Məhkəmə qərarları › İş №2-1(103)-356/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-356/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-356/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7712/2024 saylı, 11 iyul 2024-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində hüquqlarını pozan şəxslərin - qanunsuz imtina qərarını çıxrmış TSEK üzvlərinin, işin məhkəmələrdə əsassız uzadılmasına cavabeh olan şəxslərin müəyyən edilərək barələrində qanuna müvafiq tədbirin görülməsi və hüquqlarının pozulması nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 6 944 (altı min doqquz yüz qırx dörd) manat və mənəvi zərərin əvəzi olaraq 10 000 (on min) manat olmaqla, cəmi vurulmuş zərərin əvəzi olaraq 16 944 (on altı min doqquz yüz qırx dörd) manat kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 04 aprel 2021-ci il tarixdə əlilliyin təyin olunmasının 5 illik müddəti bitdiyi üçün həkim müayinə və müalicəsindən keçərək 07 aprel 2021-ci il tarixində sahə həkiminin iştirakı ilə Gəncə şəhəri Kəpəz rayonu Həkim Məsləhət Komissiyasına müraciət etmişdir. Komissiyada tərtib edilmiş 0452003AAJQ4 saylı forma 88 göndərişi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilib. Üzərindən iki ay keçdikdən sonra, 2021-ci ilin iyun ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı barəsində tamamilə qanunsuz və əsassız imtina qərarı çıxarılıb. İmtina qərarı onunla əsaslandırılıb ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulub. Natamam doldurulma barədə açıqlamada isə ETTOİ-da ətraflı müayinə olunub tibbi arayış alınmasının məsləhət görüldüyü bildirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 iş gününədək uzadıla bilər. Göründüyü kimi qanunun tələbinə əsasən TSEK 10 iş günündən gec olmamaqla şəxsin əlilliyini qiymətləndirərək müvafiq qərar qəbul etməlidir. TSEK iddiaçı barəsində 10 iş günü ərzində baxmalı olduğu məsələnin qanuni həllini qanunsuz, əsassız və qərəzli olaraq iki il uzatmışdır. Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyi heç bir əsas olmadan iddiaçını iki il sosial hüquqlarından məhrum etməklə ona maddi və mənəvi zərər vurmuşdur. İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtina cavabından məhkəməyə şikayət vermişdir. Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-1(112)-2389/2022 saylı qərarı ilə İddiaçı 07 aprel 2021-ci il tarixli, 0452003AAJQ4 saylı forma 88-ə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edilməli olduğu 21 aprel 2021-ci il tarixdən üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Məhkəmə araşdırması zamanı məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə qərarının mübahisəsiz tam qanuni, əsaslı olmasına baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi növbəti qanun pozuntusuna yol verərək iddiadan imtina etməyəcəyi təqdirdə məhkəmə prosesini qəsdən uzadaraq apellyasiya və kassasiya şikayətləri verəcəklərini bildirmişdir. Halbuki qanunvericilik prosessual hüquqlardan sui-istifadəni yolverilməz hesab edir və işdə iştirak edən hər bir şəxs bu hüquqlardan vicdanla istifadə etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 11 may 2022-ci il tarixdə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizəsi ilə müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən davamlı olaraq ona qarşı edilən qanunsuz hərəkətlərin qarşısının alınması, Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2022- ci il tarixli, 2- 1(112)- 2389/2022 saylı qərarını icra edərək pozulmuş hüquqlarının bərpa olunması və hüquqlarını pozan şəxslərin barəsində tədbir görülməsini xahiş etmişdir. İddiaçının ərizəsi araşdırılması üçün qanunazidd olaraq hərəkətlərindən şikayət verilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçının şikayətdə qaldırdığı məsələlərin heç birinə münasibət bildirmədən, pozulmuş hüquqlarını bərpa etmədən xx.xx.2022-ci il tarixdə 224301 90478 saylı cavab məktubu ilə şikayət ərizəsinə aid olmayan yayındırıcı cavab vermişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 05 aprel 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-1(112)-2389/2022 saylı qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1949/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2389/2022 saylı, 26 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-1(103)-1949/2022 saylı qərarından kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il, 2-1(102)-1801/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1949/2022 saylı qərarı dəyişdirilmədən saxlanılıb. Azərbaycan Republikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1801/2022 saylı qərarının 35-ci bəndində bildirilir: “Nəzərə almaq lazımdır ki, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından cavabdeh normalda göndərişlə bağlı natamam məlumatların tamamlanmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Yalnız bundan sonra iddiaçıya münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilərdi. Başqa sözlə, məlumatların natamam olması səbəbindən cavabdeh imtina etməkdə haqlı sayıla bilməz”. Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi verdiyi imtina qərarının qanunsuz və əsassız olduğunu bilə-bilə, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə, dövlətin öz vətəndaşına ləyaqətli xidmət göstərmək öhdəliyini unudaraq, özünün müqayisə olunmaz dərəcədə böyük inzibati resursları ilə qeyri-bərabər çəkişmədə utanmadan, vicdansızcasına cəmiyyətin həssas təbəqəsini təmsil edən xəstə bir vətəndaşın həyatı ilə oynayaraq onu iki il məhkəmələrdə süründürmüşdür. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yalnız məhkəmənin qərarı qanuni qüvvəsini aldıqdan və icra olunması üçün göndərildikdən sonra, 27 mart 2023-cü il tarixdə məcburiyyət qarşısında onun hüququnu bərpa edərək əlilliyin müəyyən edilməsi barədə qərar qəbul etmişdir. Hesab edir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidmət etdiyi vətəndaşlara qarşı qanunsuz, vicdansız və amansız hərəkətlərə yol verən şəxslərin dövlət qulluğunda işləməsi yolverilməzdir. Onun barəsində qanunsuz qərarı çıxarmış TSEK üzvləri və işin məhkəmələrdə əsassız uzadılmasına cavabdeh olan şəxslər müəyyən edilərək, başda Agentliyin hüquqşünası Günay Musayeva olmaqla qanunda nəzərdə tutlmuş qaydada cəzalandırılmalıdırlar. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iki il müddətində iddiaçının hüquqlarını qanunsuz məhdudlaşdırmaqla ona aşağıda göstərilən miqdarda maddi və mənəvi zərər vurmuşdur: 1. Hüquqların bərpası ilə bağlı iki il ərzində ərizə, vəsatət və digər sənədlərin hazırlanması və poçtla göndərilməsi xərcləri - 200 manat; 2. Mübahisəyə məhkəmələrdə baxılması və həkim müayinələrindən keçilməsi ilə bağlı iki il ərzində 6 dəfə Bakı şəhərinə gəlmiş və hər dəfə 50 manat olmaqla çəkilən cəmi xərclər - 6 x 50 = 300 manat;. İddiaçının pensiyasının dayandırılması səbəbi ilə ailəyə təyin edilən 300 manat ünvanlı dövlət sosial yardımı da 2021-ci ilin sentyabr ayından dayandırılıb. Əgər iddiaçının əlillik təyinatı vaxtında bərpa olunsaydı, ünvanlı dövlət sosial yardımın verilməsi dayandırılmazdı. Ünvanlı dövlət sosial yardımın dayandırılması ilə əlaqədar 2021-ci ilin sentyabr ayından 2023-cü ilin mart ayınadək olan 18 ay müddətində vurulmuş zərər - 300 x 18 = 5 400 manat; İddiaçının iki il ərzində almadığı pensiyanın inflyasiya ilə bağlı öz dəyərini itirməsi nəticəsində yaranmış zərər. 2021-ci il yanvar ayından yaşayış minimumu indeksləşdirilərək 196 manat, 2022-ci il yanvar ayından yaşayış minimumu indeksləşdirilərək 210 manat, 2023-ci ilin yanvar ayından yaşayış minimumu indeksləşdirilərək 246 manat olub. 2023-cü ildə yaşayış minimumu 2021-ci ilə nəzərən 25%, 2022-ci ilə nəzərən 17.1% artırılıb. 2021-ci ildə almadığı 1960 manat 64 qəpik pensiyanın indeksasiyası: 1960 manat 64 qəpik x 25% = 490 manat; 2022-ci ildə almadığı 3239 manat 16 qəpik pensiyanın indeksasiyası: 3239 manat 16 qəpik x 17.1% = 554 manat Cəmi: 490 + 554 = 1044 manat; İddiaçı iki il ərzində üzləşdiyi məhrumiyyətlər səbəbi ilə mənəvi sarsıntı və iztirablara məruz qalmışdır. 2021-ci ilin sentyabr ayında iddiaçı və ailə üzvləri koronavirus xəstəliyinə yoluxmuşdur. Ailənin bütün gəlirlərinin dayandırılması, xəstəliklə əlaqədar evdən çıxmağın yasaqlanması və xəstəliyin ağırlaşması ilə bütün ailə üzvləri ilə birlikdə ölümə tərk edilmiş vəziyyətə düşmüşdür. Əgər iddiaçının aldığı pensiya və sosial yardım dayandırılmasaydı, iddiaçı həmin pul ilə ailənin zəruri xərclərini ödəyə bilərdi. İddiaçının keçirdiyi mənəvi sarsıntılar və iztirablarla əlaqədar vurulmuş mənəvi zərər - 10 000 manat. Vurulmuş maddi zərərin məbləği: 200 + 300 + 5400 + 1044 = 6 944 manat; Vurulmuş mənəvi zərərin məbləği: 10 000 manat; Vurulmuş maddi və mənəvi zərərin cəmi məbləği: 16 944 manat. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə X7 adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Onurğanın "S” Vari əyriliyi. İV dərəcə kifoskolioz. Kəskin funksiya pozğunluğu. Ürəyin kifoskoliotik xəstəliyi. Əyilmə bucağı-54 dərəcə. Ürəyin kifoskoliotik xəstəliyi, Aorta və tac damarlarının ateorsklerozu. ÜİX.Gərginlik stenokardiyası İİİ f\s. Aorta və tac damarlarının ateorsklerozu.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.12. üçüncü–dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9);” səbəbi ilə müddətsiz üçüncü dərəcəli əlillik verilərək əlillik altsisteminə daxil edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Mənəvi zərərin nə olduğunu şəxsin keçirdiyi bəzi sarsıntı və iztirabları sadalayaraq daha aydın bir şəkildə göstərmək olar. 3 noyabr 2008-ci il “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi və s. kimi örnəklərlə qeyd olunur. Qeyd edilən haların iddiaçıda olmadığından iddia təmin edilməmlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarilxi 2-1(114)-420/2024-cü il nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)- 304/2024 nömrəli apellyasiya şikayəti təmin edilməmişdir. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-420/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7712/2024 saylı, 11 iyul 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi qismən təmin edilmiş, İddiaçı 5400 manat məbləğində maddi zərərin və 600 manat məbləğində mənəvi zərərin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən hissəsinə münasibətdə qərarını onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdən İddiaçı ünvanlı dövlət sosial yardımın ödənilməsinin dayandırılması birbaşa olaraq şəxsə münasibətdə əlillik təyinatından imtina edilməsi (qanunsuz olaraq) nəticəsində baş vermişdir.VEMTAS tərəfindən ailəyə xx.xx.2021-ci il tarixdən aylıq 301,91 manat məbləğində ÜDSY təyin edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən (əlilliyin dayandırıldığı tarix) xx.xx.2023-cü il tarixədək (məhkəmə qərarının icra olunduğu tarix) olan dövr (18 ay) üzrə məhrum qaldığı ünvanlı dövlət sosial yardım nəzərə alınmaqla 5400 manat məbləğində maddi zərərin kompensasiya kimi ödənilməsi hissəsində iddia tələbi təmin edilməlidir. Həmçinin, qeyd edilən dövrdə iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində yeganə dolanaq mənbəyi olan əlilliyə görə əmək pensiyasından və əlilliyə görə əmək pensiyasının dayandırılması ilə əlaqədar ünvanlı dövlət sosial yardımdan məhrum olmuşdur. Belə ki, əlilliyə görə pensiyası dayandırıldığından labüddür ki, iddiaçı əmək qabiliyyətli hesab edilmiş və ünvanlı dövlət sosial yardım almaq hüququndan məhrum olmuşdur. Koronavirus pandemiyası dövründə (belə ki, əlilliyin dayandırıldığı qeyd edilən dövr pandemiya dövrünə təsadüf etmişdir) ailəsinin yeganə dolanacaq mənbəyindən məhrum olması və bunun iddiaçıya mənəvi sarsıntı və iztirab yaşatması məhkəmədə hər hansı şübhə doğurmur. Məhkəmə qərarı iddianın təmin edilməyən hissəsinə münasibətdə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsində işə yazılı icraat qaydasında baxılmış olduğundan hər hansı məhkəmə xərcinin yaranması real deyil. Digər məhkəmə instansiyalarına münasibətdə isə məhkəmə qeyd edir ki, məhkəmə xərclərinin məhz yarandıqları məhkəmə icraatı daxilində tələb edilməsi mümkün olduğu təqdirdə, İddiaçı həmin məhkəmə icraat(lar)ı daxilində məhkəmə xərcləri ilə bağlı hər hansı müraciət etməmişdir. Digər tərəfdən məhkəmə xərcləri ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. İki il ərzində almadığı pensiyanın infliyasiya ilə bağlı öz dəyərini itirməsi nəticəsində yaranmış zərərə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrası nəticəsində iddiaçı ötən dövr üzrə ödənilməmiş pensiyasını hissə-hissə, aylıq pensiyasının üzərinə əlavə edilməklə alır. Digər tərəfdən pulun dəyərdən düşməsində cavabdeh qurumun təqsirli hərəkəti yoxdur və məhkəmə qərarı qüvvəyə mindikdən (4 ay sonra) cavabdeh tərəfindən icra olunmuşdur. Qərardan hər iki tərəf apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-7712/2024 saylı qərarının dəyişdirilməsi, iddia tələbini təmin edərək Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində hüquqlarını pozan şəxslərin - qanunsuz imtina qərarını çıxarmış TSEK üzvlərinin, işin məhkəmələrdə əsassız uzadılmasına cavabeh olan şəxslərin müəyyən edilərək barələrində qanuna müvafiq tədbirin görülməsi və hüquqlarının pozulması nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 6 944 (altı min doqquz yüz qırx dörd) manat və mənəvi zərərin əvəzi olaraq 10 000 (on min) manat olmaqla, cəmi vurulmuş zərərin əvəzi olaraq 16 944 (on altı min doqquz yüz qırx dörd) manat kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsində iş tam, hərtərəfli araşdırılmış, tərəflərin dinlənilmək hüquqları təmin edilmişdir. Cavabdeh tərəf məhkəməyə iddia tələbində qaldırılan məsələləri təkzib edəcək heç bir sübut, dəlil təqdim edə bilməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz olduğunu və bu hərəkətlərin nəticəsində maddi və mənəvi zərərə məruz qaldığımı müəyyən edərək təsdiq etmişdir. Lakin iddia tələbinin işin hallarına tam uyğun gəlməsinə baxmayaraq hesab edir ki, çıxarılan qərar işin hallarını tam əks etdirmir. Məhkəmə qərarında mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı 600 manat təmin edilib. Hesab edir ki, mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi sarsıntıların və iztirabların qarşılığında mütənasib və ədalətli deyil. Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbində göstərilən 10 000 manat iki il ərzində cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi sarsıntılarla və iztirablarla müqayisədə kifayət qədər kiçik, minimal məbləğdir. Cavabdeh inzibati orqanın qanunsuz hərəkətlərinin açıq-aşkar sübut olunmasına və məhkəmənin bu barədə çox yumşaq qərar çıxarmasına baxmayaraq, cavabdeh inzibati orqan vətəndaşa yaşatdığı iztirablara görə üzrxahlıq etmək əvəzinə, utanmadan məhkəmənin çıxardığı qərardan apellyasiya şikayəti vermişdir. Əhalinin sosial müdafiəsinin təşkili üzrə görəvləndirilmiş bir dövlət orqanının vəzifəli şəxslərinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyətin həssas təbəqəsi olan xəstə insanlara yaşatdıqları ağır mənəvi sarsıntı və iztirablara görə sorğulanmadan, heç bir cəza almadan, dövlətin hesabına ödəniləcək cüzi 600 manat təzminatla məsuliyyətdən azad olunması gələcəkdə həmin vəzifəli şəxslərin xidmət göstərməli olduqları şəxslərə qarşı daha qəddar və rəhimsiz olmalarına stimul vermiş olur. Pensiyanın iki il gecikdirilməsinin və gecikdirilmə ilə əlaqədar inflyasiyaya məruz qalmasının səbəbkarı hazırki iş üzrə cavabdeh inzibati orqandır. Almadığı ayların pensiya məbləğinin əvəzi ödənilsə də, iki il ərzində almadığı pensiyanın inflyasiya ilə bağlı öz dəyərini itirməsi nəticəsində yaşayış minimumunun artımına mütənasib hesablanmış 1044 manat zərərin əvəzinin ödənilməsi təmin edilməli olduğu halda təmin edilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın vəzifəli şəxslərinin təqsirli hərəkətlərinin olduğu müəyyən edilsə də, iddia tələbi həmin hissədə təmin edilməmiş və təqsirli vəzifəli şəxslərin barəsində tədbir görülməmişdir. Mübahisəyə məhkəmələrdə baxılması və həkim müayinələrindən keçilməsi ilə bağlı iki il ərzində çəkdiyi xərclərlə bağlı sübutları məhkəməyə təqdim etməsinə baxmayaraq iddia tələbi həmin hissədə də təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7712/2024, saylı, 11 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia Dövlət Tibbi- Sosial Ekspertiza Agentliyinə yönəldilə bilməzdi (cavabdehin düzgün seçilməməsi). Bundan başqa göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adı çəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Qeyd edilən işdə cavabdeh Gəncə şəhər Abbas səhhət adına Poliklinika olmalı olduğu halda məhkəmə səhv olaraq cavabdehi agentlik olaraq qeyd etmişdir. İddiaçının istinad etdiyi maddi ziyanla cavabdehin hərəkətləri arasında səbəb əlaqə yoxdur. İddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi ziyanın dəyməsi barədə səbəb əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. İddiaçı əlillik dərəcəsinin ona məlumat verilmədən dəyişdirilməsini əsas gətirərək maddi və mənəvi zərərin dəyməsini iddia etsə də, bu hal əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı iddia tələbinə baxılan zaman məhkəmə prosesi gedişində aşkar edildiyindən bu hal mötəbər sübut hesab edilə bilməz. Belə ki, iddiaçının iddia tələbində göstərdiyi qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il, 2-1(102)-1801/2022 saylı qərarı ilə göstərilənlərə münasibətdə bildirirlər ki, məhkəmə tərəfindən qərarda göstərilən mövqe cavabdeh təşkilatın zəruri araşdırmanın lazımi qaydada aparılmaması ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçıya əlilliklə bağlı ödənilən pensiya məbləği ilə bağlı hər hansı bir narazılığı olmamış və əlilliyə görə ödənilən məbləğ iradə ifadəsinə uyğun həyata keçirilmişdir. Başqa sözlə, cavabdehə məvacibin ödənilməsində qərəz mövcud deyil. Ona görə də cavabdeh təşkilatdan kompensasiya tələb edilməsi üçün əsas mövcud deyildir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri- əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Həmin Qərarın 8-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hesab edirlər ki, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. İddia tələbində iddiaçı iki il ərzində sənədlərin hazırlanması, poçtla göndəriməsi və yol xərcləri ilə bağlı vurulmuş zərəri əvvəlki məhkəmə işində qaldırmalı olduğu halda qaldırmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə də əsassız olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası İnzibati icraat haqqında Qanunun: - 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. - 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya şikayətlərinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, iddiaçının əlilliyin təyin edilməsi ilə bağlı müraciətinə xx.xx.2021-ci ildə sözügedən poliklinikanın 0452003AAJQ4 saylı göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Onurğanın "S"vari əyriliyi.İV dərəcə kifoskolioz.Kəskin funksiya pozğunluğu.Ürəyin kifoskoliotik xəstəliyi.Əyilmə bucağı-54 dərəcə.Ürəyin kifoskoliotik xəstəliyi,Aorta və tac damarlarının ateorsklerozu. ÜİX.Gərginlik stenokardiyası İİİ As.Aorta və tac damarlarının ateorsklerozu.; Məzkəzə göndəriimənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: ETTOİ da ətraflı müayinə olunub, tibbi arayış alması məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2389/2022 nömrəli Qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 07 aprel 2021-ci il tarixli, 0452003AAJQ4 saylı forma 88-ə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edilməli olduğu 21 aprel 2021-ci il tarixdən üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-1949/2022 nömrəli Qərarı ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2389/2022 nömrəli Qərarı qərarı dəyişdirimədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli Qərarı ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1949/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi əlillik haqqında xx.xx.2024-cü il tarixli Arayışa əsasən İddiaçı ümumi xəstəlik səbəbi ilə onurğanın “S”vari əyriliyi. İV dərəcə kifoskolioz. Kəskin funksiya pozğunluğu. Ürəyin kifoskoliotik xəstəyi. Əyilmə bucağı-54 dərəcə. Ürəyin kifoskoliotik xəstəliyi, Aorta və tac damarlarının ateorsklerozu. ÜİX. Gərginlik stenokardiyası İİİ f/s. Aorta və tac damarlarının ateorsklerozu diaqnozu əsasında müddətsiz üçüncü dərəcə əlillik xx.xx.2023-cü il tarixdə təsdiqlənmiş və xx.xx.2021-ci il tarixdən təyin edilmişdir. İddiaçı hazırki tələbində cavabdeh orqanın qanunsuz hərəkət(lər)i nəticəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində əlillik təyinatının qeyd edilmədiyinə, bunun nəticəsində xx.xx.2021-ci il tarixdən etibarən ünvanlı dövlət sosial yardımı almaq hüququndan məhrum qaldığına, həmçinin iki il ərzində almadığı pensiyanın inflyasiya ilə bağlı öz dəyərini itirməsi nəticəsinə, şəkdiyi məhkəmə xərclərinə istinad edərək 6944 manat məbləğində vurulmuş maddi zərərin, həmçinin 10 000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbini həm maddi, həm də mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edərək, 5400 manat maddi zərər və 600 manat mənəvi zərər, ümumilikdə 6000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qərara almışdır. Hazırda iddiaçı birinci instansiya məhkəməsinin qərarını iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirərək iddia tələbinin tam təmin edilməsini, cavabdeh isə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirərək iddianın tam rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin qərarını iddia tələbinin təmin edilən hissəsinə münasibətdə əsassız hesab edir. Birinci instansiya məhkəməsi 5400 manat məbləğində maddi zərərin ödənilməli olması ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdən İddiaçı ünvanlı dövlət sosial yardımın ödənilməsinin dayandırılması birbaşa olaraq şəxsə münasibətdə əlillik təyinatından imtina edilməsi (qanunsuz olaraq) nəticəsində baş vermişdir. Halbuki iş materiallarından görünür ki, İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra - ÜDSY) alınması ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2019-cu il tarixli **********00302 nömrəli müraciəti əsasında, VEMTAS tərəfindən ailəyə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək aylıq 224,84 manat məbləğində ÜDSY təyin edilmiş və ailə təyin olunan məbləği müddətin sonunadək almışdır. Bundan sonra xx.xx.2021-ci il tarixli **********56902 nömrəli müraciəti əsasında, VEMTAS tərəfindən ailəyə xx.xx.2021-ci il tarixdən aylıq 301,91 manat məbləğində ÜDSY təyin edilmişdir, daha sonra aparılan elektron yoxlama zamanı xx.xx.2021-ci il tarixindən İddiaçı əlillliyinin qiymətləndirilməsi nəticəsində orqanizmin funksiyalarının 61-80 faiz pozulmasından, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına və əldə etdiyi sosial müavinətin məbləği 220 manatdan 150 manata dəyişilmişdir, ailənin gəlirlərində baş vermiş dəyişikliyin olması səbəbindən ailəyə təyin olunmuş ÜDSY xx.xx.2021-ci il tarixində VEMTAS tərəfindən dayandırılmışdır. Məhkəmə ünvanlı dövlət sosial yardımın ödənilməsinin dayandırılmasını birbaşa olaraq şəxsə münasibətdə əlillik təyinatından imtina edilməsi ilə əlaqələndirsə də, iş materiallarından görünür ki, mübahisəyə qədər iddiaçıya sonuncu əlillik elektron təyinatla xx.xx.2016-cı il göndərişi əsasında müayinə olunmaqla beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 21 aprel 2021-ci il tarixində əlillik müddəti bitmiş, daha sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2389/2022 nömrəli Qərarı ilə iddiaçıya üçüncü dərəcəli əlillik 07 aprel 2021-ci il tarixli, 0452003AAJQ4 saylı forma 88-ə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edilməli olduğu 21 aprel 2021-ci il tarixdən təyin edilmişdir. Odur ki, iddiaçı ona 21 aprel 2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli Qərarı ilə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını əsas götürməklə, xx.xx.2021-ci il tarixdən etibarən ödənilməmiş ünvanlı dövlət sosial yardımın ödənilməsi ilə bağlı sosial yardımın təyin edilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərdi, hazırki işdən iddiaçının belə bir müraciətinin olması müəyyən edilmir. Odur ki, xx.xx.2021-ci il tarixdən etibarən iddiaçıya ünvanlı dövlət sosial yardımın ödənilməməsi cavabdeh inzibati orqanın məsuliyyət sferasına daxil edilə bilməz. Məhkəmə kollegiyası mənəvi ziyanın qismən təmin edilən hissəsinə münasibətdə cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən öncə, maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbinin təmin edilməyən hissələrinə münasibətdə iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir, çünki mənəvi zərərin ödənilməli olub-olmaması məsələsinə cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi məsələsinə kompleks şəkildə hüquqi qiymət verildikdən sonra münasibət bildirilə bilər. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, iki il ərzində almadığı pensiyanın inflyasiya ilə bağlı öz dəyərini itirməsi nəticəsində, həmçinin mübahisəyə məhkəmələrdə baxılması və həkim müayinələrindən keçilməsi ilə bağlı da ona maddi zərər dəymiş, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin hissələrə münasibətdə iddia tələbi əsassız olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin qeyd edilən dəlillərini əsassız hesab edərək, məhkəmə xərclərinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə xərcləri ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə xərclərinin məhz yarandıqları məhkəmə icraatı daxilində tələb edilməsi mümkün olduğu təqdirdə, İddiaçı həmin məhkəmə icraat(lar)ı daxilində məhkəmə xərcləri ilə bağlı hər hansı müraciət etməmişdir. Məhkəmə kollegiyası həmçinin iki il ərzində almadığı pensiyanın infliyasiya ilə bağlı öz dəyərini itirməsi nəticəsində yaranmış zərərə münasibətdə qeyd edir ki, məhkəmə qərarının icrası nəticəsində iddiaçı ötən dövr üzrə ödənilməmiş pensiyasını hissə-hissə, aylıq pensiyasının üzərinə əlavə edilməklə alır. Bu hal iddiaçı tərəfindən mübahisələndirilmir. AR Mülki Məcəlləsinin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Həmin Məcəllənin 1124.2-ci maddəsinə əsasən yaşayış minimumu artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı yaşayış minimumunun artımına mütənasib surətdə artırılır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əmək pensiyası ödənilərkən məhz qeyd edilən müddəa nəzərə alınmalı olduğundan cavabdehin vurduğu ziyan yoxdur. Qeyd edilən müddəa məhz pensiya ödənişini təmin edən (itirilmiş qazancın əvəzini ödəyən) qurum tərəfindən icra edilməlidir. Digər tərəfdən pulun dəyərdən düşməsində cavabdeh qurumun təqsirli hərəkəti yoxdur və məhkəmə qərarı qüvvəyə mindikdən (4 ay sonra) cavabdeh tərəfindən icra olunmuşdur. Qeyd edilən normaların təhlili də onu deməyə əsas verir ki, pulun dəyərdən düşməsi zərər anlayışı ilə əhatə olunmur. Məhkəmə kollegiyası iddia tələbini və iddiaçının apellyasiya şikayətinin dəlillərini cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyanın tutulması hissəsində əsassız, cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki: “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Qərardan göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan başqa, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. İşə məhkəmədə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı cavabdehin hərəkətləri nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. İşdə olan tibbi müayinə sənədləri iddiaçının məhz cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən sağlamlığının pozulması ilə səbəbli əlaqəni sübut etməyə kifayət etmir. Hazırki iş üzrə cavabdehin hərəkət və ya hərəkətsizliyinin qanunsuzluğu sübuta yetirilmədiyindən, iddiaçı mənəvi zərərin əvəzini tələb etmək hüququna malik olmur. Beləliklə, iddiaçının iddia ərizəsində, apellyasiya şikayətində istinad etdiyi əsas məqam cavabdeh inzibati orqan tərəfindən süründürməçiliyə yol verilərək müraciətə qanunsuz olaraq imtina edilməsi və məhkəmə qərarından apellyasiya, daha sonra kassasiya şikayətləri verilməsi dəlilinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayətlərin verilməsi prosessual qanunvericiliklə tərəflərə verilmiş hüquqdur. Məhkəmə qərarlarından tələbləri təmin olunmayan şəxslər şikayət vermək hüququna malikdir və bununla bağlı hər hansı bir qadağanedici norma mövcud deyildir. Bununla da, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7712/2024 saylı, 11 iyul 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. AR İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7712/2024 saylı, 11 iyul 2024-cü il tarixli qərarı iddia tələbinin qismən təmin edilən hissəsində ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar