Məhkəmə qərarları › İş №2-1(103)-356/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-356/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-356/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(112)-1447/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Həmin müraciətin nəticəsi barədə rəsmi cavab məktubu təqdim edilərək guya sənədlərin əsli təqdim edilmədiyindən, güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina olunmuşdur. 1976-cı ildə X4 Təhsil Komitəsində təhsil aldığı və hərbi xidmətdə olduğu müddətlər daxil olmaqla, 2006-cı ilə qədər zərərli işlə əmək stajı 25 ildən artıq olmaqla təşkil edir. «Əmək pensiyaları haqqında» AR Qanunun tələblərinə əsasən 2006-cı ilə qədər ümumi əmək stajı 25 il və həmin stajın 12 il 6 ayını əmək fəaliyyəti zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının 57 yaşı 20 noyabr 2018-ci il tarixdə tamam olmuşdur. Onun ümumilikdə əmək stajı 30 ildən çoxdur. Əmək stajının 20 il 11 ay 17 günü "xxxx" Açıq Səhmdar Cəmiyyətində “elektrik montiyoru” vəzifəsində işləmişdir. Onun 2006-ci il tarixdə kifayət qədər əmək stajı vardır ki, 57 yaşında güzəştli şərtlərlə əmək pesiyası almaq hüququ yaranmışdır. İddiaçı 1976-cı ildən 30 iyul 1979-cu il tarixədək 03 il 03 ay Azərbaycan SSR-nin Nazirlər Sovetinin X4 Təhsili Komitəsində elektrik avadanlıqlarının təmiri çilingəri peşəsi üzrə 2-ci dərəgəli elektrik avdanlıqlarının təmirçisi ixtiasına yiyələnmişdir. 13 avqust 1979-cu il tarixdən bu günədək “elektrik montiyoru” peşəsi vəzifəsi üzrə fəaliyyət göstərir. 22 sentyabr 2006-cı il tarixdən SOCAR “Xəzərdənizneftqaztikinti” Trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə “elektrik montyoru” peşəsinə işə qəbul edilmiş və bu günədək də işləyir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8- ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq qaydada təyin edilir. Əvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının 57 yaşı 2018-ci il tarixdə tamam olmuşdur və həmin tarixdə onun umumi 26 il 11 ay əmək stajının güzəştli şərtlərlə 20 ildən artıq “elektrik montyoru” işi təşkil edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 21.2.3-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına «Əmək pensiyaları haqqında» AR Qanununun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRl ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumiqaydada sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. "xxxx" ASC-nin 24 dekabr 2019-cu il tarixli arayışından göründüyü kimi, o (iddiaçı), 20 il 11 ay 17 gün “Bakı asbestsement və keramika məmulatları” Kombinatında işlədiyi kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyoru peşəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının (Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı) 35-ci bəndində qeyd edilmiş qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə müraciət edərək əmək pensiyasının 57 yaşdan yarandığını nəzərə almaqla hesablanmasını və ona birdəfəlik ödənilməsini xahiş etmişdir. Ona ünvanlanmış cavab məktubunda guya sənədlərin əslinin təqdim edilmədiyi səbəbindən əsassız olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün əmək stajının müəyyən edilməsinin mümkün olmadığı bildirilmiş və məsələnin həllindən imtina edilmişdir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına 1 nömrəli əlavə kimi «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa, “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, İddiaçı iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Həmçinin İdarəyə təqdim olunan 24 dekabr 2019-cu il tarixli arayışda vətəndaşın “Bakı asbestsement və keramika məmulatları” kombinatında “elektrik montyoru” işlədiyi qeyd edilmişdir və AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı»nın 35-ci bölməsinin “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyoru” vəzifəsinə istinad edilmişdir. Lakin iddiaçının təqdim etdiyi NT-İ ******* nömrəli əmək kitabçasında avandalığa qulluq üzrə elektrik montyoru vəzifəsi qeyd olunmuşdur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(112)-1447/2021 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan (20 noyabr 2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-415/2022 saylı, 01 aprel 2022-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1477/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1154/2022 saylı, 29 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 aprel 2022-ci il tarixli, 2- 1(103)- 415/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az ildən az təşkil edir. Həmçinin idarəyə təqdim olunan xx.xx.2019-cu il tarixli arayışda vətəndaşın “Bakı asbestsement və keramika məmulatları” kombinatında “elektrik montyoru” işlədiyi qeyd edilmişdir və 23 yanvar 2007-ci il tarixli Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinin “qurğuşunlasdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyoru” vəzifəsinə istinad edilmişdir. Lakin iddiaçının təqdim etdiyi NT-İ ******* №li əmək kitabçasında avandalığa qulluq üzrə elektrik montyoru vəzifəsi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq qeyd edirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının tələbi ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olduğundan, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı ilədək 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olmalıdır (“Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən). İddiaçının həm ümumi, həm də güzəştli iş stajı cavabdeh tərəfindən mübahisələndirilir. İddiaçının tələb olunan ümumi iş stajının olması ilə bağlı məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının əmək fəaliyyəti dövrü (xx.xx.1979-xx.xx.1980; xx.xx.1983-xx.xx.2002), təhsil aldığı dövr (1976-1979) və hərbi xidmət dövrü (2 il) nəzərə alındıqda, onun 25 ildən artıq ümumi iş stajı olması müəyyən olunur ki, bu hissədə kassatorun dəlilləri əsassızdır. İddiaçının güzəştli iş stajı ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçının əmək kitabçasında onun xx.xx.1986-cı ildən xx.xx.2002-ci ilədək elektrik avadanlıqlarına xidmət üzrə montyor işlədiyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 24/12k nömrəli arayışında (iddiaçıya ünvanlanmış) qeyd edilmişdir ki, iddiaçı xx.xx.1979cu il tarixdən (240k nömrəli əmr) hərbi xidmət xaric xx.xx.2002-ci il tarixədək (406k nömrəli əmr) “Bakı asbestsement və keramika məmulatları” Kombinatında işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 35-ci bölməsində (Ümumi peşələr) nəzərdə tutulmuş “Qurğuşunlaşdırılmış kabellərin və polixrolvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərlə daim məşğul olan kabel xəttlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” peşəsində iş stajı cəmi 20 il 11 ay 17 gün təşkil edir. "xxxx" ASC-nin məhkəməyə ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1979-cu il tarixdən 20 il 11 ay 17 gün elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir və həmin peşəsinə görə müəssisənin bütün növ kabellərin, o cümlədən quraşdırılmış kabellərin, politelin və polixlorvinil örtüklü kabellərin lehimlənməsi, təmiri və quraşdırılması ilə daim məşğul olmuşdur. Onun işlədiyi peşə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmişdir. Həmin qərarla təsdiqlənmiş siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd olunan peşə nəzərdə tutulmuşdur. İşə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının iş yerindən verilmiş arayışlara istinad etməklə onun işlədiyi “elektrik avadanlıqlarına xidmət üzrə montyoru” peşəsini «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın 33-cü bölməsindəki (kod:23200000—19859) “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” peşəsinə uyğunlaşdırmışdır. İşə baxan apellyasiya instansiya məhkəməsi icmal məktubda qeyd edilən istiqamətdə hərtərəfli araşdırma aparmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında qeyd edilən peşənin adı ilə Siyahıda uyğunlaşdırılan peşənin adı bir-birindən fərqlənir. İş yerindən verilən arayışlarda iddiaçının işlədiyi peşə Siyahıya uyğunlaşdırılsa da, arayışda ümumi ifadələrdən istifadə edilmişdir. Hal-hazırda iddiaçının işlədiyi peşə ilə Siyahıda nəzərdə tutulan peşənin funksional eyniləşdirilməsinə zərurət olduğundan, məhkəmə kollegiyası iş materiallarında olan arayışların məzmununu iş üzrə nəticəyə gəlmək üçün yetərli hesab etmir. Qeyd edilən funksional eyniliyin müəyyən edilməsi üçün iş yerindən iddiaçının tutduğu peşənin vəzifə təlimatları, onun icra etdiyi konkret işlər, o cümlədən işlərin xarakteri barədə məlumat tələb edilməli və öyrənilməli, bundan sonra iş üzrə qərar qəbul edilməlidir. Eyni zamanda, iddiaçı elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru kimi SOKAR-ın “Neftqaztikinti” Trestində işləmiş, lakin həmin müəssisədən verilən arayışda həmin peşənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın 33-cü bölməsindəki (kod:23200000—19859) “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” peşəsinə uyğun olmaması qeyd edilmişdir (iş v.52). Göründüyü kimi, eyni peşəni bir müəssisə Siyahıya uyğunlaşdırmaqla zərərli peşələrə aid etsə də, digər müəssisə zərərli peşə hesab etməmişdir. Bu baxımdan, iddiaçının "xxxx" ASC-də işlədiyi peşə ilə (elektrik avadanlıqlarına xidmət üzrə montyor) ilə “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” peşəsinin funksional eyniliyinin müəyyən edilməsi istiqamətində ətraflı araşdırma aparılmalıdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli araşdırmamış, iş yerindən verilmiş arayışın məzmununa istinad etməklə qərar qəbul etmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hazırki işin hallarından görünür ki, iddiaçı xx xxxxxx 1961-ci il tarixdə doğulmuş, 1976 – 1979-cu illərdə Bakı şəhəri 19 nömrəli X6 məktəbində təhsil almışdır. 1980-cı ilin oktyabr ayından 1982-ci ilin noyabr ayınadək hərbi xidmətdə olmuşdur. xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək və xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ci il tarixədək “Bakı asbestsement və keramika məmulatları” Kombinatında işləmiş elektrik avadanlıqları üzrə montyor vəzifəsində işləmiş, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək “Xəzərdənizneftqaztikinti” Trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialında elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir və hal-hazıradək həmin vəzifədə işləyir. AR Dövlət Neft Şirkəti “Neftqaztikinti” Trestinin 19 mart 2020- ci il tarixli arayışında bildirilmişdir ki, İddiaçı 22 iyun 2006-cı il tarixdə (21 sentyabr 2006-cı il tarixli 68k nömrəli əmrlə) “Xəzərdənizneftqaztikinti” Trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə qəbul edilmişdir. 30 yanvar 2014-cü il tarixdə 91k nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Həmin vəzifədə əmək stajı 7 il 4 ay 8 gün təşkil edir. “Xəzərdənizneftqaztikinti” Tresti SOCAR-ın (ARDNŞ) 12 mart 2007-ci il tarixli 51 nömrəli əmrinə əsasən “Neftqaztikinti” Tresti adlandırılaraq SOCAR-ın birbaşa tabeliyinə verilmişdir. İddiaçı 31 yanvar 2014-cü il tarixdə 132k nömrəli əmrlə “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. 27 avqust 2015-ci il tarixdə 629k nömrəli əmrlə onunla əmək müqaviləsinə xitam verilmişdir. Həmin vəzifədə əmək stajı 1 il 6 ay 26 gün təşkil edir. İddiaçı 28 avqust 2015-ci il tarixdə SOCAR/15-2500/xx-xx-000377 nömrəli əmrlə “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti Quraşdırma Bölümünün 2 saylı Tikinti quraşdırma Sahəsinə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir və hal-hazıradək həmin vəzifədə işləyir, əmək stajı 4 il 6 ay 21 gündür. Onun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrikl montyoru peşəsində iş stajı 13 il 5 ay 26 gün təşkil edir. AR Dövlət Neft Şirkəti “Neftqaztikinti” Trestinin məhkəməyə ünvanlanmış 21 mart 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti Quraşdırma Bölümünün 2 saylı Tikinti quraşdırma sahəsində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyir. Hal-hazırda İddiaçı “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin “Günəşli” Yatağında yerləşən 2 saylı Dərin dəniz özülündə işlərə cəlb edilmiş və orada işləyir. Onun peşəsi bu işlərin icrasından ibarətdir – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqaztikinti” Trestinin 19 mart 2020-ci il tarixli arayışında aşağıdakılar bildirilir: bütün növdən və qabaritdən olan elektrik avadanlıqlarının sökülməsi və əsaslı təmiri, elektrik keçiricilərinin aparat və cihazlarının təmirdən sonra tənzimlənməsi və yoxlanması, gücləndiricilərin, işıq və səs siqnalizasiyalarının təmiri, güc və işıqlandırıcı elektrik qurğularına xidmət, elektrik stansiyaları, transformator yarımstansiyalarında gərginliyin tam söndürülməsi ilə işlərin yerinə yetirilməsi, lüminisentli işıqlandırıcı sxemlərin quraşdırılması və təmiri, gərginliyi 35 kV-dan yuxarı olan kabel xətlərində kabellərin açılması, kəsilməsi, çəkilməsi, giriş qurğularının və birləşdirici muftaların montajı, kabellərin zədələnmiş yerlərinin müəyyənləşdirilməsi, elektrik dövriyyəsinin torpaqlanması, müqavimətin, kabel örtüyünün potensialının ölçülməsi, bərk və yumşaq lehimlə lehimləmə, cizgi və sxem üzrə işlərin yerinə yetirilməsi, elektrik mühərrikləri üçün işəsalma müqavimətlərinin seçilməsi. İddiaçı peşəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı (hazırda qüvvədə olan) və 21 iyun 1993-cü il tarixli 320 nömrəli (hazırda qüvvədən düşmüş) qərarları ilə təsdiq edilmiş siyahıların müvafiq olaraq 29-cu və 35-ci bəndlərində güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üzrə hüquq verən peşə kimi nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin məhkəməyə ünvanlanmış 30 iyul 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı 6 avqust 1979-cu il tarixdən 20 il 11 ay 17 gün elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir və həmin peşəsinə görə müəssisənin bütün növ kabellərin, o cümlədən quraşdırılmış kabellərin, politelin və polixlorvinil örtüklü kabellərin lehimlənməsi, təmiri və quraşdırılması ilə daim məşğul olmuşdur. Onun işlədiyi peşə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmişdir. Həmin qərarla təsdiqlənmiş siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd olunan peşə nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin 24 dekabr 2019-cu il tarixli 24/12k nömrəli arayışında bildirilmişdir ki, İddiaçı 6 avqust 1979-cu il tarixdən (240k nömrəli əmr) hərbi xidmət xaric 30 dekabr 2002ci il tarixədək (406k nömrəli əmr) “Bakı asbestsement və keramika məmulatları” Kombinatında işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 35-ci bölməsində (Ümumi peşələr) nəzərdə tutulmuş “Qurğuşunlaşdırılmış kabellərin və polixrolvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərlə daim məşğul olan kabel xəttlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” peşəsində iş stajı cəmi 20 il 11 ay 17 gün təşkil edir. AR Tikinti Materialları Sənayesi Nazirliyinin 25 may 1993-cü il tarixli 75 nömrəli əmri ilə 1 iyun 1993cü il tarixdən həmin Kombinatın adı dəyişdirilək "xxxx" Kombinatı adlandırılmışdır. AR Dövlət Əmlak Nazirliyinin 26 aprel 2001-ci il tarixli 193 nömrəli sərəncamı ilə "xxxx" Kombinatının mülkiyyət forması dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1)nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2)ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışın izibati orqana təqdim edilməlidir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin qanunun 21.2.3-ci maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Beləliklə, iş materiallarında olan attestatın, hərbi biletin, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya "xxxx" ASC-nin 26 dekabr 2022-ci il tarixli 26/12k nömrəli arayışında bildirilmişdir ki, İddiaçı (ş/v AZE Ne 0*******,xx.xx.2012-ci il Bakı-Nizami RPİ) ondan ötrü ki, o həqiqətən də 06 avqust 1979-ci ildən, hərbi xidmət xaric 30 dekabr 2002-ci ilə kimi “Bakı asbestsement və keramika məmulatları kombinatı”nda işləyib. Azərbaycan Respubilkası Nazirlər Kabinetinin 1993-cü il 320 saylı qərarına əsasən XVİİİ-ci bölmə Şüşə istehsalı, 3-cü yarımbölmə -Bütün növlü keramika çini və saxsı məmulatları və ferrit istehsalı üzrə:ümumi peşələr kod 2190203a-19861-Əsas istehsalda məşğul olan elektirik avadanlığının xidməti və təmiri üzrə elektrik mantyorları vəzifəsində işləmişdir. Cəmi: Əmək stajı zərərli işlərə görə xx.xx.2002-ci ilə 20 (iyirmi) il 11 ay 17 gün təşkil edir. Azərbaycan Respublikası Tikinti Materialları Sənayesi nazirliyinin 25 may 1993-cü il tarixli 75 Ne-li Əmri 01 iyun 1993-cü ildən “Bakı asbestsement və keramika məmulatları” kombinatının adı dəyişdirilərək "xxxx" Kombinatı adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Əmək nazirliyinin 26 aprel 2001-ci il tarxili 193N-li sərəncamı ilə "xxxx" Kombinatının mülkiyyət forması dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. İddiaçının “Bakı asbestsement və keramika məmulatları” Kombinatında işlədiyi 20 il 11 ay 17 gün elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsi AR Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»da 2190203a-19861 kodla müəyyən edilmişdir. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştl iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(112)-1447/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar