Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3563/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “yeni ünvanın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-902/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına izah verilməsinə dair cavabdehin ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-902/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-902/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Zeynəb Talıb qızının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi-1, Çapayev küçəsində yerləşən 8A saylı evin 3 saylı mənzilinə yeni ünvan verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-ci il tarixdə qərara izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-902/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi-1, Çapayev küçəsində 8A saylı evin, 3 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində 230 nömrəli reyestr kitabının 33824 nömrəli səhifəsində paylı mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Göründüyü kimi müvafiq daşınmaz əmlak paylı mülkiyyətdədir. Lakin məhkəmə qərarının nəticə hissəsində iddiaçıya məxsus hissənin ayrılaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla yeni ünvan və daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarış verilməsinin nəzərdə tutulub-tutulmamasına münasibət bildirilməmişdir. Bu səbəbdən də qərarın icrasında müəyyən çətinliklər yaranmış, izah verilməsini zəruri etmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-902/2023 saylı qərarına izah verilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-902/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim A.Əhədova) ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan cavabdeh qərara izah verilməsinə dair ərizə ilə eyni məzmunda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-902/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Talib qızının xüsusi mülkiyyət hüququ 5753 nömrəsi ilə, X2 xüsusi mülkiyyət hüququ isə 17359 nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan əmlak eyni reyestr kitabında, eyni kitab səhifəsində, lakin fərqli qeydiyyat nömrəsi altında qeydiyyata alınırlar. Belə ki, əmlak paylı mülkiyyətdə olsa belə hər bir hüquq sahibinə münasibətdə əmlaka fərqli qeydiyyat nömrəsi verilir, daşınmaz əmlakın ayrıca əmlak olmasını təsdiq edən nömrə isə reyestr nömrəsidir. Həmçinin, məhkəmə qərarının əsaslandırıcı hissəsində də eyni - 230 saylı reyestr kitabında, eyni - 33824 səhifədə qeydiyyata alındığı da öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1-ci maddəsində göstərilmişdir: “1.1.Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.” Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Cavabdehin izah barədə ərizəsinin əsasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi-1, Çapayev küçəsində 8A saylı evin, 3 saylı mənzilin iddiaçı və üçüncü şəxsin paylı mülkiyyətdə olması barədə dəlili çıxış edir. Halbuki, həmin dəlil cavabdehin imtinasının, eləcə də iddiaya etirazının əsasını təşkil edən mübahisəli daşınmaz əmlakın paylı mülkiyyətdə olması səbəbi ilə iddiaçıya ayrıca yeni ünvan verilə bilməməsi dəlili ilə eyni olmuşdur. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin qeyd etdiyi bu dəlil işə mahiyyəti üzrə baxılarkən məhkəmə icraatında yoxlanılmış və nəticədə iddia tələbi təmin edilmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qərarın əsaslandırıcı hissəsində qeyd etmişdir ki: “Cavabdeh iddiaçı ilə üçüncü şəxsin paylı mülkiyyətçi olduqlarını qeyd etsə də, təqdim edilmiş hər iki tərəfə aid Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Çapayev küçəsindəki 8A nömrəli yaşayış evinin 3 nömrəli mənzilə xüsusi mülkiyyət hüququnun eyni-230 saylı reyestr kitabında 33824 səhifədə lakin fərqli nömrə altında qeydiyyata alındığı müəyyən olunur. Belə ki, İddiaçı xüsusi mülkiyyət hüququ 5753 nömrəsi ilə, X2 xüsusi mülkiyyət hüququ isə 17359 nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, təqdim edilmiş qeydiyyat vəsiqələrinin heç birində digər mülkiyyətçinin adı və ya payı göstərilməmişdir. Belə olan halda nə qədər ki, vahid dam aktında olsa da əmlakın özü mülkiyyətçilərin adına müxtəlif qeydiyyat nömrələri ilə qeydiyyata alınmışdır, bu halda hesab olunur ki, sözügedən ev paylı mülkiyyət kimi qeydiyyata alınmamışdır, qeydiyyatı aparan qurum şəxsi mülkiyyət hüququ ilə qeydiyyata alındığı zaman həmin əmlaklara onların fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi də verməli və həmin ünvan üzrə qeydiyyat aparmalı idi.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsində göstərilmişdir: “İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır... 230. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir.” “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 1-ci bəndində göstərilmişdir: “Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.” Həmin Qərarın 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh orqan inzibati mübahisənin əsasını təşkil edən və məhkəmə qərarı ilə qiymət verilmiş dəlili məhkəmə qərarından apelyasiya şikayəti verməklə yuxarı instansiya məhkəməsində mübahisələndirməmiş, məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan və icraya yönəldikdən sonra hazırkı halda məhkəmə qərarına izah verilməsi kimi prosessual vasitədən istifadə edərək iddianın əsasını təşkil edən dəlili izah qaydasında yenidən məhkəmə icraatında mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qərara izah verilməsinə dair ərizə ilə eyni məzmunda tərtib olunmuşdur. Həmin ərizə və apellyasiya şikayətində göstərilən dəlillər də, birinci instansiya məhkəməsi tərəfindən göstərilənlərə və hazırki qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd olunanlara əsasən əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərara izah verilməsinə dair ərizənin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və İPM-in 52 və 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-902/2023 saylı, 07 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3563/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3563/2023
10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver