Məhkəmə qərarları › İş №2-1(103)-357/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-357/2022

07.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-357/2022 07.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiya fərqinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5252/2021 saylı iş üzrə qəbul etdiyi 23 iyul 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşından, yəni 01 iyul 2015-ci il tarixdən güzəştli pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və pensiya təyinatı üçün müraciət etdiyi vaxtdan əvvəlki 3 il üçün pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasındakı qeydə əsasən, o, 19.05.1980- 01.02.1995-ci illərdə Ağcabədi Avtotəmir ATSC-nin “texnoloji avadanlıq sexi”ndə qaynaqçı köməkçisi və qaynaqçı peşələrində çalışmışdır. İddiaçının cavabdeh Filiala təqdim etdiyi “Ağcabədi Avtotəmir" ATSC-nin 27a saylı, 17.04.2017-ci il tarixli Arayışında ümumiyyətlə, iddiaçının çalışdığı peşənin güzəştli iş stajı verən peşə olub-olmadığına dair hər hansı qeydə yer verilməmişdi. Məhkəmə sorğusu əsasında “Ağcabədi Avtotəmir" ATSC-nin verdiyi arayışda isə, onun “əl ilə qaynaq aparan elektrik qaynaqçısı" peşəsində işlədiyi qeyd edilmişdir. Halbuki iddiaçının əmək kitabçasında bu barədə qeyd yoxdur. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh tərəf şikayəti müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: İddiaçının əmək kitabçasından və iş yerindən təsdiq olunmuş arayışdan (“Ağcabədi Avtotəmir” X10 cəmiyyəti tərəfindən verilmiş 17.04.2017-ci il tarixli 27a nömrəli) görünür ki, o, 20.02.1980-ci il tarixdə 10 saylı əmrlə Ağcabədi rayon Avtomobil təmiri zavodunda tokar işi üzrə şagird qəbul edilmişdir, 19.05.1980-ci il tarixdə 33 saylı əmrlə (əmr 33 paraqraf 2) Texnoloji avadanlıq sexinə qaynaqçı köməkçisi işinə keçirilmiş və beləliklə İİ dərəcə qaynaqçı kimi fəaliyyətini davam etdirmişdir. 01.02.1985-ci il tarixdə 13 saylı əmrlə (əmr 13 paraqraf 3) öz ərizəsi ilə həmin vəzifədən azad edilmişdir. Məhkəmənin "xxxx" ASC-yə (Ağcabədi rayon Avtomobil təmiri zavoduna) sorğusuna cavab olaraq bildirilmişdir ki, xx xxxx 1958-ci il təvəllüdlü X5 19 may 1980-cı il tarixdən (əmr 33 paraqraf 2) 01 fevral 1995-ci il tarixə kimi (əmr 13 paraqraf 3) olan dövr ərzində keçmiş (Ağcabədi rayon Avtomobil təmiri zavodunda) hazırki "xxxx" ASC-nin “Texnoloji avadanlıq sexində” qaynaqçı köməkçisi, qaynaqçı peşələrində çalışmış və bu peşələr üzrə əmək funksiyaları əl ilə qaynaq işləri aparılan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələrinə aid edilməklə əmək şəraiti zərərli və ağır olan işlər sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 səyli Qərarına 2 saylı əlavə. Əmək şəraiti zərərli və ağır elan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı. XXXİİİ. Ümumi peşələr. (kod:23200000-19906...əl ilə qaynaq aparan elektrik qaynaqçıları) - F.Fərhadovun 19 may 1980-ci il tarixdən 01 fevral 1995-ci il tarixə kimi 14 (on dörd) il 8 (səkkiz) ay 12 (on iki) gün iş təcrübəsi vardır. İddiaçının əmək kitabçasından və iş yerindən təsdiq olunmuş arayışdan (Ağcabədi İstilik sistemləri istismar sahəsinin rəisi tərəfindən verilmiş 30.10.2019-cu il tarixli 05 nömrəli) görünür ki, İddiaçı 01 mart 1995-ci il tarixdə 10 saylı əmrlə X3 Birləşmiş Qazanxanası və İstilik Şəbəkəsi sahəsinə növbətçi- çilingər qəbul edilmişdir. O, 03 saylı əmrlə 02 fevral 2009-cu il tarixdən növbətçi- çilingərlikdən elektro-çilingər işinə keçirilib. 07 saylı əmrlə 01 may 2011-ci il tarixdən öz ərizəsinə əsasən elektro-çilingər işindən elektro qaz qaynaqçısı işinə keçirilib. Həmin vaxtdan hal-hazıra kimi sahədə elektro qaz qaynaqçısı peşəsində işləyir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən bildirilmişdir ki, İddiaçı "xxxx" ASC-nin 01.05.2013-cü il tarixli 06/262b saylı əmri ilə 01.05.2013-cü il tarixindən əmək müqaviləsinə əsasən X4 İstismar Sahəsinə 6-cı dərəcəli elektrik-qaz qaynaqçısı peşəsinə qəbul edilmişdir. "Azəristiliktəchizat” ASC-nin 01.03.2019-cu il tarixli 06/142 saylı əmri ilə 06.03.2019-cu il tarixindən Azərbaycan Respublikası ƏM-nin 68.2 ci maddəsinin ”a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. "Azəristiliktəchizat” ASC-nin 12.03.2019-cu il tarixli 06/157 saylı əmri ilə 12.03.2019-cu il tarixindən əmək müqaviləsinə əsasən X4 istismar Sahəsinə 6-cı dərəcəli elektrikqaz qaynaqçısı peşəsinə qəbul edilmiş və hal-hazırda həmin peşədə işləyir. Elektrik qaz qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 01.2007 ci il tarixli 12 saylı qərarına əsasən zərərli sahə hesab edilir. 23200000-11620 - elektrik-qaz qaynaqçısı 8 il 13 gün ( 20.05.2021-cil tarixinə qədər hesablanmış iş təcrübəsi). Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün iş stajı 8 il 13 gün təşkil edir.(20.05 2021- ci il tarixinə qədər hesablanmış iş təcrübəsi) İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 09.02.2021- ci il tarixdə imtina edilmişdir. Bundan sonra iddiaçı X6 cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 57 yaşının tamam olduğu 01 iyul 2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi və müraciət etdiyi vaxtdan əvvəlki 3 il üçün pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Apelyasiya şikayətindən də göründüyü kimi, cavabdeh orqan iddiaçının 19.05.1980- 01.02.1995-ci illərə aid olan iş stajını güzəştli olmasını mübahisələndirərək, iddiaçının qeyd edilən illərdə işlədiyi vəzifənin adının güzəştli peşələrin müvafiq siyahısına uyğun olaraq əl ilə qaynaq aparan elektrik qaynaqçısı deyil, sadəcə qaynaqçı kimi qeyd edilməsinə əsaslanır. Apelyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İlk öncə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qaynaqçı şağirdi və qaynaqçı vəzifəsində işlədiyi 1980-1995-ci illərdə müasir texnoloji imkanlardan fərqli olaraq, kontaktsız qaynaq edilməsi imkanı mövcud olmamışdır. Belə ki, həmin dövr üçün qaynaqçı peşəsi hər bir halda əl əməyi ilə icra edilən peşə növünə aid olmuşdur. Digər tərəfdən, iş materiallarında olan "xxxx" ASC-nin (Ağcabədi rayon Avtomobil təmiri zavodu) məhkəməyə ünvanlanmış mktubunda qeyd edilmişdir ki, “... qaynaqçı köməkçisi, qaynaqçı peşələrində çalışmış və bu peşələr üzrə əmək funksiyaları əl ilə qaynaq işləri aparılan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələrinə aid edilməklə əmək şəraiti zərərli və ağır olan işlər sayılır.” Göründüyü kimi, iddiaçının 19.05.1980-01.02.1995-ci illərdə işlədiyi qaynaqçı peşəsinin AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 səyli Qərarına 2 saylı əlavə. Əmək şəraiti zərərli və ağır elan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı. XXXİİİ. Ümumi peşələr bölməsində qeyd edilən kod:23200000-19906...əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğun olması faktı məhkəmə araşdırması ilə öz təsdiqini tapır. Eyni zamanda işdən müəyyən olunur ki, iddiaçı 02.04.1961-ci ildə anadan olub və 57 yaşının tamam olduğu 02.04.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 57 yaşı tamam olmuşdur. 20.02.1980-ci il tarixdən fasiləsiz olmaqla 01.01.2006-cı il tarixə iddiaçının ümumilikdə 25 il 09 ay 11 gün sığorta stajı mövcuddur, ((01.02.1995 - 20.02.1980) + (01.01.2006 – 01.03.1995 = 10 il 10 ay) = 25 il 09 ay 11 gün)) İddiaçı əmək fəaliyyətinin 14 il 08 ay 12 gününü isə əmək şəraiti zərərli və ağır olan işlərdə (19 may 1980-ci il tarixdən 01 fevral 1995-ci il tarixə kimi müddətinə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi üzrə (kod: 23200000-19906 uyğundur) işləmişdir. (01.02.1995 - 19.05.1980 = 14 il 08 ay 12 gün) Göründüyü kimi iddiaçının tam əmək stajı 01.01.2006-cı il tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsi deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “b” bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 06 ayını ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir) və yaş (57 yaş). Çünki həmin maddənin pensiya kapitalının tələbi ilə bağlı tətbiqini Qanunun 9.8-ci maddəsi istisna edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. Sözügedən maddədə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin müddəalarına uyğun hüquqi qiymətləndirmə aparmış və iddiaçıya 57 yaşının tamam olduğu 01.07.2015ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli olması nəticəsinə gəlmişdir. İddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün pensiya fərqinin ödənilməsi tələbinə münasibətdə məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.” Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 07 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6843/2021 saylı iş üzrə qəbul etdiyi 01 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar