goranboy rayon Dövlət Arxivi tərəfindən verilmiş 124 nömrəli, 12 noyabr 2020-ci il tarixli "Arxiv Arayışı” ilə (şəxsi heyət üzrə əmək haqqı cədvəllərinə əasən) müəyyən edilir ki, “İddiaçı 1980-1981-ci illərdə Goranboy rayonu Qızılhacılı kolxozunda (keçmiş Qasım İsmayılov rayonu Orconikidze adına kolxoz) işləmiş və əmək haqqı almışdır” (Arxiv Arayışı, 1980- 1981-ci illər üzrə şəxsi hesab kitabından və əmək haqqı cədvəllərindən çıxarışlar əlavə edilir). Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsi tərəfindən verilmiş 265 nömrəli, 20.08.2020-ci il tarixli “Arayış”a əsasən müəyyən edilir ki, “İddiaçı həqiqətən də 20.04.1982-ci ildən 05.05.1984-cü il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində, 29.03.1993-cü il tarixdən 31.05.1995- ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 12.08.1993-cü tarixdən 10.05.1994-cü il tarixə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və müharibə veteranıdır”. Azərbaycan Respublikası "xxxx" ASC, "xxxx" MMC tərəfindən verilmiş 07-89 nömrəli, 20.08.2020-ci il tarixli “X1 Arayış”a əsasən müəyyən edilir ki, "iddiaçının 18.06.1984-cü il tarixdən 27.03.2006-cı il tarixədək, 01.08.2008-ci il tarixdən 05.01.2009-cu il tarixədək, 10.12.2012-ci il tarixdən 01.05.2019-cu il tarixədək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli nömrəli qərarının 24-cü bölməsinin “a” və “b” bəndlərinə uyğundur. "xxxx"MMC- də zərərli iş stajı 28 il 07 ay 04 gün təşkil edir”. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının 1980-1981-ci illərdəki iş stajı əmək kitabçası ilə öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən arayışda Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli qərarına istinad olunur. Halbuki, 57 yaşdan pensiya təyin edilməsi üçün iddiaçının 01.01.2006-cı ilə qədərki fəaliyyətinə baxıldığıdan, həmin dövrdə qüvvədə olmuş qərara istinad olunmalıdır. Bundan əlavə, həmin arayışda konkret peşəyə deyil, ümumi bölmələrə istinad olunmuşdur. İddiaçının işlədiyi məhz hansı dövrlərin məhz hansı peşələrə uyğunlaşdırıldığı və bütövlükdə 01.01.2006-cı ilə qədər 12 il 6 ay güzəştli iş stajının toplanıb-toplamadığını arayış əsasında müəyyən etmək mümkün deyil. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-1(112)-4489/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi, İddiaçı 57 yaşı tamam olduğu 01 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh imtinanın və iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuş, 20.04.1982ci il tarixdən 05.06.1994-cü ilə qədər hərbi xidmətdə olmuş, 18.06.1984-cü ildən 17.08.1984-cü ilə qədər Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - maşın avadanlıqlarının təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsində, 15.04.1985-ci ildən 10.11.1987-ci ilədək Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - maşın avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsində, 10.11.1987-ci ildən 11.02.1988-ci ilədək Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - usta vəzifəsində, 11.02.1988-ci ildə həmin sexdə usta vəzifəsinə keçirilmiş, 01.02.1989-cu ildə İ qrup usta vəzifəsinə keçirilmiş, 27.03.2006-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, 12.04.2007-ci ildə Gəncə gil-torpaq istehsalat sahəsinin texniki xidmət və təmir departamentinin yardımçı istehsalat üzrə təmir sexinə növbə rəisi vəzifəsinə qəbul edilmiş, 24.07.2008-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 01.08.2008-ci ildə "xxxx" MMC-nin Qazan və Turbin Avadanlıqlarının Təmir və Sazlama İdarəsi - usta İ qrup vəzifəsinə qəbul edilmiş, 05.01.2009-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 05.01.2009-cu ildə "xxxx" ASC-nin turbin avadanlıqlarının təmiri sexi-10-cu dərəcəli usta vəzifəsi təyin edilmiş, 05.01.2010-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 06.01.2010-cu ildə "xxxx" ASC-nin energetika avadanlıqlarının təmiri idarəsinin təmir sahəsinin THT sexinə 10-cu dərəcəli usta vəzifəsinə qəbul edilmiş, 07.12.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 10.12.2012-ci ildə "xxxx" MMC (hazırda "xxxx" QSC) - usta vəzifəsinə qəbul edilmiş, 01.05.2019-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 08.05.2019-cu ildə "xxxx" MMC-yə usta vəzifəsinə qəbul edilmiş, 29.06.2020-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Milli Arxiv İdarəsi Goranboy Rayon İcra Hakimiyyəti Goranboy Rayon Dövlət Arxivinin 124 nömrəli, 12.11.2020-ci il tarixli arxiv arayışına əsasən, Goranboy rayonu, Qızılhacılı kolxozunun (keçmiş Qasım İsmayılov rayonu Orconikidze adına kolxoz) Goranboy rayon Dövlət Arxivində mühafizə olunan şəxsi heyət üzrə əmək haqqı cədvəllərində xx.xx.1963cü ildə anadan olmuş İddiaçı 1980-1981-ci illərdə kolxozda işləməklə, 1980-ci ildə iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr, 1981-ci ildə yanvar, fevral, mart, aprel, may, iyun, avqust aylarında əmək haqqı almışdır. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 07-89 nömrəli, 20 avqust 2020-ci il tarixli, X1 arayışında qeyd olunmuşdur ki, verilir, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü) ondan ötrü ki, o, 18.06.1984-cü il tarixdən 17.08.1984-cü il tarixədək “Azərbaycan DRES”-nın mərkəzləşdirilmiş Təmir sexində 2-ci dərəcəli turbin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində (Əmr № 468 22.06.1984), 17.08.1984-cü il tarixdən 15.04.1985-ci il tarixədək həmin sexdə 3-cü dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində 5 (Əmr № 451 26.08.1984), 15.04.1985-ci il tarixdən 10.11.1987ci il tarixədək həmin sexdə 4-cü dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində (Əmr № 95, 26.04.1985) 10.11.1987-ci il tarixdən 11.02.1988-ci il tarixədək həmin sexdə 5-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində (Əmr № 198 15.12.1987) 11.02.1988-ci il tarixdən 01.02.1989-cu il tarixədək həmin sexdə usta vəzifəsində (Əmr № 14 16.02.1988) 01.02.1989-cu il tarixdən 01.09.2001-ci il tarixədək həmin sexdə usta İ qrup vəzifəsində (Əmr № 40/K 01.03.1989), 01.09.2001-ci il tarixdən 27.03.2006-cı il tarixədək turbin və köməkçi avadanlıqların təmiri sexində usta İ qrup vəzifəsində işləmişdir. 27.03.2006-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 116/Ş 24.03.2006). 01.09.2001-ci il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq Mərkəzləşdirilmiş təmir sexi -Turbin və Köməkçi Avadanlıqların Təmiri sexi adlandırılmışdır (Əmr № 326/k 03.09.2001). 01.08.2008-ci il tarixdən 05.01.2009-cu il tarixədək "xxxx" MMC-nin Turbin və Köməkçi Avadanlıqların Təmiri sexində” Orta təzyiqli silindrin təmiri briqadasında” usta İ qrup vəzifəsində işləmişdir. 05.01.2009-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu addəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 466/Ş 30.12.2018) 10.12.2012-ci il tarixdən 22.02.2015-ci il tarixədək Mərkəzləşdirilmiş Təmir sexinin “Yağlama sistemi avadanlıqlarının təmiri briqadasında” Usta İ qrup vəzifəsində (Əmr № 303/Ş 10.12.2012), 22.02.2015-ci il tarixdən 01.05.2019- cu il tarixədək struktur dəyişikliyi ilə əlaqədar Turbin və Köməkçi Avadanlıqların Təmiri sexinin “Yağlama sisteminin təmiri briqadası”nda usta İ qrup vəzifəsində işləmişdir. (Əmr № 54/Ş 22.02.2015). 01.05.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) işdən azad edilmişdir (Əmr № 87/Ş 01.05.2019). İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mq/m3-təhlükəlilik sinfi 3-4, səsküy, titrəmə, toz, nəmlilik, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı 18.06.1984-cü il tarixdən 27.03.2006-cı il tarixədək, 01.08.2008-ci il tarixdən 05.01.2009-cu il tarixədək aylıq məvacibin 12 % miqdarında, 10.12.2012-ci il tarixdən 01.05.2019-cu il tarixədək aylıq məvacibin 20 % miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin 20.08.2020-ci il tarixli, 265 nömrəli arayışına əsasən bildirilmişdir ki, 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən 20.04.1982-ci il tarixdən 05.05.1984-cü il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində, 29.03.1993-cü il tarixdən 31.05.1995-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir, 12.08.1993-cü il tarixdən 10.05.1994-cü il tarixə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibə veteranıdır. İddiaçı onun 01 yanvar 2006-ci il tarixinə ümumi iş stajı 25 ildən çox olması, bu stajın 12 il 6 aydan çox müddəti güzəştli staj təşkil etdiyindən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etməkdən imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 4 ay 01 gün) təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır: 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin v) bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə kollegiyası hesab edir ki, iş stajının əmək kitabçasında qeyd olunmamasına baxmayaraq, iddiaçının kolxozda işlədiyinə dair arxiv arayışının stajı təsdiq edən sübut kimi qəbul edilməklə, arayışda göstərilən iş illəri sosial sığorta stajına daxil edilməlidir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və arxiv arayışında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Nəzərə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşmasından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Həmçinin nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirilməsinə münasibətdə qeyd edilməlidir ki, Goranboy rayon Dövlət Arxiv İdarəsinin verdiyi 02.02.2022-ci il tarixli, 3 saylı Arayışın məlumatları nəzərə alınmaqla minimum əmək iştirakı norması 1980-1981-ci illərdə kişilər üçün 216 gün olmuşdur. Buna qarşılıq iddiaçı 1980-ci ildə 105 gün, 1981-ci ildə 90 gün işləmişdir. Belə ki, iddiaçının 1980-ci ildə 105 gün faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – 105x12=1260/216=5 ay 8 gün, 1981-ci ildə 90 gün faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – 90x12=1080/216=5 ay. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçı 1980-1981-ci illərdə kolxozda işləyərkən faktik müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 10 ay 8 gün iş stajına malik olmuşdur. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1980-1981-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə kolxozda işlədiyi Goranboy rayon Dövlət Arxivinin 124 nömrəli, 12.11.2020-ci il tarixli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq, ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçınn işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlar iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 07-48 nömrəli, 11 noyabr 2021-ci il tarixli, X1 arayışına əsasən İddiaçı 18.06.1984-cü ildən 27.03.2006-cı il tarixədək, 01.08.2008-ci il tarixdən 05.01.2009-cu il tarixədək, 10.12.2012-ci il tarixdən 01.05.2019-cu il tarixədək və hal-hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarının 2 nömrəli Siyahısının A) Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “a” bəndinin 28-ci bazasına əsasən 2140000a—18455qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; B) ) Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “b” bəndinin 2-ci bazasına əsasən 2140000b—23362-avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama) və 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü bölməsinin “a” və “b” bəndlərinə uyğundur. İddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (214000a—18455) nəzərdə tutulan- qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri və 2140000b—23362-avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama) peşələrində güzəştli iş stajı 12 il 6 aydan çox təşkil edir. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlanan bölməsində nəzərdə tutulan “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri və “avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama)” peşələrinə uyğundur. Kollegiya qeyd edir ki, İddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (01.07.2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ olması barədə düzgün nəticəyə gəlmişdir. Lakin iddiaçıya 01 iyul 2020-ci il tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə maddi hüquq normalarının tələbinə uyğun deyildir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiyası məhkəməsi qərarın əsaslandırma hissəsində iddiaçıya 01 iyul 2020-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsini qeyd etsə də, nəticə hissəsində iddianı tam təmin edərək, iddiaçıya 57 yaşı tamam olduğu 01 iyul 2020ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi kimi göstərmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi keçmiş müddət üçün alınmamış pensiya məbləğinin bidəfəyə ödənilməsi vəzifəsini müəyyən edən norma yoxdur. Əksinə, “Əmək pensiyaları haqqında” qanunun 32.1-1-ci müddəsinin ikinci cümləsində deyilir ki, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-1(112)-4489/2021 saylı qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu 01 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar