Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3567/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1359/2023 saylı, 24 iyun 2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********6672300 nömrəli kameral vergi yoxlaması haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi xx.xx.2021-ci il tarixdə elektron qaydada vergi orqanına təqdim olunmuşdur. Hesabatın təqdim edildiyi xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində dəfələrlə vergi orqanı tərəfindən müəssisəyə uyğunsuzluq məktubları göndərilmişdir. Hər bir uyğunsuzluq məktubuna aidiyyəti üzrə cavab verilmiş və təsdiqedici sənədlər göndərilmişdir. Həmçinin, 2021-ci ilin iyul ayında 2020-ci ilin mənfəət hesabatı ilə bağlı müəssisənin nümayəndələri Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə dəvət olunmuşdur. Görüş zamanı “Almeyvə" MMC-nin (VÖEN: **********) bütün fəaliyyəti və mənfəət vergisi ilə bağlı bütün müddəalar əyani şəkildə izah edilmiş, vergi orqanı tərəfindən də qəbul edilmişdir. Bu səbəbdəndir ki, 2022-ci ilin fevral ayına qədər də heç bir hesablama aparılmamışdır. Vergi orqanı tərəfindən müəssisəyə sonuncu dəfə xx.xx.2021-ci il tarixli, **********428100 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müəssisə tərəfindən də xx.xx.2021-ci il tarixdə təkrar ətraflı izahat və təsdiqedici sənədlər qoşma edilərək **********324600 nömrəli cavab məktubu göndərilmişdir. Lakin vergi orqanı tərəfindən Vergi Məcəlləsinin bütün müddəalarına uyğun olaraq hazırlanmış 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsi və izahat məktubları qəbul edilməyərək, hesabat təqdim olunandan bir il sonra xx.xx.2022-ci il tarixli **********672300 nömrəli kameral vergi yoxlaması haqqında qərara əsasən 1.334.964,99 manat əsas vergi və 450.088,92 manat faiz olmaqla ümumilikdə 1.785.053,91 manat əlavə vergi məbləğləri hesablanmışdır. Müəssisə tərəfindən qeyd olunan qərardan xx.xx.2022-ci ıl tarixli **********151500 nömrəli müraciət hazırlanaraq yuxarı vergi orqanına təqdim edilmişdir. Lakin yuxarı vergi orqanı da yaranmış problemə obyektiv yanaşmamışdır. Belə ki, bütün sənədlər və “İnzibati icraat haqqında” Qanununa əsasən əyani verilən izahatlar nəzərə alınmamışdır. Həmçinin, xx.xx.2022-ci il tarixli müraciəti təmin etməmək üçün xx.xx.2022-ci il tarixli **********949500 nömrəli “Müddət axımının dayandırılması haqqında" məktub göndərərək müraciətə baxılma prosesi dayandırılmışdır. Aşağıdakı əsaslara görə vergi orqanı tərəfindən aparılmış əlavə hesablama əsassız və qanunsuz hesab edilməlidir. Belə ki, müəssisə tərəfindən təqdim olunmuş 2020-ci il üçün mənfəət vergisi bəyannaməsində kassa uçot metodu seçilmişdir. Vergi Məcəlləsinin 131-133-cü maddələrində nəzərdə tutulan kassa uçot metodu müddəalarına əsasən müəssisənin bank hesabı və ya kassasına vəsait daxil olan zaman gəlir, bank hesabı və ya kassasından vəsait çıxan zaman xərc olaraq nəzərə alınmaqdadır. Müəssisənin 2020-ci il ərzində 67.156.589,34 manat ixracının olmasına baxmayaraq, 28.933.857,07 manat vəsait daxil olunmuş və həmin daxil olunmuş vəsaitlərdə mal alışı məqsədi ilə istifadə olunmuşdur. Göründüyü kimi müəssisə 2020-ci ili faktiki olaraq 38.222.732,27 manat debitor borclıı (alacaqla) başa vurmuşdur Lakin vergi orqanı kassa metoduna baxmayaraq, ümumi dövriyyəni 67.156.589,34 manat olaraq nəzərə almış və kameral vergi yoxlamasını bu dövriyyə üzərindən aparmışdır. Müəssisənin ixrac fəaliyyəti zamanı orta hesabla ümumi dövriyyədən mənfəəti 0.5%-1% aralığında olmağına baxmayaraq, vergi orqanı heç bir əsas olmadan 10% rentabellik tətbiq etmişdir. Müəssisənin 2020-ci il ərzində 67.156.589,34 manat ixracından 28.933.857,07 manat vəsait daxil olmasına və 38.222.732,27 manat debitor borcun qalmasına baxmayaraq, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması zamanı ümumi dövriyyənin 67.156.589,34 manat olaraq nəzərə alınmasına baxmayaraq, 2020-ci ilin sonuna yenə də 38.222.732,27 manat debitor borc saxlanılmışdır ki, bu da növbəti illər üçün 7.6 (38.222.732,27 x 20%) milyon manat süni vergi borcunun yaranmasına səbəb olacaqdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********698500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən, cəmiyyətin xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2020-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “meyvə və tərəvəzin topdan satışı”ndan ibarət olduğu, 2021-ci və 2022-ci illər ərzində vergi orqanında qeydiyyatda olan Masallı rayonu üzrə 1 sayda, Şəmkir rayonu üzrə 5 sayda, Quba rayonu üzrə 1 sayda təsərrüfat subyektlərinin (obyektlərinin) olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış təhlillər zamanı Cəmiyyət tərəfindən 2020-ci il ərzində vergi orqanında uçotda olan fiziki şəxslərdən (X7 (VÖEN: **********), X5 (VÖEN: **********), X4 (VÖEN: **********), X8 (VÖEN: **********), X3 (VÖEN: **********), X1 (VÖEN: **********)) 5 377 029,11 manat dəyərində malların (meyvə və tərəvəz) rəsmiləşdirilməsi zamanı elektron qaimə-faktura tərtib edilməli olduğu halda elektron alış aktlarının tərtib edilməsi və 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə 25 455 438,06 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin olması vergidən yayınma kimi qiymətləndirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsində qeyd edildiyi kimi vergi orqanında uçotda olan şəxslər tərəfindən mallar təqdim edərkən malları alan şəxsə elektron qaimə-faktura təqdim edilməlidir. Qeyd edilənlərə əsasən, vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********640400 nömrəli və xx.xx.2022-ci il tarixli **********758900 nömrəli məktublar göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktublarına əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2020-ci il üçün mənfəət vergisi üzrə 1 334 964,99 manat vergi məbləği hesablanaraq, xx.xx.2022-ci il tarixli **********672300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********121000 Qərarına əsasən uçot baza məlumatlarına təqdim edilmiş müvafiq təsdiqedici sənədlərə və dəqiqləşdirilmiş bəyannamə göstəricilərinə əsasən, 2020-ci il ərzində ixrac edilmiş malların (alma, nar, heyva, nektarin və s.) tam dəyərinin 67 156 589,42 manat olduğunu, 2020-ci il ərzində elektron alış aktlarına əsasən, ümumilikdə, 8 281 851,92 manat məbləğində alınmış malların 5 578 627,86 manat hissəsinin sonradan ləğv edildiyini, əldə edilmiş meyvə və tərəvəzlərə dair tərtib edilmiş elektron alış aktları ilə bağlı fiziki şəxslər tərəfindən təqdim edilmiş izahatlara əsasən, Cəmiyyətin rəhbəri X12 tanımadıqlarını, Cəmiyyətə heç bir mal satmadıqlarını, Cəmiyyətin səlahiyyətli nümayəndəsi tərəfindən inzibari araşdırmaya təqdim edilmiş izahatda 2020-ci il ərzində uçotun düzgün aparılmadığını, Cəmiyyətin 2020-ci il ərzində 67 156 589,42 manat məbləğində ixrac əməliyyatının həyata keçirildiyini, bank hesablarına ixrac əməliyyatları ilə bağlı 28 933 857,07 manat məbləğində vəsaitin daxil olduğunu, 2020-ci il üçün kassa metodu tətbiq edilməklə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 (bir) №-li əlavəsinin 1.4-cü sətrində (Debitor borcları) dövrün sonuna 38 222 732,27 manat məbləğinin qeyd edildiyini, bəyannamə üzrə 25 980 443,96 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edildiyini nəzərə alaraq, mövcud vəziyyətdə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 saylı “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalan”na uyğun olaraq hesablanması (eyni zamanda gəlir və xərc məbləğlərinin düzgün olub-olmadığının, habelə malların təqdim edilməsi zamanı tətbiq edilmiş ticarət əlavəsinin müəyyən edilməsi məqsədilə ekspert rəyinin alınmalı olduğunu və vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yerində yoxlanılması məqsədi ilə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilməsi) məqsədəmüvafiq hesab edilmiş və Qərarın icrasına əsasən, "xxxx" MMC-yə 2020-ci il üçün mənfəət vergisi üzrə hesablanmış vergi məbləği 378.669,86 manat azaldılmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********698500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1359/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********698500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1359/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya etirazla oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən qanunun tələb etdiyi şəkildə araşdırmanın aparılmaması nəticədə ədalətli olmayan məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 67.17-ci maddəsi prosedur xarakterli norma olmaqla yanaşı həmin normanın tətbiqi müstəsna olaraq vergi orqanlarının səlahiyyətindədir. Məlum olduğu kimi prosedur xarakterli məsələlərə münasibətdə məhz tətbiq edildiyi zaman qüvvədə olan hüquq norması tətbiq olunur. Başqa sözlə, hazırkı iş üzrə mübahisə predmetini təşkil edən kameral vergi yoxlamasının həyata keçirildiyi dövrdə Vergi Məcəlləsinin 67.17-ci maddəsi mövcud olduğu üçün həmin maddənin tətbiqi tam qanunauyğun olmuşdur. Bununla yanaşı, məhkəmə qərarında göstərilmişdir ki, yuxarı inzibati orqan xx.xx.2022-ci il tarixli qərarı ilə 2020-ci ilin mənfəət vergisi üzrə xx.xx.2022-ci il tarixli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 saylı “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq hesablanması üçün qismən ləğv etmiş, həmin qərardan sonra cavabdeh orqan iddiaçı barəsində xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Halbuki, inzibati şikayətin qismən təmin edilməsi inzibati orqana vergi hesablanmasını nəzərdə tutan xx.xx.2022-ci il tarixli qərarla hesablanmış vergi məbləğini şəxsi hesab vərəqəsində azaltmağa əsas verdiyi halda vergi orqanı iddiaçıya vergi hesablanması barədə yeni kameral qərar qəbul etmişdir. Məhkəmənin bu dəlilinə münasibətdə bildirilir ki, iş materiallarına əlavə edilmiş, “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********121000 nömrəli qərarın nəticə hissəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********672300 nömrəli qərarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 saylı “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq qismən ləğv edilməsi ilə bağlı tələb mövcuddur. Eləcə də, nəzərə alınmalıdır ki, vergi ödəyicisi tərəfindən “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan öncə, yəni, xx.xx.2022-ci il tarixdə vergi orqanına 2020-ci ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Vergi orqanı tərəfindən İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli **********403800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında məktub” göndərilmiş, bundan sonra həmin bəyannaməyə münasibətdə Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri, eləcə də, “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda göstərilənlər nəzərə alınmaqla, kameral vergi yoxlaması keçirilərək, xx.xx.2022-ci il tarixli **********698500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuşdur. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq, eləcə də, vergi ödəyicisinin bəyannaməsinə münasibətdə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar tamamilə qanuni və əsaslıdır. Vergi ödəyicisi həm vergi orqanına, həm də işin araşdırılması zamanı məhkəməyə xərclərini təsdiq edəcək hər hansı sənəd təqdim edə bilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Milli Gəlirlər Baş İdarəsi Hüquqi Şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqi şəxsin qeydiyyat məlumatlarından görünür ki, İddiaçı MMC xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış, VÖEN **********, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov, 107-dir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2020-ci ilin mənfəət vergisi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********672300 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi məbləği 4326,60 manat, vergi orqanı tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 1.339.291,59 manat, əlavə hesablanmış vergi məbləği 1.334.964,99 manat. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********121000 nömrəli qərarına əsasən inzibati şikayətin qismən təmin edilməsi, Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********672300 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarilxi 55 saylı “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq qismən ləğv edilməsi, bu qərarın 2-ci bəndinin icrası ilə bağlı İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsini təmin etməsi, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə kameral vergi yoxlaması ilə münasibət bildirməsi, İddiaçı fəaliyyəti üzrə səyyar vergi yoxlamasının keçirilməsini təmin edilməsinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə tapşırılması qərara alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 iyun 2022-ci il tarixli, **********698500 nömrəli qərarı ilə 2020-ci ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi məbləği 4326,60 manat, vergi orqanı tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 960.621,73 manat, əlavə hesablanmış vergi məbləği 956.295,13 manat. Apellyasiya şikayətinin işin mahiyyəti ilə bağlı dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edildiyi xx.xx.2022-ci il tarixdə və həmin bəyannaməyə münasibətdə kameral vergi yoxlamasının aparıldığı xx.xx.2022-ci il tarixdə Vergi Məcəlləsinin 67.17-ci maddəsi qüvvədə idi və tətbiq edilirdi. Belə ki, sözügedən maddə 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmişdir. Vergi Məcəlləsinin 67.17-ci maddəsi prosedur xarakterli norma olmaqla yanaşı həmin normanın tətbiqi müstəsna olaraq vergi orqanlarının səlahiyyətindədir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mahiyyəti ilə bağlı qeyd edilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır, əsas fəaliyyət növü “meyvə və tərəvəzin topdan satışı”ndan ibarətdir. Vergi orqanının mövqeyinə görə iddiaçı 2020-ci il ərzində 67 156 589,42 manat məbləğində ixrac əməliyyatı həyata keçirmiş, 2020-ci il ərzində 5 377 029,11 manat dəyərində meyvə və tərəvəzlərin rəsmiləşdirilməsi zamanı vergi orqanında uçotda olan fiziki şəxslərdən elektron qaimə-faktura tərtib edilməli olduğu halda elektron alış aktlarını tərtib etmiş, 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə 25 455 438,06 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin olması vergidən yayınma kimi qiymətləndirilərək iddiaçıya 2020-ci il üzrə əlavə mənfəət vergisi hesablanmışdır. Daha sonra, inzibati icraat zamanı iddiaçı 2020-ci il ərzində elektron alış aktlarına əsasən ümumilikdə 8 281 851,92 manat məbləğində alınmış malların 5 578 627,86 manat hissəsini ləğv etmişdir. İnzibati şikayətə baxıldığı zaman vergi orqanı iddiaçının bank hesablarının araşdırılması nəticəsində 2020-ci il ərzində 28 933 857,7 manat məbləğində vəsaitin daxil olduğunu, xx.xx.2022-ci il tarixdə 2020-ci il üçün kassa metodu tətbiq edilməklə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 1 (bir) №-li əlavəsinin 1.4-cü sətrində (Debitor borcları) dövrün sonuna 38 222 732,27 manat məbləğinin qeyd edildiyi, 2020-ci il ərzində 67 156 589,42 manat məbləğində ixrac əməliyyatının həyata keçirildiyini, 28 933 857,7 manat məbləğində vəsaitin daxil olduğunu nəzərə alaraq, 2020-ci il üçün mənfəət vergisi bəyannaməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 saylı “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq hesablanması nəticəsinə gəlmişdir. Bundan sonra, cavabdehin 30 iyun 2022-ci il tarixli, **********698500 nömrəli qərarı ilə Cəmiyyətə 2020-ci il mənfəət vergisi üzrə hesablanmış vergi məbləği 378.669,86 manat azaldılmış və nəticədə 956.295,13 manat əlavə mənfəət vergisi hesablamışdır. Beləliklə, iş materiallarından görünür ki, vergi orqanı tərəfindən iddiaçıya əlavə olaraq hesablanmış 2020-ci ilin mənfəət vergisi üzrə hesablama xərc sənədləri olmadan aparılmışdır. Lakin, iş materiallarında olan iddiaçının ixrac fəaliyyəti zamanı müəssisənin orta hesabla ümumi dövriyyədən mənfəətinin 0.5%-1% aralığında olmasına baxmayaraq, vergi orqanı tərəfindən 10% rentabellik tətbiq edilməklə hesablama apardığını göstərmişdir. Birinci instansiya məhkəməsi iddiaçının malların (iş və xidmətlərin) təqdim edilməsindən əldə olunan gəliri, gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2023-cü il tarixli, 9/9491 nömrəli və xx.xx.2023-cü il tarixli, 9/1697 nömrəli məktubları ilə ekspert tədqiqatı üçün zəruri olan xərc sənədlərinin təqdim edilmədiyini əsas gətirərək ekspertizanın aparılmasından imtina etmiş, iş üzrə materialları icrasız geri qaytarmışdır. Beləliklə, işin müəyyən edilən halları iddiaçının gəlir və xərcin uçotunun kassa metodu ilə apardığı, 2020-ci il ərzində ümumilikdə 67 156 589,42 manat məbləğində mal ixrac etdiyi, bank hesabına 2020-ci il ərzində 28 933 857,7 manat məbləğində vəsaitin daxil olduğu, xərc sənədləri olmadığından vergi orqanı tərəfindən 2020-ci ilin mənfəət vergisini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 saylı qərarı tətbiq edilərək mənfəət vergisi hesablamağıdır. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin: -67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. - 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.3-cü maddəsinə görə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. -67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. -67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -83.9-cu maddəsinə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 saylı Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarının 6.1.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında müəyyən edir: M1= (G1 / (100 + R)) x R burada: M1 — vergi ödəyicinin mənfəəti (gəliri); G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. Həmin Qərarın 6.1.3-cü bəndinə müvafiq olaraq vergi ödəyicisinin mənfəəti (gəliri) şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Beləliklə, Vergi Məcəlləsinin 67.14, 83.9-cu maddələrindən göründüyü kimi, vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadığı halda, Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə müəyyən edilmiş Şərti rentabellik norması tətbiq olunur. Vergi Məcəlləsinin 67-ci maddəsi ilə vergitutma obyektinin müəyyən olunması üçün 9 bənd əlaqəli məlumatlardan, eləcə də analoji vergi ödəyicisinin məlumatlarından istifadə olunması mexanizmi müəyyən olunmuşdur. Formalaşmış məhkəmə təcrübəsi ilə mənfəətin birbaşa şərti rentabellik norması əsasında hesablanmasını əks etdirən Vergi Məcəllənin 67.14 və 83.9-cu maddələrini yalnız yuxarıda sadalanan hallar araşdırıldıqdan sonra tətbiq edilməli olduğunu, real mənfəətin müəyyən olunması imkanları tükəndikdən sonra mənfəətin şərti olaraq 20 faiz rentabelliklə hesablanmasını son addım kimi nəzərdə tutmuşdur. 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş 67.17-ci maddəsinə əsasən Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Göründüyü kimi xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklə qanunverici vergi orqanı üçün vergi ödəyicisinin mənfəətinin Məcəllənin 67.2-67.4-cü maddələri tətbiq edilmədən (ardıcıllıq gözlənilmədən) şərti rentabellik norması tətbiq etməklə hesablanmasını mümkün saymışdır. Birinci instansiya məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi hazırkı iş üzrə cavabdehin mübahisələndirilən qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilmiş olması vergi orqanına VM-nin 67.17-ci maddəsinə istinad edərək şərti rentabellik normasının tətbiqinə əsas vermir. Belə ki, mübahisələndirilən vergi 2020-ci ilin mənfəət vergisidir. 2020-ci ilin mənfəət vergisi üzrə iddiaçı tərəfindən ümumilikdə 22 dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Təqdim edilən ilk bəyannamə xx.xx.2021-ci il tarixlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan normalar tətbiq edilməlidir. Başqa sözlə, iddiaçının 2020-ci ilin mənfəət vergisi üzrə hesabat dövrü, vergi hesablanan dövr 01 yanvar 2022-ci il tarixədək olduğundan iddiaçıya VM-nin 67.17ci maddəsi tətbiq edilməklə vergi hesablana bilməz. Hazırkı iş üzrə mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən (məsələn, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlar, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi məlumatından istifadə etməklə) hesablanmalı olduğu halda vergi orqanı tərəfindən əsassız olaraq 67-ci maddənin tələbləri araşdırılmadan birbaşa olaraq 83.9-cu maddəsi tətbiq edilməklə Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixi 55 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi əsas götürülərək müəyyən edilmişdir. Bunun nəticəsində də iddiaçıya 956.295,13 manat əlavə mənfəət vergisi hesablanmışdır. Bundan əlavə birinci instansiya məhkəməsi onu da haqlı olaraq qeyd etmişdir ki, yuxarı inzibati orqan xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya 2020-ci ilin mənfəət vergisi hesablaması barədə xx.xx.2022-ci il tarixli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 saylı “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq hesablanması üçün qismən ləğv etmiş, həmin qərardan sonra cavabdeh orqan iddiaçı barəsində xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Halbuki, inzibati şikayətin qismən təmin edilməsi inzibati orqana vergi hesablanmasını nəzərdə tutan xx.xx.2022-ci il tarixli qərarla hesablanmış vergi məbləğini şəxsi hesab vərəqəsində azaltmağa əsas verdiyi halda vergi orqanı iddiaçıya vergi hesablanması barədə yeni kameral qərar qəbul etmişdir. Mübahisələndirilən qərar həm də prosessual tələblərin pozulması ilə qəbul edlmiş inzibati aktdır. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********698500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1359/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3567/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3567/2023
24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver