Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3566/2025 11.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), İkram Sabir oğlu Şirinovdan və X2 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçının vəkili Vəkil Nail oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7781/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Azərbaycan Respubikası Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş 07 noyabr 2024-cü il tarixli, 753 nömrəli məktubda İddiaçı xx.xx.2008-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi olması barədə məlumat verilmişdir.
2. “Bağ-tikinti kooperativinin yaradılması və vətəndaşlara bağ sahəsinin ayrılması”na dair Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/44 nömrəli qərarının arxiv çıxarışından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli, xx.xx.1988ci il tarixli və Bakı şəhər Sovetinin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli qərarlarına uyğun olaraq 164 nömrəli bağ-tikinti kooperativi üzvlərinin siyahısı təsdiq edilmiş və onlara bağ sahəsi ayrılmışdır. Həmin siyahıdan görünür ki, ünvan 1 ünvanında yaşayan əmək veteranı X7 164 nömrəli bağlar-tikinti kooperativi üzvlərinin siyahısında 12-cü sırada göstərilmişdir (Əsas: Fond-16, siyahı 1, iş4014, vər-126, 136, 171, 172).
3. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar təsərrüfatı İdarəsinin Xaşa-Xuna bağlar sahəsindəki 104 nömrəli kooperativ tərəfindən verilmiş 114 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993- cü il tarixli, 1609 nömrəli qərarına əsasən X4 Xaşa-Xuna bağlar sahəsində 104 №li BTK-nın nəzdində 0,12 hektar torpaq sahəsi olan 289/6 nömrəli bağ sahəsi ayrılmışdır.
4. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatinin inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 164 nömrəli kooperativ tərəfindən 1990-cı ilin noyabr ayında verilmiş 12 nömrəli orderin notarial təsdiq edilmiş surətindən görünür ki, X5 Bakı şəhər İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli, 1/44 №li qərarına əsasən Ləhiş bağlar sahəsində 164 №li BTK-nın nəzdində 0,12 hektar torpaq sahəsi olan 447b nömrəli bağ sahəsi ayrılmışdır.
5. Cavabdeh qeydiyyat orqanı tərəfindən məhkəməyə təqdim edilmiş Ləhiş bağlar sahəsindəki 164 nömrəli BTK-nın arxiv qovluğundakı sənədlərdən görünür ki, həmin BTK üzvlərinin siyahısında X3 adı göstərilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat.
6. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən sahəsi, 0,12 ha olan, 447b nömrəli bağ sahəsinin mərhum X5 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı bildirir ki, qeyd olunan bağ sahəsi Azərbaycan SSR Bakı şəhər İcrayyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/44 nömrəli qərarı və Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin 18 nömrəli orderinə əsasən iddiaçının mərhum anası X1 verilmiş, elə həmin vaxtdan da bağ sahəsi istifadələrindədir. X7 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir və iddiaçı onun vərəsəsidir. Həmin torpaq sahəsinə hüquqların qeydiyyata almaqla, bu barədə müvafiq çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu müraciətin təmin edilməsindən əsassız olaraq imtina etmişdir.
8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş “18” nömrəli orderin arxiv nüsxəsi idarənin arxiv qovluğunda aşkar edilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı iddiaçı tərəfindən şərti olaraq göstərilən bağ sahəsinin ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa, ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından və şərti olaraq göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq, eyni sənədlər əsasında əvvəlki müraciət zamanı fərqli sahə göstərilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7781/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhər İcraiyyə Komitəsininin xx.xx.1990-cı il tarixli, 1/44 saylı qərarına əsasən 164 №li BTK tərəfindən verilmiş 12 nömrəli orderə uyğun olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən, sahəsi 1200 kv.metr olan 447 b saylı torpaq sahəsi üzərində hüquqların mərhum X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul etmişdir.
10. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi oğlu apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
Apellyasiya şikayəti iddiaya dair verilmiş etiraza uyğun əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anasının adına ayrılmış bağ sahəsinin ümumi hasar daxilində yerləşməsi, əvvəlki müraciətində fərqli sahəni göstərməsi qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina əsası kimi nəzərdə tutulmadığından, eləcə də iddia olunan bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmaması iddiaçının məsuliyyətinə aid məsələ olmadığından arzulanan məqsədə nail olmaq üçün maneə hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, qeyd olunan bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə ilə uyğunsuzluğu varsa belə, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətlərindədir.
c) Proses iştirakçılarının izahatları
12. İddiaçının vəkili iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir.
13. Cavabdeh təşkilata məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmədə iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
15. Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda
16. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.
17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)
22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
23. Belə ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən sahəsi, 0,12 ha olan, 447b nömrəli bağ sahəsinin mərhum X5 məxsus olması haqqında arayışın verilməsini tələb edir.
24. Cavabdeh orqan isə bildirir ki, bağ sahəsinin X5 ayrılmasına dair orderin nüsxəsinin cavabdeh qurumun arxivində aşkar edilməmişdir.
25. İşin apellyasiya baxışı zamanı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, 164 saylı BTK-nın 24 nəfərdən ibarət olan üzvlərinin siyahısında qeyd edilən şəxslərin adlarına Sabunçu rayonu, Ləhiş bağ massivində bağ sahəsinin qeydiyyata alınmasına dair məlumat mövcud deyil.
26. İş materiallarından görünür ki, Azərbaycan SSR Bakı şəhər İcrayyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/44 nömrəli qərarı və Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin 18 nömrəli orderinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən sahəsi, 0,12 ha olan, 447b nömrəli bağ sahəsi mərhum X5 ayrılmış və həmin vaxtdan da bağ sahəsi onun istifadəsindədir.
27. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir.
28. Kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi Bakı şəhər İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli 1/44 nömrəli qərarı əsasında səlahiyyətli orqan tərəfindən mərhum X5 bağ sahəsinin ayrılmasına dair 1990-ci ilin noyabr ayında verilmiş 12 nömrəli order yuxarıda göstərilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Orderin verilməsi üçün əsas olan Bakı şəhər X8 İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli, 1/44 nömrəli qərarının arxiv əsası mövcuddur, iddiaçının adı 164 nömrəli BTKnın üzvləri siyahısında aşkar edilir.
29. Apellyasiya şikayətinin dəlllərinə münasibətdə kollegiya qeyd edir ki, iddia olunan bağ sahəsinin X5 ayrılmasına dair orderin nüsxəsinin cavabdeh qurumun arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət dairəsinə aid olmadığından onun üçün məhdudlaşdırıcı nəticələr doğura bilməz. Belə ki, orderin əsli, eləcə də yuxarıda vurğulandığı kimi, həmin orderin verilməsi üçün əsas olmuş qərar mövcuddur və iddiaçının 164 nömrəli BTK üzvü olması cavabdeh inzibati orqanda saxlanılan siyahısı ilə də təsdiqlənir.
30. Odur ki, iddiaçının mərhum anasının adına ayrılmış bağ sahəsinin ümumi hasar daxilində yerləşməsi, əvvəlki müraciətində fərqli sahəni göstərməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina əsası kimi nəzərdə tutula bilməz.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
32. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7781/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7781/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.