Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-357/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, üçüncü şəxs X2 vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı çıxarışın və torpaq sahəsinin kadastr planının ləğv edilməsi, torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4550/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs S.İsmayılov) məhkəməyə müraciət edərək, üçüncü şəxsin adına verilmiş xx.xx.2006-cı il tarixli **********11 nömrəli şəhadətnamənin, xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışın və torpaq sahəsinin kadastr planının ləğv edilməsi, torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı anasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri 27 saylı notariat ofisinə müraciət etmişdir. Bundan sonra notariat ofisi tərəfindən müvafiq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət olunmuşdur. Yəni, o, qanunvericiliyin tələb etdiyi qaydada bütün lazımi müraciətləri vaxtında etmişdir. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxsin vəkili birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İşdə olan, Bakı ŞİH Başçısı Aparatının Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə bağlanmış xx.xx.2006-cı il tarixli 11445 nömrəli müqavilədən görünür ki, Göradil ərazisindəki 0,12 ha sahəli 1427 nömrəli bağ sahəsi 10 il müddətinə iddiaçının mərhum anası X1 istifadəsinə verilmişdir. Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına görə, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beynin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. İşdən müəyyən olunur ki, iddiaçı vəfat etmiş anasının tərəf olduğu daşınmaz əmlakın istifadəyə verilməsi haqqında müqaviləyə istinad edərək mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı Məhkəməyə müraciət etmişdir ki, bu yolverilməzdir. Belə ki, iddiaçı mərhum anasının mirası ona keçən yeganə vərəsəsi olması faktını təsdiq edən vərəsəlik şəhadətnaməsinə malik deyil, Bakı şəhəri 27 saylı notariat ofisinin cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli 103 nömrəli məktubu isə vərəsəlik şəhadətnaməsi deyil yaxud bu sənədi əvəz etmir. Bu situasiyada iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 22.2-ci maddəsində təsbit olunmuş prosedura riayət etməli idi ki, həmin normaya əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs (iddiaçının anası) həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi (iddiaçı) hüququn ölmüş şəxsə (iddiaçının anasına) məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana (cavabdehə) müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri (vərəsəlik şəhadətnaməsi) onu təqdim edən vərəsənin (iddiaçının) adına rəsmiləşdirilməli, başqa sözlə, sonuncuya bu barədə vərəsəlik şəhadətnaməsi verilməli, bundan sonra həmin vərəsə (iddiaçı) vərəsəlik şəhadətnaməsini qeydiyyat orqanına (cavabdehə) təqdim etməli və daşınmaz əmlak üzərində hüquq ölmüş şəxsin (iddiaçının anasının) deyil, artıq onun (iddiaçının) adına dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 5.1, 5.2, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar (5.2). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bu səbəbdən qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (İPM-87.6, 35.1). Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4550/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-357/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-357/2021
01.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver