Məhkəmə qərarları › İş №2-1(103)-3569/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3569/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3569/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə iş üzrə (Açar sözlər: qaçqın statusunun verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Nəbizadə Nigar Xeyrulla qızı və X1 ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2-1(112)- 6762/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-78/1 saylı xx.xx.2024-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2024-cü il tarixli vəsatətini təmin edərək ona qaçqın statusunun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Qutab Golra kəndində anadan olduğunu, milliyətcə pəncablı, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Qutab Golra kəndində 8 il orta təhsil aldığını,ailəsində işləmək qabiliyyətli tək şəxs olduğu üçün 2020-ci ildə məktəbi tərk etdiyini, 2021-2024-cü illərdə X4 Khan kəndində dekorasiya işləri ilə məşğul olduğunu bildirmişdir. İddiaçı ailə vəziyyəti barədə məlumat verərkən subay olduğunu, valideyinlərinin, 2 qardaş və 2 bacısının hazırda Qutab Golra kəndində yaşadıqlarını bildirmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı Muhammad Boota 2024-cü ilin fevral ayında Rima adlı hindli qız ilə facebook sosial şəbəkəsində tanış olduğunu, həmin ilin avqust ayında o qızı görmək üçün Hindistana getmək istədiyini, lakin valideyinlərinin bundan xəbər tutduqlarını, ona mane olduqlarını, hindli qız ilə tanış olduğu üçün ailə üzvləri və kəndliləri tərəfindən təhdid olunduğunu xx.xx.2024-cü il tarixində Lahora getdiyini, həyatı üçün təhlükə olduğunu ehtimal edərək ölkəsini tərk edərək xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı özünün pasportunu təqdim edərək adını,yaşını,vətəndaşlığını,doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2-1(112)-6762/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Arayış-Müvəqqəti şəhadətnamədə qeyd edilmişdir ki, xx.xx.2001-ci il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş, 10 oktyabr 2024-cü il tarixdə adına ***-**** saylı şəxsi iş açılmışdır. Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2000-cı il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasına əsasən xx.xx.2025-ci il tarixədək etibarlıdır və həmin Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.15-ci maddəsinə əsasən arayışın sahibi vəsatətinə baxıldığı dövr ərzində Azərbaycan Respublikasının ərazisində iş icazəsi tələb olunmadan müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.

10. “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” Qərara əsasən Pakistan İslam Respublikasının vətəndaşı, ünvan 1 ünvanında müvəqqəti yaşayan, 11 avqust 2001-ci il təvəllüdlü İddiaçı Muhammad Boota (Pasport: № HH1328281) 10 oktyabr 2024-cü il tarixdə “Qaçqın” statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun 424254/m saylı vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Ərizəçi “Qaçqın” statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qutab Golra kəndində anadan olduğunu, milliyyətinə görə pəncablı, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Qutab Golra kəndində 8 il orta təhsil aldığını, ailəsində işləmək qabiliyyətli tək şəxs olduğu üçün 2020-ci ildə məktəbi tərk etdiyini, 2021-2024-cü illərdə X4 Khan kəndində dekorasiya işləri ilə məşğul olduğunu söyləmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi subay olduğunu, valideynlərinin, 2 qardaş və 2 bacısının hazırda Qutab Golra kəndində yaşadıqlarını bildirmişdir. İddiaçı Muhammad Boota 2024-cü ilin fevral ayında Rima adlı hindli qız ilə “facebook” sosiai şəbəkəsində tanış olduğunu, həmin ilin avqust ayında o qızı görmək üçün Hindistana getmək istədiyini, lakin valideynlərinin bundan xəbər tutduqlarını, ona mane olduqlarını, hindli qız ilə tanış olduğu üçün ailə üzvləri və kəndliləri tərəfindən təhdid olunduğunu, 18 avqust 2024-cü il tarixində Lahora getdiyini, həyatı üçün təhlükə olduğunu ehtimal edərək ölkəsini tərk edərək 09 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, o, pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı dediklərində bəzi ziddiyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, o, ərizə-anketinin qeydiyyatı zamanı Rima adlı qız ilə sosial şəbəkə vasitəsilə tanış olduğunu və ailə qurmaq istədiyini desə də, həmin qız haqqında yetərli məlumata malik olmadığı məlum olmuşdur. Həmçinin ərizəçi adıçəkilən qızın sosial şəbəkə hesabı, şəkli, yaşadığı ərazi barədə heç bir məlumat təqdim də bilməmişdir. Bu isə onun dediklərinin həqiqiliyinə şübhə doğurmuş, söylədikləri inandırıcılıq baxımından qənaətbəxş hesab olunmamışdır. X3 kəndini tərk etdikdən sonra Lahorda bir müddət yaşadığını, bu zaman heç bir təhdid və ya təqiblə qarşılaşmadığını qeyd etmişdir. Yuxarıda qeyd edilənlər onun əsaslı təqib qorxusuna məruz qalmadığını deməyə əsas verir. İddiaçı Muhammad Bootanın müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, Pakistanda heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, siyasi əqidəsinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri Pakistanda dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı Muhammad Bootanın şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, “Qaçqın” statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azərbayan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “Qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə “Qaçqın” statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 24 dekabr 2024-cü il tarixli, 27 saylı protokolu). “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı Muhammad Bootaya “Qaçqın” statusu verilməsindən imtina edilmişdir.

11. İddiaçı müsahibə materialları iş materiallarına əlavə olunmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

12. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

13. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

14. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.

15. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

16. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndinə əsasən şəxsin 5 amil üzrə (müəyyən irqi (etnik,milli) qrupa mənsub olmasına; öz dini əqidəsinə; hansısa konkret dövlətin vətəndaşı olduğuna və ya öz dövlətinin vətəndaşı olmadığına; müəyyən sosial qrupa mənsub olduğuna; siyasi əqidəsinə görə) təqib olunma halı müəyyən edilməlidir.

17. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı müsahibə zamanı bildirmişdirlər ki, “İddiaçı Pakistanda 7 fevral 2024-cü il tarixdə Facebook-da Rima adlı hindli qızla tanış olmuş, bir-birlərini sevmiş və evlənməyə qərar vermişdirlər. Amma nə İddiaçı Rimanın yanına gedə bilmiş, nə də ki, Rima İddiaçı yanına gələ bilmişdir. Sonda iddiaçı qərara gəlmişdir ki, sərhədi qanunsuz keçib Hindistana getsin. Çünki sərhəd yaxın idi. Amma iddiaçının bu planı baş tutmamışdır, qohumlar və kəndlilər bundan xəbər tutub planı pozmuşdurlar. Üstəlik iddiaçıya “satqın” deyərək təhdidlər etməyə başlamışdırlar. İddiaçı da təqiblərdən qaçıb Azərbaycana gəlmişdir”.

18. Məhkəmə qeyd edir ki, iddiaçının müsahibədəki izahatından aydın olur ki, iddiaçı şəxsən öz irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə cəmiyyət və ya dövlət tərəfindən təqibə məruz qalmamış, ailə üzvləri və kəndlilər tərəfindən iddiaçıya qarşı məhz hindli qızla evlənmək planı ilə əlaqadar olaraq müəyyən təqiblər olmuşdur. İddiaçı cəmiyyət və ya dövlət orqanları tərəfindən ona qarşı mənəvi və ya fiziki şiddət tətbiq olunması ilə bağlı hər hansı izahat verməmiş, ona qarşı təhdidlər olduğunu sübut edən halları əsaslandırmamış və müsahibəsi zamanı ona qarşı baş vermiş hər hansı konkret təhdid halını qeyd etməmişdir.

19. İddiaçının izahatından aydın olur ki, iddiaçı vətəndaşı olduğu ölkədə yaşayarkən ona qarşı edilən təhdidlərlə bağlı polisə şikayət etməmiş, hüquqlarının müdafiəsi üçün hüquqi yardımdan yararlanmamışdır.

20. Məhkəmə eyni zamanda nəzərə alır ki, İddiaçı Azərbaycan Respublikası ərazisinə qanuni qaydada daxil olduğunu öz izahatları ilə təsdiq etmişdir. Belə ki, iddiaçı Pakistan İslam Respublikasını tərk edərkən məhz iş vizası əsasında təyyarə ilə Azərbaycan Respublikasına gəlmişdir. Dövlət tərəfindən təqib edilən və öldürülmə təhlükəsi olan şəxsin aeroport vasitəsilə ölkəni tərk etməsi ağlabatan deyil.

21. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən izahatlar və ona münasibətdə olan rəftarın faktiki xarakteri arasındakı uyğunsuzluq izahatının inandırıcılıq keyfiyyətinə əhəmiyyətli təsir edir, nəticə etibarilə onun ölkəsinə qayıdacağı təqdirdə təqibə məruz qalacağına dair iddialarının əsaslı olmaması qənaətinə gəlməyə əsas verir. İddiaçı özünün dövlət tərəfindən təqibə məruz qalmasını əsaslandıran hər hansı dəlilə əsaslanmamışdır. İddiaçı ailə üzvləri və kəndlilər tərəfindən məhz Rima adlı hindli qızla evlənməyi düşündüyünə görə təqib olunduğunu iddia edir. Odur ki, qeyd edilən yanaşma heç bir halda şəxsə qaçqın statusunun verilməsi üçün əsas ola bilməz.

22. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyətinə, siyasi əqidəsinə və dini etiqadına görə təqib olunmasına dair dəlilləri inandırıcılıq keyfiyyətinə malik deyildir. Odur ki, inzibati orqanın qaçqın statusu verilməsindən imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı sayıla bilməz.

23. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

24. Odur ki, qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmədiyindən iddia təmin edilməməlidir.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

27. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

28. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2-1(112)-6762/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Nigar Nəbizadə Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar