Məhkəmə qərarları › İş №2-1(103)-3569/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3569/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3569/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1769/2023 saylı, 10 may 2023-cü il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1976 – 2000-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun 25 il iş stajı var. İş stajı nəzərə alınaraq yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı qanunvericilikdə təsbit olunmuş hüquqlarının həyata keçirilməsi məqsədilə cavabdeh orqana rəsmi şəkildə müraciət etmiş və yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh orqan məsələnin həllindən imtina etmişdir. Cavabdehin 14 iyun 2022-ci il tarixli cavab məktubunda qeyd olunur ki, təqdim edilmiş əmək kitabçası və hərbi biletin surətlərinə əsasən sığorta stajı (12 may 1974-cü il tarixdən 2 iyun 1976-cı il tarixədək hərbi xidmətdə dövrü) 2 il 20 gün təşkil edir. 1 yanvar 2006-ci il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasının surətində qeyd edilmiş 28 iyun 1978-ci il tarixdən 28 dekabr 2000-ci il tarixədək olan dövrün araşdırılması zamanı məlum olmuşdur ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 9 iyun 2022-ci il tarixdə keçirdiyi monitorinqin nətəcəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş “Azərsutikinti” Dövlət Konserninin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsinin 28 iyun 1976-cı il tarixdən 28 dekabr 2000-ci il tarixədək olan faktiki və arxiv sənədlərinin saxlandılğı ünvan məlum deyil. Odur ki, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiq olunmadığından, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona (ərizəçi – İddiaçı) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin bu mövqeyi qanunsuz, imtinası isə əsassız hesab olunur. Belə ki, “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü bəndində sosial sığorta stajının hesablanması proseduru qeyd olunmuşdur. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasındakı məlumatlara əsasən müəyyən edilir. İddiaçının da qanunamüvafiq formada öz əmək kitabçası və hərbi bileti cavabdeh orqana təqdim edilmişdir. O, 23 il ərzində “Azərsutikinti” Dövlət Konserninin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsində işləmişdir və buna dair əmək kitabçasında müvafiq qeyd var. Əgər həmin İdarənin sənədləri arxivdə yoxdursa və yaxud İdarənin arxivinin hansı ünvana təhvil verilməsi bilinmirsə bu onun günahı deyildir. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət qədər stajı vardır. Lakin, göründüyü kimi, cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 16, 38-ci maddələrinə, İPM-in 2.2, 8, 34, 45, 46-cı maddələrinə, əmək kitabçasına və hərbi biletinə əsasən ona (iddaçıya) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçı 31 mart 2022-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş “Azərsutikinti” Dövlət Konsernin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsində 28 iyun 1976-cı il tarixdən 28 dekabr 2000-ci il tarixədək işlədiyi dövrlərin araşdırılması zərurəti yaranmışdır. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 9 iyun 2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd olunmuş “Azərsutikinti” Dövlət Konsernin 2 nömrəli Tikinti- Quraşdırma İdarəsinin 1976 – 2000-ci illər faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. İddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən sığorta stajı (12 may 1974-cü il tarixdən 2 iyun 1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr) 2 il 20 gün təşkil edir. Bu baxımdan həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək onun fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İşin obyektiv, tam və hərtərəfli araşdırılması üçün DSMF tərəfindən Azərbaycan Resbublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular ünvanlanmışdır. Bundan başqa, onun əmək kitabçasında adı “Şaverdi” deyil, “Şahverdi” kimi qeyd olunmuşdur. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 1, 7, 21.1, 31.2-1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə, İPM-in 12, 14.3, 58.7-ci maddələrinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1769/2023 saylı, 10 may 2023-cü il il tarixli qərarı ilə (hakim R.Kərimli) iddianın təmin edilməsi, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında adı “Şaverdi” deyil “Şahverdi” kimi qeyd olunmuşdur. İddiaçının təqdim etdiyi əmək kitabçasında adının “Şaverdi” əvəzinə, “Şahverdi” göstərilməsinə birinci instansiya məhkəməsi tərəfindən inzibati məhkəmə icraatı qaydasında qiymət verilməsi qanunvericiliyin tələblərinə ziddir. Mülki Prosessual Məcəllənin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 305-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat gaydasında müəyyən edilə bilər. Bundan başqa, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.2000-ci il tarixədək “Azərsutikinti” Dövlət Konsernin 2 nömrəli Tikinti-Qurasdırma İdarəsində əmək fəaliyyətinə münasibətdə bildirilir ki, məhkəmə sorğusuna Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş 27 fevral 2023-cü il tarixli cavab məktubundan görünür ki, 2 nömrəli Tikinti- Quraşdırma İdarəsinin özəlləşdirilməsi haqqında təqdim edilmiş arxiv sənədlərinə əsasən İddiaçı adı əmək kollektivinin üzvü kimi müəssisənin işçiləri haqqında məlumat siyahısında yoxdur. İddiaçının əmək kitabçasında xx.xx.2000-ci il tarixli işdən azad edilməsi barədə qeyd qüvvədə olan əmək qanunvericiliyə deyil, Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsi ilə əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və iddiaya dair etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1769/2023 saylı, 10 may 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı İddiaçı 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunmasından imtinasını iddiaçının 1976 – 2000-ci illərdə “Azərsutikinti” Dövlət Konsernin 2 nömrəli Tikinti- Quraşdırma İdarəsində işləməsini təsdiqləyən arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilməməsi, 2006-cı ilin yanvar ayının 1-dən 2018-ci ilin iyul ayının 1-dək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, yalnız hərbi xidmət dövrü nəzərə alınmaqla onun sığorta stajının 2 il 20 gün, yəni 25 ildən az müddət təşkil etməsi, habelə əmək kitabçasında iddiaçının adının fərqli göstərilməsi ilə əsaslandırmışdır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlilləri iddiaçının təqdim etdiyi əmək kitabçasında adının “Şaverdi” əvəzinə, “Şahverdi” göstərilməsinə birinci instansiya məhkəməsi tərəfindən inzibati məhkəmə icraatı qaydasında qiymət verilməsinin qanunvericiliyin tələblərinə zidd olmasından, 2 nömrəli Tikinti-Quraşdırma İdarəsinin özəlləşdirilməsi haqqında təqdim edilmiş arxiv sənədlərinə əsasən İddiaçı adı əmək kollektivinin üzvü kimi müəssisənin işçiləri haqqında məlumat siyahısında olmaması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin göstərilən dəlillərinə münasibətdə qeyd edir ki, «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 27.1-ci maddəsinə görə sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 29.1-1-ci maddəsinə görə sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Əmək kitabçası iddiaçının özündə saxlanılmaqla özü tərəfindən inzibati icraata təqdim edildiyindən, sənəddə doğum tarixi və təhsili ilə bağlı qeydlər uyğun gəldiyindən, səhv yazılışa soyad və ata adı düzgün göstərilməklə yalnız onun adında 1 hərfdə (“Şaverdi” əvəzinə “Şahverdi”) yol verildiyindən, bu hal formal xüsusat kimi qiymətləndirilir və sənədin hazırkı iddiaçıya məxsus olmasını inkar edə bilməz. İnzibati icraatda bu hal əsas gətirilməklə qaldırılan məsələnin həllindən imtina edilməsi «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinin tələblərinə ziddir. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. İddiaçı “Azərsutikinti” Dövlət Konsernin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsində işlədiyi və sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi əmək fəaliyyəti 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. Müvafiq sorğuya aidiyyəti səlahiyyətli qurum kimi Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış 27 fevral 2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən 2 nömrəli Tikinti-Quraşdırma İdarəsi «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı»na və həmçinin Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları»na uyğun olaraq 18 aprel 2001-cı il tarixdə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, 22 may 2001-ci il tarixdə hərraca çıxarılmış, hərracın qalibi olan əmək kollektivi tərəfindən ozəlləşdirilərək 09 iyul 2001-cı il tarixdə 17 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış və 16 avqust 2001-ci il tarixli 000057 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamə” verilmişdir, 2 nömrəli Tikinti-Quraşdırma İdarəsinin özəlləşdirilməsi haqqında təqdim edilmiş arxiv sənədlərinə əsasən İddiaçı adı əmək kollektivinin üzvü kimi müəssisənin işçiləri haqqında məlumat siyahısında yoxdur. 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında əks olunmuş 28 iyun 1976-cı il tarixdən 28 dekabr 2000-ci il tarixədək olan əmək stajının onun sığorta stajına daxil edilməməsi qanunaziddir. Həmin staj da nəzərə alınmaqla iddiaçının sığorta stajı 25 ildən artıqdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1769/2023 saylı, 10 may 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1769/2023 saylı, 10 may 2023-cü il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar