Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3560/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarların ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X2 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(112)-3409/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi” formasında icraata qəbul edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü, xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli qərarların ləğv edilməsi, əvvəlki hesablanma qaydası nəzərə alınmaqla, pensiyanın bərpa edilərək işdən çıxma ilə əlaqədar əmək pensiyasının yenidən hesablanmasını və ödənilməmiş pensiya məbləğinin ödənilməsini cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlülüdür. xx.xx.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamaqla SSRİ dönəmində müxtəlif gəmilərdə kapitan vəzifəsində, xx.xx.2016-cı il tarixdən isə "xxxx" QSC-nin balansında olan ÜFÜQ gəmisinin kapitanı vəzifəsində çalışımışdır. Əmək fəaliyyətimə başladığı vaxtdan bu günədək əmək haqqından mütəmadi olaraq sosial ödənişlər tutulmuş, hər hansı pozuntu faktı qeyd alınmamışdır. Ona ilk dəfə xx.xx.2016-cı ildə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin vaxt pensiya təxminən 350 manat olmuşdur. Ona yaşa görə güzəştli şərtlərlə xx.xx.2016-cı il tarixdə yaşa görə pensiya təyin olunduqdan sonra işləməyə davam etmiş, davamlı olaraq 6 il işlədiyi üçün Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarına əsasən yaşa görə pensiyası xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən ömürlük olaraq 1201,34 manat məbləğində müəyyən edilmişdir. Həmin pensiya 2024-cü ilin yanvar ayında indeksləşdirilmə nəzərə alınaraq 1553,39 manat təşkil etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-a-19716-2024 nömrəli inzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında məktubuna əsasən yenidən hesablanması zamanl pensiyanını artıq hesablandığı, 1006,09 manat (indeksləşdirmə nəzərə alınmaqla hazırda 1304,48 manat) məbləğində müəyyən edilməli olduğu halda, 1201,24 manat müəyyən edildiyi göstərilmiş, bunun səbəbini isə fərdi sığorta hesabında olan sığorta hissəsində toplanmış pensiya kapitalının 96 aya bölünməli olduğu halda, 72 aya bölünməsi olduğu qeyd edilmişdir. Qeyd olunan inzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi barədə məktubdan sonra barəsində yekun inzibati akt qəbul edilmədən, qəbul olunduğu halda belə ona təqdim olunmadan pensiya məbləği 1304,48 manatadək azaldılmşdır.
5. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(112)-3409/2025 nömrəli qərarı ilə iddia təmin edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması” haqqında İddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü, xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli qərarlar ləğv edilmiş, əvvəlki hesablanma qaydası nəzərə alınmaqla, İddiaçı pensiyanın bərpa edilərək işdən çıxma ilə əlaqədar əmək pensiyasının yenidən hesablanmasını və ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
8. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Əhmədova apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 96 aya (58916,16:96 ay (65 il-63 il =24 ay+ (144 ay-72 ay))) bölünməli olduğu halda, 72 aya bölünüb. Göstərilənlərlə əlaqədar, əmək pensiyasının cari aydan etibarən qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 1304,48 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulub.
12. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2016-cı il tarixdə pensiya hüququ yaranmış iddiaçının pensiyası ƏPQ-nun 37.3.1-ci maddəsinə əsasən 392,38 manatdan 1201,24 manatadək artırılmışdır.
13. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2016-cı il tarixdə pensiya hüququ yaranmış iddiaçının pensiyası 1553,39 manatdan 1304,48 manatadək azaldılmışdır. Əsas: 45-ci maddənin tətbiqi
14. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2016-cı il tarixdə pensiya hüququ yaranmış iddiaçının pensiyası 1304,48 manatdan 1951,79 manatadək artırılmışdır. Əsas: 37.3.1 (işdən çıxma)
15. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2016-cı il tarixdə pensiya hüququ yaranmış iddiaçının pensiyası 1951,79 manatdan 2024,24 manatadək artırılmışdır. Əsas: 37.3.1 (işdən çıxma)
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
16. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
19. Məhkəmə ilk növbədə qeyd edir ki, AR İPM-nin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu məhz cavabdehlər sübut etməlidir.
20. İşin faktiki hallarından müəyyən edilir ki, hazırkı inzibati mübahisə 01 iyul 2016-cı il tarixdə cavabdeh tərəfindən pensiya təyinatı aparılmış, daha sonra 6 il və daha çox keçdikdən sonra, pensiya məbləği fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı 72 aya bölünməklə yenidən hesablanmışdır. Cavabdeh hesab edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunduğundan, onun əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 72 aya deyil 96 aya bölünməliydi. Cavabdeh bunu əsası rəhbər tutaraq iddiaçının əmək pensiyasını müvafiq qərarlarla yenidən hesablanmışdır.
21. Cavabdeh həmin növ hesablamanı onunla əsaslandırır ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş müddəasına əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuşsınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.
22. Məhkəmə hesab edir ki, cavabdehin irəli sürdüyü mövqeyi əsassız olmuşdur.
23. Məhkəmə bununla bağlı olaraq qeyd etməyi zəruri hesab edir ki, Adıçəkilən Qanunun: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. - xx.xx.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur).
24. ƏPQ-nin 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Yəni ƏPQ-nin 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: -xx.xx.2017-ci il tarixədək 144; -xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. Qanunun 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir
25. Gözlənilən pensiya ödənişi müddəti -pensiyaya çıxan şəxsin orta hesabla pensiya alacağı illərin sayını ifadə edir. Bu müddət statistik göstəricilərə əsaslanaraq müəyyən edilir və ölkədəki orta ömür uzunluğu, pensiyaya çıxma yaşı və digər demoqrafik faktorlarla əlaqəlidir. Bu göstərici əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur: 1. Pensiya kapitalının hesablanması – İşləyən şəxsin topladığı pensiya kapitalı onun gözlənilən pensiya ödənişi müddətinə bölünərək aylıq pensiya məbləği müəyyən edilir. 2. Pensiya sisteminin dayanıqlığının təmin edilməsi – Dövlət və ya pensiya fondları pensiya ödənişlərini planlaşdırarkən, gözlənilən ömür uzunluğunu nəzərə alaraq sistemin maliyyə dayanıqlığını təmin edirlər. 3. Fərdi pensiya planlaşdırılması – Şəxslər pensiyaya çıxdıqda, onların yığılmış pensiya kapitalının nə qədər müddətə çatacağını hesablamaq üçün bu göstəricidən istifadə olunur.
26. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə 144 ay (12 il) müəyyən edilmişdir.
27. Sonradan xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır.
28. Qanunverici sonradan həmin şəxslərin pensiya təmnatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini Qanundan çıxarmışdır.
29. İşin faktiki hallarından isə görünür ki, iddiaçıya əmək pensiyası xx.xx.2016-cı il tarixədək təyin edilmiş, mübahisələndirilən hesablama qaydasının tətbiq olunduğu, yəni pensiya kapitalının 72 aya bölünməsinə dair qaydaya dair hesablama isə xx.xx.2022-ci il tarixdən olmuşdur. Göründüyü kimi istər pensiya təyinatının aparıldığı dövrdə, istərsə də mübahisələndirilən hesablamanın aparıldığı dövrdə pensiyaçılara münasibətdə ağırlaşdırıcı norma kimi 45-ci maddənin ikinci cümləsi qüvvədə olmamışdır ki, göstərilən normanın iddiaçıya münasibətdə tətbiqini zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin əmək pensiyasının yenidən hesablanması zamanı “Əmək pensiyası haqqında” Qanunun 45-ci maddəsinin 2-ci cümləsinin tətbiqi qanunsuz hesab edilmiş, adıçəkilən Qanunun 37.3.1-ci maddəsinin tətbiq olunmalı olduğu qeyd edilmişdir.
31. Adıçəkilən müddəanın tələbindən isə görünür ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır
32. Qeyd olunan səbəbdən Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə də formalaşmış mövqeyi nəzərə alınmalı və əmək pensiyasının yenidən hesablanmasına dair qərarlar ləğv edilməlidir.
33. Bundan başqa Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.
34. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı onun pensiya təyininə, eləcə də yenidən hesablanmasına müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar.
35. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
36. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
37. Doğrudur inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir ki, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır.
38. Məhkəmə kollegiyası hesab edir ki, pensiyanın yenidən hesablanması barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarlarda hazırkı mərhələdə müəyyən edilmişdir. İddiaçı hazırkı mərhələdə hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdir.
39. Məhkəmə, bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.
40. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır.
41. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə əlilliyin təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.
42. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi müəyyən edilmir., hansı hallara görə iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. İddiaçının cavabdehin dəlillərində inzibati aktın ləğvinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması hazırkı mərhələdə müəyyən edilməmişdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.
43. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir.
44. Cavabdeh ehtimal etdiyi yanlışı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut hazırda təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur.
45. Məhkəmə qeyd edir ki, pensiya təyin edildikdən, yenidən hesablandıqdan sonra buna dair təyinatı həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində pensiyanın düzgün təyin edilmədiyini və ya yenidən hesablandığını aşkar etdikdə, bununla bağlı şəxsin təyinatına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər.
46. İnzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardan (★★★) görünür ki, hazırkı qərar məhz adıçəkilən qərarda nəzərdə tutulmuş mövqe də əsas götürülməklə qəbul edilir. Qərarda xüsusi olaraq qeyd edilmişdir ki, Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir.
48. Əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.
49. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərarlardan adıçəkilən müddətin ötürülməsi mövcud olmasa da, halhazırda cavabdehin özü tərəfindən əsaslılığı qəbul edilməyən 72-yə bölünmə ilə əlaqədar hesablamalar 2022-ci ilin avqust ayından sonra qəbul edilmiş qərarla həyata keçirilmişdir. Həmin qərarda pensiya kapitalının 72-yə bölünməli olması cavabdeh tərəfindən təmin edilmişdir, həmin qərardan 1 il keçdikdən sonra isə, yoxlama aparılaraq həmin növ hesablamanın səhv olmasına dair inzibati icraatın başlanılması və qərarın qəbulu isə 2024-cü ilin avqust ayına, yəni səhv olduğu iddia edilən hesablamadan iki il sonra həyata keçirilmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş həmin qərarlar əsassız olduğundan, ləğv olunmalıdır.
50. Məhkəmə, qəbul etdiyi qərarla mübahisələndirilən inzibati aktların ləğv olunmasını əsaslandırmaqla yanaşı, bu ləğvetmənin doğurduğu hüquqi nəticələrin də aradan qaldırıldığını vurğulayır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu maddənin tələblərindən irəli çıxaraq Məhkəmə qeyd edir ki, hazırki iddia ilə mübahisələndirilən inzibati aktın ləğvi özündə - bu akt qəbul etdiyi andan yaradan hüquqi nəticələri aradan qaldırır.
51. Eyni zamanda inzibati hüquq münasibətlərini tənzmiləyən İnzibati Prosessual Məcəlləsinin: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
52. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirmə haqqında iddia İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən biri olmaqla, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsini ehtiva edir. Nəzərə alınmalıdır ki, bu növ iddialarda qüvvədə olan qanunvericilik vətəndaşlara inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə ərizə ilə müraciət etmək hüququ vermişdir.
53. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alınmaqla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mübahisələndirilən qərarların ləğvi dedikdə əvvəlki pensiya məbləği və hesablama qaydasının bərpa edilməsi, hər hansı pul məbləği tutulmuşsa onun geri qaytarılması, o cümlədən qərarın icrası ilə bağlı iddiaçıya münasibətdə bütün mənfi nəticələrin aradan qaldırılması ehtiva edilir. Göstərilən bütün mənfi nəticələrinin aradan qaldırılmasının ayrıca göstərilməsinin zərurəti mövcud olmamaqla məhkəmə hesab edir ki, qərarın ləğvinə dair mübahisələndirmə haqqında iddia ilə ehtiva edilir. Yəni, qərarlar ləğv edildikdən sonra şəxsdən hər hansı ödəniş tutulmuşdursa geri qaytarılmalı, əvvəlki pensiya məbləği bərpa edilməli, ziyanına olan hesablama qaydası ləğv edilərək əvvəlki hesablama qaydası müəyyən edilməli, əlavə olduğu qeyd edilən məbləğ əvəzləşdirilməməli, iddiaçıdan tələb edilməməli, tutulmasına yönələn hər hansı tədbir görülməməli, bir sözlə bütün mənfi hüquqi nəticələri aradan qaldırılmalıdır.
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
55. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
56. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(112)-3409/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev