Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3568/2025 04.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh AR İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X1 ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X3 və X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4118/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-303486/2024 nömrəli qərara əsasən iddiaçıya 2024cü il iyul ayı (ƏDV) üzrə 42.791,40 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV bəyannaməsində (12.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDW seriyalı 408946 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzn 12394.62 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 12394.62 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (12.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDV seriyalı 510338 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzn 30396.78 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 30396.78 manat kənarlaşma yaranmışdır. Azalılmış vergi məbləği bərpa edilir.
2. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-31079/2025 nömrəli qərarına əsasən iddiaçıya 2023cü il (mənfəət) üzrə 32.867,11 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir), 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir), 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) və 203-cü (Əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 914613.96 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), tərəfinizdən ixrac edilmiş (0.00 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (1078969.50 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 1078969.50 manat məbləğdən 164355.54 manat az əks etdirilmişdir.
3. xx.xx.2023-cü il tarixli, S1000-01/001 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC bu müqaviləyə əlavə olunan qiymət cədvəlindəki qiymətə vergi və rüsumlar daxil 81253,62 (səksən bir min iki yüz əlli üç manat 62 qəpik) İddiaçı MMC-yə mal-material satır.
4. İddiaçı MMC və "xxxx" MMC arasında tərtib edilmiş təhvil təslim aktından görünür ki, ümumilikdə təhvil verilmiş malların dəyəri 81253,62manat təşkil edir.
5. xx.xx.2023-cü il tarixli, S1000-01/007 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC bu müqaviləyə əlavə olunan qiymət cədvəlindəki qiymətə vergi və rüsumlar daxil 199267,78 (yüz doxsan doqquz min iki yüz altmış yeddi manat 78 qəpik) İddiaçı MMCyə mal-material satır.
6. İddiaçı MMC və "xxxx" MMC arasında tərtib edilmiş təhvil təslim aktından görünür ki, ümumilikdə təhvil verilmiş malların dəyəri 199.267,78 manat təşkil edir.
7. EBDV 510338 və EBDW 408946 malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış müqavilə ilə yaranan öhdəliklər əsasında tərtib edilmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-57397/2024 (**********043400) nömrəli Qərarına əsasən Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli 3-21-2- 3/2- 155691/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının 42791,4 manat ƏDV məbləğinin hesablanması hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi 25 sentyabr 2024-cü il tarixli 3-21-2-3/2- 155691/2024 nömrəli “Vergilərin sosial siğorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar əsasında müəssisəyə iyul 2024-cü il üzrə 43550,43 manat əlavə dəyər vergisi hesablanmışdır. Qərarda qeyd olunur ki, EBDW №408946 və EBDW №510338 nömrəli elektron qaimə fakturalar əsasında aparılmış əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermir. Bu əsasla həmin elektron qaimə fakturalar üzrə əvəzləşmə məbləğləri ümumilikdə 42791,4 manat kənarlaşma yaranmışdır. Bildirilir ki, sözügedən qaimələr üzrə malların alındığı "xxxx" MMC (VÖEN **********) cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli **********043400 qərarına əsasən riskli vergi ödəyicisi hesab olunmağıdır. Nəzərə alınmalıdır ki, "xxxx" MMC ilə əməliyyatlar xx.xx.2023- cü və xx.xx.2023-cü il tarixlərdə aparılmış və həmin vaxt sözügedən "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. İlk növbədə bildidirilir ki, cavabdeh təşkilat Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddəyə əsasən Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Mübahisələndirilən qərarın qəbul olunmasının səbəbi məhz vergi tutulan əməliyyat aparılmış şəxsin riskli vergi ödəyicisi hesab edilməsi olmuş və maddənin tələbinə uyğun olaraq əvəzləşdirmə ləğv edilmişdir. Göründüyü kimi, "xxxx" MMC əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyicisi olmamış, buna görə də onun riskli vergi ödəyicisi olması barəsində DVXnın İnternet Vergi İdarəsi portalında əks edilmımişdir. Bu səbəbdən bizim hər hansı şəkildə gələcəkdə, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə Qərar qəbul ediləcəyindən xəbərlərinin olması mümkünsüz idi. Odur ki, "xxxx" MMC barəsində müəssisə ilə əmliyyatlar apardıqdan 8 ay sonra riskli vergi ödəyicisi hesab edilməsi barədə Qərar qəbul edilməsi müəssisənin onunla apardığı əməliyyatlara görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, hətta əməliyyatlar "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunduqdan sonra da aparılsa bu belə ədv-nin əvəzləşməsinin ləğvi üçün əsas deyildir. Belə ki, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə vergi orqanı belə bir sübut təqdim edə bilməz çünki əməliyyatlar real əməliyyatlardır. Həmçinin, nəzərə alınmalıdır ki, 25 sentyabr 2024-cü il tarixli 3-21-2-3/2-155691/2024 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar qəbul edilməsi nəticələnən inzibati icraat düzgün aparılmamış və inzibati orqan tərəfindən inzibati icraatın aparılması üçün qanunvericiliklə müəyyən olunmuş prossessual qaydaya əməl edilməmişdir. Belə ki, iddiaçı tərəfindən 2024-cü ilin iyun ayı üzrə ƏDV bəyannaməsi təqdim edilmiş, lakin inzibati orqan həmin bəyannamə üzrə hansı çatışmazlıqların olmasını müəyyən etmədən, bununla bağlı iddiaçıdan əlavə sənəd, məlumat, izahat və s. tələb etmədən bəyannamə üzrə araşdırmanı iddiaçının iştirakı olmadan aparmış və nəticədə bəyannaməni qəbul etməyərək 25 sentyabr 2024-cü il tarixli 3-21-2-3/2- 155691/2024 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar əsasında iddiaçıya 43550,43 manat məbləğində ƏDV hesablamışdır. Mübahisələndirilən qərarda vergi ödəyicisinə 29 avqust 2024-cü il tarixli **********225300 nömrəli uyğunsuzluq məktubu göndərilməsi qeyd olunsa da, vergi ödəyicisinin e-taxes.gov.az elektron portalında mövcud olan kabinetində belə bir məktuba rast gəlinməmişdir.
11. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş xx.xx.2024-cü il tarixli **********225300 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən EBDW №408946 və EBDW №510338 nömrəli elektron qaimə fakturalar əsasında aparılmış əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfakturalar üzrə 42791,4 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 42791,4 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 98626/2024 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024-cü ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 42791,4 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 303486/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qeyd edilməlidir ki, EBDW № 408946 və EBDW №510338 nömrəli elektron qaimə fakturalar əsasında "xxxx" MMC (VÖEN: **********) ilə əməliyyatlar aparılmışdır. Belə ki, "xxxx" MMC-nin təsərrüfat subyekti qeyri müəyyən ünvan üzrə qeydiyyata alınmışdır. Vergi ödəyicisinin şəxsi məlumatlarında qeyd olunan mobil nömrə ilə əlaqə saxlamaq mümkün olmamışdır. Həmçinin icarədar ilə bazada qeyd olunan mobil nömrə vasitəsilə əlaqə saxlamaq mümkün olmamışdır.Bu səbəbdən obyekti müəyyən etmək və müşahidə baxış keçirilməsi mümkün olmamışdır. Bununla bağlı olaraq vergi ödəyicisinə **********979800 nömrəli bildiriş göndərilmiş, lakin bildirişdə qeyd olunan müddət ərzində vergi ödəyicisinin rəhbəri və yaxud səkahiyyətli nümayəndəsi araşdırmada iştirak etməmişdir. Qeyd olunanları nəzərə alaraq ödəyicinin riskli vergi ödəyiciləri siyahına daxil edilməsi prosesi davam etdirilmiş və Qərar çıxarılmışdır.
12. Sonradan İddiaçı MMC-nin sonuncu iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən iddia tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-303486/2024 saylı qərarının tam, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-31079/2025 saylı qərarının isə 47546 manat mənfəət vergisi hesablanması (2023-cü il ərzində əldə edilmiş EBDW № 408946 və EBDW № 510338 nömrəli EQF-lar üzrə 237730 manat vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmaması səbəbindən aparılmış hesablama) hissəsində ləğv edilməsi” formasında icraata qəbul edilmişdir.
13. Cavabdeh vergi orqanı dəqiqləşdirilmiş iddia tələbinə dair məhkəməyə təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-ci il ərzində əldə edilmiş EBDW №408946 və EBDW № 510338 nömrəli elektron qaimə fakturalar üzrə 237730 manat vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Eyni zamanda bildirilir ki, vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir), 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir), 202-ci (Аmortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) və 203-cü (Əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 914613.96 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), tərəfinizdən ixrac edilmiş (0.00 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (1078969.50 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 1078969.50 manat məbləğdən 164355.54 manat az əks etdirilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-255768/2024 və xx.xx.2024-cü il 3-21-2-3/2-264477/2024 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə 80413,11 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 320617/2024 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-31079/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4118/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.
15. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi əlavə araşdırma aparmamış, maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
18. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdiyini, apellyasiya şikayətinin rədd edilməsini, cavabdehin nümayəndəsi apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
20. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. xx.xx.2024-cü ildən sonra verilən yeni redaksiya 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur:
2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. xx.xx.2024-cü ildən əvvəl verilən redaksiya 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)
26. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-22-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
27. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-303486/2024 saylı qərarının tam, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-31079/2025 saylı qərarının isə 47546 manat mənfəət vergisi hesablanması hissəsində ləğv edilməsini xahiş edir.
28. Cavabdeh orqan isə vergi ödəyicisi ilə riskli vergi ödəyicisi hesab edilmiş "xxxx" MMC ilə aparılmış həmin əməliyyatları riskli əməliyyat hesab edərək, bununla bağlı qaimələri xərc sənədi kimi nəzərə almır.
29. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşmır.
30. Belə ki, işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu göndərilmişdir.
31. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən "xxxx" MMC 14 avqust 2024cü il tarixli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmişdir.
32. Belə ki, iş materiallarından göründüyü kimi "xxxx" MMC cavabdeh orqanın xx.xx.2024cü il tarixli, 3-21-2-3/2-57397/2024 (**********043400) nömrəli qərarı əsasında riskli vergi ödəyicisi hesab olunmuşdur. Lakin iddiaçının həmin vergi ödəyicisi ilə hüquq münasibətləri daha əvvələ (xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərə) yaranmışdır. Göründüyü kimi iddiaçı "xxxx" MMC ilə əməliyyat apararkən həmin müəssisə riskli vergi ödəyicisi olmamışdır.
33. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh 2024-cü ilin iyul ayı üzrə (ƏDV) əsassız olaraq iddiaçıya 42.791,40 manat vergi hesablamışdır. Odur ki, həmin hesablamaya əsas verən qərar tam şəkildə ləğv olunmalıdır.
34. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın xx.xx.2024-cü ildən əvvəl verilən redaksiyanda əmtəəsiz və riskli əməliyyatların aparılması ödəyicinin riskli vergi ödəyicisi hesab edilməsinə və adının müvafiq siyahıya salınmasına o halda səbəb olur ki, həmin Meyarların 3-cü hissəsində olan hallar aşkar edilmiş olsun. Belə ki, Meyarların 3-cü hissəsində göstərilmiş riskli əməliyyat deyilərkən: 1) alınan və ya idxal edilən mal çeşidlərindən fərqli mal çeşidlərinin aşkar edilməsi; 2) alınan və ya idxal edilən malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halının aşkar edilməsi qeyd edilmişdir.
35. Göründüyü kimi hazır ki, iddia tələbi üzrə iddiaçının riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması onun riskli olmasına dəlalət edə bilməz. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, vergi orqanının iddiaçı tərəfindən əmtəəsiz əməliyyatların aparılması ilə bağlı araşdımanın aparmadığı müəyyən edilmişdir. Belə ki, vergi orqanı iddiaçının riskli vergi ödəyiciləri ilə əməliyyatın həyata keçirilməsinə istinad edərək onun əmtəəsiz əməliyyat aparması ehtimalının olması kimi yanaşması Meyarların tələblərinə ziddir.
36. Odur ki, qeyd edilən vergi ödəyicisinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olması və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunması iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçının yuxarıda qeyd olunan hüquqi şəxslər ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozulmasına səbəb olur.
37. Belə ki, Vergi qanunvericiliyinə əsasən, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.
38. Odur ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir.
39. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi xx.xx.2025-ci il tarixli qərara münasibətdə qeyd edir ki, həmin qərar 2023-cü il (mənfəət) üzrə 32.867,11 manat verginin hesablanması ilə bağlıdır.
40. İş materiallarından görünür ki, cavabdeh iddiaçının 2023-cü il üzrə mənfəət vergisinə münasibətdə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-320617/2024 nömrəli qərarla 47.546 manat əlavə vergi hesablamış və bu qərarın qəbulu zamanı iddiaçı tərəfindən təqdim olunan bəyannamə üzrə hesablanmış verginin 39.889,59 manat olduğu halda, kameral yoxlama nəticəsində müəyyən edilmiş verginin 87.435,59 olduğunu əsas götürmüşdür. Daha sonra, cavabdeh xx.xx.2024-cü il tarixli qərarını ləğv etmiş və yeni qərar qəbul edərək həmin dövr üzrə 32.867,11 manat əlavə vergi hesablamışdır. Cavabdeh əvvəlki qərarın ləğv edildiyini bildirsə də, yeni qərarın məzmunundan görünür ki, əvvəlki kameral yoxlaması zamanı müəyyən edilmiş 87.435,59 manatlıq məbləğ yenidən əsas kimi götürülərək iddiaçının təqdim etdiyi bəyannamədə göstərilən rəqəm kimi təqdim edilmişdir.
41. Odur ki, iddiçının tələbi daxilində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarı mənfəət vergisi üzrə - 2023-cü il ərzində əldə edilmiş EBDW № 408946 və EBDW № 510338 nömrəli EQF-lar üzrə 237730 manat vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmaması səbəbindən aparılmış hesablama hissəsində ləğv edilməsi hissədinə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
42. Məhkəmə kollegiyası yuxarda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
43. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
44. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4118/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4118/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.