Məhkəmə qərarları › İş №2-1(103)-357/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-357/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-357/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı “obyektin sökülməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6791/2022 saylı, 24 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı MMC-yə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsində (Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12) başa çatmamış qanunsuz tikinti obyektinin sökülməsi haqqında qərar qəbul edilməsi və həmin obyektin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC-yə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsində (Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12) başa çatmamış qanunsuz tikinti obyekti (bundan sonra - Tikinti obyekti) vardır. İddiaçı MMC həmin torpaq sahəsini alındığı zaman tikinti obyekti artıq orada olmuşdur. İddiaçı MMC-yə məlum deyil ki, tikinti obyekti kim tərəfindən inşa olunmuşdur. Tikinti obyektinin İddiaçı MMC-nin torpaq sahəsində yerləşdirilməsi ilə İddiaçı MMC-nin hüquq və qanunla qorunan mənafeləri pozulur. İddiaçı MMC tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi haqqında ərizə ilə Cavabdehnə müraciət etmişdir, lakin qanunla müəyyən olunmuş müddətin keçməsinə baxmayaraq heç bir qərar qəbul olunmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qanunsuz tikinti obyektlərinin sökülməsi haqqında qərar qəbul edilməsi və həmin obyektlərin sökülməsi səlahiyyətləri Cavabdehnə həvalə edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən sifarişçi tikintiyə icazə almaq üçün ərizə ilə müvafiq yerli icra hakmiyyəti orqanına müraciət etməlidir. Bu halda, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 82-ci maddəsinə uyğun olaraq tikintiyə icazə verən orqan sifarişçiyə icazə barədə qərarı və xüsusi nişanı təqdim etdikdən sonra 3 (üç) iş günü ərzində bu barədə Fövaladə Hallar Nazirliyinə məlumat verməlidir. Bundan sonra, Fövqaladə Hallar Nazirliyi tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 97-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarəti həyata keçirilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.1-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində həyata keçirilir. Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində torpaq sahəsində hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar edikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinə 1 (bir) iş günü müddətində yazılı məlumat verilməlidir. İddia ərizəsində göstərilən tikinti obyekti ilə bağlı yerli icra hakimiyyəti orqanı tərəfindən nə verilmiş icazə, nə də həmin ünvanda özbaşına tikinti işlərinin aparılması barəsində məlumatar Fövqaladə Hallar Nazirliyinə təqdim olunmamışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33-cü və 35-ci maddəsini nəzərə alaraq, Fövqaladə Hallar Nazirliyinə aid olan hissədə iddianın mümkünsüz hesab edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6791/2022 saylı, 24 iyun 2022-ci il tarixli qərarı (hakim A.Əhədova) ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdı ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində mövcud olan tikilinin sökülməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanında nə məlumatlandırma, nə də icazə icraatı aparılmış, yaxud müvafiq icraat qaydasına riayət edilmədən qanunsuz özbaşına tikinti işlərinin aparılması barədə icra hakimiyyəti orqanı tərəfindən Fövqəladə Hallar Nazirliyinə məlumat təqdim edilməmişdir. Bu halda da inzibati orqanın sökülmə icraatı ilə bağlı öhdəliyi yaranmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilib, işin mahiyyəti üzrə araşdırılması üçün birinci instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.2-ci maddəsinə əsasən ŞTM-nin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı, bu halda Cavabdeh tərəfindən qəbul edilir. 95.3-ci maddəsinə əsasən ŞTM 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı olan Cavabdeh tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. İddiaçı MMC-yə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsində (Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12) başa çatmamış qanunsuz tikinti obyekti vardır. MMC həmin torpaq səhəsini aldığı zaman tikinti obyekti artıq orada olmuşdur, lakin tikinti obyektinin kim tərəfindən inşa olunması onlara məlum deyil. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Məhkəmə Kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Hazırkı işin faktiki hallarından məlum olur ki, iddiaçının tələbi mülkiyyətində olan torpaq sahəsində yerləşən tikinti obyektinin sökülməsi barədə qərarın qəbul edilməsi və bilavasitə həmin tikilinin sökülməsidir. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 1,2 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixindən İddiaçı MMC-nin mülkiyyətindədir. İddiaçı torpaq sahəsini xx.xx.2017-ci ildə alqı-satqı yolu ilə əldə etmiş, iddiasına görə torpaq sahəsini aldığı zaman kim tərəfindən inşa olunduğunu bilmədiyi tikinti obyekti mövcud olmuşdur. Tikinti obyektinin İddiaçı MMCnin torpaq sahəsində qalması onun mülkiyyət hüququnu pozur. Hazırkı iddiasında iddiaçı sözügedən torpaq sahəsində tikilinin sökülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasını mübahisələndirir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarını diqqətə çatdırır: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: -74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. -74.2-ci maddəsinə əsasən bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. -75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. -82.1-ci maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum sifarişçiyə icazə barədə qərarı və xüsusi nişanı təqdim etdikdən sonra 3 iş günü ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. -82.2-ci maddəsinə görə məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 1 ay ərzində tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. - 92.1-ci maddəsinə əsasən bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. - 95.1-ci maddəsinə görə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın: - 2.1-ci bəndinə görə Məcəllənin 95.1-ci maddəsinə əsasən, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 2.1.1. tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi aidiyyəti icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 2.1.2. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.1-ci maddəsinə əsasən qərar qəbul edildiyi gündən 1 (bir) il ərzində tikintiyə icazə alınmadıqda; 2.1.3. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.2-ci maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; 2.1.4. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.3-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; 2.1.5. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda, lakin müəyyən olunmuş müddətdə aşkarlanmış pozuntuların aradan qaldırılması təmin edilmədikdə və həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.4-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; 2.1.6. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanın: - 4.7-1-ci bəndinə görə Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinin (.....) birinci cümləsində, (....) 82.1-ci maddəsində (birinci halda) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.2.1. Bakı şəhərinin inzibati ərazisində və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; 4.7-1.2.2. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları. -4.10-cu bəndinə əsasən həmin Məcəllənin (....) 82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda), nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Cavabdeh həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarının: - 1.1-ci bəndinə əsasən dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları (bundan sonra - Qaydalar) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyir. - 1.2-ci bəndinə görə dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli səviyyədə yerli icra hakimiyyəti orqanları bu Qaydalara uyğun olaraq həyata keçirirlər. - 4.1-ci bəndinə görə yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti (bundan sonra - yerli səviyyədə dövlət şəhərsalma nəzarəti) mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində (Agentliyin sərəncamındakı torpaq sahələri istisna olmaqla) həyata keçirilir. - 4.2.-ci bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. - 4.3-cü bəndinə görə yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Cavabdehnə bir iş günü müddətində yazılı məlumat verməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən Məhkəmə kollegiyası qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 92, 95-ci maddələri və “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 2.1-ci bəndi ilə nəzərdə tutulmuş qaydada mübahisəli obyektə münasibətdə cavabdeh qismində qoyulmuş FHN-nin söküntü ilə bağlı qanunla nəzərdə tutulmuş öhdəliyi yaranmamışdır. Belə ki, həmin normalardan aydın olduğu kimi, tikinti obyektinin sökülməsi əsasları bilavasitə cari vaxtda tikintisinə başlanılmış, tikinti mərhələsində olan, tikintisi başa çatmamış və ya tikinti qaydalarına riayət edilmədən tikintisi başa çatmış obyektlərin sökülməsi ilə bağlıdır. Hazırkı iş üzrə iddiaçı torpaq sahəsini 2017-ci ildə alqı-satqı ilə əldə etmiş və özünün qeyd etdiyi kimi torpaq sahəsini əldə edərkən torpaq sahəsində yarımçıq tikili artıq mövcud olmuşdur. Cari vaxtda isə hər hansı tikinti işləri aparılmır. Qaydaların 2.1.6-cı bəndi iddiaçıya cavabdehdən tikintinin sökülməsi barədə qərar qəbul edilməsini tələb etməyə əsas vermir. Qeyd edilən normada tikinti işlərinin sifarişçisi və ya tikinti obyektinin mülkiyyətçisinin arzusu ilə söküntünün tələb edilməsindən bəhs edilir. Hazırkı iş üzrə iddiaçı nə tikilini tikən sifarişçidir, nə də tikinti obyekti daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak olmadığından iddiaçı həmin tikilinin mülkiyyətçisi qismində də çıxış etmir. Digər bir tərəfdən Şəhərsalma və Tikinti Məcəlləsinin 75-78-ci maddələrinə, 80-ci maddəsinə nəzər saldıqda aydın olur ki, şəhərsalma norma və qaydalarına nəzarəti yerli səviyyədə icra hakimiyyəti orqanları həyata keçirirlər. Tikinti obyektinin tikilməsinə məlumatlandırma icraatı və ya icazə icraatı tələb olunduğu kimi obyektlərin sökülməsinə də məlumatlandırma və ya icazə icraatı tətbiq olunur. Hazırkı halda isə iddiaçının mülkiyyətində olan torpaq sahəsində mövcud olan tikilinin sökülməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanında heç bir (məlumnatlandırma və ya icazə) icraat aparılmamışdır. Bundan əlavə müvafiq icraat qaydasına riayət edilmədən qanunsuz özbaşına tikinti işlərinin aparılması barədə icra hakimiyyəti orqanı tərəfindən Fövqəladə Hallar Nazirliyinə məlumat təqdim edilməmişdir. Belə olan halda isə birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, hazırda cavabdeh inzibati orqanın sökülmə icraatı ilə bağlı öhdəliyi yaranmamışdır. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd) İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bununla da hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6791/2022 saylı, 24 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar